Məhkəmə qərarları › İş №2-1(103)-2362/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2362/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2362/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1388/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 sentyabr 1973-cü il tarixdən 10 fevral 1974-cü il tarixədək 1-ci dərəcəli fəhlə vəzifəsində BBTİ 5 saylı Tikinti İdarəsində çalışmış, 26 may 1974-cü il tarixdən 31 may 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Daha sonra 2 sentyabr 1976-cı il tarixdən 11 sentyabr 1978-ci il tarixədək “Az NXZR” SMU-3-də (TQİ), 28 noyabr 1978-ci il tarixdən 15 yanvar 1979-cu il tarixədək AzərbSMU “Stalkonstruksiya”, 1 fevral 1979-cu il tarixdən 13 sentyabr 1982-ci il tarixədək “Sumqayıt Sintetik Yuyucu Məhsullar” Zavodu, 3 yanvar 1983-cü il tarixdən 13 sentyabr 1984-cü il tarixədək “SU-13”, 15 fevral 1984-cü il tarixdən 6 avqsut 1985-ci il tarixədək “Svabodnıy” Sovxozunda, 25 noyabr 1985-ci il il tarixdən 14 dekabr 1985-ci il tarixədək “Dmitrov” Sovxozunda, 25 mart 1986-cı il il tarixdən 23 mart 1987-ci il tarixədək “NİVA” sovxozunda, 11 iyul 1987-ci il il tarixdən 7 fevral 1988-ci il tarixədək “Kalinin” Sovxozunda, 20 fevral 1988-ci il il tarixdən 16 may 1988-ci il il tarixədək “Suvorov” Sovxozunda, 21 may 1988-ci il tarixdən 26 iyun 1991-ci il tarixədək “Karl Marks” Sovxozunda, 28 iyun 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək “Əlaqə” KM-də, 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il il tarixədək "xxxx" Firmasında, 1 dekabr 1992-ci il tarixdən 4 yanvar 1993-cü il tarixədək "xxxx" Firmasında, 11 may 1993-cü il tarixdən 1 mart 1994-cü il tarixədək “Azərkanaltikinti SU-87”-də, 5 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək "xxxx" Firmasında, 1 avqust 1997-ci il tarixdən 9 mart 2005-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. Beləliklə, onun əmək kitabçasında hərbi xidmət illəri də nəzərə alınmaqla 25 ildən artıq stajı var. İddaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına müraciət etmişdir, cavabdeh tərəfindən ona əmək pensiyası təyinatından imtina olunmuşdur. Növbəti 16 aprel 2021-ci il tarixli ərizəyə cavabdehin yazdığı 11 iyun 2021-ci il tarixli cavab məktubunda isə, arxiv sənədlərinin olmamasına görə həmin dövrün sığorta stajıma əlavə olunmasının mümkünsüzlüyü bildirilməmiş, araşdırılma aparılmasının zəruri olduğu qeyd olunmuş və araşdırmanın nəticəsindən sonra pensiya hüququ ilə bağlı məsələyə yenidən baxılması göstərilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasıın 60, 71-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə, İPM-in 2.2, 34.1-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsaslanaraq, məhkəmədən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh DƏDRX Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 14 avqust 2020-ci il tarixdə ərizə ilə DSMF-yə müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli qədər sosial siğorta stajına malik olmaması və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir. Eləcə də, şəxsin təqdim etdiyi 28 sentyabr 1977-ci il tarixdə tərtib olunmuş əmək kitabçasına, H3 ******* saylı hərbi biletinə əsasən ümumi sığorta stajı 21 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, sığorta stajına uyğun pensiya kapitalı 16.182,79 manat olmaqla qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X2 və araşdırma şöbəsinin 21 iyun 2021-ci il tarixli xidməti məruzəsinə əsasən 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il tarixədək işlədiyi iddia edilən "xxxx" Müstəqil Firmasının və 5 aprel 1994cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" Firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, sözügedən dövrlərin araşdırılıb iş stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 2 sentyabr 2020-ci il tarixli 587 nömrəli arayışındakı məlumatlar 1 yanvar 2000-ci il tarixdən sonrakı dövrü əhatə etdiyi üçün 1 avqust 1997-ci il tarixdən 1 yanvar 2000-ci il tarixinədək işlədiyi X11 Fabrikindəki dövrün iş starjına əlavə edilməsi də mümkün hesab edilməmişdir. DSMF tərəfindən 30 noyabr 2021-ci il tarixli **********1 nömrəli sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 dekabr 2021-ci il tarixli **********5 nömrəli cavab məktubuna əsasən "xxxx" müəssisəsi haqqında dövlət əmlakının registrinə heç bir məlumat təqdim edilməmiş və onlar barədə məlumat qeydiyyata alınmamışdır. DSMF tərəfindən 30 noyabr 2021-ci il tarixli **********5 nömrəli sorğuya Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 13 dekabr 2021-ci il tarixli 01/3-2875 nömrəli cavab məktubuna əsasən "xxxx" müəssisəsi 13 iyun 1996-cı il tarixindən 1 aprel 2009-cu il tarixinədək qeydiyyata alınmışdır. Dövlət Statistika Komitəsinin 01/3-2795 nömrəli cavab məktubuna əsasən statistik vahidlərin Dövlət reyestrində "xxxx" firmasına dair məlumat mövcud deyildir. "xxxx" firması isə 22 oktyabr 1996-cı il tarixindən qeydiyyatdadır. DSMF tərəfindən 19 noyabr 2021-ci il tarixli **********8 nömrəli sorğuya Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30 dekabr 2021-ci il tarixli **********463100 nömrəli cavab məktubuna əsasən "xxxx" müəssisəsi 21 noyabr 1994-cü il 19130 nömrə ilə dövlət qeydiyatına alınmışdır. Eləcə də "xxxx" Firması 15 may 1995-ci il tarixdə 23966 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyatına alınmışdır, inventarlşdırmadan keçərək on rəqəmli VÖEN alması barədə məlumat müəyyən edilməmişdir. "xxxx" ASC 20 may 1998-ci il tarixdə 7 nömrə ilə dövlət qeydiyyatına alınmış 31 mart 2009-cu il tarixdə vergi uçotundan, 1 aprel 2009-cu il tarixdə isə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmşdır. DSMF tərəfindən şəxsə yaşa görə pensiya təyin edilçnəsindən imtina vermə əsaslarından biri kimi 1 yanvar 2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X7 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992 – 2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdur. Halbuki, lazım olan pensiya kapitalı 28.800 manatdır. X9 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə, «Sosial sığorta haqqında» Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1388/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hətta, X7 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992- 2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdur. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. X9 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisələndirilməyən halıdır. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə 65 yaşdır. Mübahisələndirilən hal ikinci şərtin ödənilməməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 67-ci maddəsinin birinci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin üçüncü hissəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. - 67-ci maddəsinin səkkizinci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun (Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir): - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 25 ildən artıq stajı mövcuddur. İşin mübahisələndirilməyən halı iddiaçının 21 il 10 ay ümumi sığorta stajının mövcud olmasıdır. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının 06 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il tarixədək "xxxx" Müstəqil Firmasında, 05 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək "xxxx" Firmasında, 01 avqust 1997-ci il tarixdən 01 yanvar 2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddətləri ümumi sığorta stajına daxil edilməməsi ilə bağlıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan ИТ-İ ******* nömrəli, 28 sentyabr 1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı, 2 sentyabr 1976-cı il tarixdən 11 sentyabr 1978-ci il tarixədək “Az NXZR” SMU-3-də (TQİ), 28 noyabr 1978-ci il tarixdən 15 yanvar 1979-cu il tarixədək AzərbSMU “Stalkonstruksiya”, 1 fevral 1979-cu il tarixdən 13 sentyabr 1982-ci il tarixədək “Sumqayıt Sintetik Yuyucu Məhsullar” Zavodu, 3 yanvar 1983-cü il tarixdən 13 sentyabr 1984-cü il tarixədək “SU-13”, 15 fevral 1984-cü il tarixdən 6 avqsut 1985-ci il tarixədək “Svabodnıy” Sovxozunda, 25 noyabr 1985-ci il il tarixdən 14 dekabr 1985-ci il tarixədək “Dmitrov” Sovxozunda, 25 mart 1986-cı il il tarixdən 23 mart 1987-ci il tarixədək “NİVA” sovxozunda, 11 iyul 1987-ci il il tarixdən 7 fevral 1988-ci il tarixədək “Kalinin” Sovxozunda, 20 fevral 1988-ci il il tarixdən 16 may 1988-ci il il tarixədək “Suvorov” Sovxozunda, 21 may 1988-ci il tarixdən 26 iyun 1991-ci il tarixədək “Karl Marks” Sovxozunda, 28 iyun 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək “Əlaqə” KM-də, 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il il tarixədək "xxxx" Firmasında, 1 dekabr 1992-ci il tarixdən 4 yanvar 1993-cü il tarixədək "xxxx" Firmasında, 11 may 1993-cü il tarixdən 1 mart 1994-cü il tarixədək “Azərkanaltikinti SU-87”-də, 5 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək "xxxx" Firmasında, 1 avqust 1997-ci il tarixdən 9 mart 2005-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin sorğularına əsasən: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********742400 nömrəli məktubundan görünür ki, idarədə olan reyestr məlumatlarına əsasən "xxxx" Firması (VÖEN:**********) xx.xx.1994-cü ildə 19130 nömrə ilə, M.В Firması xx.xx.1995-ci ildə 23966 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. M.В Firmasının inventarlaşdırmadan keçərək on rəqəmli VÖEN alması barədə məlumat müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında "xxxx" Firmasında 5 aprel 1994-cü il tarixdən 15 yanvar 1997-ci il tarixədək işlədiyi qeyd olunsa da, həmin qurum hüquqi şəxs kimi 15 may 1995-ci il tarixdə dövlət qeydiyyatına alındığından, sonradan onun inventarlaşdırmana keçməklə VÖEN (on rəqəmli) alınması barədə məlumat mövcud olmasa da, hüquqi şəxs kimi qeydiyyat tarixindən, əmək kitabçasındakı işdən azad olunma tarixinədək, yəni 15 yanvar 1997-ci il tarixədək 1 il 8 ay müddət onun sığorta stajına daxil edilməlidir. Həmin məktuba əlavə edilmiş "xxxx" Müstəqil Müəssisəsinin nizamnaməsindən görünür ki, "xxxx" Müstəqil Müəssisəsi 24 noyabr 1994-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığından, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, İddiaçı əmək kitabçasındakı 6 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992ci il tarixədək həmin qurumda işləməsi barədə qeydlər mötəbər sayıla bilməz və həmin dövr sığorta stajı kimi qəbul olunmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********862300 nömrəli məktubuna əlavə olunmuş “X12 Fabriki” və “X10” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərindən görünür ki, “X12 Fabriki” Azərbaycan-X4 Yağ istehsalat birgə müəssisəsinin nizamnaməsinə əsasən həmin qurum hüquqi şəxs kimi 01 aprel 1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Ədliyyə Nazirliyinin “X10” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 11/463 nömrəli məktubuna əsasən, Məhdud Məsuliyyətli cəmiyyət formasında “X12 Fabriki” Azərbaycan-X4 Yağ istehsalat birgə müəssisəsinin nizamnaməsi xx.xx.1996-cı il tarixdə 1 saylı Şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Həmin müəssisədə dövlətə məxsus payın özəlləşməsi nəticəsində X13 Cəmiyyətinə çevrilmiş və dövlətin payı tamamilə özəlləşdirilmişdir. “X12 Fabriki” Məhdud Məsuliyyətli müəssisəsinin xarici iştirakçısı yeni yaranmış səhmdar cəmiyyətinin səhmdarlarından olmuşdur. Buna görə də “X12 Fabriki” müəssisəsinin ləğv edilməsi haqqında qərar qəbul edilmiş və bu barədə Ədliyyə Nazirliyinə məlumat verilmişdir. Müəssisə dövlət qeydiyyatı reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci tarixli BA- 07093-2022 nömrəli məktubundan görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Yağ və Qida Sənaye ATSC-nin (X12 Fabriki) natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı xx.xx.1997-ci il tarixli, 018-k saylı əmrlə xx.xx.1997-ci ildən fabrikin anbar sahəsinə fəhlə vəzifəsinə qəbul olunması və xx.xx.2005- ci il tarixli, 018-k saylı əmrlə xx.xx.2005-ci il tarixindən öz xahişi ilə işdən azad edilməsi barədə məlumatlar mövcuddur. "X14” ATSC-nin (X12 Fabriki) 2000-ci ilə dair əmr kitabında vət.İddiaçı işdən azad olunması barədə məlumat yoxdur. Həmin məktuba əlavə edilmiş X12 X3 müştərək müəssisəsinin xx.xx.1997-ci il tarixli, 018-k saylı əmrinə əsasən, 1955-ci il təvəllüdlü İddiaçı ərizəsi əsasında 01.08.97-ci ildə fabrikin anbar sahəsinə fəhlə vəzifəsinə 3 aylıq sınaq müddətinə işə qəbul olunmuş, əmək haqqı ştat cədvəlinə müvafiq ödənilməsi qeyd edilmişdir. Müəssisəsinin xx.xx.2005-ci il tarixli, 018-k saylı əmrinə əsasən, İddiaçı ərizəsi əsasında anbar sahəsi işçisi xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, 1) iddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyətinin istər arxiv sənədlərinin əldə olunmaması, istərsə də digər səbəbdən qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının iradəsindən asılı sayılmayan, onun təqsiri olmayan haldır və bu halın mövcudluğu təsdiq olunsa belə, öz-özülüyündə əmək qanunvericiliyinlə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit olunmamışdır. Belə hallar iddiaçının pensiya hüququnu məhdudlaşdırıcı nəticələr doğurmamalıdır; 2) iddiaçının əmək kitabçasındakı qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən tam sübuta yetirilmədiyindən, müvafiq hissədə mötəbər sayılır; 3) müvafiq dövrdə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin müddəaları 1 yanvar 2002-ci il tarixədək əmək stajına əmək fəaliyyətinin daxil edilməsini məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirmir. Eləcə də, Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənlərin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Məhkəmə Kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Şərh olunanlara əsasən, Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1388/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1388/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar