Məhkəmə qərarları › İş №2-1(103)-2368/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2368/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2368/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X14” Açıq Səhmdar Cəmiyyəti) “çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3003/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X14” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə “mövcud olmayan, sökülmüş, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinə dair xüsusi mülkiyyət hüququ əsasında “X14” Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqi qeydiyyatın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq İddiaçı yaranmışdır. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ilə əvəz edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsinin ərizəsinə əsasən iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3003/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009) çıxarışa əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 1018 nömrəli reyestr kitabının 91548 nömrəli vərəqində qeydiyyata alınmışdır. - “X14” Açıq Səhmdar Cəmiyyəti və X10 arasında bağlanılmış 01 saylı xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə 01 saylı xx.xx.2011-ci il tarixli əlavədən görünür ki, tərəflər arasında imzalanmış 24 dekabr 2010-cu il tarixli 01 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndi həmin müqavilənin 3.11-ci bəndinə əsasən dəyişdirilərək müvafiq redaksiyada qəbul edilmişdir: 1.1. 24 dekabr 2010-cu il tarixli 01 saylı Kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaiti olaraq 18 (on səkkiz) ay müddət nağd və qeyri - nağd şəkildə istifadə olunmaqla 380 000,00 (üç yüz səksən min) ABŞ dolları və ya bu miqdarda ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açır.

2. Bu əlavə, 24 dekabr 2010-cu il tarixli 01 saylı Kredit müqaviləsinin və ona 27 yanvar 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavənin ayrılmaz bir hissəsidir. Bankın bu Əlavədən irəli gələn tələb və hüquqları Borcalan, İpoteka qoyan tərəfindən qeyd şərtsiz qəbul edilir və tərəflərin imzaları ilə təsdiq olunur.

3. 24 dekabr 2010-cu il tarixli 01 saylı İpoteka müqaviləsinin bu əlavə xaricindəki digər müddəaları dəyişməz olar qalır.

4. 24 dekabr 2010-cu il tarixli 01 saylı İpoteka müqaviləsinə edilmiş bu Əlavə 27 yanvar 2011-ci il tarixdən qüvvəyə minir.

5. Bu əlavə, Azərbaycan dilində 5 (beş) nüsxədə tərtib olunmaqla, bir nüsxə Bankda, bir nüsxə Borcalanda, bir nüsxə İpoteka qoyanda və bir nüsxə Əlavəni təsdiq edən müvafiq dövlət orqanında, bir nüsxə isə Əlavənin dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qalır. - “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-61 saylı 18 yanvar 2018-ci il tarixli protokol və 18 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, X8 məxsus ünvan 1 “X14” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Əmlakın ilkin satış qiyməti 140 000 manat, son qiyməti 89 250 manatdır. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan “X14" Açıq Səhmdar Cəmiyyəti əmlakı 89 250 (səksən doqquz min iki yüz əlli) manata almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4cü maddəsinə əsasən ipotekasaxlayan “X14” Açıq Səhmdar Cəmiyyəti tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. - xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhəri 38 saylı xüsusi notariat kontoru “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış evinin açıq hərracda satılması barədə fiziki və hüquqi şəxslərin və ya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnun “X14” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmasını təsdiq etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə X8 verilmiş **********09-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,13 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan üçotaqlı mənzildən ibarət yaşayış evi “X14” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 89 250 manat məbləğinə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) çıxarışa əsasən ünvan 1 “X14” Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. - X14” Açıq Səhmdar Cəmiyyəti və X6 arasında bağlanılmış 14 yanvar 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) çıxarışa əsasən ünvan 1 X2 xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 430 saylı 12 dekabr 2016-cı il tarixli sərəncamı ilə: 1. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ ve Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilmişdir; 2. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ ve Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır: 2.1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət edilməsi; 2.2. Ayrılmış torpaq sahəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; 2.3. Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində Rayon İcra Hakimiyyəti ilə razılaşdırılması; 2.4. Tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınmasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılması; 2.5. Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına həyata keçirilməsi; 2.6. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi.

3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz, F.Məmmədov, Qarabağ ve Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binaları sökülmüşdür; 4. Sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə müraciət edilməlidir; 5. Sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır; 6. Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılmışdır; 7. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qarşılıqlı iddia qismən təmin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 130 000 (yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 nömrəli evin 2 nömrəli mənzilinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları itirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Tərəflər əvvəlki vəziyyətinə qaytarılmışdır. Qalan hissədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4425/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayətləri qismən təmin olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi qismən – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 130 000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv olunmuşdur. Həmin hissədə iddia rədd edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-466/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən qarşılıqlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4425/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 89 250 manat məbləğində pul vəsaiti ödənilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mənzilə mülkiyyət hüquqlarının itirilməsi barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. - Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2416/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı MMC-nin apelyasiya şikayəti təmin olunmamış, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi İddiaçı MMC ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən 130 000 (yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 nömrəli evin 2 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarına xitam verilməsi (itirilməsi) hissəsində ləğv edilmiş, Triumf 2022” MMC-nin (əvvəlki ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) həmin tələbi rədd olunmuşdur. İş materiallarından aydın olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2416/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulubpozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırki mübahisənin hallarından görünür ki, iddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mövcud olmayan, sökülmüş mənzilin xüsusi mülkiyyət hüququ əsasında “X14” Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqi qeydiyyatın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinəı əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin, iddiaçının özünün də qəbul etdiyi kimi, hazırda mübahisəli mənzilin mülkiyyətçisi “X14” Açıq Səhmdar Cəmiyyətidir. Belə olan halda qanunvericiliyin müddəalarından da aydın olduğu kimi, sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğvi barədə ərizə ilə müraciət etmək hüququna mənzilin mülkiyyətçisi olan X14” Açıq Səhmdar Cəmiyyəti malikdir. Kollegiya qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mövcud olmayan, sökülmüş mənzilin xüsusi mülkiyyət hüququ əsasında “X14” Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqi qeydiyyatın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsini tələb etmək hüququ yoxdur, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçı MMC-nin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3003/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar