Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2369/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2021 saylı 07.04.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürajiət edərək pandemiyaya görə işsizlərə ödənilən müavinətin verilməsi haqqında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı “e-sosial” portalında “Vətəndaşların işaxtarn və işsiz kimi qeydiyyat alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmənin alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin nazirlik ona 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina barədə “sms” məlumat gəlmişdir. İmtina maddi və prosessual hüquqi nöqteyi nəzərdən əsassız və qanunsuzdur. Onun aztəminatlı olmadığını nazirlik hər hansı bir faktla sübut edə bilməmişdir. Onun heç bir yerdən gəliri yoxdur, işləmir. Subaydır, məhkəmə qərarı əsasında nikah pozulmuşdur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsisi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nın 2-ci bəndinin 3-cü hissəsi birdəfəlik ödəmə verilməsindən imtina olunmalı olan şəxslərin kateqoriyasını müəyyən etmişdir. İddiaçı bu Qaydaların 2-ci bəndinin 3-cü hissəsində nəzərdə tutulan hər hansı ödənişi almır. O, «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1ci bəndində nəzərdə tutulan məşğul şəxslərin hər hansı kateqoriyasına da aid deyil. Ona görə javabdehin imtinası qanunsuzdur. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat ödəmə işsiz kimi qeydiyatda olan və ya 27.04.2020-ci il tarixinədək MAS-da qeydiyyatdan keçərək işsiz statusu təsdiqləyən şəxslərə şamil edilir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Məşğulluq» altsistemində işsiz kimi, qeydiyyatda olan şəxslər kateqoriyasına aid olmaması səbəbindən həmin Qaydada uyğun birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2021 saylı 07.04.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, uzun illər işsizdir. İddianın rədd edilməsinin səbəbi kimi onun vergi ödəyicisi olması göstərilmiş, lakin o, fəaliyyət göstərməmiş və gəlir əldə etməmişdir. Bu barədə vergi orqanından məlumat almaq olar. Lakin məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan avtomatik aktiv olunmuş, vergi ödəyicisinin eyniləşdirmə nömrisini (VÖEN) əsas tutaraq qərar qəbul olunub. Bu da onun konstitusion, həm də beynəlxalq hüququnn pozulmasıdır. Heç bir məlumat verilmədən onun VÖEN aktiv olunub. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qocayev iddiaçı ilə razılaşmamış, iddiaçının sahibkar kimi qeydiyyatının aktiv olduğu və onun işsiz statusu mövcud olmadığı halda, birdəfəlik ödəmənin verilməsinin mümkünsüz olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş X2 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması və ödəmənin javabdeh nazirlik tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” aşağıdakıları nəzərdə tutur: 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. «Qaydalar»ın qeyd olunan 2.2-ci göründüyü kimi, 190 manat məbləğində birdəfəlik ödəmə 2020-ci il 1 aprel tarixinə, habelə , pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi nəzərdə tutulur. «Qaydalar»ın qeyd olunan 2.3.9-cu bəndindən isə göründüyü kimi, aktiv VÖEN-i olan sahibkar şəxslərə birdəfəlik ödəmə verilmir. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri X3 Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 22.01.2021-ci il tarixli məktubunda bildirmişdir ki, “...vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) 18.03.2008-ci il tarixdən vergi uçotundadır, ləğv edilməmişdir. Həmin məktuba əlavə edilmiş məlumatdan isə görünür ki, 20.04.2016-cı il tarixdən iddiaçının VÖEN-i aktiv olmuş, fəaliyyət göstərmişdir.” (İş vərəqi:59-60) Göründüyü kimi, iddiaçı fiziki şəxs qismində sahibkar kimi qeydə alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömərsi verilmış və həmin VÖENi 20.04.2016-cı il tarixdən aktivdir. Belə olan halda, «Qaydalar»ın 2.3; 2.3.9-cu bəndlərinin tələbi baxımından iddiaçının 190 manat məbləğində birdəfəlik ödəmə almaq hüququna malik olması istisna olunur. Beləliklə də, cavabdehin iddiaçıya 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün qanunla üzərinə düşən öhdəliyi mövcud olmamışdır. Belə olan halda, iddiaçıya həmin ödəmənin verilməsindən imtina etməsi qanunun tələblərinə uyğun olmuşdur ki, bu da iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. İPM-in 34.1-ci maddəsinin tələbi nəzərə alınmaqla inzibati orqana qarşı öhdəliyin icrası haqqında inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi bağlı olmayan iddia o halda qaldırıla bilər ki, bu öhdəlik onun qanunla üzərinə düşən öhdəliyindən irəli gəlmiş olsun. Konkret halda isə cavabdehin belə bir öhədiliyinin mövcudluğunu sübuta yetirən faktiki şərtlər mövcud deyil. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2021 saylı 07.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2021 saylı 07.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir)ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2369/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2369/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver