Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2364/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası Təmir-Tikinti Sahəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı pulun ödənilməsi iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(112)-2546/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 noyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası Təmir-Tikinti Sahəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası Təmir-Tikinti Sahəsinin məcburi köçkün və qaçqınlarına saxlamasına görə çəkdiyi xərclərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məlum hadisələrdən sonra Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası Təmir-Tikinti Sahəsində 1993-cü ildən bəri qaçqın və məcburi köçkünlər məskunlaşmışdır. Buna görə də Təmir-Tikinti sahəsi öz fəaliyyətini tam dayandırmışdır. Hazırda turist bazasında 7 ailə olan 24 nəfər qaçqın və məcburi köçkün yaşayır. Bu müddət ərzində Nazirlər Kabinetinin 257 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən kommunal, vergi borcları və digər xərcləri ödəməli olsa da ödəməmişdir. İdarə binasını öz vəsaiti hesabına təmir etmişdir. Dam örtükləri dəyişdirilmiş, su xətləri yenidən çəkilmişdir. İdarə binası köhnə olduğuna görə vaxtaşırı təmir işləri aparılır. Həmçinin Sahənin heç bir gəlir mənbəyi olmadığına görə əmlak və torpaq vergisini ödəmək üçün baş təşkilatları olan Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasından 17.674 manat borc alınmışdır. Bu müddət ərzində təmir işlərinə, bina və qurğuların saxlanılmasına 8300 manat, təsərrüfat xərclərinə 4700 manat və əmək haqqına 9000 manat pul vəsaiti xərclənmişdir. Məcburi köçkün və qaçqınlarına saxlamasına görə çəkilən xərclərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etsək də, müraciətlərindən imtina etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin imtinası tamamilə qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(112)-2546/2022 nömrəli qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehə tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərə xidmətlərin göstərilməsi ilə bağlı çəkilən faktiki xərclərin ödənilməsinə dair məsələlər 257 nömrəli Sərəncamla tənzimlənmişdir. Lakin, 7 məcburi köçkün ailəsinin yaşadığı bina isə sıx məskunlaşma yeri hesab edilmir. Bundan əlavə, Nazirlər Kabinetinin 200 nömrəli, 1999-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş Qaydada məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların saxlanılması və təmiri ilə əlaqədar məsələlərin məhz həmin binaların balansında olduğu müəssisə tərəfindən həyata keçirilməli olduğu göstərilmişdir. Eyni zamanda, 257 nömrəli Sərəncamda məcburi köçkünlərə xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulsa da iddiaçı digər xərclərin, o cümldən torpaq və əmlak vergisi və işçilərin əmək haqqına çəkilən xərclərin ödənilməsini tələb etmişdir. Halbuki, həmin xərclər faktiki xərclər hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(112)-2546/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: O.Həsənov) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə ona məhkəmə baxılma günü barədə məlumat verməmiş, məhkəmə iclasında iddiaçı Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublikası Şurasının Təmir-Tikinti Sahəsinin nümayəndəsinin iştirakını təmin etməmiş və iddia ərizəsində göstərilənləri təkzib edən sübutlarını təqdim etməkdən məhrum etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri X4 və X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası Təmir-Tikinti Sahəsinin məcburi köçkün və qaçqınlarına saxlamasına görə çəkdiyi xərclərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi və ya ümumiyyətlə hazırkı iddiaya cavab verməli olan inzibati orqanın olub-olmamasının müəyyənləşdirilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Bununla əlaqədar məhkəmə mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin: 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitənin əsas vəzifələri aşağıdakılardır: 2.1. qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək; 2.2. qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq dövlət proqramlarının layihəsini hazırlamaq və onların yerinə yetirilməsini təşkil etmək; 2.3. qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək; 2.4. qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək; 2.5. qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti, ehtiyacları onların ölkədaxili miqrasiyası barədə məlumat toplamaq, təhlil etmək, ümumiləşdirmək və tövsiyələr hazırlamaq; 2.6. qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlan ilə məqsədyönlü iş aparmaq; 2.7. qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin etmək; 2.8. məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə və qəsəbələrdə kommunal xidmətlərin yaxşılaşdırılmasını təmin etmək; 2.9. qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla "qaçqın" və "məcburi köçkün" statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək; 2.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; 2.9-2. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; 2.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Komitəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.
3. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir; 3.2. qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirir; 3.3. qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər verir; 3.4. qaçqınlar və məcburi köçkünlər üçün mənzil, sosial və texniki infrastruktur obyektlərinin tikintisinə cəlb olunmuş tikinti təşkilatlarının işinə sifarişçi kimi nəzarət edir; 3.5. qaçqınlar və məcburi köçkünlər üçün zəruri sosial obyektləri olan qəsəbələrin və yığcam yaşayış məntəqələrinin layihələşdirilib tikilməsi ilə bağlı təkliflər verir, onlar üçün iş yerlərinin açılması məqsədilə istehsal infrastrukturunun yaradılmasında müvafiq qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir; 3.6. məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir; 3.7. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin işlə təmin edilməsi, peşə hazırlığı kurslarının təşkili, onların mikro və kiçik sahibkarlıqla məşğul olmaları üzrə tədbirlər görür; 3.8. qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirləri həyata keçirir; 3.9. işğal olunmuş ərazilər barədə məlumat toplusunun hazırlanması, həmin ərazilərin işğaldan əvvəlki sosial-iqtisadi vəziyyətinin, qaçqınların və məcburi köçkünlərin problemlərinin, ehtiyaclarının, mövcud həyat şəraitinin beynəlxalq və yerli ictimaiyyətə çatdırılması üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə əlaqəli tədbirlər görür; 3.10. qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür; 3.11. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir; 3.13. qaçqınların və məcburi köçkünlərin qəbulu, yerləşdirilməsi və sosial müdafiəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirir; 3.14. beynəlxalq qeyri-hökumət təşkilatları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində əməkdaşlıq məsələlərinə dair müəyyən olunmuş qaydada məsləhətləşmələr və danışıqlar aparır; 3.15. əmək kollektivlərindən, ictimai və özəl təşkilatlardan, xarici dövlətlərdən və ayrıayrı şəxslərdən daxil olan, qaçqın və məcburi köçkünlərin ehtiyacları üçün nəzərdə tutulmuş müxtəlif növ yardımların qəbulu, qeydiyyatı, saxlanılması, bölüşdürülməsi və ünvanlı çatdırılması işini müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə təmin edir; 3.16. qaçqınlar və məcburi köçkünlərlə aparılan işin vəziyyətinə dair materialları təhlil edir, analitik məlumat hazırlayır və müvafiq kitablar, broşürlər, sorğu-məlumat bülletenləri və s. nəşr etdirir; 3.17. məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş və Komitənin balansına götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin edir; 3.18. qaçqın və məcburi köçkünlər üçün salman qəsəbələrin və yığcam yaşayış məntəqələrinin və həmin məntəqələrdə müəssisələrin, yaşayış və sosial-mədəni obyektlərin yerləşdirilmə sxemini müvafiq qurumlarla razılaşdırmaqla təsdiq edir, müəyyən olunmuş qaydada obyektlərin layihələndirilməsi tapşırığını yerinə yetirir; 3.19. öz səlahiyyətləri daxilində mənzil, sosial, mədəni-məişət obyektlərinin tikilməsi, qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, işlə təmin edilməsi, onlara torpaq sahələrinin ayrılması ilə bağlı təkliflər hazırlayır; 3.20. qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatlan və maliyyə qurumlan ilə qarşılıqlı əlaqədə həyata keçirir; 3.21. qaçqınların və məcburi köçkünlərin dövlət tərəfindən maliyyə təminatı ilə bağlı dövlət büdcəsi layihəsi üzrə hesablamalarda iştirak edir, bu sahədə təkliflərini aidiyyəti dövlət orqanlarına təqdim edir; 3.22. qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzilməişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir; 3.23. qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və digər problemlərinin həlli ilə əlaqədar məsələləri müvafiq dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən keçirilən konfranslarda, seminarlarda və başqa tədbirlərdə müzakirə edir; 3.24. tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, obyektlərin istismara verilməsi və vəsaitin xərclənməsi haqqında hesabatlan qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara təqdim edir; 3.25. səlahiyyətlərinə aid məsələlər üzrə beynəlxalq əməkdaşlığı həyata keçirir, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrinin hazırlanmasında iştirak edir, konfransların, seminarların və s. tədbirlərin keçirilməsini təşkil edir; 3.26. qaçqınlara və məcburi köçkünlərə onların müraciətləri əsasında mövcud imkanlar hesabına humanitar ərzaq və qeyri-ərzaq yardımının verilməsini təmin edir; 3.27. qaçqınların və məcburi köçkünlərin ərizə və şikayətlərinə baxır və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görür; 3.28. qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.
4. Öz vəzifə və funksiyalarını həyata keçirmək üçün Komitənin aşağıdakı hüquqları vardır: 4.1. qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək; 4.2. Komitənin səlahiyyətlərinə aid olan məsələlər üzrə qanunvericilik aktlarının layihələrini hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmək; 4.3. qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq; 4.4. Komitənin səlahiyyətlərinə dair məsələlər üzrə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində yerləşən müəssisə, idarə və təşkilatlardan məlumatlar almaq; 4.5. məcburi köçkünlərin aylıq yemək xərcləri üçün nəzərdə tutulmuş müavinətin və yardımın ünvanlı çatdırılmasına nəzarət etmək, bu sahədə qanun pozuntuları aşkar edildikdə onların aradam qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və zəruri hallarda müvafiq orqanlara müraciət etmək; 4.6. qaçqınların və məcburi köçkünlərin miqrasiyası sahəsində dövlət və qeyrihökumət təşkilatlan ilə qarşılıqlı əlaqədə tədbirlər görmək 4.7. qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ sənədlər hazırlamaq, onları müvafiq dövlət orqanları ilə razılaşdıraraq təsdiq etmək; 4.8. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq; 4.9. qanunvericilikdə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. Adıçəkilən müddəalarla da müəyyən edilir ki, cavabdeh Fərmanla təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulan istiqamət üzrə fəaliyyət göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Fərmanla təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlara malikdir. İddiaçının adıçəkilən xərclərin cavabdehdən tutulmalı olması ilə bağlı vəzifəsi isə məhkəmə hesab edir ki, adıçəkilən Əsasnamədə nəzərdə tutulmadığından cavabdehin həmin xərcləri ödəməsi ilə bağlı öhdəliyinin olmaması, hazırkı inzibati iş üzrə isə cavabdeh qismində müəyyən edilə bilməməsinə dəlalət edir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin edilməsi vəzifəsinin nəzərdə tutulması ilə əlaqədar müddəada hazırkı iddiaya Komitənin cavabdeh olması mənasını vermir. Belə ki, cavabdehin qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin edilməsi ilə bağlı qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi və normativ xarakterli aktlarda ayrılmış büdcə vəsaitində iddiaçının ödənilməsini tələb etdiyi xərclərin, məhz iddiaçı və onun kimi müəssisə və fiziki şəxslərə yönəldilməsi ilə bağlı heç bir icra tədbiri nəzərdə tutulmamış, eyni zamanda ödənilmə mexanizmi də göstərilməmişdir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 6-cı hissəsinə görə məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Göründüyü kimi iddiaçının cavabdehdən tələb etdiyi binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməli olsa da iddiaçı həmin məsələlərdən törəmiş (bina və qurğuların saxlanılması, təsərrüfatr və əmək haqqı xərcləri) xərclərin ödənilməsini cavabdehdən tələb etmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, Vergi Məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə köçürülən məcburi, fərdi, əvəzsiz ödəniş olan torpaq və əmlak vergisinin ödənilməsindən yaranmış bağlı xərclərin cavabdeh tərəfindən ödənilməli olması da cavabdehin öhdəliyi qismində çıxış edə bilməz. Məhkəmə, bundan əlavə onun da qeyd edilməsini zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixli Sərəncamında ictimai yerlərdə məskunlaşmış məcburi köçkünlərə xidmətlərin faktiki xərclər hesabına ödənilməsi, dövlət büdcəsinin vəsaitindən ödənilməsi nəzərdə tutulsa da, həmin Sərəncam da hazırkı halda cavabdehin xərclərin ödənilməsi ilə bağlı öhdəliyinin mövcudluğuna, dolayısı ilə də iddianın mümkünlüyünə təsir etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər İ. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir: 5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət. Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri 2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir. 7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır. Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın: 5.1. Dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir. 5.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına müvafiq maliyyə qaydalarına riayət etməmələrinə və vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. “Dövlət büdcəsi vəsaitinin istifadəsinə nəzarətin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 196 nömrəli, 14 fevral 2005-ci il tarixli Fərmanının: 1.1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutulan digər dövlət qurumları həmin qurumların fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitlərinin sərəncamçısıdırlar və onlardan təyinatı üzrə istifadə edilməsini həyata keçirirlər 1.2. ayrılmış büdcə vəsaiti həmin qurumlar tərəfindən tərtib edilmiş və bu sahədə dövlət siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqramlar və xərclər smetası əsasında istifadə olunur. 1.4. müvafiq sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları onların yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutulan digər dövlət qurumları tərəfindən həmin qurumların fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsini müəyyən etdikdə, habelə əvvəllər ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatların təqdim edilmədiyi halda həmin vəsaitlərin ayrılmasının dayandırılması haqqında vəsatət qaldıra, müvafiq qurumların rəhbərlərinə xəbərdarlıq edə və qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri həyata keçirə bilər .
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutulan digər dövlət qurumlarına onların fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitlərindən təyinatı üzrə istifadə edilməsi üzərində müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən nəzarətin həyata keçirilməsi qaydalarını təsdiq etsin və bu fərmandan irəli gələn digər məsələləri həll etsin. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1756 nömrəli 25 dekabr 2017-ci il Fərmanının 3.5-ci bəndinə əsasən Dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi məqsədilə, beynəlxalq təcrübə nəzərə alınmaqla, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş vahid büdcə təsnifatının təkmilləşdirilməsini altı ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin bəndin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə Azərbaycan Respublikasının büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət vahid büdcə təsnifatı təsdiq edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, Büdcə xərclərinin funksional təsnifatı büdcə sisteminə daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşmasından ibarətdir. Funksional təsnifat bölmə, köməkçi bölmə və paraqraf səviyyəsində nəzərdə tutulmaqla, birinci rəqəmi bölməni, ikinci rəqəmi köməkçi bölməni, üçüncü rəqəmi isə paraqrafı göstərir. 6.9.0. “Sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər” köməkçi bölməsinə ailələrə, gənclərə və ya uşaqlara göstərilən müxtəlif xidmətlər (uşaq düşərgələri sosial baxımdan ictimai həyatdan uzaqlaşmış şəxslərə və ya belə uzaqlaşma qorxusu olan şəxslərə (məsələn, qaçqınlara, məcburi köçkünlərə, gəlirləri az olanlara, yoxsullara, mühacirlərə, narkomanlara, insan alverindən zərər çəkmiş şəxslərə, zorakılığa məruz qalanlara və bu təbəqədən olan digər şəxslərə) verilən müavinətlər şəklində sosial müdafiənin və sosial təminatın təqdim edilməsi ilə bağlı xərclər. Büdcə xərclərinin iqtisadi təsnifatı əvəzsiz və ya qaytarılmaq şərtilə büdcələr tərəfindən aparılan ödənişlərdən ibarətdir. Büdcə xərclərinin iqtisadi təsnifatı bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrdən ibarətdir. İqtisadi təsnifat 2 və 3 rəqəmləri ilə başlanılmaqla, 6 rəqəmli koddan ibarətdir. Kodun birinci rəqəmi iqtisadi təsnifatı, ikinci rəqəm bölməni, üçüncü rəqəm köməkçi bölməni, dördüncü rəqəm paraqrafı, beşinci rəqəm maddəni, altıncı rəqəm isə yarımmaddəni göstərir. 270000. “Sosial ödənişlər” bölməsinə məcburi dövlət sosial sığorta haqqı hesabına ahıllara, sağlamlıq imkanları məhdud şəxslərə sosial yardım üzrə müavinətlər və pensiyalar, işsizlikdən sığorta vəsaitləri hesabına işsiz şəxslərə işsizlik sığorta ödənişləri, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər, müavinətlər, sosial yardımlar və bu qəbildən olan xərclər daxildir. Bu bölmədə uşaqlı ailələrə verilən dövlət müavinəti və kompensasiyalar, bütün növ pensiyalar, təqaüdlər, şəhid ailələrinə, qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, hamiləliyə və doğuşa görə müavinətlər, uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət, dəfn üçün müavinət, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımı, humanitar yardım, pulsuz müalicəyə göndərilən pensiyaçılara, ehtiyacı olan pensiyaçıların ailə üzvlərinə maddi yardım, işsiz şəxslərə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi, əlilliyi olan şəxslərə maddi yardım, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara onların təhsili ilə bağlı yardım, birlikdə yaşayan üç və daha çox əmək qabiliyyəti olmayan əlilliyi olan şəxslərdən ibarət ailələr üçün ünvanlı tədbirlərin keçirilməsi, əlilliyi olan şəxslər üçün idman-sağlamlıq mərkəzlərinin yaradılması, əlilliyi olan şəxslərin beynəlxalq və ölkədaxili idman yarışlarında iştirakı ilə bağlı proqramların, sərgilərin təşkili və ədəbi musiqi müsabiqələrinin, konfransların keçirilməsi, dövlət tərəfindən transfertlərin verilməsi xərcləri, sanatoriya-kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənilməsi və əhaliyə sair ödənişlərlə bağlı xərclər daxildir. Bu bölmə “271000. Sosial sığorta”, “272000. Sosial yardım” və “279000. Digər sosial ödənişlər” köməkçi bölmələrindən ibarətdir. 272000. “Sosial yardım” köməkçi bölməsinə mövcud qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş aztəminatlı ailələrə, himayəsində uşağı olan aztəminatlı ailələrə, ailə başçısını itirən aztəminatlı ailələrə ödənilən müavinətlər, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının ödənilməsi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən aylıq müavinət, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin uşaqlarına verilən aylıq müavinət, Çernobıl qəzası nəticəsində İ və İİ dərəcə əlilliyi müəyyən olunmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına, insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə müavinət ödənilməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “272100. Ünvanlı dövlət sosial yardımı”, “272200. Aztəminatlı ailələrə verilən uşaq müavinətləri”, “272300. Dövlət sosial yardımı”, “272400. Kommunal güzəştlər”, “272500. Təqaüdlər”, “272600. Məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara ödənişlər” və “272900. Sosial yardım üzrə digər ödənişlər” paraqraflarından ibarətdir. 272600. “Məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara ödənişlər” paraqrafına məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara mövcud qanunvericiliyə uyğun olaraq ödənişlərin verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf “272610. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə ödənişlər” və “272690. Digər ödənişlər” maddələrindən ibarətdir. 272610. “Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə ödənişlər” maddəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə təyin olunan müavinətlə bağlı xərclər daxildir. 272690. “Digər ödənişlər” maddəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara verilən digər ödənişlər üzrə xərclər daxildir. Qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi dövlət büdcəsi vəsaitinə nəzarət baxımından büdcə vəsaiti hesabına xərclər üzrə istiqamətlər təsbit edilmişdir ki, hazırda qüvvədə olan qanunvericilik cavabdehə iddiaçının göstərdiyi istiqamət üzrə dövlət büdcəsindən ona ayrılmış vəsaitin xərclənməsinə nəinki imkan vermir, eləcə də məsuliyyət müəyyən edir. Başqa sözlə, hazırda qüvvədə olan qanunvericilik cavabdehə dövlət büdcəsi hesabına ayrılmış vəsaitin göstərilən istiqamətlər üzrə xərclənməsi istisna olmaqla hər hansı digər istiqamət üzrə xərcləmək səlahiyyətinə malik olmamış və bununla bağlı tələblər də məhz, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normativ hüquqi aktlarda öz təsbitini tapmışdır. Nazirlər Kabinetinin qüvvədən düşməsə belə 257 nömrəli Sərəncamı isə hal-hazırda daha üstün hüquqi qüvvəsi olan normativ hüquqi aktların tələblərinin əksinə dövlət büdcəsindən xərclənməsi nəzərdə tutulmayan istiqamət üzrə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən çəkilən xərclərin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı iddia mümkün sayıla bilməz. Mümkün hesab edilmə ona dəlalət edir ki, əgər iddiaçı həqiqətən də xərcləri təsdiq edən sənədlər təqdim edərsə cavabdeh bunu ödəməli, təqdim etməsə cavabdeh ödəməməli, yəni iddia mahiyyəti üzrə baxılaraq ya təmin, ya da rədd edilməlidir. Lakin iddiaçının xərcləri təsdiq edən sənədlərə malik olub-olmaması hazırda əhəmiyyət daşımır. Belə ki, həmin xərcləri təsdiq edən sənədlər olsun, ya olmasın göstərilən pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi dövlət büdcəsi vəsaitinin əlavə xərcə yönəldilməsi olacaqdır ki, məhkəmə hesab etmişdir ki, qəbul ediləcək qərar cavabdehin səlahiyyətlərindən kənar hərəkət etməsinə məcbur etmədən başqa bir məna daşımır. Əksi yanaşma, iddiaçı kimi, qaçqın və məcburi köçkünlərin yerləşməsi ilə əlaqədar faktiki olaraq öz evlərindən, obyektlərindən və digər daşınmaz əmlaklarından müvəqqəti məhrum olmuş şəxslərin daşınmaz əmlaka çəkdikləri xərclərin, həmin əmlaklardan istifadəyə, icarəyə, kirayəyə, sərəncama əsasən əldə edəcəyi gəlirlərinin cavabdehdən tələb edilməsinə istiqamətlənəcəkdir ki, dövlət büdcəsindən göstərilən vəsaitin Komitəyə ayrılmadığı mübahisə doğurmur. Həmçinin məhkəmə qeyd etmişdir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2- 1(102)- 1081/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardan görünür ki, məcburi köçkünün məskunlaşdığı yaşayış sahəsinə həmin əmlakın mülkiyyətçisinin cavabdehdən kirayə haqqının və kompensasiyanın ödənilməsinə dair iddia dövlət büdcəsində xərclər smetasında göstərilən formada xərc nəzərdə tutulmadığına görə mümkün sayılmamış, cavabdehin belə bir öhdəliyinin olmadığı qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə ona məhkəmə baxılma günü barədə məlumat verməmiş, məhkəmə iclasında iddiaçı Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublikası Şurasının Təmir-Tikinti Sahəsinin nümayəndəsinin iştirakını təmin etməmiş və iddia ərizəsində göstərilənləri təkzib edən sübutlarını təqdim etməkdən məhrum etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokollarından görünür ki, məhkəmə iclaslarında iddiaçının nümayəndəsi (direktoru) X4 iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(112)-2546/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.