Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-237/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4218/2024 saylı 16 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında 08-3M-1H nömrəli müqavilə bağlanmışdır. Həmin tarixli ödəniş tapşırığı ilə ödənilmiş əsas məbləğ 46466,10 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə ödənilmiş 8363,90 manat ƏDV məbləği ümumi sahəsi 54,83 kv.m. olan 1H bloklu, 3-cü mərtəbə 08 saylı mənzilə görə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" MMC-nin direktorunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 90 nömrəli “30” Sentyabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli BPM**********97 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş əsas məbləği 46466.10 manat, xx.xx.2023-cü il tarixili N01 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 8363.90 manat ƏDV məbləği ümumi sahəsi 54.83 kv/m olan 1H bloku 3-cü mərtəbə 08 saylı mənzilə görə İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2023-cü ildə bağlanılan 08-3M-1H nömrəli müqaviləyə əsasən köçürülmüşdür. İddiaçı aldığı həmin mənzilin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Təsdiq edilmiş qaydaların 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2023-cü il tarixli bank ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan və müvafiq sənədlər 10 (on) iş günü ərzində tam təqdim edildikdən sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.” Azərbaycan Beynəlxalq Bankının (ABB) Gənclik filalı tərəfindən 2635 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilərək bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində 2060PX********** referenslə İddiaçı hesabından köçürülmüş 8363.90 AZN vəsaitin ödəniş tapşırığının təyinatına “YT**********34 (xx.xx.2023) E-qaimə” nömrəsini əlavə kimi qəbul edəsiniz. Bundan sonra iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir.” Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ədv məbləğindən qaytarılacaq olan 2.509,17 manat məbləğin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ədv məbləğindən qaytarılacaq olan 2.509,17 manat məbləğin qaytarılması barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına) ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında 08-3M-1H nömrəli müqavilə bağlanmışdır. Həmin tarixli ödəniş tapşırığı ilə ödənilmiş əsas məbləğ 46466,10 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə ödənilmiş 8363,90 manat ƏDV məbləği ümumi sahəsi 54,83 kv.m. olan 1H bloklu, 3-cü mərtəbə 08 saylı mənzilə görə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh bildirmişdir ki, bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməmişdir. Həmin məktubu aldıqdan sonra Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına müraciət etmişdir. Bank elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin göstərildiyi məktubla cavabdehə müraciət etsə də, imtina təkrarlanmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd olunmalı halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı bank ödəniş sənədlərinin təyinatında elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. Həmin məlumatların göstərilməsi Qaydaya əsasən ƏDVnin qaytarılması barədə müraciətin məcburi rekvizitlərindəndir. Həmin eyniləşdirmə məlumatları olmadıqda ƏDV-nin qaytarılması nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. ƏDV-nin qaytarılması qayda və şərtlərinə zidd müraciətin olması isə ƏDV qaytarılmasını istisna edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4218/2024 saylı 16 may 2024-cü il tarixli qərarı ilə iddia təmin olunaraq, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği (2.509,17 manat) barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına) ötürülməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı bank ödəniş sənədlərinin təyinatında elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. Belə ki, həmin məlumatların göstərilməsi Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının (bundan sonra - Qayda) 5.2-ci bəndinə əsasən ƏDV-nin qaytarılması barədə müraciətin məcburi rekvizitlərindəndir. Həmin eyniləşdirmə məlumatları olmadıqda ƏDV-nin qaytarılması nəzərdə tutulmamışdır. Qaydaya əsasən, bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd olunmalı halda, alıcı tərəfindən bank ödəniş sənədlərinin təyinatında düzgün qeyd edilmədiyi müəyyən edilmişdir. Məhkəmə qərarında qeyd edir ki, iddiaçı Qaydaların tələblərinə əsaslanaraq portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh Qaydaların 5.2-ci bəndinin tələblərinin pozulmasına, yəni bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilməməsinə istinad etmişdir. Həmçinin məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, bu hal, iddiaçının məsuliyyət sferasına aid olmamaqla imtina üçün əsas deyildir. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb. Ölkədə tətbiq olunan “ƏDV geri al" layihəsi uğurla tətbiq edilməsində əsas məqsəd iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atmaq olub. ƏDVnin qaytarılması və bununla əlaqədar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin digər əsas məqsədi “kölgə iqtisadiyyatının əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır. Lakin təəssüflər olsun ki, belə uğurlu bir layihənin həyata keçirilməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”nın tələblərini pozaraq onlara edilmiş güzəştdən sui-istifadə edirlər. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-4218/2024 nömrəli qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ədv məbləğindən qaytarılacaq olan 2.509,17 manat məbləğin qaytarılması barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına) ötürülməsi” barədədir. İddiaçı bu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbini təmin etməmişdir. Həmin imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” Şərtləri və Qaydasının: 1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; - 2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1.1-ci bəndinə əsasən Operator bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3-cü bəndinə əsasən Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4.-cü bəndinə əsasən Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7-ci bəndinə əsasən müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8.-ci bəndinə əsasən Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında 08-3M-1H nömrəli müqavilə bağlanmışdır. Həmin tarixli ödəniş tapşırığı ilə ödənilmiş əsas məbləğ 46466,10 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə ödənilmiş 8363,90 manat ƏDV məbləği ümumi sahəsi 54,83 kv.m. olan 1H bloklu, 3-cü mərtəbə 08 saylı mənzilə görə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İddiaçı aldığı həmin mənzilin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, xx.xx.2023-cü il tarixli bank ödəniş sənədlərinin “Ödənişin təyinatı və əsas” bölməsində satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. İddiaçı həmin qüsurları aradan qaldıraraq təkrar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir.” Məhkəmə kollegiyası cavabdehin verdiyi imtinanın əsaslı olub-olmadığını yoxlayarkən əvvəla onu qeyd edir ki, yaşayış sahəsi adı çəkilən Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra əldə edildiyindən hazırki mübahisəyə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Lakin bu zaman alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi üçün də imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı yuxarıda qeyd olunan normanın tələblərinə əməl edərək mənzilin dəyərini və onun ƏDV-sini ayrı-ayrılıqda ödəmişdir. Nəzərə alınmalıdır ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə əsasən ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Hazırki işdə mübahisə onunla bağlıdır ki, iddiaçı tərəfindən ödəniş sənədində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməmişdir. Bu dəlil cavabdehin imtinasının əsasını təşkil edir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) Gənclik filalı vergi orqanına 2635 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərərək xx.xx.2023-cü il tarixində 2060PX********** referenslə İddiaçı hesabından köçürülmüş 8363.90 AZN vəsaitin ödəniş tapşırığının təyinatına “YT**********34 (xx.xx.2023) E-qaimə” nömrəsinin əlavə kimi qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan bankın həmin məktubunu nəzərə almamış və iddiaçının tələbini yenidən təmin etməmişdir. Beləliklə, cavabdeh xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlarla iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.2-ci bəndinin tələblərinin pozulmasına, yəni bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinada qeyd etdiyi dəlillər iddiaçının məsuliyyət dairəsinə düşmədiyindən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən nağdsız qaydada alınmış yaşayış sahəsinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği (2.509,17 manat) barədə məlumatı müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Gənclik filialına) ötürülməlidir. Məhkəmə kollegiya işə birinci instansiya qaydasında baxmış məhkəmənin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əldə etdiyi daşınmaz əmlaka görə həm onun ödənişinin, həm də adv-sinin ödənildiyi mübahisəsizdir. İddiaçının ədv-nin ona qaytarılması ilə bağlı etdiyi müraciətinə əlavə olunan ödəniş sənədlərində müvafiq rekvizitlərin tam göstərilməməsi əslində cavabdeh qurumun inzibati icraat çərçivəsində göstərdiyi “yardım”la aradan qaldırıla bilərdi və bu halın mövcudluğu özü-özlüyündə iddiaçının tələbinin təmin olunmasından imtina üçün yetərli səbəb kimi çıxış edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 30.4-cü maddəsinə əsasən ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir. İş materiallarından cavabdeh inzibati orqan tərəfindən nə belə bir yardımın göstərilməsi, nə də ki izaholunma görünmür. Əksinə, iddiaçının təşəbbüsü ilə ödənişlərin həyata keçirildiyi Azərbaycan Beynəlxalq Bankının Gənclik filialının vergi orqanına göndərdiyi müvafiq aydınlaşdırıcı məktuba baxmayaraq iddiaçının tələbi yekunda yenə də cavabdeh orqan tərəfindən formal səbəblərdən təmin edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən ədv-nin ayrıca ödənilməsi sübut olunduğundan həmin ədv-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi ilə bağlı tələb də əsaslıdır. Kollegiya hesab edir ki, cavabdeh orqan həmin öhdəliyi yerinə yetirməkdən imtina edərkən öz vəzifələrinin icrasından yayınmış və iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçının tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4218/2024 saylı 16 may 2024-cü il tarix qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4218/2024 saylı 16 may 2024-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-237/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-237/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver