Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2363/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun İddiaçı verdiyi xx.xx.2009-cu il tarixli güzəştli arayışına əsasən İddiaçı qeyri-standart avadanlıqların hazırlanması üzrə mexaniki emalatxanada xx.xx.1984-cü il tarixdən (16.01.84-cü il tarixli 8/k saylı əmr) xx.xx.1984-cu il tarixədək (29.02.84-cü il tarixli 41/k saylı əmr) - 4-cü dərəcəli materialların və məmulatların şüalandırılmasında səyyar radioizotop defektoskopiya (qammadefektoskopiya) qurğularında daim va bilavasitə məşğul olan defektockopçu peşəsində işləmisdir. İş staj - 01 ay 18 gün. Bakı stasionar dərinlik özülləri zavodunda xx.xx.1984-cü il tarixdən (əmr 03/k xx.xx.1984-cü il tarixli əmr) xx.xx.1992-ci il tarixədək (101/k nömrəli xx.xx.1992-ci il tarixli əmr) 4-cü dərəcəli materialların və məmulatların şüalandırılmasında səyyar radioizotop defektokopiya (qammadefektoskopiya) qurğularında daim va bilavasitə məşğul olan defektockopçu peşəsində işləmişdir. İs staji - 08 il 05 ay. Bakı stasionar dərinlik özülləri zavodunda xx.xx.1992-ci il tarixdən (əmr 161/k xx.xx.1992-ci il tarixli əmr) xx.xx.1997-ci il tarixədək (39/k xx.xx.1997-ci il tarixli əmr) 6-cı dərəcəli materialların və məmulatların şüalandırılmasında səyyar radioizotop defektoskopiya (qammadefektoskopiya) qurğularında daim va bilavasitə məşğul olan defektockopçu peşəsində işləmişdir. İs staji-4 il 08 ay. Cəmi: 13 il 02 ay 18 gün. Texnoloji prosesə əsasən İddiaçı həqiqətən sənayedə materialların və məmulatların şüalandırılmasında səyyar radioizotop defektoskopiya (qammadefektoskopiya) qurğularında daim və bilavasitə məşğul olan peşəsi üzrə işini gündəlik iş vaxtı ərzində yerinə yetirmiş və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ veren is stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 1 №-li siyahısının XXİİ bölməsinə (Kod12205000 -1754a) əsasan 13 il 02 ay 18 gün təşkil edir.
3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 790 nömrəli xx.xx.2009-cu il tarixli qərarına əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən yaşa görə pensiya təyin edilmişdir.
4. 2002-2006-cı illər ərzində iddiaçının aylar üzrə əmək haqqı və əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının (məbləği göstərilməklə) ödənilməsinə dair arayış pensiya işinə əlavə edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023cü il tarixli məktubu ilə İddiaçı bildirmişdir ki, “Vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtı ilə əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yarandığından “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 12 may 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17- 1/33-10768/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən pensiyanın təyin olunma tarixi xx.xx.2010-cu il olmaqla hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 5.579,10 manat və yenidən hesablama nəticəsində (inventar (artıqvermə) 50-dən 52-yə çəkilmə səbəbi ilə) 799,83 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5.579,10 manat məbləğində pensiyasın ödənişinin bərpa olunması, həmçinin 2023-cü ilin may ayından başlayaraq, 5.579,10 manat məbləğində pensiya ödənişi bərpa olunan günədək hər ay üçün az ödənilmiş 4.779,27 manatın cəmlənərək, birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
8. İddia tələbi bir neçə dəfə dəyişdirilmiş, sonuncu dəfə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli 3- 17-1/3-310768/2023 saylı qərarının ləğv edilməsi, pensiya ödənişinin bərpa edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyaçısıdır. 2023-cü ilin may ayına qədər 5.579,10 manat pensiya almış, lakin 2023-cü ilin may ayından pensiyası azaldılmış və ona 799,83 manat pensiya ödənilmişdir. Həmçinin cavabdeh ona xx.xx.2023-cü il tarixli, 3-17-1/2-K-100818/2023 saylı məktub göndərərək, güya onun pensiyanın düzgün təyin olunmadığını bildirmişdir. Məktubda iş üzrə inzibati icraatın başlanıldığı və bununla əlaqədar onun 12 may 2023-cü ildə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala dəvət olunduğu bildirilmişdir. Lakin, Xüsusi Şərtlərlə Təyinat İdarəsi göstərilən məktubu 16 may tarixdə göndərmiş və ona məktub 20 may tarixində çatmışdır. Bu barədə “Azərpoçt”un saytından çıxarış əlavə edilmişdir. Belə çıxır ki, Xüsusi Şərtlərlə Təyinat İdarəsi onun hüquqlarını bilərəkdən, məqsədli şəkildə pozaraq, onu 12 may tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala dəvət edir, bu barədə məktubu isə ona 16 mayda göndərir. Bu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin onun pensiyasını qanunsuz olaraq azaltdığını və onun pensiya məsələsinin araşdırılmasına qərəzli yanaşmağını sübut edən əsaslardan biridir. Xüsusi Şərtlərlə Təyinat İdarəsinin məktubunda ona pensiyanın düzgün təyin olunmamasının iddia edilməsinə gəlincə, bu tamamilə əsassızdır. Belə ki, pensiyanın təyin olunduğu dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən pensiya ona tam düzgün təyin olunmuşdur. Qeyd etdiyi kimi Xüsusi Şərtlərlə Təyinat İdarəsi inzibati icraata başlamaq haqqında maraqlı şəxsə məlumat vermək vəzifənizi bilərəkdən, məqsədli şəkildə həyata keçirməmişdir ki, bu da Xüsusi Şərtlərlə Təyinat İdarəsinin inzibati icraat prosesində qəbul edəcəyi və ya artıq qəbul etdiyi qərarının qanuniliyini şübhə altına alır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 48.4-cü maddəsinə əsasən, “İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır ”. “İnzibati icraat haqqında” Qanunun 28.4cü maddəsinə əsasən, “Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır”. “İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən, “İnzibati orqaninzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur”. “İnzibati icraat haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən, “Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir”. “İnzibati icraat haqqında” Qanunun yuxarıda göstərilən müddəaları Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən kobud şəkildə pozularaq, inzibati icraat üzrə qərar qəbul edilmədən iddiaçının pensiyası azaldılmışdır ki, bu da onun Konstitusion sosial təminat hüququnun pozulmasıdır. İddiaçı göstərilən məsələ ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, ərizəsi poçt xəbərnaməsinə əsasən, xx.xx.2023-cü ildə qəbul olunmuş, lakin bu vaxta qədər ona heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdeh iddiaçının müraciətinə cavab vermədiyindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır.
10. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, etirazının dəlillərini iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən mövqeyi ilə əsaslandırmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023cü il tarixli 3-17-1/3-3-10768/2023 saylı qərarı ləğv edilərək İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1920/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1920/2024 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilərək, Mərkəzi Filialın iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10768/2023 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1 -ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir). Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13- cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixdən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Lakin, xx.xx.1997-ci il tarixədək 1 nömrəli Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplamış şəxslər onlara 52 yaşdan deyil, 50 yaşdan (əvvəlki Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyası tətbiq edilməklə), 2 nömrəli Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplamış şəxslər isə müvafiq olaraq 57 yaşdan deyil, 55 yaşdan pensiya təyinatı və ya yenidən hesablanması qanunauyğun deyildir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixdən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrı-ayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin, hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-cı ildən sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra məhkəmə qərarlarında əks olunması ağlabatan deyildir. Halbuki nəzərə alınmalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixdən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. Məhkəmənin cavabdehin əleyhinə olan mövqeyini o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin, dəyişiklik Qanunda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Beləliklə qeyd olunanlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası cavabdeh tərəfindən aşağıdakı qaydada hesablanmışdır. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006cı il tarixədək onun ümumi iş stajı 30 il 2 ay 11 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 35,65 manat (30,20 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 55,25 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7812,00 manat sığorta kapitalına uyğun 54,25 (7812,00:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 194,50 (55,25+54,25+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2016-ci il tarixədək indeksləşdirilməklə 246,34 manat). Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2016-cı il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 12955,68 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (12955,68 : 72 ay (144 ay-72 ay)=179,94 manat) yenidən hesablanaraq 246,34 manatdan 426,28 manata artırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 144430,13 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 697,33 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 799,83 manat təşkil edir. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəfimizdən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün 12 may 2023-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-10768/2023 nömrəli qərar qəbul edilmişdir. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 1920/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür)
18. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.
19. Maddə 17. Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən,«b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz.
20. Maddə 71. Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu:
21. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
22. Maddə 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.
23. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. (xx.xx.2009-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən)
24. Maddə 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır(xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən)
25. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu:
26. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər.
27. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
28. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
29. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
32. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
33. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
34. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
35. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
36. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli, 5 nömrəli Qərarının 2 və 3-cü bəndlərində təsbit edilmdişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.
37. 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır. Eyni zamanda, daxili qanunvericiliyə əsasən tanınan mülkiyyət marağı (baxmayaraq ki, müəyyən hallarda hüquqi qüvvəsini itirə bilər) əmlak təşkil edə bilər.
38. Sosial təminat qanunvericiliyində dəyişikliklər cəmiyyətdə baş verən dəyişikliklərə və sosial yardıma ehtiyacı olan insanların müvafiq kateqoriyaları ilə bağlı baxışların təkamülünə reaksiya olaraq qəbul edilə bilər. Hər hansı konkret formada müavinət və ya pensiya təyin edilməsinin ölkədaxili hüquqi şərtləri dəyişdikdə və həmin şərtlərin dəyişməsi səbəbindən maraqlı şəxs müvafiq meyarlara daha cavab vermədikdə, milli qanunvericilikdə kifayət qədər dəqiq müəyyən edilmiş substantiv mülkiyyət marağının konkret halda mövcud olub-olmadığını yoxlamaq üçün işin fərdi hallarının (xüsusən tələblərin dəyişməsinin xarakterinin) diqqətlə araşdırılması tələb oluna bilər.
39. 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
40. Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89);
41. Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X2rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ).
42. Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 §64);
43. Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olubolmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
44. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
49. xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixə xx.xx.2006cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi.
50. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. Belə ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə təyin edilmiş pensiyanın məbləği məhz orta əmək haqqına istinadla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
51. İddiaçının xx.xx.1997-ci il tarixədək 20 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 10 il stajının olması hazırkı işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.1997-ci il tarixədək onun ümumi stajı 20 ildən çoxdur, vaxtilə işlədiyi vəzifə sənayedə materialların və məmulatların şüalandırılmasında səyyar radioizotop defektoskopiya (qammadefektoskopiya) qurğularında daim və bilavasitə məşğul olan peşəsi üzrə işini gündəlik iş vaxtı ərzində yerinə yetirmiş və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən is staji Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 1 №-li siyahısının XXİİ bölməsinə (Kod 12205000 -1754a) uyğun gəlir, təqdim edilən arayışa əsasən iddiaçının xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 13 il 02 ay 18 gün stajı mövcuddur.
52. Mübahisə hüququn hansı qaydada tətbiqi ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir.
53. Kollegiya qeyd edilən yanaşmanı qəbul etmir. Çünki, əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı).
54. xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmiş və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli qərarları).
55. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur. (İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadı, 40-cı bənd).
56. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqinin zəruriliyini hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırmamışdır. Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətində olsa da, yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz və buna görə də, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməlidir. Cavabdeh isə iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati aktı ləğv etmişdir. Belə ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qanunda qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırkı işdə isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır, cavabdeh faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər.
57. Kollegiya qeyd edir ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: -inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: ı) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, ıı) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; ııı) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (ı) və (ıı) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. (ııı) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur.
58. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir.
59. Yenidən hesablamanın aparılması əslində yüksək məbləğdə pensiya təyin olunması ilə bağlıdır. Təyin olunmuş və iddiaçının 13 il ərzində aldığı pensiya məbləği iddiaçının mülkiyyətidir, cavabdeh tərəfindən aparılan yenidən hesablama isə həmin mülkiyyətə qanuni əsası olmayan müdaxilədir. Belə ki, müvafiq hesablama vaxtilə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilmiş, yəni xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir və pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama əsasında pensiya məbləğinin yüksək olması şəxsin pensiyasının azaldılmasına əsas ola bilməz.
60. Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıya təyin olunan pensiyanın cavabdeh tərəfindən yenidən hesablanması nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulması öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə nəticəsi qanuni və əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
61. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.