Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2366/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlakın adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin İddiaçı adına (mülkiyyət hüquqü üzrə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sənədlər toplusuna əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi qeyd olunmayıb. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi sökülmüşdür. Həmçinin torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət İdarəyə daxil olmuşdur. Sözügedən daşınmaz əmlak yaşayış binasının yanında yerləşməklə Zabitlər parkı ilə həmsərhəddir. Texniki pasportla perimetrik ölçü fərqi mövcuddur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı və xx.xx.2019-cu il tarixli qərarları ilə həbslər mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********76 nömrəli, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, sənədlər toplusuna əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi qət edilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********46 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə İdarənin xx.xx.2019-cu il tarixli, **********76 nömrəli məktubu ilə cavab verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5852/2016 saylı xx.xx.2019-cu il tarixli qətnaməyə izah verilməsindən imtina edilməsi barədə qərardadın surətindən görünür ki, həmin qərardadda göstərilmişdir ki, qətnamənin məzmununda həmin “miras aktivi” dedikdə məhz “ünvan 1”nin nəzərdə tutulduğu aydın görünür. Eyni zamanda qətnamənin qət etdi hissəsində miras aktivinin nədən ibarət olmasının göstərilməsi Reyestr Xidmətinin heç bir mənafeyini pozmur. Həmin xidmət hüquqları qeydə alan orqandır. Tələbkar icra icraatı qaydasında hərrac vasitəsi ilə əmlak əldə etmişdirsə, Reyestr Xidməti təqdim edilən əqdlər əsasında onun hüquqlarını qeydə almalıdır. Tələbin borcluların hansı əmlakına yönəldilməsi məsələsi icra sənədini icra edən orqanın, yəni icra qurumunun səlahiyyətinə aid olan məsələdir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı, xx.xx.2016-cı il tarixli (icra sənədi xx.xx.2017-ci ildə verilmişdir) icra vərəqəsi üzrə icra işinin materiallarına baxış keçirilmişdir. Həmin icra işində olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən mərhum X7 vərəsələri X9, X5, X2, X6, X4 onlara mərhum X7 miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə), miras aktivindən əldə etdikləri paylara uyğun (payları nisbətində) olaraq cəmi 285.200 (iki yüz səksən beş min iki yüz) manatın tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri 150 manatın X15, X12, X10, X13, X8 aid edilməsi və həmin məbləğin müştərək qaydada onlardan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin icra işində olan Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022ci il tarixli, 4369-90219/2017-5-1 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə borclu X7 mülkiyyətində olan ünvan 1 ünvanının üzərinə həbs qoyulmuşdur. "Sərraf-M” MMC-nin 084/22 saylı, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən, ünvan 1 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin bazar dəyəri 73.200 (yetmiş üç min iki yüz) manat müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən sözügedən əmlak borc əvəzi olaraq tələbkara təklif edilmiş, İddiaçı təklifi qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 48.8 kv.m olan hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi xahiş edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «İcra haqqında» Azərbaycan Respublikası qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5852/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən mərhum X7 vərəsələri X9, X5, X2, X6, X4 onlara mərhum X7 miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə), miras aktivindən əldə etdiləri paylara uyğun (payları nisbətində) olaraq cəmi 285.200 (iki yüz səksən beş min iki yüz) manat tutularaq İddiaçı ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri 150 manatın X15, X12, X10, X13, X8 aid edilməli və həmin məbləğ müştərək qaydada onlardan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X7 mülkiyyətində olan ünvan 1 ünvanının üzərinə həbs qoyulmuş, icra məmuru tərəfindən qiymətləndirici dəvət edilmiş, "xxxx" MMC-nin 084/22 saylı, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən, ünvan 1 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.m olan hissəsinin bazar dəyəri 73.200 (yetmiş üç min iki yüz) manat müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən həmin əmlak borc əvəzi olaraq tələbkara təklif edilmiş, tələbkar (hazırki iş üzrə iddiaçı) İddiaçı təklifi qəbul etmişdir. İcra Şöbəsi tərəfindən müvafiq məktubla bu barədə cavabdehə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmlakı qanuni qüvvəsini almış məhkəmə qərarının icrası mərhələsində əldə etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının icra tədbirlərindən biri də borcluya məxsus əmlakın tələbkara təklif edilməsidir. Hazırki halda da borcluya məxsus əmlak məhkəmə qərarının icrası ilə əlaqədar olaraq iddiaçıya təklif edilmiş və iddiaçı təklifi qəbul etmişdir. Həmin əmlak daşınmaz əmlak olduğundan və daşınmaz əmlaka hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olduğundan cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2366/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2366/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver