Məhkəmə qərarları › İş №2-1(103)-236/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-236/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-236/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə Açar sözlər: torpaq sahəsinə görə ödənilən kompensasiya, torpağın bazar qiyməti Giriş hissə: X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nərmin Vahid qızı Həşimlinin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) “mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə əlaqədar təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləğinə 438.257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 666/2020 saylı 4 sentyabr 2020-ci il tarixli qərarından hər iki tərəfin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yasamal rayon Məhkəməsinin 19 avqust 2008-ci il tarixli qərardadı ilə barışıq razılaşması haqqında müqavilə təsdiq edilərək ünvan 1 ünvanında yerləşən 110 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır.

2. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan cavabdeh müəyyən edilmiş, cavabdehə tapşırılmışdır ki bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

3. Qərarın icrası məqsədi ilə cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.

4. İşin mübahisəsiz halıdır ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının təsirinə düşür.

5. Dövlət ehtiyacları üçün satın alınma layihəsi ilə bağlı keçirilmiş tenderin qalibi olmuş mənzillərin əsas və köməkçi sahələrinin hər kv.m. üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə 1 kv.m. üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında, torpaq sahəsinin hər kv.m.-i üçün son hədd əlavələr də nəzərə alınmaqla 500 manata qədər qiymətləndirilir.

6. İddiaçıya məxsus torpaq sahəsi onun istifadəsindən çıxsa da, iddia qaldırılanadək ona kompensasiya təklif edilməmiş və hal-hazıradək qanunla müəyyən edilmiş qaydada kompensasiya ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 26 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438.257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi əvəzi ödənilmədən dövlət ehtiyacları üçün alınmışdır. Torpaq sahəsi xx.xx.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350.000 ABŞ dolları borcun əvəzinə verilmişdir. Əvvəlki mülkiyyətçilər arasında yaranmış məhkəmə mübahisəsi zamanı xx.xx.2008-ci il tarixli “Barışıq razılaşması haqqında” müqavilə imzalanmış və həmin müqavilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, xx.xx.2008-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Torpağın dəyəri xx.xx.2006-cı il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,9 AZN, yəni borc müqaviləsinin bağlanma tarixinə 350.000 ABŞ dolları 315.000 manat təşkil etmiş və 1 kv.m torpağın dəyəri 2864 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8096 AZN, yəni barışıq sazişinin bağlanması tarixinə 350.000 ABŞ dolları 283.360 manat təşkil etmiş və 1 kv.m torpağın dəyəri 2576 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8151 AZN, yəni qərardadın təsdiq olunma tarixinə isə 350.000 ABŞ dolları 285 285 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2593 manat müəyyən edilir. 2019cu ildən hal-hazıradək 1 ABŞ dollarının manata məzənnəsi 1.7 AZNdir. Deməli, həmin dövrdən hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiyanın təqribən 80%-dən artıq olmasını göstərir. Hazırda isə Yasamal RİH-in əməkdaşları tərəfindən qeyri-rəsmi şəkildə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsaslanaraq 1 kv.metr torpağın dəyəri təqribən 1000 manat olmaqla, 110.000 manat məbləğində kompensasiyanın ödənilməsi təklif olunmuşdur ki, bu məbləğdə 64.705 ABŞ dolları təşkil edir. Açıq-aşkardır ki, təklif olunan kompensasiya məbləği ədalətli olmamışdır. Təklif olunan kompensasiya qüvvədə olan normativ hüquqi aktın tələblərinə uyğun hesablanmamış, həmçinin 350.000 ABŞ dollarına nisbətdə 5,4 dəfə azdır. Odur ki, göstərilən məsələyə aydınlıq gətirilməsi üçün bir sıra dövlət hakimiyyət orqanlarına rəsmi müraciətlər edilmişdir. Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilmiş, yəni dövlət ehtiyacları üçün alınan torpaq sahəsinə görə 1 kv.m. üçün əvvəlcə 1000 manat təklif edilsə də və o, bu məbləğin ədalətli olmadığına görə müvafiq qurumlara müraciət etdikdən sonra həmin kompensasiyanın 500 manata azaltmaqla yeni təklifin 500 manat hesablanmasının heç bir hüquqi əsası ola bilməz. Odur ki, ödəniləcək kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 56.1.2-ci və 56.1.5-ci maddələrinin tələblərini nəzərə alaraq, ona ödəniləcək kompensasiya məbləğinin 438.257 manat təşkil etdiyini müəyyən etmək olar. Belə ki, 110 kv.m. torpaq sahəsinin 350.000 ABŞ dollarına (285.285 manat) əldə olunmasını və həmin dövrdən hal-hazıradək manatın ABŞ dollarına nisbətən 81,1% (inflyasiyaya faizi) aşağı düşməsinin nəzərə alınmasını, yəni Mərkəzi Bankın mövqeyinə əsasən kompensasiyanın 516.651 manat (285.285x181,1%) təşkil etdiyini, Dövlət Statistika Komitəsinin mövqeyinə əsasən isə həmin dövrdən 2019-cu ilin avqust ayınadək 164,7% inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə nisbətdə kompensasiyanın 469.864 manat (285.285x164,7%) təşkil etdiyini və hər 2 hesablama üsuluna nisbətdə orta məbləğ olan - 493.257 manat ((516.651+469.864):2) kompensasiyanın ədalətli olduğu hesab edilməlidir.

9. Cavabdeh iddia dair etirazında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi üçün iddiaçı “Daşınmaz əmlakın alınması qrupu”nun sakinlər üçün keçirdiyi iclaslara dəfələrlə dəvət olunmasına baxmayaraq iclaslarda iştirak etməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinə görə iddiaçıya kompensasiya məbləğinin hesablanması mümkün olmadığından kompensasiya ödənilməmişdir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. İddiaçının tələb etdiyi kompensasiya məbləğinin verilməsi mümkün deyil, çünki iddiaçı şişirdilmiş kompensasiya məbləği tələb edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasına dair qəbul edilməsi xahiş edilmişdir.

10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5061/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadı əsasında təyin olunmuş "xxxx" MMCnin ƏEM/D 49- 1029/19 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin 1 kv.m.-nin bazar qiyməti 2500 manat olmaqla, 110 kv.m. torpaq sahəsinin xx.xx.2019-cu il tarixə bazar dəyəri 275 000 manat təşkil edir.

11. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 10 iyul 2020-ci il tarixli, DX-03/01-03-827 №- li məktubdan görünür ki, Xidmətdə Cavabdeh tərəfindən iddiaçının adına hesablanmış kompensasiyanın məbləği barədə hər hansı bir məlumat və Yasamal rayonu, X16 küçəsi, dalan 2, ev 9 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmadığından məktubda göstərilən məsələyə münasibət bildirilməsi imkan xaricindədir. İddiaçı hal-hazıradək cavabdehdə fəaliyyət göstərən “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməmiş, bu səbəbdən ona kompensasiya hesablanmamış və ödənilməmişdir. Onunla eyni ünvanda qeydiyyatda olmaqla mülkiyyət hüquqları olan digər şəxslərə məxsus torpaq sahəsinin hər kv.m üçün qiymətləndirici şirkət tərəfindən müəyyənləşdirilmiş 500 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı cavabdehdə fəaliyyət göstərən “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməsi məqsədəmüvafiq hesab olunur.

12. İddia ərizəsi məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən iddiaçıya hər kv.metri 500 manat olmaqla kompensasiyanın ödənilməsi təklif edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)- 666/2020 saylı iş) 4 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının icrası ilə əlaqədar – iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq təzminat məbləğinə 209.000 manat əlavə edilməsi və cəmi 264.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunan mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. İddiaya qarşı qeyd olunan hallar, o cümlədən mülkiyyət haqqında sənədlərin təqdim edilmədiyi üçün kompensasiyanın hesablanmaması və hal-hazıradək ödənilməməsi onu göstərir ki, iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları və mənafeyi pozulmuşdur. Hazırkı iş üzrə bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsas olmuş halları sübut etmək vəzifəsini həmin müdaxiləni etmiş cavabdeh daşıyır. İddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, həmin maddələrin tələblərinə əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları üçün alınarkən ödəniləcək kompensasiyaya həm torpağın bazar dəyəri, həm də mövcud inflyasiya nəzərə alınmaqla müəyyən edilməli idi.

15. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın – təzminat məbləğinə 209.000 manat əlavə edilməsi və cəmi 264.000 manat məbləğində kompensasiyanın tutulması hissəsinin dəyişdirilməsi, yəni təzminat məbləğinə 438.257 manat əlavə edilməsi və cəmi 493.257 manat məbləğində kompensasiyanın tutulması ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin “55 000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində təmin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir

Apellyasiya şikayətinin dəlilləri 17.İddiaçının apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazinin Yasamal rayonu ərazisində perspektivli və dəniz panaramalı olmasını, həmçinin cavabdeh tərəfindən kompensasiya təklif olunarkən mövcud inflyasiyanın qanunvericilikdə nəzərdə tutulan digər faktorların nəzərə alınmamasını və yaxın ərazilərdə yerləşən 1 sot torpaq sahəsinin 400000 manata satılması barədə internet saytlarından çıxarılmış sənədlər nəzərə alınsa, bir daha sübut olunar ki, iddiaçının tələbi həm ədalətli, həm də qanuni olmuşdur. İşin göstərilən halları məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə görə düzgün qiymətləndirilsə də yekunda iddia tələbinin təzminat məbləğinə 209 000 manat əlavə edilməməsi hissəsi bir qədər ədalətsiz olmuşdur.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı məsələnin araşdırılması üçün sakinləri qəbul edən “Daşınmaz əmlakın alınması qrupu”na, o cümlədən qiymətləndirməni həyata keçirən müstəqil qiymətləndirici "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvana müraciət edilməsi tövsiyə olunsa da, yalnız yazılı məktublarla müraciət etmişdir. Torpaqların dövlət ehtiyacları üçün alınması məsələlərini tənzimləyən həmin qanunun müddəalarından görünür ki, torpağın qiymətləndirilməsi üçün vacib olan prosedurlardan iri torpağın alınması qrupunun və qiymətləndirmə komissiyasının alınmasının təsirinə məruz qalan şəxslərlə kompensasiya ilə bağlı həm yazılı, həm də şifahi danışıqların aparılmasıdır ki, iddiaçı bunu etməkdən birmənalı imtina etmişdir, yalnız alan orqana və digər dövlət orqanlarına çoxsaylı məktubların göndərilməsi ilə kifayətlənmiş və sonda birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə "xxxx" MMC-nin ekspert rəyini mötəbər sübut kimi qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Ekspert rəyi hansı əsaslarla mübahisəli torpaq sahəsinin 1 kv.m sahəsini 2500 manat olaraq qiymətləndirilməsi göstərilməmişdir. "xxxx" MMC tərəfindən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə mütəxəssisin iştirakının təmin edilməsinə dair xx.xx.2019-cu il tarixdə məktub ünvanlanmış, lakin məktuba cavab verilməmişdir. Həmin məktub isə ekspertiza təyin edilməsi barədə qərardaddan 8 ay əvvəl yazılmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin Azərbaycan Respublikası Maliyyə Nazirinə ünvanladığı xx.xx.2010-cu il tarixli məktuba əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə bağlı mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin edilməlidir. Qanunvericiliyin tələblərindən görünür ki, bazar qiyməti müəyyənləşdirilərkən yaxınlıqda olan torpaq sahələrinin bazar qiyməti əsas götürülür. Həmin torpaq sahəsinin digər payçılarının mülkiyyətlərində olan torpaq sahələrinin hər 1 kv.m. sahəsi 500 manat məbləğində qiymətləndirilərək həmin şəxslərlə alqı-satqı müqaviləsi bağlanaraq onlara kompensasiya ödənilmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsinə görə kompensasiya hesabladığı zaman qərarında qanunun 56.1.1 və 56.1.6-cı maddələrinə istinad edərək kobud pozuntuya yol vermişdir. Qanunun həmin maddələri kompensasiya hesablanmasında alınmanın təsirinə məruz qalmış şəxslərin yaşayış evlərini tərk etmək məcburiyyətində qaldıqları üçün keçirdikləri narahatlıq və xərclərin bərpa olunması prinsiplərinə əsaslanmasını nəzərdə tutur. Lakin iddiaçının mülkiyyətində fərdi yaşayış evinin deyil, yalnız torpaq sahəsi olduğu halda torpaq sahəsinin qiymətləndirilməsi zamanı sözügedən qanunun qeyd edilən maddələrinə istinad edilməsi yolverilməzdir. Məhkəmə qərarı həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 19.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X14-məruzəçi, X7 və X4, 2-1(103)- 267/2021 saylı iş) 12 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək iddiaya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. 20.Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan kompensasiya məbləğinin müəyyən edilməsi zamanı, ağlabatan məbləğ olaraq ekspert rəyi ilə müəyyən edilən 2500 manat məbləğdən aşağı 2400 manat müəyyən etməsini əsaslandırmamışdır. 21.Məhkəmə kollegiyası ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər kv. metri üçün 2500 manat müəyyən edilən məbləği ağlabatan, ədalətli və qanuni hesab etmiş, həmin məbləğin məhkəmə tərəfindən azaldılması üçün hər hansı əsas müəyyən edilməmişdir. 22.Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat 23.Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər X5 (məruzəçi hakim, X2, X6, 1(102)-1170/2021 saylı iş) xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. 24.Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunun mülkiyyət hüququna müdaxilə edilərək hüquqları pozulmuşdur.

25. İddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun yuxarıda qeyd edilən normalarının tələbləri ümumiyyətlə nəzərə alınmamış, alınmanın təsirinə məruz qalan iddiaçı ilə razılıq əldə olunmamış, torpaq sahəsinin bazar qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyi daşıdığı halda bu öhdəliyi yerinə yetirməmişdir. 26.Məhkəmə “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin presedentlərinə və milli qanunvericiliyin müvafiq normalarına istinad edərək bu nəticəyə gəlmişdir ki, hazırkı işdə iddiaçının hüquqlarına müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuş və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir.

27. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

28. Cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir.

29. Cavabdeh şikayətində həmin ünvanda digər şəxslərlə bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinə istinad edərək qiymətləndirmə rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirmişdir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

30. Cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsi və razılaşma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməz. 31.Əmlak Ekspert Mərkəzi 2019-cu ilin dekabr ayında iddiaçının mülkiyyətində olan 110 kv.m torpaq sahəsinin bazar dəyərinin hər kvadratmetrinin 2.500 manat olmaqla cəmi 275.000 manat hesablanması barədə rəy tərtib etmişdir. Ekspert rəyindən görünür ki, torpaq sahəsi qiymətləndirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun yuxarıda bəhs olunan müddəaları nəzərə alınmamışdır. Torpaq sahəsinin hər kvadratmetrinin məhz 2.500 manat müəyyən edilməsi rəydə əsaslandırılmamışdır. Rəydə qiymətləndirmə aparılarkən ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqinin aparılması və təhlil olunması, monitorinq bazasında toplanan, əməkdaşlıq edilən reiltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunduğu qeyd edilmiş, lakin həmin məlumatlar rəydə ətraflı göstərilməmiş və rəyə əlavə edilməmişdir. 32.İddiaçı tərəfindən birinci instansiya və apelyasiya məhkəməsinə təqdim edilmiş internet və digər məlumatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində torpaq sahələrinin satış qiyməti göstərilmiş, apelyasiya məhkəməsi həmin məlumatlara münasibət bildirməmişdir. 33.İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını təzminat məbləğinə 209.000 manat əlavə edilməməsi hissəsində mübahisələndirmiş, apelyasiya məhkəməsi iddiaçının şikayətinin dəlillərinə münasibət bildirməmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya hesablanmamasında və iddiaçıya kompensasiya ödənilməməsində cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasını müəyyən etməklə düzgün nəticəyə gəlsə də, həm iddiaçının, həm də cavabdehin "xxxx" MMC-nin ekspert rəyi ilə razı olmadığına, eləcə də cavabdehin nümayəndəsinin təkrar ekspertiza keçirilməsinə dair vəsatətinə ümumiyyətlə qiymət verməmiş, həmin vəsatətin hansı səbəbdən qəbul edilməməsi araşdırılmamışdır. 35.Digər tərəfdən, iddiaçı tərəfindən təqdim olunmuş sübutların müqayisəli təhlil edilməklə dəyərləndirilməsi xahiş olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin sübutları da dəyərləndirməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlarla bağlı tam və hərtərəfli araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları:

36.İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 37.Cavabdehin nümayəndəsi Nümayəndə2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

38. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları- Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 29-1. Məhkəmə ekspertizası inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Mülki Prosessual Məcəllə Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır

Məhkəmənin hüquqi mövqeyi 39.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 40.Birinci instansiya məhkəməsinin qərarından həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verdiklərindən, hazırda apellyasiya baxışının hədlərinin qərarın qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. 41.Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilməli, iddiaya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. 42.Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iddiaçı mülkiyyətində olmuş torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdehdən kompensasiya ödənişi tələb etməkdə haqlıdır. Cavabdehin təklif etdiyi kompensasiya məbləğini əsaslandırmaq üçün istinad etdiyi alqı-satqı müqaviləsi və razılaşma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən sübut kimi qəbul edilə bilməmiş, o cümlədən iş materiallarına əlavə edilmiş və tərəflərin heç birinin razılaşmadığı "xxxx" MMC-nin rəyi əsaslandırılmadığından, rəydə qiymətləndirmə aparılarkən istinad edilmiş ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqinin aparılması və təhlil olunması, monitorinq bazasında toplanan, əməkdaşlıq edilən reiltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlar ətraflı göstərilmədiyi və rəyə əlavə edilmədiyi üçün iddiaçıya ödənilməli olan kompensasiya məbləği müəyyənləşdirilərkən məhkəmələrin həmin rəyi əsas götürməsi pozuntu olaraq qiymətləndirilmişdir. 43.İşə apellyasiya qaydasında yenidən baxılarkən hər iki tərəf iddiaçının mülkiyyətində olmuş və dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinin real bazar qiymətinin müəyyə edilməsi üçün iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə tərəfindən vəsatətlər təmin edilərək iş üzrə yenidən əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın həyata keçirilməsi "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinə həvalə edilmişdir. 44."xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyində iddiaçının mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 2018-ci il üçün 1 kv.m dəyəri 2315 manat olmaqla ümumi dəyəri 254600 manat, 2019-cu il üçün 1 kv.m dəyəri 2420 manat olmaqla ümumi dəyəri 266200 manat, 2020-ci il üçün 1 kv.m-nin dəyəri 2500 olmaqla ümumi dəyəri 275000 manat olduğu qeyd edilmişdir. 45.İddiaçının nümayəndəsi və vəkili məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyi kifayət qədər əsaslı olduğundan mülkiyyətində olmuş torpaq sahəsinin bazar dəyərinə qoyulmuş qiymətlə razı olduğunu bildirdi. 46.Cavabdehin nümayəndəsi həmin məhkəmə iclasında rəylə razılaşmadıqlarını, məhkəmə tərəfindən iddiaçının xeyrinə tutulmalı olan kompensasiya məbləğinin tərəflərindən təqdim edilmiş müqavilələr nəzərə alınmaqla müəyyənləşdirilməsini xahiş etdi.

47. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyi Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarındakı göstəricilər və məlumatlar nəzərə alınmaqla əsaslandırıldığından, ekspert tərəfindən qiymətləndirmə aparılarkən internet resurslarından istifadə edilərək yaxın ərazilərdə satışa təklif edilmiş torpaq sahələrinin bazar qiymətləri nəzərə alındığından məhkəmə hesab edir ki, həmin rəy əsas götürülərək iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan kompensasiyanın məbləği mövcud inflyasiya nəzərə alınmaqla torpaq sahəsinin 2020-ci il üçün müəyən edilmiş qiyməti əsasında 1 kv.m üçün 2500 manat olmaqla 110 kv.m torpaq sahəsi üçün cəmi 275.000 manat məbləğində müəyyən edilməlidir. 48.Məhkəmə tərəflərin təqdim etdikləri sübutları qiymətləndirərkən təkcə sübutun qəbuledilənliyi məsələsini və işə aidiyyətini deyil, həm də sübutedici dəyərini qiymətləndirməkdə sərbəstdir. 49.Bu baxımdan məhkəmə həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərinin dəlilləri və məhkəməyə təqdim etdikləri sübutlarla bağlı qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpağa görə kompensasiya məbləği müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilməli olduğundan iddiaçı tərəfindən təqdim edilmiş internet saytlarından əldə edilmiş məlumatların və cavabdehin təqdim etdiyi alınan torpaq sahəsinin yerləşdiyi ərazidə dvlət ehtiyacları üçün alınmış daşınmaz əmlaklarla bağlı bağlanmış alqı-satqı müqavilələrinin iddiaçıya ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən ekspert rəyindən üstün hüquqi qüvvəsi yoxdur. 50.Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinin ona 350.000 ABŞ dolları borclu olan şəxslə 2008-ci ildə barışıq sazişi bağlanması nəticəsində əldə edilməsi həmin sahənin bazar dəyərinin 2008-ci ildə 350.000 ABŞ dolları olduğuna dair nəticəyə gəlmək üçün əsas deyil. 51.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmənin "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə razılaşmaması üçün əsaslar müəyyən edilmədiyindən iş üzrə qəbul edilmiş qətnamə iddiaçının xeyrinə tutulmuş kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilməli, iddia qismən iddiaçıya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməlidir. 52.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticə hissə:

53.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilməli, iddiaçıya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

54. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 666/2020 saylı 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar