Məhkəmə qərarları › İş №2-1(103)-2368/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2368/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2368/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" MMC,"xxxx" MMC və "xxxx" MMC) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əliyeva Səminə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. 10 iyun 2024-cü il tarixli **********060800 nömrəli qərardan görünür ki, fevral 2024 əlavə dəyər vergisi üzrə 77.353,16 manat məbləğində iddiaçıya əlavə vergi hesablanmışdır. Həmin qərarla ilkin mübahisələndirilən 24 aprel 2024-cü il tarixli qərar ləğv edilmişdir.

2. Mübahisələndirilən 21 iyun 2024-cü il tarixli **********276200 nömrəli qərardan görünür ki, mart 2024-cü il əlavə dəyər vergisi üzrə iddiaçıya 74.866,70 manat əlavə vergi məbləği hesablanmışdır.

3. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə mənfəət vergisi bəyənnaməsindən görünür ki, 13 096.41 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanılmışdır. İş materaillarından görünür ki, cavabdeh tərəfindən 15 iyul 2024-cü il tarixli **********347000 nömrəli qərar qəbul olunaraq iddiaçının barəsindən 112 697.23 manat, daha sonra isə eyni gün ərzində 15 iyul 2024-cü il tarixli **********631200 nömrəli qəbul edərək 2023-cü il mənfəət vergisi üzrə əlavə olaraq 83.185,34 manat vergi məbləği hesablanmışdır. Eləcə də, həmin sonuncu qərarla **********347000 nömrəli, 15 iyul 2024-cü il tarixli digər qərar ləğv edilmişdir. Qərarın ləğv edilərək eyni dövr üzrə yeni qərar qəbul olunmasına baxmayaraq, ləğv edilən **********347000 saylı qərarla hesablanılmış 112 697.23 manat mənfəət vergisi məbləği azaldılmamışdır. Həmin qərarda **********631200 saylı qərarda elə təqdim edilmişdir ki, vergi ödəyicisi tərəfindən 125 793.64 manat (13 096.41+112 697.23 manat) mənfəət vergisi hesablanılmışdır.

4. Cəmiyyətin şəxsi hesab vərəqəsindən və kameral vergi yoxlaması ilə tərtib edilmiş mənfəət vergisi bəyənanməsindən də görünür ki, vergi ödəyəcisi tərəfindən bəyan olunmuş 13 096.41 manat mənfəət vergisinə nisbətdə 195 882.57 manat (112 697.23 manat+83 185.34 manat) əlavə vergi məbləği hesablanılmışdır.

5. İddiaçının ƏDV depozit hesabından çıxarışdan görünür ki, 2023-cü il üzrə iddiaçı "xxxx"MMC, "xxxx" MMC və "xxxx"MMC ilə aparılmış əməliyyatların tarixi, mədaxil və məxaric məbləğləri və ödənişin təyinatı barədə məlumatlar əks olunmuşdur.

6. İddiaçının riskli hesab edilmiş elektron qaimə fakturalarının siyahısından görünür ki, "xxxx"MMC, Agro Fuber ”MMC və "xxxx"MMC adlı müəssisələrlə malların, işlərin və xidmətlərin təqdim edilməsi üzrə 2023-cü il ərzində baş tutmuş əməliyyat və qaimə faktura üzrə vergi orqanı tərəfindən iddiaçıya ƏDV və mənfəət vergisi hesablanmışdır.

7. Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat xarakterli elektron sistemdən çıxarışlardan görünür ki, "xxxx" MMC 14 fevral 2024-cü il tarixli qərarla, riskli hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi 2023-cü il tarixli elektron qaimə fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edildiyindən verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Eləcə də, "xxxx"MMC də 14 fevral 2024-cü il tarixli qərarla, riskli hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi 2023-cü il tarixli elektron qaimə fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edildiyindən verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Həmçinin, "xxxx"MMC də 15 aprel 2024-cü il tarixli qərarla, riskli hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi 2023- cü il tarixli elektron qaimə fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edildiyindən verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Qərarların qəbuluna əsas olmuş elektron qaimə-fakturalardan görünür ki, həmin elektron qaimə fakturalar iddiaçı ilə, adıçəkilən üç müəssisə arasında 2023-cü il tarixli əməliyyatlarla əlaqədardır.

8. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC 14 fevral 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş, elektron qaimə fakturalar isə 2023-cü il tarixdə tərtib edilmiş, əməliyyatlar həmin dövrlə bağlı olmuşdur.

9. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC 14 fevral 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş, elektron qaimə fakturalar isə 2023-cü il tarixdə tərtib edilmiş, əməliyyatlar həmin dövrlə bağlı olmuşdur.

10. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC 15 aprel 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş, elektron qaimə fakturalar isə 2023-cü il tarixdə tərtib edilmiş, əməliyyatlar həmin dövrlə bağlı olmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 aprel 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********060800 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

13. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarla yanaşı vergi orqanı tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli, 15 iyul 2024-cü il tarixli qərarların da ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

14. Məhkəmənin qərardadı ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

15. Məhkəmənin qərardadı ilə iddia cavabdehin 15 iyul 2024-cü il tarixli **********347000 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra “Cavabdeh” adlanacaq) tərəfindən iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli **********299000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 2024- cü ilin fevral ayı üzrə 77 353,16 manat əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərar Bakı İnzibatı Məhkəməsindən mübahisələndirilmiş və məhkəmə tərəfindən e-2-1(112)-9376/2024 saylı iş üzrə icraata qəbul edilmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********060800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən eyni dövr üzrə əvvəlki qərar ləğv edilərək yeni qərar qəbul edilmiş və tərəfimizdən xx.xx.2024-cü il tarixində dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2024cü il tarixli **********41500 saylı kareral uyğunsuzluq məktubu göndərilərək 12 ədəd elektron qaimə faktura üzrə əməliyyatların riskli hesab olunduğu və ƏDV üzrə əvəzləşdirilmələrin əsassız aparılıdığı bildirilmişdir. Qeyd olunan uyğunsuzluq məktubu əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********276200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən 2024-cü ilin mart ayı üzrə 74 866.70 manat ƏDV məbləği hesablanılmışdır. Bundan sonra cavabdeh tərəfindən yenidən **********208000 saylı xx.xx.2024- ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 2023-cü ilin mənfəət vergisi üzrə yaranmış uyğunsuzluqlar barədə məktub göndərilərək “Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 1 156 247,60 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranması” bildirilmişdir. Qeyd olunan uyğunsuzluq məktubu əsasında cavabdeh tərəfindən 2023cü ilin mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli **********631200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilərək 83 185.34, xx.xx.2024-cü il tarixli **********347000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən isə 112 697.23 manat olmaqla cəmi 195 882.57 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Mənfəət vergisi hesablanması ilə bərabər 2024-cü ilin 1-ci rübü üzrə 34 775,34 manat, 2-cü rübü üzrə isə 48 970,65 manat cari vergi məbləğləri də hesablanılmışdır. - İddiaçı "xxxx" MMC (alıcı) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (satıcı) arasında xx.xx.2023-cü il tarixində 25/23 saylı malların alqı satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 2023-cü ilin iyun və iyul aylarında 3 ədəd elektron qaimə faktura üzrə ƏDV-siz ümumi dəyəri 290 247 (xx.xx.2023 tarixli, EBDİ 761977 saylı e-qf əsasında - 94 069 manat, xx.xx.2023-cü il tarixli, EBDK 769399 sayl e-qf əsasında -187 188 manat, xx.xx.2023-cü il tarixli EBDK 776 084 saylı e-qf əsasında -8990 manat ƏDV məbləği 52 244.46) manat olan mal, iş və xidmətlər təqdim edilmişdir, qeyd olunan elektron qaimə fakturalar üzrə ƏDV məbləği 52 244.46 manat təşkil etmişdir. Həmin elektron qaimə fakturalar üzrə 2023-cü ilin iyun iyul ayları ərzində 33 132.42 manat ƏDV qarşı tərəfə ödənilmiş və əvəzləşməyə təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********596900 saylı Əldə edilmiş riskli elektron qaimə fakturalar barədə məktub göndərilərək bildirilmişdir ki, “KAZİZ LL" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********341300 nömrəli Qərara sasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDK seriyalı 776084 nömrəli, xx.xx.2023 tarixli EBDİ seriyalı 761977 nömrəli, xx.xx.2023 tarixli EBDK seriyalı 769399 nömrəli ) elektron qaim -faktura (lar) əmtəsiz və(və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir” - İddiaçı "xxxx" MMC (alıcı) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (satıcı) arasında xx.xx.2023-cü il tarixli 22/42 malların alqı satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 2023-cü ilin sentyabr və oktyabr aylarında 3 ədəd elektron qaimə faktura üzrə ƏDV-siz ümumi dəyəri 245 670.80 manat(xx.xx.2023-cü il tarixli EBDQ 067721 saylı e-qf əsasında – 26 477 manat, xx.xx.2023-cü il tarixli, EBDQ 064305 saylı e-qf əsasında-83 406.8 manat, xx.xx.2023cü il tarixli EBDP 159103 saylı e-qf əsasında-135 787 manat) olan mallar alıcıya təqdim edilmişdir. Həmin elektron qaimə fakturalar üzrə 2023-cü ilin setnyabr oktyabr ayları ərzində 44 220.74 manat ƏDV qarşı tərəfə ödənilmiş və əvəzləşməyə təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********820900 saylı Əldə edilmiş riskli elektron qaimə fakturalar barədə məktub göndərilərək bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********330900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDP seriyalı 159103 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 067721 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 064305 nömrəli ) elektron qaimə-faktura (lar) əmtəsiz və (və ya) riskli əməliyyatların rəəşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - İddiaçı "xxxx" MMC (alıcı) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (satıcı) arasında xx.xx.2023-cü il tarixli 13/23 saylı malların alqı satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 2023-cü ilin noyabr-dekabr aylarında 5 ədəd elektron qaimə faktura üzrə ƏDV-siz ümumi dəyəri 415 927.6 manat (xx.xx.2023-cü il tarixli EBDS 511588 saylı e-qf əsasında – 222 913.00 manat, xx.xx.2023-cü il tarixli, EBDT 228588 saylı e-qf əsasında-47 905.90 manat, xx.xx.2023- cü il tarixli EBDU 166289 saylı e-qf əsasında-57 085.6 manat, xx.xx.2023-cü il tarixli EBDV 840997 saylı e-qf əsasında 81 268.10 manat, xx.xx.2023-cü il tarixli EBDV 850931 saylı e-qf əsasında 6 755.00 manat) olan mallar alıcıya təqdim edilmişdir. Həmin elektron qaimə fakturalar üzrə 2023-cü ilin setnyabr noyabr dekabr ayları ərzində 74 866.95 manat ƏDV qarşı tərəfə ödənilmiş və əvəzləşməyə təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********820900 saylı Əldə edilmiş riskli elektron qaimə fakturalar barədə məktub göndərilərək bildirilmişdir ki, “AGRO FUBER" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********534300 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz ( xx.xx.2023 tarixli EBDV seriyalı 850931 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 166289 nömrəli, xx.xx.2023 tarixli EBDT seriyalı 228588 nömrəli, xx.xx.2023 tarixli EBDS seriyalı 511588 nömrəli, xx.xx.2023 tarixli EBDV seriyalı 840997 nömrəli elektron qaimə -faktura (lar) əmtəsiz v ə(və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən müəssisənin onlayn kargüzarlıq sisteminə göndərilmiş xx.xx.2024-cü il tarixli, **********820900 və xx.xx.2024-cü il tarixli, **********596900 nömrəli xəbərdarlıq məktublarından görünür ki, “KAZİZ LL" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanının xx.xx.2024-cü il tarixli **********341300 saylı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə vergi orqanının xx.xx.2024-cü il tarixli **********330900 saylı, “AGRO FUBER" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024 tarixli **********534300 nömrəli qərarlarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdirlər. Qeyd olunanlar ilə bağlı olaraq bildirilmişdir ki, hər 3 müəssisə ilə aparılmış əməliyyatalara görə əvəzləşməyə təqdim edilmiş ümumilikdə 152 219.86 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq hesablama aparılmış, riskli hesab edilən 1 156 247,60 manat dəyərində e-qaimə fakturalar isə xərc kimi nəzərə alınmadan cəmi 195.882,57 manat əlavə vergi məbləği hesablanılmışdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi müəssisə tərəfindən alqı-satqı əməliyatları aparılarkən sonradan riskli hesab edilmiş hər 3 müəssisə riskli vergi ödəyiciləri siyahısında olmamışdırlar. İddiaçı MMC-nin malların alq-satqı əməliyyatları aparılarkən qarşı tərəflərin alınmış malların qarşı tərəflər tərəfindən elektron qaimə faktura və ya idxal əməliyyatları nətiəsində əldə edib etməməsini müəyyənləşdirmək imkanı mövcud olmamış, elektron qaimə fakturalar yazılarkən və ƏDV depozit hesabı vasitəsi ilə ödənişlər aparılarkən sistemdə həmin vergi ödəyicilərinin riskli hesab olunması ilə bağlı heç bir xəbərdarlıq çıxmamışdır. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır.

17. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün əvəzləşdirməyə əsas vermir. "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyindən aparılan əməliyyatlar riskli hesab olunduğundan sənədlər əvəzləşdirməyə əsas yaratmır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli **********631200 nömrəli, 21 iyun 2024-cü il tarixli **********276200 nömrəli və 10 iyun 2024-cü il tarixli **********060800 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır.

19. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi əlavə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

22. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinin rədd edilməsini, cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. xx.xx.2024-cü ildən sonra verilən yeni redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. xx.xx.2024-cü ildən əvvəl verilən redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)

30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-26-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

31. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarla yanaşı vergi orqanı tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli, 15 iyul 2024-cü il tarixli qərarların ləğv edilməsini tələb edir.

32. Cavabdeh orqan isə vergi ödəyicisi ilə riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında aparılmış həmin əməliyyatları riskli əməliyyat hesab edərək, bununla bağlı qaimələri xərc sənədi kimi nəzərə alınmamışdır.

33. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.

34. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir.

35. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 iyul 2024-cü il tarixli qərara əsasən təqdim edilmiş bəyənnamə üzrə hesablanmış vergi 125.793,64 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 208.978,98 manat, əlavə hesablanmış vergi məbləği isə 83.185,34 manat təşkil edir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyun 2024-cü il tarixli qərara əsasən 2024-cü ilin mart ayı üzrə təqdim edilmiş bəyənnamə üzrə hesablanmış əlavə dəyər vergisi 4.165,14 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 79.031,84 manat, əlavə hesablanmış vergi məbləği isə 74.866,70 manat təşkil edir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2024-cü il tarixli qərara əsasən 2024-cü ilin fevral ayı üzrə təqdim edilmiş bəyənnamə üzrə hesablanmış əlavə dəyər vergisi 0,00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 77.353,16 manat, əlavə hesablanmış vergi məbləği isə 77.353,16 manat təşkil edir. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********330900 nömrəli Qərara, “KAZİZ LL" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********341300 nömrəli Qərara, AGRO FUBER" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) isə xx.xx.2024 tarixli **********534300 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişlər.

36. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ilə “KAZİZ LL"xxxx" MMC və "xxxx" MMC arasında elektron qaimə fakturalar 2023-cü il tarixdə tərtib edilmiş, əməliyyatlar həmin dövrdə aparılmışdır.

37. Vergi orqanı həmin əməliyyatları əmtəəsiz əməliyyatlar hesab etmiş və hər 3 müəssisə ilə aparılmış əməliyyatlara görə əvəzləşməyə təqdim edilmiş ümumilikdə 152 219.86 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq hesablama aparılmış, riskli hesab edilən 1 156 247,60 manat dəyərində e-qaimə fakturalar isə xərc kimi nəzərə alınmadan cəmi 195.882,57 manat əlavə vergi məbləği hesablanılmışdır. Lakin vergi orqanı əməliyyatların əmtəəsiz olması ilə bağlı hər hansı bir dəlilini məhkəməyə təqdim etməmişdir.

38. Bununla bağlı kollegiya qeyd edir ki, "xxxx" MMC 14 fevral 2024-cü il tarixdə, , "xxxx" MMC 14 fevral 2024-cü il tarixdə, "xxxx" MMC isə 15 aprel 2024-cü il tarixdə riskli vergi ödəyiciləri siyahısına salınmışlar. Yəni, iddiaçı həmin müəssisələr ilə əməliyyat apararkən həmin müəssisələr riskli vergi ödəyicisi olmamışlar.

39. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın xx.xx.2024-cü ildən əvvəl verilən redaksiyanda əmtəəsiz və riskli əməliyyatların aparılması ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsinə və adının müvafiq siyahıya salınmasına o halda səbəb olur ki, həmin Meyarların 3-cü hissəsində olan hallar aşkar edilmiş olsun. Belə ki, Meyarların 3-cü hissəsində göstərilmiş riskli əməliyyat deyilərkən: 1) alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin aşkar edilməsi; 2) alınan və ya idxal edilən malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halının aşkar edilməsi qeyd edilmişdir.

40. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması onun riskli olmasına dəlalət edə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması ilə bağlı araşdımanın aparmadığı müəyyən edilmişdir. Belə ki, vergi orqanı iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyatın həyata keçirilməsinə istinad edərək onun əmtəəsiz əməliyyat aparması ehtimalının olması kimi yanaşması Meyarların tələblərinə ziddir.

41. Odur ki, qeyd edilən vergi ödəyicisinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçının yuxarıda qeyd olunan hüquqi şəxslər ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olur.

42. Belə ki, Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

43. Odur ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.

44. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 15 iyul 2024cü il tarixli **********347000 nömrəli qərara əsasən iddiaçının barəsindən 112 697.23 manat, daha sonra isə eyni gün ərzində 15 iyul 2024-cü il tarixli **********631200 nömrəli qəbul edərək 2023-cü il mənfəət vergisi üzrə əlavə olaraq 83.185,34 manat vergi məbləği hesablanmışdır. Eləcə də, həmin qərarla **********347000 nömrəli, 15 iyul 2024-cü il tarixli digər qərar ləğv edilmişdir. Qərarın ləğv edilərək eyni dövr üzrə yeni qərar qəbul olunmasına baxmayaraq, ləğv edilən **********347000 saylı qərarla hesablanılmış 112 697.23 manat mənfəət vergisinin üzərinə 83.185.34 manat hesablanaraq yeni **********631200 saylı qərar qəbul edilmiş və iddiaçının 13.096,41 manat mənfəət vergisinin bəyan edilməsinə baxmayaraq ümumilikdə 195.882.57 mnat mənfəət vergisi hesablanmışdır.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əlavə hesablanılmış 195 882.57 manat məbləğin azaldılması ilə bağlı mövqeyi ilə razılaşır.

46. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, vergi orqanı 15 iyul 2024cü il tarixli **********631200 saylı qərarında vergi ödəyicisi tərəfindən 125 793.64 manat (13 096.41+112 697.23 manat) mənfəət vergisinin hesablanması, lakin vergi orqanının həmin məbləğlə razılaşmayaraq vergi borcunun 208.978,98 manat olması, 21 iyun 2024-cü il tarixli **********276200 saylı qərarında vergi ödəyicisi tərəfindən 4.165,14 manat mart 2024-cü il üçün əlavə dəyər vergisi hesablanması, vergi orqanının bununla razılaşmayaraq ƏDV borcunun 79,031,84 manat olması, 10 iyun 2024-cü il tarixli **********060800 saylı qərarında vergi ödəyicisi tərəfindən fevral 2024-cü il üçün əlavə dəyər vergisi borcunun olmaması bəyan etmiş, lakin vergi orqanı bununla razılaşmayaraq vergi ödəyicisinin 77.353,16 manat əlavə dəyər vergisi borcununun olmasını qeyd edilmişdir. Qeyd olunan qərarlar üzrə vergi borcunun yaranmasına səbəb kimi vergi orqanı tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar üzrə olan məbləğlərin xərc sənədi kimi qəbul edilməməsi olmuşdur.

47. Halbuki, vergi ödəyicisi tərəfindən riskli vergi ödəyiciləri hesab edilmiş hüquqi şəxslərlə 2023-cü ilin müxtəlif aylarında bağlanmış alqı-satqı müqavilələrindən və qaimə hesab fakturalarından görünür ki, iddiaçı bağlanmış alqı-satqı müqavilələri əsasında 3-cü şəxslərdən katric, kseroks, printer və sair mallar almış, hətta riskli vergi ödəyicisi hesab edilmiş "xxxx"MMC riskli vergi ödəyicisi hesab edilməsinə əsas kimi onda aşkar edilən 935.727,7 manat dəyərində olan printer, baraban və sair bu kimi malların alış sənədlərinin olmaması olmuşdur. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, hətta 3cü şəxslərdən biri olan "xxxx"MMC 2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmiş olsa da həmin şəxs əmtəəsiz əməliyyat həyata keçirməmiş, yəni həmin hüquqi şəxsin əsas fəaliyyəti müqavilə üzrə iddiaçıya satılan malların dövriyyəsini həyata keçirməkdən ibarət olmuşdur.

48. Məhkəmə kollegiyası yuxarda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

49. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1281/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar