Məhkəmə qərarları › İş №2-1(103)-2362/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2362/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2362/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (X15 və X16 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-14023/2024 nömrəli qərarından üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X7 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 28 ünvanında yerləşən 18 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 28 saylı evin 18 saylı mənzili tam mülkiyyətindədir. Həmin mənzildə nəvələri xx.xx.2002-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X16 pasport qeydiyyatındadırlar. Lakin, nəvələri həmin mənzildə qeydiyyatda olduqlarına baxmayaraq, orada heç bir zaman faktiki olaraq yaşamayıblar. Nəvələrini oğlu X6 xahişi ilə həmin mənzilə qeydiyyata alınmalarına razılıq vermişdir. Lakin onlar faktiki olaraq başqa mənzildə yaşamışlar. Hazırda isə oğlunun nikahı pozulmuş və o, sözügedən mənzilə anasının yanına köçmüşdür. İddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edirək, xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X7 mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsinə və onların həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin icraatının mümkünlüyü məsələsi yoxlanılarkən aidiyyət qaydalarının pozulduğu, işə inzibati məhkəmədə baxılmalı olduğu müəyyən edilərək, 2(007)-2667/2024 saylı 05 avqust 2024-cü il tarixli qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Cavabdeh Nizami RPİ-yə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında yerləşən 18 saylı mənzildən xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X7 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-14023/2024 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X7 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 28 ünvanında yerləşən 18 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs X15 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-14023/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı oğlunun övladlarını qeydiyyatdan çıxararkən kompensasiya ödəməmək üçün mülki qaydada rayon məhkəməsinə müraciət etməmiş, Bakı şəhər Nizami Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırarkən nəvələri üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Nəvələri X15 və X7 müvafiq məhkəmə işindən xəbərdar olmadıqları səbəbindən məsələ ilə bağlı mövqe bildirməmişlər. Eyni zamanda, xəbərsiz olduqları üçün ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasını tələb etmək hüququndan istifadə edə bilməmişlər. Məhkəmə tərəfindən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş hallarının araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. X15 X4 tələbəsidir. Bakı İnzibati Məhkəməsində onun qeydiyyatdan çıxarılması ilə bağlı işin icraatda olduğu müddətdə 2024-2025-ci tədris ili ilə əlaqədar Moskva şəhərində yaşayıb. O, doğulandan qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 28 ünvanında yerləşən 18 saylı mənzildə ilkin hərbi qeydiyyata götürülmüşdür. Tələbə olduğu üçün başqa ev almağa maddi imkanı olmadığından yeni ünvana qeydiyyata düşməsi qeyri-mümkündür. Hazırda heç bir ünvanda qeydiyyatda deyil. Qeydiyyatda olmaması onun rəsmi sənədləri əldə etmək üçün müraciət edə bilməməsinə səbəb olur. Atasının ölümü ilə bağlı Azərbaycana qayıtdıqdan sonra daimi qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarıldığı və yeni ünvana qeydiyyata alına bilmədiyi üçün Moskvaya qayıda bilmir və bu isə, öz növbəsində onun təhsil həyatına maneələr törədir. Eyni zamanda, T.Qriqorov atasının ölüm haqqında şəhadətnaməsini almış və qanun üzrə vərəsəlik haqqında şəahətnamə almaq üçün müvafiq orqana müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Sözügedən maddələrədən göründüyü kimi, çıxarışı olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valideynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxslər və cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - İddiaçı xx.xx.1951-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 30/101319 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 28 ünvanında yerləşən 18 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixdə “Asan 2” tərəfindən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.2002- ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X16 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 28 ünvanında yerləşən 18 saylı mənzildə qeydiyyatdadırlar. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2143/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X9 ilə Yezhova Olessya arasında Səadət Sarayında (Bakı nikah evi) bağlanmış və 30 dekabr 2001-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1997 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək anası Yezhova Olessyanın yanında qalması qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2143/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(103)-2275/2024 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2667/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilir ki, İddiaçı cavabdehlər X10 və X5rşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 28 saylı evin 18 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə və onların həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərardadı ilə İddiaçı cavabdehlər X10 və X5rşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-46997/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, üçüncü şəxslər xx.xx.2002-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X7 qeyd olunan ünvanda istifadə hüquqlarının dövlət qeydiyyatından keçməsi ilə bağlı məlumat aşkar olunmamışdır. - Nizami RPİ-nin 3-13-52/2-Q-30560/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nizami RPl-nin X2 ünvanladığı ərizəyə cavab olaraq bildirirlər ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: - yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X12 və X13 ünvan 5 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırkı iş üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Yuxarıda qeyd olunduğu kimi üçüncü şəxslər mənzildə faktiki yaşamırlar. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da, onlar faktiki olaraq həmin ünvanda yaşamır və iddiaçı onların əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 28 saylı evin 18 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzil üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxs T.Qriqorovun apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ona münasibətdə ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxs T.Qriqorovun apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2-1(112)-14023/2024 nömrəli qərarı X10 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar