Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-237/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Ermənistan, Stepanavan rayonunda anadan olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.2008-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti dövründə ancaq qaz və elektrik qaynaqçı vəzifələrində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində də öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin qeyd olunan əsaslarla müraciətindən imtina etməsini tamamilə qanunsuz və əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından aydın olur ki, iddiaçı, müxtəlif müəssisələrdə “qaynaqçı” peşəsində çalışıb. İddiaçı, öz ərizəsində Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının konkret bəndinə istinad etmir. Lakin ehtimal etmək olar ki, iddiaçı, 2 saylı Siyahının “Ümumi peşələr” adlanan 33-cü bölməsinə (********) istinad edir. Həmin Bölmədə, adında “qaynaqçı” olan aşağıdakı peşələr nəzərdə tutulub: - qaz qaynaqçıları, kod: 23200000—11620; - kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları, kod: 23200000—19756; - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları, kod: 23200000—19905; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları, kod: 23200000—19906. İddiaçının çalışdığı peşənin yuxarıda qeyd edilən kodlardan hansının altında nəzərdə tutulmuş peşəyə uyğun gəldiyi bəlli deyil. Bundan başqa, iddiaçı güzəştli iş stajı barədə arayış da təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci maddəsinə görə, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə müəyyən edilmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi 2 saylı Siyahıda Ümumi peşələr adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, 23200000—19756 kodu ilə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları, habelə 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır. Göründüyü kimi, hər iki siyahıda istər qaynaqçısı, istərsə də elektrik qaynaqçısı peşəsi göstərilmiş, iddiaçı da 12 il 6 aydan artıq qaynaqçı, elektrik qaynaqçısı peşəsində işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı təvəllüdlüdür. İş materiallarında olan H3 № ******* saylı hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi ixtisasın adı və keyfiyyətləri qaynaqçı olub. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək qaynaqçı-santexnik, xx.xx.1981-ci il tarixdən xx.xx.1981ci il tarixədək qaynaqçı, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək elektrik qaynaqçısı, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək qaynaqçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək elektrik qaynaqçısı, xx.xx.1990-çı il tarixdən xx.xx.1992-ci il tarixədək elektrik qaynaqçısı, xx.xx.1992-cı il tarixdən xx.xx.1993-cü il tarixədək qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək qaynaqçı, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək qaynaqçı vəzifəsində işləmişdir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək qaynaqçı, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində qaynaqçı vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiya tərəfindən verilmiş 20 may 2019-cu il tarixli № 32 saylı arayışından görünür ki, Milli Qvardiyanın sabiq qulluqçusu 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən (MQK-nın xx.xx.1993-cü il tarixli 103 İ/s saylı əmri) – xx.xx.1994-cü il tarixədək (MQK-nın xx.xx.1994-cü il tarixli 64 s/ç saylı əmri) Milli Qvardiyada qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.1994-cü ildə öz arzusu ilə işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş 03 sentyabr 2019-cu il № 0/1 saylı məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.1993- xx.xx.1993-cü il tarixlərində “Təmir – Tikinti – 1” kiçik müəssisəsində 5 dərəcəli elektrik – qaz qaynaqçısı vəzifəsində işləyib. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında X2 Təsərrüfat hesablı Təmir-tikinti Müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində Təsərrüfat Hesablı Təmir-Tikinti müəssisəsində 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsində işləyib. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********314 saylı notarial qaydada təsdiqlənmiş X1 və X5 ərizəsindən görünür ki, onlar İddiaçı həqiqətən də 1978-ci ildən 1988-ci ilə qədər Ermənistanın Quqark rayonunda müxtəlif təşkilatlarda qaynaqçı işləməsini təsdiq edirlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********320 saylı notarial qaydada təsdiqlənmiş X4 və X3 ərizəsindən görünür ki, onlar İddiaçı həqiqətən də 1989-cu ildən 2004-cü ilə qədər Bakı şəhərində müxtəlif təşkilatlarda qaynaqçı işləməsini təsdiq edirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 dekabr 2020-ci il tarixli, **********6 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş ‘’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan, - əl ilə qaynaq elektrik qaynaqçıları, - əl ilə qaynaq aparan elektrik qaynaqçıları, - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda maşğul olan avtomat və yarımavtornat maşınların elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə 1978-ci ildən 2004-cü ilədək müxtəlif müəssisələrdə qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. İş materiallarına əlavə edilmiş 28 nömrəli əmrə əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Quqark rayonun Arçut sovxozunda elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. 230 nömrəli, xx.xx.1988-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək sovxozda işlədiyi müddətdə əmək haqqı almışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1977ci il tarixdən xx.xx.1978-ci il tarixədək çilingər-santexnik şagirdi vəzifəsində işləəmişdir. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Təsərrüfat Hesablı Təmir-Tikinti müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992 - xx.xx.1993-cü il tarixlərində “Təsərrüfat Hesablı Təmir-Tikinti” müəssəsində əl ilə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Ümumi peşələr - kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları - 23200000-19756) öz əksini tapmışdır. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Təmir-Tikinti-1 kiçik müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində əl ilə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında (Ümumi peşələr - kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları - 23200000-19756) öz əksini tapmışdır. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiya tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 32 saylı arayışından görünür ki, Milli Qvardiyanın sabiq hərbi qulluqçusu 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdən (MQK-nın xx.xx.1993-cü il tarixli 103 l/s saylı əmri) - xx.xx.1994-cü il tarixədək (MQK-nın xx.xx.1994-cü il tarixli 64 s saylı əmri) Milli Qvardiyada əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda (Ümumi peşələr - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - 23200000-19906) öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2017-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur və o, əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək çilingər-santexnik şagirdi (6 ay 26 gün), xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər hərbi xidmətdə olmuş (2 il 1 ay 2 gün), əmək kitabçasına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək qaynaqçı-santexnik (1 ay 21 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək qaynaqçı (7 ay 12 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək elektrik qaynaqçısı (2 il 29 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək qaynaqçı (2 il 3 ay 26 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1990cı il tarixədək elektrik qaynaqçısı (7 ay 17 gün), xx.xx.1990-çı il tarixdən xx.xx.1992-ci il tarixədək elektrik qaynaqçısı (2 il 2 ay 4 gün), xx.xx.1992-cı il tarixdən xx.xx.1993-cü il tarixədək qaynaqçı (1 il 20 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək qaynaqçı (4 ay 7 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək qaynaqçı (4 ay), xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək qaynaqçı (10 il 4 ay 22 gün), xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində qaynaqçı vəzifəsində (2 ay 5 gün), iş materiallarına əlavə edilmiş 28 nömrəli əmrə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Quqark rayonun Arçut sovxozunda elektrik qaz qaynaqçısı (1 il 10 ay 27 gün) işləmişdir. İş materiallarına əlavə edilmiş məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2008-ci il tarixli 839599 nömrəli mədaxil qəbzə əsasən iddiaçı İİ və İİİ rüb 2008-ci il üçün 50 manat və xx.xx.2009-cu il tarixli 841986 nömrəli mədaxil qəbzə əsasən dekabr 2008-ci il üçün 7 manat 90 qəpik sosial sığorta haqqı ödəmişdir (7 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun xx.xx.2017-cı il tarixədək 25 il 5 ay 8 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən və eləcə də iddiaçıya məxsus əmək kitabçalarında onun müxtəlif təşkilatlarda 1981-ci ildən 1988-ci ilədək və 1989-cu ildən 2004-cü ilədək elektrik qaynaqçısı, qaynaqçı işlədiyi qeyd edilmişdir. İddiaçının işlədiyi vəzifələr Nazirlər Kabinetinin təsdiq etdiyi 2 saylı Siyahıda Ümumi peşələr adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, 23200000—19756 kodu ilə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları, habelə 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Göründüyü kimi, hər iki siyahıda istər qaynaqçısı, istərsə də elektrik qaynaqçısı peşəsi göstərilmiş, iddiaçı da 12 il 6 aydan artıq qaynaqçı, elektrik qaynaqçısı peşəsində işləmişdir. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-237/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-237/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver