Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2365/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ünvanlı sosial yardımın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(112)- 851/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hər ay təqdim edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi, ona hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, dörd il sosial yardım almış, 5-ci ilə gəldikdə isə bildirmişlər ki, internet vasitəsi ilə “VEMTASLA” sənədlər qəbul edilir. O da bütün sənədləri yığıb 2016-cı ilin aprel ayından müraciət etməyə başlamışdır. Üç dəfə müraciəti qəbul edilməmişdir. Nəticədə o, bununla bağlı nazirliyə müraciət etmiş, müraciəti 03.08.2016-cı il tarixdə qəbul edilmiş, ona mesaj vasitəsilə avqust ayının 24-ü bildiriş gəlmiş və həmin bildirişdə göstərilmişdir ki, ona iki il müddətinə ayda 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. O, bundan sonra dekabr ayına 5 ay müddətində 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində olan yardımı almışdır. Hətta yeni illə əlaqədar olaraq ona ərzaq yardımı da verilmişdir. 2017-ci ilin yanvar-fevral ayında ona təyin olunan həmin sosial yardım verilməmişdir. O, bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Orada Ömər adlı nümayəndə ona bildirmişdir ki, onun pulları veriləcəkdir, narahat olmasın. Bundan sonra mart ayında da verilməmişdir. Lakin, ona yenə bayramla əlaqədar olaraq ərzaq yardımı edilmişdir. Aprel ayında yenə o, müraciət etmiş, ona yenə Ömər bildirmişdir ki, ona ödənilən ünvanlı sosial yardımdan imtina edilmişdir. Səbəbini soruşduqda isə bildirmişlər ki, onun 0.22 ha pay torpağı var. Lakin, buna baxmayaraq, o, 2-ci qrup əmək qabiliyyətsiz əlil olduğu üçün həmin torpaqdan istifadə edə bilmədiyini bildirmişdir. Həm də həmin torpaq mülkiyyət olaraq nənəsinə məxsusdur. O isə 5 ay müddətində bu yardımı nəyə görə kəsmədiklərini və bununla bağlı nəyə görə yanvar ayında rəsmi imtina cavabı verilmədiyini bildirmişdir. Onlar isə bununla bağlı heç bir cavab verə bilməmişlər. Ona bildirmişlər ki, o, yenidən VEMTAS ilə müraciət etsin və həmin torpağın rəsmi olaraq orda qeyd etsin və ona yenidən sosial yardım təyin edilsin. Ancaq buna baxmayaraq ona bildirmişlər ki, 5 ay müddətində almadığı sosial yardım hesablanmayacaq, yalnız müraciət etdiyi gündən hesbalanacaq. O, isə buna qəti şəkildə etiraz etmiş və razılaşmamışdır. Bundan başqa hər ailənin minimum gəliri 115 manat olduğu halda onun ailəsinin 460 manat gəliri olmalıdır, ancaq buna baxmayaraq, o, 55 manat pensiya alır, yoldaşı 3-cü qrup gözdən əlil 47 manat pensiya alır. Ailəsinin gəliri ümumi 102 manatdır. Bununla onun ailəsi real olaraq dolana bilməz, maddi cəhətdən çətinlik çəkirlər. Buna görə də ona minimum olaraq 300 manat sosial yardım təyin edilməli idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5090/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi əsl cavabdehlə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5090/2017 saylı, 29 noyabr 2017- ci il tarixli qərardadına əsasən iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 484/2018 saylı, 01 fevral 2018-ci il tarixli qərardadına əsasən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(81)-5090/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarına əsasən iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-234/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)- 1683/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 21 may tarixli, 2-1(112)-851/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya 2016-сi il 03 avqust tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilmiş və iddiaçıya hər ay ödənilməli olan 300 (üç yüz) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” J-769, Kod 80903018 nömrəli dövlət aktının surətindən məlum olur ki, Salyan rayonu Aqrar İstehsalat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsinin ayrılması göstərilmişdir. Bu hal “Ünvanlı Dövlət Sosial Yardımı” haqqında qanunun 10.1 və 10.2-ci maddələrinə ziddir. Belə ki, həmin qanunun 10.1-ci maddəsində qeyd olunur ki, sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenindən baxılır. Həmin qanunun 10.2-ci maddəsində göstərilmişdir ki, qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi halda, həmin ailə 1 il müddətində sosial yardım almaq hüququnu itirir. Beləliklə, yuxarıda qeyd olunan Qanunun istinad etdiyi normalarından məhkəmə qərarının qanuna zidd olması məlum olur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.4.1-ci maddəsindən məlum olur ki, VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə vətəndaş barədə “Elektron hökumət” portalında olan məlumatların “ərizəbəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin məlumatlarda uyğunsuzluq aşkar edilmədiyi halda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin qaydaların 3.7.1-ci maddəsində göstərilir ki, “Ərizə-bəyənnamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunması dayandırılır. Belə ki, İddiaçı “VEMTAS”-la müraciət zamanı ona məxsus torpaq sahəsinin olması faktını gizlədərək, bu barədə Ərizə-bəyannamədə heç bir məlumat əks etdirməmiş və bu səbəbdən də “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada ona ünvanlı sosial yardımın verilməsindən imtina edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.7-ci maddəsində göstərilmişdir ki, Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır. Bu səbəbdən İddiaçı müraciətindən imtina edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-1(103)-125/2021 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvanlı sosial yardımın dayandırılması barədə qərarın ləğv edilməsi və 01.01.2017-ci il tarixdən 01.08.2018-ci il tarixə qədər 19 ay olmaqla hər ay 300 manat, cəmi 5700 manat ödənilməmiş sosial yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 02 mart tarixli, 2-1(103)-125/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 21 may tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya 2016-сi il 03 avqust tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilmiş və iddiaçıya 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 01 avqust tarixə qədər ödənilməmiş 19 ay üçün hər ay 148,47 (bir yüz qırx səkkiz manat qırx yeddi qəpik) manat olmaqla, cəmi 2820,93 (iki min səkkiz yüz iyirmi manat doxsan üç qəpik) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1265/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 02 mart tarixli, 2-1(103)-125/2021 nömrəli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş və iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X11 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona hər ay təqdim edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi, ona hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. İddiaçı 2016-cı il tarixə olan ehtiyac meyarının 117 manat təşkil etdiyini və ailə tərkibinin 4 nəfərdən ibarət olduğunu göstərmişdir. 2016-cı il üçün ehtiyac meyarının həddi 117 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 117*4=468 manat təşkil etmişdir. Həmçinin iddiaçı 2-ci dərəcəli əlil, onun arvadı 3-cü dərəcəli əlil olduğundan onlara aylıq ümumilikdə 102 manat məbləğində əlilliyə görə pensiya ödənilmişdir. Bu halda ailəyə 468-102=366 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər və həmin məbləğdən qaydalarda müəyyən edilmiş digər xərclər nəzərə alındıqda (ev telefonu, mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği) məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən onun ailəsinə aylıq 300 manat məbləğində ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Vİ-ЖГ № 472300 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 arasında 22 fevral 2000-ci il tarixdə Salyan rayon VVAQ şöbəsində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF Salyan rayon şöbəsi tərəfindən verilmiş 027435 saylı vəsiqənin surətindən görünür ki, X8 İİİ qrup ömürlük əlildir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı X2 27 iyun 2001-ci il təvəllüdlü X13 və 24 may 2004-cü il təvəllüdlü X17 adlı iki övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 403386 nömrəli TSEK-də müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı ikinci qrup uşaqlıqdan müddətsiz əlillik təyin edilmişdir. Əmək qabiliyyəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF Salyan rayon şöbəsi tərəfindən verilmiş 000699 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup uşaqlıqdan əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 023454 nömrəli TSEK arayışının surətindən görünür ki, X3 üçüncü qrup ümumi görmə ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 3de172e8781f4746a42af003db22d751 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı 03.08.2016-cı il tarixli, **********93201 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilməməsi səbəbindən imtina edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.08.2017ci il tarixli, 14/4209 saylı məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ailəsini təmsil edən şəxs qismində X16 və X20 (VEMTAS-a) 03.08.2016-cı il tarixli müraciəti əsasında ailəsinə 01.08.2016-cı il tarixdən 01.08.2018-ci il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin daxil etdiyi məlumatların yoxlanması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkarlanmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktının surətindən görünür ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə X9 və onun ailə üzvləri X12, İddiaçı, X5 və Ağayev Böyükağa Əliağa oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 08.01.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, JN – 769, nömrəli dövlət aktına əsasən İddiaçı adına və JN – 358 dövlət aktına və JN – 289A Şəhadətnaməyə əsasən X1 adına paylı torpaq sahələrinin olması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır Həmin Qaydaların 3.7-ci bəndinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qaydalarının 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.9-cu bəndinə əsasən ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, borc (o cümlədən kredit), həmçinin natural formada alınan sosial transfertlər aiddir. Həmin Qaydaların 5.23-cü bəndinə əsasən ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı İİ qrup və onun arvadı X8 ümumi görmə ilə əlaqədar üçüncü qrup müddətsiz əlildir. İddiaçı 2016-cı ilin avqust ayında “VEMTAS” vasitəsi ilə ona ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Ona və ailəsinə 01.08.2016-cı il tarixdən 2 il müddətinə “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı sosial yardımı təyin edilmişdir. Sonradan ona təyin edilmiş ünvanlı sosial yardım dayandırılmışdır. Buna əsas olaraq daxil etdiyi məlumatların yoxlanılması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyinin aşkarlandığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunur ki, iddiaçının və arvadının adına 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakı olmuşdur. Belə ki, “Torpağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktının surətindən görünür ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə X9 və onun ailə üzvləri X12, İddiaçı, X5 və Ağayev Böyükağa Əliağa oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 08.01.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, JN – 769, nömrəli dövlət aktına əsasən İddiaçı adına və JN – 358 dövlət aktına və JN – 289A Şəhadətnaməyə əsasən X1 adına paylı torpaq sahələrinin olması göstərilmişdir. Göründüyü kimi iddiaçının və arvadının hər birinin adında ayrı-ayrılıqda 2 torpaq sahəsi var və yuxarıda qeyd edilən Qaydaların 3.7.7-ci bəndinin tələblərinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkar olunduğundan, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(112)-851/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ünvanlı sosial yardımın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2365/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2365/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver