Məhkəmə qərarları › İş №2-1(103)-2364/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2364/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2364/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-713/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-713/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-713/2025 saylı qərarını İddiaçı xx.xx.2025-ci il tarixdə şəxsən məhkəmədən almış, birinci instansiyası məhkəməsinin qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. Bundan sonra – xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-713/2025 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və iddiaçıya göndərilmiş bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: “ ... sözügedən məhkəmə qərarından elektron məhkəmə informasiya sisteminə vəkil kimi inteqrasiya olunduqdan dərhal sonra tərəfimdən apellyasiya şikayəti verilib. Bu səbəbdən İPM-in 24.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş edirəm”. Göründüyü kimi, vəkil işə qoşulan kimi apellyasiya şikayəti verdiyindən prosessual müddətin ötürülməməsi qənaətindədir və müddətin bərpasını məhkəmə kollegiyasından xahiş etmir. Vəkilin sərgilədiyi hüquqi mövqe ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İnzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən isə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göründüyü kimi, yuxarıda göstərilən norma aydın və birmənalıdır. Müddətin başlanğıcı qərarın tam formada təqdim edilməsi ilə bağlıdır və qanunvericilik müddətin axımını vəkilin işə qoşulması ilə şərtləndirmir. Çünki bu – şəxsi və təşkilati haldır, hüquqi hadisə deyil. Əgər tərəf qərarın surətini alıb və qanunla verilmiş müddət ərzində şikayət verməyibsə, sonradan vəkilin işə qoşulması hüquqi reallığı dəyişmir. Həmçinin qeyd olunmalıdır ki, qanunvericilik apellyasiya icraatı çərçivəsində şəxsi yalnız vəkillə təmsil olunmağa məcbur etmir. Apellyasiya hüququ şəxsin özünə məxsusdur və tərəf vəkil tutmayıbsa və ya gecikibsə, bu onun öz hüququndan vaxtında istifadə etməməsinin nəticəsidir. Belə olan halda yeganə qanuni yol - prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməkdir. Yox, əgər vəkil məhkəmədən müddətin ötürülməmiş hesab edilməsini xahiş edirsə, bu artıq müddətin bərpası ilə bağlı vəsatət deyil, prosessual müddət anlayışının özünü inkar etməkdir. Beləliklə, vəkilin işə qoşulduğu anda apellyasiya şikayətini verdiyini əsas gətirərək müddətin ötürülmədiyini iddia etməsi qanunvericiliklə ziddiyyət təşkil edir və hüquqi baxımdan əsassızdır. Apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət hüquqi sabitliyi, tərəflər arasında bərabərliyi və prosessual intizamı qorumağa yönəlib. Bu müddətin şəxsi təşəbbüslər və vəkilin iştirak tarixindən asılı şəkildə dəyişdirilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Nəticə etibarilə məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından İddiaçı apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-713/2025 saylı qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-713/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar