Məhkəmə qərarları › İş №2-1(103)-2368/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2368/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2368/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Bəktaşi Səadət İnayət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2-1(81)-634/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 3 saylı evin şərqində yerləşən 0.0012 ha (12 kv.m) torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X2 Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.20011-ci il tarixli 09 saylı sərəncamı ilə və xx.xx.2001-ci il tarixli 02 saylı icarə müqaviləsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə ticarət obyektinin tikintisi şərti ilə xx.xx.2002-ci ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi,C.Xəndan küçəsi, 3 saylı evin şərqində 0.0012 ha (12 kv.m) torpaq sahəsi verilmişdir. Yoldaşı 09 sentyabr 2011-ci ildə torpağın dövlət reyestrindən çıxarışın alınması üçün müraciət etməmiş və vəfat etmişdir. O, xx.xx.2012-ci il tarixdə v/571/2012-ci il nömrəli vərəsəlik işi əsasında övladları ilə birlikdə yoldaşının mülkiyyətində olan C.Xəndan küçəsi, ev 3, mənzil 29 ünvanında yerləşən mənzilinin bərabər hüquqlu varisi, övladları vərəslik payından onun xeyrinə imtina etdikdə isə tək vərəsəsi olmuşdur. Mənzili öz adına özəlləşdirmişdir. Yəni ki, o, mərhum X1 vərəsəsi olduğu üçün və torpaq şəhadətnaməsinin yararsız halda olması və dublikat ilə əvəz oluna bilməməsi səbəbindən adı çəkilən ünvanda yerləşən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi məqsədi ilə cavabdehə xx.xx.2018-ci il tarixdə köməklik göstərilməsi haqda müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Səbəb kimi isə vərəsəlik şəhadətnaməsinin olmaması və kadastr məlumatlarına əsasən faktiki sərhədlər arasında fərqin olması göstərilmişdir. O, bunların səbəb olmamasını hesab edir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 2334 kod00100016 saylı şəhadətnamənin məlumatı ilə faktiki vəziyyət arasında fərq (sərhədlər şərtidir) mövcuddur və torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamə təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli, **********85 saylı cavab məktubu ünvanlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2-1(81)- 634/2019 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 3 saylı evin şərqində yerləşən 0.0012 ha (12 kv.m) torpaq sahəsi üzərində İddiaçı qzının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-1776/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın təmin edilməməsi; cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərar ləğv edilərək, iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2-1(102)-142/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 aprel 2022-ci il tarixli, 13- 1(102)-2(k)/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2-1(102)-142/2020 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2-1(103)- 1776/2019 nömrəli qərarları ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Plenumu qərarında göstərmişdir ki, mübahisəyə baxılması ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin səlahiyyətinə aid olan məsələlərin həll edilməsi tələb olunur. Məhkəmə şəhadətnaməyə əsasən torpaq sahəsinin A.Mustafayevə 99 illik müddətdə icarəyə verilməsinə baxmayaraq İddiaçı iddia ilə məhkəməyə müraciət edərkən torpaşa dair mülkiyyət hüququnun deyil, istifadə (icarə) hüququnun qeydə alınması barədə tələb irəli sürməli olduğunu nəzərə almaqla ilk növbədə iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində iddiaçıya yardım etməlidir. Bundan başqa, məhkəmə bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil, “sərəncam” adlandırılmasının texniki səhv yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmalı, bununla bağlı sübutların toplanmış prosessual hərəkətlər etməlidir. Nəhayət məhkəmə mübahisəni mahiyyəti üzrə həll etməli olduğu halda qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı təqdirdə aparılmış inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə almalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin (bundan sonra – Bələdiyyə) 2 fevral 2001ci il tarixli 9 nömrəli sərəncamı ilə 0,0012 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ticarət obyektinin tikintisi məqsədilə mərhum A.Mustafayevə verilmişdir. Həmin sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı şəhər şöbəsi (bundan sonra – Dövlət Torpaq Komitəsinin Bakı şəhər şöbəsi) tərəfindən 26 yanvar 2001-ci il tarixli məktub ilə buna razılıq verilmiş, torpaqların sənədləri (rəy, yerquruluşu layihəsi, torpağın bazis qiyməti haqqında arayış) hazırlanaraq Bələdiyyəyə təqdim edilmişdir. 2 fevral 2001-ci il tarixində Bələdiyyə ilə A.Mustafayev arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmış, torpaq sahəsinin situasiya planı müqaviləyə əlavə edilmişdir. Qeyd edilən sənədlər əsasında Dövlət Torpaq Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən A.Mustafayevə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 1 noyabr 2002-ci il tarixli Şəhadətnamə (bundan sonra – Şəhadətnamə) verilmişdir. A.Mustafayev torpağa dair çıxarış almaq üçün müraciət etmədən vəfat etmiş, varisi İddiaçı həmin torpaq sahəsini adına rəsmiləşdirmək üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin sonuncunun 17 sentyabr 2018-ci il tarixli məktubu ilə hüququn dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi imtinasını onunla əsaslandırmışdır ki, Şəhadətnamədəki məlumat ilə faktiki vəziyyət arasında fərq (sərhədlər şərtidir) mövcuddur və eyni zamanda ərizəçi tərəfindən torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamə təqdim edilməmişdir. İddiaçı imtinanı əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Şəhadətnaməyə əsasən torpaq sahəsi A.Mustafayevə 99 illik müddətə icarəyə verilmişdir. Belə olan halda İddiaçı iddia ilə məhkəməyə müraciət edərkən torpağa dair mülkiyyət hüququnun deyil, istifadə (icarə) hüququnun qeydə alınması barədə tələb irəli sürməli idi. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya onun hüquqi marağına uyğun, o cümlədən çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırmaqda yardım edilməlidir. Birinci instansiya məhkəməsi bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil, “sərəncam” adlandırılmasının texniki səhv yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmalı, bununla bağlı sübutların toplanmış prosessual hərəkətlər etməlidir. Həmçinin, Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi istiqamətində araşdırılma aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Birinci instansiya məhkəməsi inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2-1(81)- 634/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar