Məhkəmə qərarları › İş №2-1(103)-2363/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2363/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2363/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6244 saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2846/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh tərəfindən **********3691 saylı xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (daş karxana) 2071-ci məhəllə ünvanında yerləşən anbarda (**********-15001 kodlu) operativ vergi nəzarəti həyata keçirilmişdir. DVX seriyalı 001352 saylı xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6244 nömrəli Qərar qəbul edilmiş və iddiaçı 22044,85 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda İddiaçı MMC cavabdeh tərəfindən qəbul edilmiş ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6244 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********3691 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən “ALCO GROUP OFİS” təsərrüfat subyektində (obyektində) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2021-ci il tarixli DVX seriyalı 001352 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Akt tərtib edilmişdir. Sözügedən aktda iddiaçının təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı vergi ödəyicisinın əldə etdiyi və təqdim etdiyi e-qaimə fakturalarla üzləşmə aparılması və vergi ödəyicisinə məxsus anbarda satış qiymətinə əsasən 1811,04 manat məbləğində mal qalığı aşkar olundu. 220 448.52 manat məbləğində (ƏDV və ticarət əlavəsi daxil) malların e-qaimə faktura təqdim etmədən satılması müəyyən olunmuş, 220 448,52 manat məbləğində malların e-qaimə faktura təqdim edilmədən satılmasına görə müəssisəyə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 22 044,85 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının yoxlama dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 220 448,52 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 31 avqust 2021-ci il tarixdə **********6244 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla müəssisəyə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 22044,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edirlər ki, vergi orqanının operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt əsassız və qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********3691 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (daş karxana) 2071-ci məhəllə ünvanında yerləşən anbarda (**********-15001 kodlu) həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 220448,52 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 001352 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6244 nömrəli Qərarı ilə iddiaçı barəsində 22044,85 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaimə faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlərə dair aşağıdakıları bildirir: İddiaçının ilkin dəlili operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarın əsaslandırılmaması olmuşdur. İlk öncə qeyd edir ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Operativ vergi nəzarəti zamanı tərtib edilən sənədlərin formaları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 May 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaları” ilə müəyyən edilir. Qeyd olunan qaydalarda əks edilmiş formal tələblərə vergi orqanı tərəfindən riayət edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsinin əsası ilə bağlı bildiririk ki, vergi ödəyicisinə təqdim edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda operativ vergi nəzarətinin keçirilmə əsası qeyd olunmuş və vergi ödəyicisi bundan xəbərdar olmuşdur. İddiaçının digər bir dəlili məsuliyyətə cəlb etmə barədə qərarın əsaslandırılmamasıdır. Bununla bağlı bildirirlər ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********6244 nömrəli qərarda Vergi Məcəlləsində göstərilən bütün formal tələblərə riayət edilmişdir. Həmçinin məsuliyyətə cəlb etmə barədə qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 001252 saylı akta istinad edilmiş, həmin aktda hansı hadisənin qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir. Əlavə olaraq bildirirlər ki, iddiaçı tərəfindən vergi orqanına aktda göstərilənləri təkzib etmək üçün hər hansı dəlil təqdim edilməmişdir. Vergi orqanının qərarında “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş formal tələblərə əməl olunmadığı bildirilmişdir. Bu məsələyə Ali Məhkəmənin "xxxx" MTK-nın işi ilə bağlı xx.xx.2017-ci il tarixli 2- 1(102)-510/2017 saylı qərarında aydınlıq gətirilmişdir: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərarda və əsasən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırmanı aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv ediməsini düzgün hesab etməmişdir, çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarlar ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarının ehtimallarını yaradır”. Akta əlavə edilmiş siyahıya nəzər yetirdikdə, iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların həcminin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. Belə ki, bu həcmdə alkoqollu içkilərin şəxsi tələbatı ödəmək məqsədilə alınması mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə- faktura tərtib edilməklə həyata keçirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2846/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6244 saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etrazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 17 oktyabr 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6244 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********3691 saylı xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********3691 saylı xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********3691 saylı xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qeyd olunması zəruridir ki, operativ vergi nəzarəti tədbirinin mahiyyəti sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir. Operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2021-ci ilin iyun - iyul dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 220 448,52 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlilmişdir. Kollegiya qeyd edir ki, İddiaçı MMC uzun müddətdir ki, ölkə ərazisinə müxtəlif çeşiddə malları idxal etməklə onların həm topdan, həm də pərakəndə satışı fəaliyyəti ilə məşğuldur, iddiaçının əsas fəaliyyəti topdan satışdan ibarət olsa da, dövriyyəsinin müəyyən faizi pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektləri topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi vergi uçotunda qeydiyyata alınmışlar. Vergi Məcəlləsinə nəzər yetirildikdə görünür ki, “topdansatış" və “pərakəndə satış" anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Belə ki, həmin Məcəllənin 13.2.62-ci maddəsində qeyd edilmişdir ki, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və va nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan anlayışlardan aydın olur ki, pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət- kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydaların 1.2-ci bəndində təsbit edilmişdir ki, elektron qaimə-faktura - bu Qaydalara uyqun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, isləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-ci bəndində göstərilmişdir ki, elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Sadalanan qanunvercilik normalarından görünür ki, topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda (VÖEN-ni) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə faktura təqdim edə biləsən. Digər tərəfdən, qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və va həcmdə satışı pərakəndə hansı həddə və va həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik malların sayında və va həcmində pərakəndə satışdan topdansatışa keçid həddi müəyyən etməmişdir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və va həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti ücün olduqda isə topdansatışa aid edilməlidir. Lakin, operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən iddiaçının iyun - iyul 2021-ci il dövrü ərzində olan satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi ücün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 53.3-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyıcısi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının üzərinə düşür. Vergi orqanı isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən etimallara əsaslanaraq operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə akt və məsuliyyət qərarı tərtib etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Başqa sözlə, əgər vergi orqanı və ya şikayətə baxan yuxarı inzibati orqan satılmış malların məhz topdan satış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını (alan şəxslərdən izahat almaqla və ya digər tutarlı sübutlarla) sübut edə bilsəydi, bu təqdirdə iddiaçı da həmin malların məhz son istehlak üçün satıldığını sübut etməyə çalışardı və bununla bağlı müvafiq sübutları vergi orqanına və ya şikayətə baxan yuxarı vergi orqanına təqdim edərdi. Eyni zamanda qeyd olunmalıdır ki, vergi orqanı operativ vergi nəzarəti keçirilən zaman təqdim olunan mallar üzrə arayışda qeyd olunan ticarət əlavəsini qəbul etməmiş və özü üçün 33,32 %-lik ticarət əlavəsi müəyyən etmişdir. Halbuki həmin ticarət əlavəsinin niyə məhz 33,32 % olmasını əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi hüquq pozuntusu hadisəsi mövcud olmamış ondan ötrü ki, iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə 58.13-cü maddəyə “təqdim edilməsinə,” sözlərindən sonra “topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə,” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2022-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı hər hansı əlavə sübut və dəlillər məhkəməyə təqdim edilmədiyindən iddiaçı **********6244 saylı xx.xx.2021-ci il tarixli qərarla məsuliyyətə cəlb edilə bilməz. Oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin də mövqeyi qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-3327/2019 saylı xx.xx.2019-cu il tarixli, 2-1(102)-510/2018 saylı xx.xx.2018-ci il tarixli, 2-1(102)-1754/2018 saylı xx.xx.2018-ci il tarixli, 2-1(102)- 1947/2020 saylı xx.xx.2020-ci il tarixli, 2-1(102)-1076/2021 saylı xx.xx.2021-ci il tarixli, 2- 1(102)-740/2022 saylı xx.xx.2022-ci il, 2-1(102)-436/2022 saylı xx.xx.2022-ci il və 2- 1(102)-330/2022 saylı xx.xx.2022-ci il tarixli qərarları). Bununla da cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2846/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar