Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2366/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Qara Qaya” Assosasiyasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların ləğvi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “Qara Qaya” Assosasiyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tutulma müddəti bitmiş əsas vergı və maliyyə sanksiyaları üzrə borcların ümidsiz borc kimi silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. “Qara Qaya” Assosasiyasına (bundan sonra – iddiaçı) məxsus şəxsi hesab vərəqəsindən çıxarışlar iş materiallarına əlavə edilmişdir.
2. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən xx.xx.2022-ci il tarixli, **********125500 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Assosasiyanın xx.xx.2022-ci il tarixə 62125,77 manat (o cümlədən, əsas vergilər üzrə 45 816,13 manat, tətbiq edilmiş faizlər üzrə 16 209,64 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100,00 manat) vergi borcu və məcburi sosial sığorta haqqı üzrə 58 509,94 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 52 276,16 manat və penya üzrə 6 233,78 manat) mövcuddur.
4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2018-ci il tarixli, 2-1(102)-1026/18 nömrəli qərarına əsasən “Qara Qaya” Assosasiyası cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auiditi Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 05 oktyabr 2012-ci il tarixli, **********539797 saylı səyyar vergi yoxlaması aktının qismən – 205727,82 manat mənfəət vergisi, 199.596,46 manat ƏDV, 35.404,90 manat ödəmə mənbəyindən tutulan vergilərin azaldılması hissəsində etibarsız hesab edilməsi və 08 noyabr 2012-ci il tarixli, **********623733 saylı məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 05 oktyabr 2012-ci il tarixli, **********539797 saylı səyyar vergi yoxlaması aktının və 08 noyabr 2012-ci il tarixli, **********623733 saylı “Məsuliyyətə cəlb edilmə haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2 inz(81)-291/2013 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin 05 oktyabr 2012-ci il tarixli, **********539797 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 noyabr 2012-ci il tarixli, **********623733 saylı qərarı mənfəət vergisinin 205.727,82 manat azaldılması və 102.863,91 manat maliyyə sanksiyası, ƏDV-nin 196.884,06 manat azaldılması və 98.442,03 manat maliyyə sanksiyası, ödəmə mənbəyindən tutulan vergilərin 35.404,90 manat və 17.702,45 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmişdir, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2017-ci il tarixli, 2-1(103)-572/2017 sayı qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı iddiaçının cavabdehin 05 oktyabr 2012-ci il tarixli, **********539797 saylı səyyar vergi yoxlaması aktının ləğv edilməsi tələbinə aid hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2017-ci il tarixli, 2-1(103)-572/2017 sayı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 noyabr 2012-ci il tarixli, **********623733 saylı qərarının mənfəət vergisinin 205.727,82 manat azaldılması və 102.863,91 manat maliyyə sanksiyasının, ƏDV-nin 196.884,06 manat azaldılması və 98.442,03 manat maliyyə sanksiyası, ödəmə mənbəyindən tutulan vergilərin 35.404,90 manat və 17.702,45 manat maliyyə sanksiyasının hesablanmasına dair hissəsinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanmış, cavabdehin apellyasiya şikayəti həmin hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərarına əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2017-ci il tarixli, 2-1(103)- 572/2017 sayı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Məhkəmənin 2-1(112)-737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 may 2023-cü il tarixli, 9/2623 nömrəli məktubla təqdim edilmiş ekspert rəyinə əsasən qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, məhkəmə-mühasibat ekspertizası yoxlaması (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılır. İş materiallarında isə yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) mövcud deyildir. Lakin, qeyd edilir ki, iş materiallarında “Qara Qaya” Assosasiyasının şəxsi hesab vərəqəsi mövcuddur ki, hazırki ekspertiza qarşısında qoyulan suallar üzrə tədqiqat həmin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən aparılır və aşağıdakılar müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2014-cü il tarixli 2-1inz(103)- 36/2024 saylı qərarına əsasən “Qara Qaya” Assosasiyasının hesabından silinməli olan 647025,17 manat məbləğ tam silinməmişdir. Belə ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, həmin qərarda öz təksini tapmış silinməli olan 647025,17 manat məbləğin 453774,13 manat məbləği silinmişdir. Yəni, 193251,04 (647025,17-45337,13) manat məbləğində silinməli olan məbləğ silinməmişdir. Həmçinin bildirilmişdir ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, silinmələrin aparılması 2018-ci ildən başlamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsində müəssisəsinin xx.xx.2022-ci il tarixinə (şəxsi hesab vərəqəsinin son yazılış tarixi) 53182,33 manat məbləğində qalığının olduğu göstərilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2014-cü il tarixli 2-1inz(103)-36/2024 saylı qərara əsasən “Qara Qaya” Assosasiyasının hesabından silinməli olan 647025,17 manat məbləğin silinməyən hissəsi yəni, 193251,04 manat məbləği şəxsi hesab vərəqəsində xx.xx.2022-ci il tarixinə (şəxsi hesab vərəqəsinin son yazılış tarixi) olan 53182,33 manat məbləğində qalıq borca yönəldikdə müəssisənin qalıq borcunun olmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixdə (şəxsi hesab vərəqəsinin yazılış tarixi qrafasındakı tarix) Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanuna əsasən ödəmə tarixi xx.xx.2017-ci il tarixədək olan faiz borcunun silinməsi göstərilsə də və silinən borc şəxsi vərəqəsində olan faiz borcundan silinsə də, həmin qanunun tələblərinə əsasən silinmiş faiz borcunun 71389,20 manatı sonradan xx.xx.2018-ci il tarixdə (şəxsi hesab vərəqəsinin yazılış tarixi qrafasındakı tarix) düzəliş edilərək faiz borcunun üzərinə deyil, digər vergi öhdəliklərinin üzərinə gəlinmişdir. Halbuki, düzəliş edilərək yenidən bərpa edilmiş 71389,20 manat borc məbləği faiz borcunun üzərinə gəlinməli idi. Bundan başqa qeyd edilir ki, həmin düzəlişin hansı səbəbdən olmasını təqdim edilmiş iş materiallarına əsasən müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, göründüyü kimi, həmin düzəlişlə bərpa edilmiş 71389,20 manat məbləği xx.xx.2017-ci il tarixə yaranmış borc olmuşdur. Yəni, bərpa edilsə belə, həmin borc məbləğinin iş materiallarında olan şəxsi hesab vərəqələrindən çap olunma tarixlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinə əsasən 5 illik tutulma müddəti keçmişdir. Lakin, həmin borc məbləği şəxsi hesab vərəqəsinin qalıq qrafasında olan borc məbləğlərindən çıxılmamışdır. Həmçinin qeyd edilmişdir ki, göstərilən səbəblərdən müəssisənin konkret hansı məbləğdə artıq ödənişinin olmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərlə yanaşı bildirilmişdir ki, yuxarıda qeyd olunan səbəblərdən ekspert qarşısında qoyulan beşinci sual üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyəsi barədə cədvələ əsasən müəyyən edilmişdir ki, iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və bu vergi borcunun 30.936,19 manat məbləğində hissəsi 2020-ci il tarixədək hesablanmış vergi borcu olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı “Qara Qaya” Assosasiyası cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 62770,91 manat məbləğində borcun ümidsiz borc kimi “Qara Qaya” Assosasiyasının şəxsi hesab vərəqəsindən silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 30936,19 manat məbləğində borcun ümidsiz borc kimi “Qara Qaya” Assosasiyasının şəxsi hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qara Qaya” Assosasiyası 2012-ci ildən fəaliyyətini dayandırıb. Lakin, müəssisənin şəxsi hesabında dövlət büdcəsinə 62770,91 manat borcun olması göstərilir. Həmin borcun nədən yaranması barədə onlarda heç bir məlumat yoxdur. Müəssisənin göstərilən borcu həqiqətən də, doğru olsa belə, həmin borc çox güman ki, 2012-ci ildən əvvəl yaranmışdır. Onlar dəfələrlə həmin borcun ümidsiz borc kimi silinməsi barədə vergi orqanına müraciət etmişlər. Lakin, həmin vergi orqanından qənaətbəxş cavab almamışlar. Həmçinin bildirmək istəyirlər ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-291/2013 saylı, 12 iyul 2013-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə (hazırki Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 oktaybr 2012ci il tarixli, **********623733 saylı qərarının mənfəət vergisinin 205,727 manat 82 qəpik məbləğində azaldılması və 102863 manat 91 qəpik maliyyə sanksiyasının, ƏDV-nin 196884 manat 06 qəpik azaldılması, 98442 manat 03 qəpik maliyyə sanksiyasının, ödəmə mənbəyindən tutulan vergilərin 35404 manat 90 qəpik və 17702 manat 45 qəpik maliyyə sanksiyasının hesablanmasına dair hissəsinin ləğv edilməsi” barədə iddiaçının tələbinin təmin olunması hissəsində dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən (hakimlər: Kəmalə Abıyeva, Mirzə Tağızadə, Ülvi Mayılov) 2-1(103)-572/2017 saylı, 28 dekabr 2017-ci il tarixli qərar qəbul edilmişdir. Bu mübahisə bütün məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmış və icra olunmaq üçün göndərilmişdir. Ümumilikdə “Qara Qaya” Assosasiyasının hesbaından 647025,17 manat (altı yüz qırx yeddi min iyirmi beş manat on yeddi qəpik) məbləğ silinməli idi. Belə çıxır ki, dövlət adından çıxarılan məhkəmə qərarı tam icra olunmayıb. Məhkəmə qərarı tam icra olunsa idi, onların dövlət büdcəsinə borcları qalmaz idi.
10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin sorğusuna xx.xx.2022-ci il tarixli **********125500 nömrəli məktub ilə cavab olaraq bildirilmişdir ki, Assosasiyanın xx.xx.2022-ci il tarixə 62125,77 manat (o cümlədən, əsas vergilər üzrə 45 816,13 manat, tətbiq edilmiş faizlər üzrə 16209,64 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100,00 manat) vergi borcu və məcburi sosial sığorta haqqı üzrə 58509,94 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 52 276,16 manat və penya üzrə 6233,78 manat) borcu mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. Bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqa; 93.1.2. Bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işiszlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Bununla yanaşı vergi ödəyicisinin şəxsi vərəqəsinə nəzər saldıqda aydın görünür ki, mövcud borc müvafiq tədiyyələr üzrə 5 illik müddət gözlənilməklə hesablanmış və tələbetmə müddəti keçmiş borclar silinmişdir.
12. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi orqanının xx.xx.2012-ci il tarixli, **********623733 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına xx.xx.2018-ci il tarixli, **********162143 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərar” ilə müvafiq düzəlişlər edilmiş və vergi ödəyicisinin həmin qərar üzrə borcu qalmamışdır. Eyni zamanda bildirilmişdir ki, iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyə barədə məlumat X3 Baş İdarəsinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xidməti məktuba əlavə edilmiş cədvəldə göstərilmişdir (cədvəl əlavə edilir).
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, şəxsi hesab vərəqəsində olan, hazırda iddiaçı tərəfindən mübahisələndirilən borcun sonuncu, yaranma tarixi 2019-cu il tarixə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir.
15. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, işin mübahisəsiz hallarına əsasən (təqdim edilmiş cədvələ əsasən cavabdehin özü tərəfindən təsdiq edilmişdir) hazırda iddiaçı tərəfindən mübahisələndirilən vergi borcu məbləği üzrə vergi orqanı tərəfindən 5 illik tələb etmə müddəti ötürüldüyündən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli və 30.936,19 manat məbləğində vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
16. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 49/2025 nömrəli, xx.xx.2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə məhkəmə tərəfindən silinməsi barədə qərar qəbul edilmiş borc məbləğləri ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması və əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2-1(112)- 3209/2023 nömrəli qətnamə çıxarılmış və həmin məbləğlər vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə işlənilmişdir. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3209/23 nömrəli qətnaməsindən 5 illik müddət keçmədiyindən sözügedən borcların şəxsi hesab vərəqəsindən silinməsi qanunamüvafiq hesab edilmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Maddə 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Maddə 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. ... Maddə 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. ... Maddə 89.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. ... Maddə 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. ... Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
31. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
32. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
33. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
34. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).
35. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir.
36. Məhkəmə kollegiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; - müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; - ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.
37. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, vergi orqanının xx.xx.2012-ci il tarixli, **********623733 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına xx.xx.2018-ci il tarixli, **********162143 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar ilə müvafiq düzəlişlər edilmiş və vergi ödəyicisinin həmin qərar üzrə borcu qalmamışdır.
38. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində silinməsi tələb edilən 62770,91 manat vergi borcunun 45468,59 manatı əsas, 17202,32 manatı faizlər və 100,00 manatı maliyyə sanksiyasından ibarətdir və vergilər üzrə yaranmış əsas borcun yaranma dövrü, tədiyyə barədə məlumat cədvəl şəklində məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş cədvələ əsasən yaranmış 45468,59 manat vergi borcu məbləği dövrlər üzrə aşağıdakı kimi olmuşdur: 2016-cı il – 571,10 manat; 2017-ci il – 7266,22 manat; 2017-ci il – 2855,49 manat; 2018-ci il – 7266,20 manat; 2018-ci il – 2855,49 manat; 2019-cu il – 7266,20 manat; 2019-cu il – 2855,49 manat; 2020-ci il – 7266,20 manat; 2021-ci il – 7266,20 manat.
39. Göründüyü kimi, iddiaçıya hesablanmış vergi borcu məbləğinin 30.936,19 manat hissəsi 2020-ci il tarixədək yaranmış və iddiaçı tərəfindən hazırda vergi borcu məbləği ümidsiz borc olması səbəbindən həmin hissədə mübahisələndirilir. Həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir.
40. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.