Məhkəmə qərarları › İş №2-1(103)-237/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-237/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-237/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “avtomobilin qeydə alınması” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8688/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Range Rover” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus “Range Rover” markalı, 10- VM-700 dövlət qeydiyyat nişanlı, ban: SALLMAME4CA392464 nömrəli, 2012-ci il buraxılışlı avtomobilin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən xx.xx.2023-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina edilmişdir. İmtinanın əsası kimi nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən rəsmiləşdirmənin həyata keçirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət əməlinin olmadığı, avtomobilin özü və quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən hallar aşkar olunmadığı müəyyən edilmişdir, yəni iddiaçı vicdanlı alıcı hesab edilməklə əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8688/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı (L.Musayeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissədə ban nömrəsinin hərf və rəqəm göstəriciləri kustar üsulla vurulmuşdur. Qeyd edilən hallar, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17 noyabr 2022-ci il tarixli, 22/1124a nömrəli tədqiqat haqqında arayışında göstərilmiş və iddiaçı tərəfindən də təkzib edilməmişdir. Belə olan halda, iddiaçının əməlində cinayət tərkibinin olmaması özlüyündə həmin avtomobilin dövlət qeydiyyatına alınmalı olmasını şərtləndirmir. Bununla bağlı qeyd edir ki, arayışda göstərilmiş məlumatların İddiaçı təkzib etməməsi, həmin faktları təsdiq etməsi ilə eyniləşdirilə bilməz, eyni zamanda iddiaçının əməlində cinayət tərkibi olmadığı halda, heç bir əsas olmadan əmlakından istifadə edə bilməməsi iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Məhkəmənin digər bir mövqeyi ondan ibarətdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Bununla bağlı qeyd edir ki, Qanunda nəzərdə tutulan saxtakarlıq əlamətlərinin iddiaçının əməli ilə heç bir əlaqəsi yoxdur və onun iradəsindən asılı olmamışdır. Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət əməlinin olmadığı, avtomobilin özü və quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən hallar aşkar olunmadığı müəyyən edilmişdir, yəni iddiaçı vicdanlı alıcı hesab edilməklə əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yəni bu əməldə iddiaçı tərəfindən edilmiş heç bir qanun pozuntusu, saxtakarlıq olmadığına görə iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur və pozulmağa da davam edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini aşağıdakı şəkildə bildirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: -27-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; -27-ci maddəsinin V hissəsinə əsasən, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -27-ci maddəsinin V-İİ hissəsinə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. -27-ci maddəsinin Vİ hissəsinə əsasən, Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. -27-ci maddəsinin XV hissəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, inzibati işin araşdırılmış hallarından müəyyən edilir ki, “Range Rover” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı, ban: SALLMAME4CA392464 nömrəli, 2012-ci il buraxılışlı avtomobil iddiaçıya məxsus olmaqla, iddiaçı həmin avtomobili 2012-ci ildə salondan, yəni "xxxx" MMC-dən almışdır. Avtomobil ilk dəfə olaraq iddiaçının adına qeydiyyata alınmaqla ona **-VM-*** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin vaxtdan etibarən iddiaçı maneəsiz şəkildə avtomobili idarə etmiş, sonuncu dəfə 2022-ci ildə avtomobilin təkrar qeydiyyatının aparılması üçün onu BDYPİ-yə təqdim etmişdir. Orada avtomobilə baxış keçirilmiş, baxış keçirilərkən avtomobilin ban nömrəsinin qeyri-zavod, kustar üsulu ilə vurulması müəyyən edilərək qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “RANGE ROVER” markalı, 10-VM700 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri-zavod usulu ilə vurulması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yot Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Birinci instansiya məhkəməsi də eyni əsasla, yəni mübahisə predmeti olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində ban nömrəsinin hərf və rəqəm göstəricilərinin kustar üsulla vurulmasına, bu halın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17 noyabr 2022-ci il tarixli, 22/1124a nömrəli tədqiqat haqqında arayışında göstərilməsinə və iddiaçı tərəfindən də təkzib edilməməsinə istinad edərək hesab etmişdir ki, iddia rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, “RANGE ROVER” minik markalı 10- VM-700 dövlət qeydiyyat nişanlı, universal tipli SALLMAMF4CA392464 ban nömrəli, qara m. rəngli 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsi ilə bağlı aparılmış araşdırmaya dair qərarın surətinin BDYPİ-nə göndərilməsi qərara alınmış, qərardan şikayət etmək, həmçinin məhkəməyə müraciət etmək hüquqları İddiaçı izah edilmişdir. Göründüyü kimi Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət əməlinin olmadığı, avtomobilin özü və quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən hallar aşkar olunmadığı müəyyən edilmişdir, yəni iddiaçı vicdanlı alıcı hesab edilməklə əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iddiaçının “RANGE ROVER” minik markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan universal tipli SALLMAMF4CA392464 ban nömrələrinin kənar müdaxilə nəticəsində pozulub-pozulmaması, həmçinin qeyri-zavod üsulu ilə vurulması iddia edilən ban nömrəsinin digərləri ilə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi üçün iş üzrə trasoloji ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 3-16-16/2-3/1946 nömrəli ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, nömrə əks edilmiş sahənin səthi müvafiq vasitələrlə sürtülüb təmizləndi və oradakı rəqəmlər lupa vasitəsilə tədqiq edildi. Bu zaman müəyyən oldundu ki, VİN nömrəsini bildirən hərf və rəqəmlər səliqəli həkk olunmuşdur. Təqdim edilən nəqliyyat vasitəsinin VİN nömrəsi həkk olunmuş sahəyə maqnitləşdirilmiş lent qoyularaq nömrə nişanlarının əksi götürüldü və «Regula 7505» markalı qurğudan istifadə edilərək tədqiq olundu. Bu zaman müəyyən oldu ki, həmin rəqəmlərin aşağı və yuxarı sonluqları bir düz xətt üzrə yerləşir, onlar arasında məsafə bərabərdir, rəqəmlər bir-birinə uyğun gəlir. Təqdim edilmiş nəqliyyat vasitəsinin VİN nömrəsində olan hərf və rəqəmlər üzərində dəyişiklik olub-olmamasını, olubsa əvvəlki nömrələrin bərpa edilməsi üçün həmin sahələrdə fiziki-kimyəvi üsullarla tədqiqat aparıldı. Tədqiqat prosesində həkk edilmiş hərf və rəqəmlərin səthində yə ya kənarlarında hər hansı başqa hərf və ya rəqəmə məxsus iz, yaxud relyef konturu aşkar edilmədi. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş “Range Rover” markalı avtomobilin «SALLMAMF4CA392464» məzmunlu nəqliyyat vasitəsinin identifikasiya nömrəsi (VİN nömrəsi) zavod üsulu ilə həkk olunmuşdur və düzəliş, pozulma, dəyişdirilmə aparılmamışdır. Beləliklə, ekspert rəyi ilə mübahisə predmeti olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində ban nömrəsinin hərf və rəqəm göstəricilərinin kustar üsulla deyil, zavod üsulu ilə həkk olunması və düzəliş, pozulma, dəyişdirilmə aparılmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və ekspertin rəy üzrə gəldiyi nəticəni işin hallarına uyğun hesab edir. Belə olan halda Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh tərəfin iddiaçıya məxsus “Range Rover” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinası əsassız olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8688/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8688/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus “Range Rover” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh AR Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar