Məhkəmə qərarları › İş №2-1(103)-2367/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2367/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2367/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı “qərarların ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6495/2024 saylı 20 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı qərarların ləğv edilməsi və s. tələbləri barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6495/2024 saylı 20 fevral 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin iddiaçının vəsatəti əsasında geri qaytarlması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6495/2024 saylı 20 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsi və Baş DYPİ-nə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə AR Baş DYPİ tərəfindən münasibət bildirməklə cavab verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN DYPİ- nə müraciət etmiş və onun istifadəsində olan ** EM *** dövlət nömrə nişanlı avtomobili Baş DYPİ-sinin Sabunçu rayon ərazisində yerləşən Diaqnostika Mərkəzində texniki baxışdan keçirilməsinə icazə verilməmişdir. Səbəb olaraq onun barəsində yol hərəkəti qaydalarını pozduğuna görə cərimə tərtib edilmişdir. O isə bildirmişdir ki, sözügedən qərardan şikayət etdiyi üçün hal-hazırda məhkəmə araşdırmaları gedir. Barəsində çıxarılmış TP ******* və TP ******* saylı qərarlar birinci instansiya məhkəmələri tərəfindən ləğv edilmiş və yenidən araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. DİN Baş DYPİ-nə müraciət etdiyi ərizəyə “ərizə və şikayətlərə” 30 gün ərzində cavab vermədikləri üçün inzibati məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında hakim onun DYPİ-nə verdiyi ərizəni mübahisələndirmədən iddia ərizəsində sözügedən qərarların surəti olmadığı üçün ərizəni geri götürməyi təklif etmişdir. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə qarşı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPMnin 62.3-cü maddəsinə əsasən hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana qarşı “Azərbaycan Respublikası DİN-yi Baş DYPİ-ə müraciət etdiyi ərizəyə münasibət bildirilməsi və Baş DYPİ tərəfindən qanunsuz tərtib edilmiş (texniki baxışdan vaxtında keçmədiyinə görə) qərarların ləğv edilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının iddia ərizəsi xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və iddia tələbinə dair inzibati iş üzrə məhkəmənin mümkünlük iclası xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Elə həmin iclasda iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edilməsinə dair ərizə verilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyinə əsaslanaraq iddia ərizəsini ona geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması səbəbindən düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası inzibati prosessual qanunvericilikdə belə ərizə əsasında məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmamışdır. Digər tərəfdən, iş üzrə müəyyən olunur ki, iddiaçı onun barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarları ümumi məhkəmədə mübahisələndirmiş və tələbləri təmin olunmuşdur. Bundan sonra iddiaçı ona məxsus avtomobilinin texniki baxışdan keçirilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin tələbinə münasibətdə sonuncu hərəkətsizlik göstərmişdir. Hazırda iddiaçının hüquqi marağı və tələbi iş materiallarında olan cavabdeh quruma məhkəməyədək müraciətində (i.v.2) göstərdiyi “avtomobilinin texniki baxışdan keçirilməsinə icazə verilməsi” ilə bağlıdır, hansı ki, bu da inzibati xəta haqqında qərarların mübahisələndirilməsi anlamına gəlmir və məhkəmə kollegiyası bu barədə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bundan öncə barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarların məhkəmə qaydasında ləğv edilməsinə nail olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi İPM-nin 12-ci maddəsinə əsasən xidməti vəzifəsindən istifadə etməklə iddiaçıya Məcəllənin 13-cü maddəsində müəyyən olunmuş hüquqi yardımı göstərməklə iddia tələbinin dəqiqləşdirilməsini ona təklif etməli və uğurlu iddia növü üzrə işə mahiyyəti üzrə baxmalı idi. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının nədən ibarət olduğunu və tələbinin hansı qaydada qoyulduğu təqdirdə onun uğurlu olub mahiyyəti üzrə baxılmasının mümkünlüyünü aydınlaşdırmadan iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə yazmağı iddiaçıya təklif etmiş və verilmiş ərizə üzrə tez-tələsik icraatı yekunlaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır, buna görə də 2-1(112)-6495/2024 saylı 20 fevral 2024-cü il tarixli qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməli və bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6495/2024 saylı 20 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar