Məhkəmə qərarları › İş №2-1(103)-2367/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2367/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2367/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair 2 saylı ünvan 2cü il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 01.06.2021-ci il tarixli 2-1(82)- 2750/2017 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 22.04.2009-cu il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı ünvan 2ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək 2 saylı ünvan 2cü-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2062/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qərardadına əsasən 2 saylı ünvan 2cü-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2062/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 204/2018 saylı 06 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1125/2018 saylı, 22 may 2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, 2 saylı ünvan 2ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1125/2018 saylı, 22 may 2018-ci il tarixli Qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin sözügedən qərardan kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edilib bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2325/2018 saylı 26 dekabr 2018-ci il tarixli Qərardadına əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1125/2018 saylı, 22 may 2018-ci il tarixli Qərarından kassasiya şikayəti verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməsi, müddətin bərpasından imtina edilməsi, kassasiya şikayətinin mümkün hesab edilməməsi qərara alınmışdır. 10.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək 2-1(103)-1125/2018 saylı qərarın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2- 1(103)-1125/2018 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin yeni açılmış hallarla bağlı ərizəsinin geri qaytarılmaqla, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş sonradan Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən 18 sentyabr 2020-ci il tarixdə cavabdehə sorğu ünvanlanaraq 2 saylı ünvan 2cü-cü il tarixli qərarının icrasının nəticəsi barədə məlumatın verilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavab məktubunda yeni açılmış hallarla bağlı məktubla Bakı İnzibati Məhkəməsinə müraciət edildiyi bildirilmişdir. 15 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2750/2017 saylı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Şöbə tərəfindən iddiaçıya pensiyanın yenidən hesablanmasından imtina haqqında cavab məktubu təqdim edilmiş və həmin məktubda imtinanın əsası kimi iddiaçı tərəfindən pensiya təyin olunması üçün tələb olunan sənədlərin natamam təqdim olunması göstərilmişdir. İddiaçı pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 2-1(82)-2750/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Lakin cavabdehin apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 2062/2017 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçının kassasiya şikayəti əsasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2018-ci i tarixli 2-1(102)-204/2018 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli 2-1(103)- 1125/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.06.2017-ci il tarixli 2-1(82)-2750/2017 saylı qərarı qüvvədə saxlanılmışdır. Hesab edirlər ki, İnzibati Prosessual Məcəllənin Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, məhkəmənin qərarı ləğv edilərək iddia rədd edilməlidir. İşin halları ilə bağlı aşağıdakılar bildirilir: Məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən isə 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı pensiya işinə əlavə olunmuş əmək kitabçasına əsasən iddiaçı 1974-1979-cu illərdə ali təhsil almış, 1971-2019-cu illər ərzində tikinti və neft sənayesi sahəsində, o cümlədən “Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin aparatının Əsaslı tikinti şöbəsində mühəndis, şöbənin rəis müavini və rəisi, əvvəlki illərdə isə müvafiq tikinti idarələrinin aparatında əsasən mühəndis, qısa müddətdə baş iş icraçısı, sahə və şöbə rəisi, idarənin rəis müavini vəzifələrində çalışmışdır. Göründüyü kimi, iddiaçının əmək fəaliyyətinin böyük hissəsi rəhbər vəzifələrdə də işlədiyi dövrlərdən ibarət olmuşdur ki, həmin vəzifələr və istehsalat sahələrinə görə onun güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Belə ki, iddiaçıya iş yerindən onun ağır və zərərli işlərdə işləməsini təsdiq edən müvafiq izahlı arayış verilməmiş, məhkəmə proseslərində həmin arayış tələb edilməmiş, məhkəmə qərarları qəbul edilərkən iddiaçının ağır və zərərli işlərdə işləməsi, peşəsi barədə tədqiqat aparılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li Siyahıs”ına, habelə “Əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısına, habelə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunluğu ümumiyyətlə araşdırılmamışdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli Əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda eyni adlı Mərkəzi Filial) yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi İdarənin səlahiyyətlərinə aid edilmişdir (Əmrin surəti əlavə olunur). Eyni zamanda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən 2019-cu ilin 10 may tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin Mərkəzi Filiala təhvil verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qeyd olunanları nəzərə alaraq, ərizəçi İddiaçı iddiasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.06.2017-ci il tarixli 2-1(82)-2750/2017 nömrəli qərarın ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.06.2021-ci il tarixli 2-1(82)-2750/2017 saylı qərardadı ilə ərizə təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardad qəbul edərkən yeni açılmış hal kimi aşağıdakı arqumentləri əsas götürmüşdür: İşə baxan məhkəmələr tərəfindən iddiaçının zərərli peşələrdə işləməsinə dair ətraflı araşdırmanın aparılmaması, həmin dövrlərdə iddiaçının işlədiyi sahələrə dair güzəştli arayışın əldə edilməməsi məhkəmələr tərəfindən iddiaçının işlədiyi dövrün 1 №-li və yaxud 2 №-li siyahıya aid olub-olmamasının müəyyən edilməməsi. Məhkəmə tərəfindən iddiaçının tələbinə baxılmış hər üç instansiya məhkəməsinin hakimləri tərəfindən məhkəmə tədqiqatı aparıldıqdan sonra yekun qərar qəbul edilmişdir. Məhkəmə tədqiqatının aparılmasına dair iradların bildirilməsi ən azından dövlətin adından qəbul edilmiş məhkmə qərarına hörmətsizlik kimi qəbul edilməlidir. Bununla da dövlət orqanı icrası məcburi olan və qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınma məqsədi güdmüşdür. İşin xronoloji ardıcıllığından görünür ki, hazırkı ərizə qanunsuz və əsassız olaraq dayandırılmış pensiya ödənişinin daha da uzadılması və yekun olaraq həmin qərarın icrasından yayınma məqsədi daşıyır. Bundan başqa ərizəçinin öz ərizəsində yeni açılmış hal kimi əsas gətirdiyi sübutlar və hallar işə baxılarkən DSMF orqanına məlum olduğundan İPM-nin 103.1-ci maddəsi üzrə müəyyən olunmuş üç aylıq müddət də buraxılmışdır. Göründüyü kimi DSMF orqanı 3 aylıq müddət bitdikdən sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi təhlükəli bir məhkəmə praktikası yaratmaqla hüququn müəyyənliyi prinsipini pozmuşdur. Belə ki, bu mövqe ilə çıxış etsək o zaman istənilən inzibati orqan və ya vətəndaş hazırda ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və ya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən vaxtı ilə onun tərəf olduğu iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktından yeni açılmış hallar ilə bağlı ərizə verə bilər. Tərəf həmin ərizədə əsas kimi ləğv edilmiş məhkəmələrin mübahisəyə tam şəkildə araşdırma aparmadan baxılmadığını əsas göstərə bilər. Göründüyü kimi bu hal gülünc olmaqla yanaşı qəbul edilməzdir. İlk öncə qeyd olunmalıdır ki, yeni açılmış hallarla bağlı ərizənin hüquqi təbiəti nəyə xidmət edir. 1. Mübahisəyə baxılarkən tərəfin onun iradəsindən asılı olmayan səbəblər üzündən məhkəməyə təqdim edə bilmədiyi mötəbər sübutun hazırkı vəziyyətdə əldə edilərək məhkəməyə təqdim edilməsi; 2. Həmin halla bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin imperativ şəkildə təsbit etdiyi müddətlərə riayət edilməsinin məcburiliyi; Lakin hazırkı mübahisə üzrə məhkəmənin qəbul etdiyi qərardadda həmin iki hal nəzərə alınmamış və bununla da qanunvericilik normalarının kobud şəkildə pozulması ilə əlaqədar qərardad qəbul edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını apelyasiya və kassasiya instansiya məhkəmələri qüvvədə saxlamış və birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 13.02.2019-cu il tarixdə cavabdehə göndərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində istinad etdiyi hallar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apelyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01.06.2021-ci il tarixli 2-1(82)-2750/2017 saylı qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar