Məhkəmə qərarları › İş №2-1(103)-2369/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2369/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2369/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Kiçik Müəssisəsi cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə çıxarışın və plan (ölçünün) verilməsi verilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1 adı qeyd olunsa da, İddiaçı adı aşkar olunmamışdır. Həmçinin sözügedən bağ sahəsi digər fiziki şəxslər tərəfindən hasarlanmış iki sahənin daxilində yerləşir.

2. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 4 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli təkrar müraciətinə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı ona xx.xx.2022-ci il tarixli **********64 nömrəli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Məhkəmənin sorğusuna cavab olaraq “Çinar” X4 birliyi xx.xx.2023-cü il tarixli məktubla “Çinar” X4 birliyi xx.xx.1997-ci il tarixli yığıncağının 5 nömrəli protokolundan Çıxarışın əslini məhkəməyə təqdim etmişdir.

4. “Çinar” X4 birliyi xx.xx.1997-ci il tarixli yığıncağının 5 nömrəli protokolundan Çıxarışa əsasən Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 22 oktyabr 1989-cu il tarixli 10/369 №-li Qərarına əsasən Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsində PO “Bakelektrobıtpribor” ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) işçilərinin bağçılıq yoldaşlıq birliyinin üzvü X3 uzun müddət birliyin ictimai tədbirlərində iştirak etmədiyinə, yığıncaqlara və iclaslara laqeyidlik göstərərək gəlmədiyinə, eləcə də birliyin fəaliyyəti ilə heç vaxt maraqlanmadığına görə həmin sahə ondan alınmış və "xxxx" ASC-nin işçisi İddiaçı verilmişdir. Onun bağ sahəsi 4 nömrə ilə qeydə alınaraq ümumi sahəsi 562.5 kv.m hesab edilmişdir.

5. “Çinar” X4 birliyi 152 nömrəli Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. 562,5 kv.m ölçüdə 4 saylı bağ sahəsi istifadə etmək üçün ona ayrılmışdır.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Çinar” (Bakelektrobıtpribor) bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

7. X1 notarial qaydada təsdiq edilmiş xx.xx.2019- cu il tarixli ərizəsindən görünür ki, S.M.Qasımov “Çinar” X4 birliyinin xx.xx.1989-cu il tarixli Protokolundan edilmiş çıxarış əsasında (152 saylı Bağçının üzvlük kitabçası sənədi ilə) püşk atma yolu ilə ona ayrılmış Bakı şəhəri, Türkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 562.5 kv.m olan 4 saylı bağ sahəsindən və ona olan hüquqlarından imtina edir. Həmin hissə ilə bağlı nə indi, nə də gələcəkdə hər hansı iddiası və tələbi olmayacaqdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Çinar X4 birliyinin” üzvü kimi Bakı şəhər X6 İcrayyə Komitəsinin 107369 nömrəli 22 senytabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0.6 ha hissəsinin plan-ölçüsünü tərtib edib iddiaçının adına qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İcrayyə Komitəsinin 10/369 nömrəli 22 senytabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində “Bakıelektropribor” İB-nə hazırkı hüquqi varisi "xxxx" ASC-yə 12.45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxemi tərtib edilərək İdarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş və həmin siyahıda olan şəxslərin həmin vaxt əksəriyyəti erməni millətindən olan şəxslər olmuşdur. Məlum hadisələrlə əlaqədar ermənilər Ölkəni tərk edəndən sonra siyahıda olan köçüb gedən ermənilərin əvəzinə Birliyin digər işçilərinin əlavə edilməsi qərara alınmışdır. Lakin, Əmlak Komitəsinin o vaxtkı rəhbərliyi göstərilən torpaq sahəsinin Birliyin əməkdaşlarına verməkdən imtina etmişdir. Onların özbaşınalığı barəsində Ölkə Başçısına məlumat verilmiş və bundan sonra "xxxx" ASC-nin əməkdaşlarına göstərilən bağ sahəsi ilə əlaqədar yeni Bağçılıq Təsərrüfatı yaradılması tövsiyyə edilmişdir. Bundan sonra “Çinar X4 birliyi” yaradılaraq AR Ədliyyə Nazirliyyində qeydiyyatdan keçməklə Birliyin 07 oktyabr 1997-ci il tarixli yığıncağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin Respublikanı tərk etdiyi üçün onların əvəzinə ASC-nin əməkdaşları üzvlüyə qəbul edilmişdir. Siyahda olan Birliyin üzvlərinin hər birinə 0,6 ha olmaqla, bağ sahəsi 200 nəfər şəxs arasında bölünmüşdür. Bütün üzvlərə bağçının üzvülilk kitabçası verilmişdir. Daha sonra isə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsümları ödətdirilərək hər bir şəxsin istifadəsinə ayrılmış 0.0562 ha ölçüdə topraq sahəsi 2018-2019-cu illərdə qeydiyyata alınıb 100 (yüz) nəfərdən çox şəxsə Çıxarışlar verilmişdir. Lakin lazımi sənədləri təqdim etsə də istifadəsində olan torpaq sahəsi qeydiyyata alınmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11588/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, 562.5 kv.m ölçüdə 4 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən "xxxx" Kiçik Müəssisəsi üçüncü şəxs qismində adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.

12. Daha sonra xx.xx.2004- cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiacının “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, 562.5 kv.m ölçüdə 4 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir.

13. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz ərizəsi təqdim edilməmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 4 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çinar” bağçılıq- yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin bağçılıq-yoldaşlıq təsərrüfatının ümumi ərazisinə dair idarəyə digər şəxs olan "xxxx" Kiçik Müəssisəsinin müraciəti daxil olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən torpaq sahəsinin ümumi sahəsi 0.0562 ha təşkil edir. Həmçinin, iddiaçının “Çinar” bağçılıq- yoldaşlıq təsərrüfatı nəzdində 48 saylı bağa dair müraciətləri 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən olunur ki, dövlət bağçılıq təsərrüfatının idarəçiliyi altında olan mübahisəli torpaq sahəsi iddiaçıya ayrılmış və onun qanuni istifadəsində olmuşdur. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan öz imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallarla əsaslandırması iş materialları ilə təsdiqini tapmır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmayıb. İddiaçı tərəfindən təqdim olunan sənədlər “ictimai birlik” tərəfindən təsdiq edilmişdir. Həmçinin göstərilən ümumi əraziyə dair idarəyə digər şəxs olan "xxxx" Kiçik Müəssisəsinin müraciəti daxil olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

19. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin və 3-cü şəxsin nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

22. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .....

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

31. Belə ki, tətbiq edilən normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir.Hazırkı iş üzrə qeyd olunan hüquqmüəyyənedici sənədlər mövcuddur.

32. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

33. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarına görə “Çinar” X4 birliyi 152 nömrəli Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. 562,5 kv.m ölçüdə 4 saylı bağ sahəsi istifadə etmək üçün ona ayrılmışdır.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Çinar” (Bakelektrobıtpribor) bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

36. Təqdim olunmuş sənədlərə əsasən X1 notarial qaydada təsdiq edilmiş xx.xx.2019- cu il tarixli ərizəsindən görünür ki, S.M.Qasımov “Çinar” X4 birliyinin xx.xx.1989-cu il tarixli Protokolundan edilmiş çıxarış əsasında (152 saylı Bağçının üzvlük kitabçası sənədi ilə) püşk atma yolu ilə ona ayrılmış Bakı şəhəri, Türkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 562.5 kv.m olan 4 saylı bağ sahəsindən və ona olan hüquqlarından imtina edir. Həmin hissə ilə bağlı nə indi, nə də gələcəkdə hər hansı iddiası və tələbi olmayacaqdır.

37. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı “Çinar” X4 Birliyinin üzvü olmuşdur (üzvlük kitabçasının təsdiq olunmuş surəti iş materiallarında mövcuddur) və üzvlərin iclasından protokoldan çıxarış (təsdiq olunmuş surəti) mövcuddur. (i/v-34-37)

38. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 4 saylı bağ sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur və bağların bölgü sxemində iddiaçıya aid bağ sahəsinin yeri müəyyən edilmiş və bölgüyə uyğun gələn yeri də məhz iddiaçının istifadəsindədir. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi vaxtilə X1 adına sənədləşdirilmiş, həmin torpaq sahəsi daha sonra iddiaçının adına rəsmiləşdirilmişdir.

39. Beləliklə, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.

40. Cavabdehin imtinada və apellyasiya şikayətində göstərdiyi “göstərilən ümumi əraziyə digər hüquqi şəxsin müraciətinin olması və bu barədə Bakı İnzibati Məhkəməsində müvafiq inzibati işin olması” dəlili araşdırılarkən isə məlum oldu ki, cavabdehin istinad etdiyi “digər şəxs”- “Vüqar M” KM tərəfindən iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası üzrə 2-1 (112)-103/2023 saylı inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olmuşdur.

41. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin inzibati iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

42. Qeyd olunan inzibati iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən “Vüqar M” KM-nin iddia etdiyi torpaq sahəsinin daxilində başqa fiziki şəxslərə, yəni həmin inzibati işdə 3cü şəxslər kimi işə cəlb olunan fiziki şəxslərə məxsus torpaq sahələri mövcuddur. Qeyd olunmalıdır ki, adı çəkilən inzibati işdə 3-cü şəxslər qismində işə cəlb olunan fiziki şəxslər sırasında hazırki işdə iddiaçı qismində çıxış edən İddiaçı adı keçmir, ümumiyyətlə onun adı həmin inzibati işdə hər hansı status altında keçmir. Belə olan halda cavabdeh inzibati orqanın hazırki işdə iddiaçının tələbinin təmin olunmasından həm də “iddia olunan torpaq sahəsi ilə bağlı başqa şəxsin müraciətinin olması” əsası ilə imtina etməsi və apellyasiya şikayətinin dəlili formal və əsassız olmuşdur.

43. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar