Məhkəmə qərarları › İş №2-1(103)-2369/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2369/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2369/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2369/2023 (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı şəhəri 11 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X7 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********61 saylı 05 iyul 2022-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, təqdim edilən Əzizbəyov (Xəzər) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə ayrılmış 7/12 saylı torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Xəzər rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 932 saylı məktubda bildirilmişdir ki, mərhum X2 ayrılan torpaq sahəsinin yerləşmə cizgisi barədə RİH-də məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

2. AZ-İ seriyalı 423478 saylı 23 iyul 2010-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X6 12 iyul 2010-cu il tarixdə ölmüşdür.

3. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 90 saylı 25 fevral 2022-ci il tarixli məktubda bildirilmişdir ki, X1 xx.xx.2010-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında mərhumun qanun üzrə vərəsələri qızı X9, arvadı İddiaçı və oğlu X8r. ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur.

4. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 2518 saylı, 22 dekabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Qeyd edilən Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 7/12 saylı torpaq sahəsinin cizgisi Xəzər Rayon İcra Hakimiyyətində mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

5. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsi X2 DƏDRX tərəfindən verilmiş ********** saylı, xx.xx.2022-ci il tarixli texniki pasport – hüquqmüəyyənedici sənəd üzrə Şüvəlan qəsəbəsində yerləşir, hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600 kv.m, faktiki sahə 1075 kv.metrdir, torpaq sahəsi mişar daşı ilə hasara alınıb, torpaq sahəsində icazəsiz tikililər yaşayış evi və həyət tikilisi var.

6. İddiaçı tərəfindən təqdim edilmiş Şüvəlan qəsəbəsində mərhum X2 ayrılan 7/12 saylı sahənin sxemindən görünür ki, həmin sənəd Əzizbəyov Rayon XDS-nin İcraiyyə Komitəsinin 15 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə verilmişdir. Xəzər RİH-nin Rayon Təsərrüfat şöbəsinin memarı T.Zeynalovun imzası və Xəzər RİH-nin möhürü, eləcə də, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə nümayəndəsi R.Axundov tərəfindən imza və möhür ilə təsdiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov (Xəzər) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Şüvəlan qəsəbəsində fərdi ev tikmək üçün 7/12 saylı torpaq sahəsi X2 ayrılmışdır. xx.xx.2010-cu il tarixdə X6 vəfat etmişdir. Vəfat etmiş X1 adına Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 90 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 xx.xx.2010-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında mərhumun qanun üzrə vərəsələri qızı X9, arvadı X4 və oğlu X11 olması, ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. X2 ayrılan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə etməklə, cavabdehə müraciət etsə də, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur.

9. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən Əzizbəyov (Xəzər) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə ayrılmış 7/12 saylı torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Xəzər rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 932 saylı məktubda bildirilmişdir ki, mərhum X2 ayrılan torpaq sahəsinin yerləşmə cizgisi barədə RlH-də məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********02 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilməmiş, həmçinin cizgidə qeyd olunan perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü ərizəyə əlavə olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

10. Bakı şəhəri İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1880/2023 nömrəli qərarı ilə iddiaçı X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddianın təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,06 ha olmaqla və faktiki olaraq iddiaçının mülkiyyətindədir. Əzizbəyov rayon XDS Əzizibəyov Rayon Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il tarixli, 16/608 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş sahəsi 0,06 hektar olan torpaq sahəsi X3 verilmiş və Xəzər Rayon İcra Hakimiyyət tərəfindən torpaq sahəsinin sxemi (cizgisi) verilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğunun mövcud olduğu bildirilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması aydınlaşdırılmamış və əsaslandırılmamışdır. Cavabdeh qurum tərəfindən təqdim edilən dəlillər məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır

13. Birinci instansiya məhkəməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə, “İnzibati icraat haqqında” Qanununa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 7-ci, 8.0-cı, 10.2-ci, 12.1-ci, 15.1-ci, 14-cü, 22.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4.-cü bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2-1(112)-1880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(112)-188C 2222 nömrəli qərarı ləğv olunmalıdır. İddiaçı ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestr"ində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən Əzizbəyov (Xəzər) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixi qərarı ilə ayrılmış 7/12 saylı torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Xəzər Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 932 saylı məktubda bildirilmişdir ki, mərhum X2 ayrılan torpaq sahəsinin yerləşmə cizgisi barədə RİH-də məlumat yoxdur. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilməmiş, həmçinin cizgidə qeyd olunan perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X12 araşdırmalar nəticəsində şəxs tərəfindən təqdim edilən 7/12 saylı torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması müəyyən olunması səbəbindən Xəzər rayon İcra Hakimiyyətinə sorğu göndərilməsi, sorğuya cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda mərhum X2 ayrılan torpaq sahəsinin yerləşmə cizgisi barədə RİH-də məlumat olmasının bildirilməsi, bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad olunan məsafələr göstərilməməsi, həmçinin cizgidə qeyd olunan perimetrik ölçü ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olması məzmununda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli məktubu ilə müraciəti əsasında Əzizbəyov rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli qərarının təsdiqlənmiş kserosurəti ona göndərilməsi, qərarın X1 adına olması, cavabdeh orqanın öz imtinasını Xəzər Rayon İcra Hakimiyyətinin məktubuna əsasən mərhum X2 ayrılan torpaq sahəsinin yerləşmə cizgisi barədə RİHdə məlumat olmaması ilə əsaslandırsa da, Xəzər Rayon İcra Hakimiyyəti Z-28 nömrəli xx.xx.2014-cü il tarixli məktubu ilə onun müraciətini təmin edərək ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanması və təsdiq edilərək ünvanına göndərilməsi məzmununda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan:

13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 23.Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4.-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 28.İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: 29.İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, iddiaçı mərhum əri X2 ayrılan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə etməklə, cavabdehə müraciət etsə də, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir.Belə ki, X1 xx.xx.2010-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında mərhumun qanun üzrə vərəsələri qızı X9, arvadı X4 və oğlu X11 olması, ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir.

30. Cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinasının və baxılan iş üzrə apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, təqdim edilən Əzizbəyov (Xəzər) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə ayrılmış 7/12 saylı torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Xəzər rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 932 saylı məktubda bildirilmişdir ki, mərhum X2 ayrılan torpaq sahəsinin yerləşmə cizgisi barədə RlH-də məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********02 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilməmiş, həmçinin cizgidə qeyd olunan perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. 31.Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,06 ha olmaqla və faktiki olaraq iddiaçının mülkiyyətindədir. Əzizbəyov rayon XDS Əzizibəyov Rayon Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il tarixli, 16/608 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş sahəsi 0,06 hektar olan torpaq sahəsi X3 verilmişdir. 32.Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş Şüvəlan qəsəbəsində mərhum X2 ayrılan 7/12 saylı sahənin sxemindən görünür ki, həmin sənəd Əzizbəyov Rayon XDS-nin İcraiyyə Komitəsinin 15 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə verilmişdir. Xəzər RİH-nin Rayon Təsərrüfat şöbəsinin memarı T.Zeynalovun imzası və Xəzər RİH-nin möhürü, eləcə də, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə nümayəndəsi R.Axundov tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. 33.Bundan başqa qeyd edilməlidir ki, cavabdeh tərəfindən elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğunun mövcud olduğu bildirilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması aydınlaşdırılmamış və əsaslandırılmamışdır. Cavabdeh qurum tərəfindən təqdim edilən dəlillər məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. 34.Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4.-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. 35.İddiaçı tərəfindən torpaq sahəsinin cizgisinin əsli və notarial qaydada təsdiq edilmiş surəti cavabdehə təqdim edildiyi halda sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun hüquqi varisi olduğu X3 məxsus olması barədə arayışın verilməsindən cizginin həqiqiliyinə şübhənin olması əsası ilə imtinanın ağlabatan əsaslandırılması yoxdur.Cavabdeh tərəfindən bildirilən dəlillər (yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi) həmin sənədin verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. 36.Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş hüquqları onun maddi marağını təşkil edir və iddiaçının hüquqmüəyyənedici sənədləri ilə müəyyənləşdirilmiş 600 kv.m torpaq sahəsinin X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi üçün “qanuni gözləntisi” vardır və iddiaçının sahibliyində və istifadəsində olan törpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 38.Beləliklə, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanuni olmamışdır. 39.Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1880/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar