Məhkəmə qərarları › İş №2-1(103)-2370/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2370/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2370/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X28 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “məktubun qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4478/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məktubun qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirmişdir. Artıq 30 ilə yaxındır ki, Bakıda yaşayır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etmişdir. Sonradan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə sənədlərin təqdim edilməsi tövsiyyə edilir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə hüquq əhəmiyyəti olan faktın tanınması barədə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8295/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi iə xx.xx.1992-ci ildə Bakı şəhərində doğulması faktı təsdiq edilmişdir. Dövlət Miqrasiya Xidməti cavab verərək bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Hesab edir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş cavab qanunsuzdur və onun Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır. 1991-ci ilin dekabr ayında Sovet ittifaqı dağılmışdır. Azərbaycan Respublikası müstəqilliyini elan edəndən sonra bir çox qanunlar qəbul edilmişdir. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilmişdir. Konstitusiyada əsas insan hüquqları və azadlıqları öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilmişdir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi balılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun qəbul edilir. Həmin Qanunun 1-ci maddəsi Konstitusiyanın 52-ci maddəsində göstərilmiş müddəaları təkrarlamışdır. Vətəndaşlıq əldə etmə prinsipi doğulduğu yerlə müəyyən edilir və valideynlərin vətəndaşlığı ilə əlaqəli deyil. Torpağın hüququ ilə (lat.Jus soli)-uşaq doğulduğu dövlətin vətəndaşlığını alır. Doğum şəhadətnaməsi praktiki olaraq vətəndaşlıq verilməsində zəmanət verir. Qanunun 11-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşı hesab edilir. Bu faktı Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2015-ci il tarixli qətnaməsi və 3 saylı Klinik Xəstəxanası tərəfindən verilmiş arayış təsdiq edir. Həmin qanunun o zaman qüvvədə olmuş 6-cı maddəsinin 1-ci bədində göstərilmişdir ki, Azərbayan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdən biri doğum haqqında şəhadətnamədir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.” Qeyd edir ki, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli qanuna əsasən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi, “Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır.” Azərbaycan Respblikası Konstitusiyasının 151-ci və “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə əvvəllər qəbul edilərək qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar arasında ziddiyyətin yaranması normativ-hüquqi aktın hüquqi qüvvəinin itirilmə hallarından biridir. Məlumdur ki, normativ-hüquqi aktların hüquqi qüvvəsi onların qüvvəyə mindiyi vaxtdan başlayır. Bu o deməkdir ki, normativ-hüquqi aktın geriyə qüvvəsi yoxdur, yəni akt qüvvəyə mindiyi dövrdən əvvəl yaranmış münasibətlərə şamil edilmir. Başqa sözlə, onun qüvvəyə minməsinə qədər edilmiş əməllərə tətbiq olnmur. Normativ-hüquqi aktların geriyə qüvvəsi ümumi qaydaya çevrilsəydi, onun hansı vaxtdan qüvvəyə minməsi öz əhəmiyyətini itirərdi. Lakin, bəzi hallarda normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Yəni Müvafiq normativ-hüquqi akt onun qüvvəyə minməsinə qədər edilmiş əməllərə tətbiq olunur. Qanunun geriyə qüvvəsinin müstəsna hallarda mümkünlüyü normativ-hüquqi aktların mətnində göstərilir. Azərbaycan Respublikasında qanunun geriyə qüvvəsinin hansı hallarda mümkün olduğunu birinci növbədə Azərbaycan Respublikası Konstitusiyası müəyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hisəsində belə deyilir: Fiziki və hüquqi şəxslər hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hüquq mübahisələrində Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəaları tətbiq edilərkən hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil olunub-olunmaması məsələsi qüvvədə olan normativ hüquqi aktların müddəaları və onların rəsmi təfsiri nəzərə alınmaqla yanaşı, mübahisənin prdmetindən və işin faktiki hallarından asılı olaraq həll edilməlidir. O halda ki, o, 1992-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdursa, 2014-cü ildə yeni redaksiyada verilmiş qanunun 12.1-ci maddəsi ona heç bir adiyyatı yoxdur. 1998-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi ilə tənzimlənir. Əlavə olaraq “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi qeydiyyat şərti tələb etməklə və belə məcburi şərtlərin müəyyən edilməsi heç bir məntiqə uyğun deyildir. Faktiki olaraq Azərbaycan Respublikası Konstitusiyasının 52, 71, 149-cu maddələrinin şərtləri ilə uyğunlaşmayan, həmin insanlar üçün qeydiyyata görə hüququn məhdudlaşdırılması deməkdir, çünki yuxarıda qeyd olunan konstitusiya müddəalarının mənasına görə, qanunverici tərəfindən şərtlərin ifadə olunması elə həyata keçirilməlidir ki, bununla vətəndaşların qanuna və dövlətin hərəkətlərinə etibarı saxlanmış olsun ki, bu da hüquqi idarəetmənin ağlabatan sabitliyi və qanunların özbaşına qəbulunun yolverilməzliyini nəzərdə tutur. Cavabdeh iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddianın heç bir hüquqi əsasının olmadığı, bu səbəbdən də, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası vətəndaşlarına verilən sənəddir. Şəxsin Azərbaycan Respublikası vətəndaşı olması məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə iddiaçıya xx.xx.2021-ci il tarixli arayış təqdim edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Qeyd olunan qanunun müddəasından görünür ki, burada xüsusi norma hər iki valideyni əcnəbi olanların uşaqlarına münasibətdə tətbiq edilir. Ona görə də, bu baxımdan iddiaçının uşağının Azərbaycan Respublikasının vətəndaşı kimi hesab edilməsi mümkün deyil. İddiaçı doğularkən onun valideyninə münasibətdə isə açıq görünür ki, valideyni X2 Respublikasının vətəndaşıdır və o, vətəndaşı olduğu ölkənin pasportuna sahibdir (pasportun surəti etiraza əlavə olunur, digər valideyni X15 münasibətdə isə onun barəsində İAMAS sistemi üzrə heç bir məlumat aşkar edilməmişdir). O cümlədən, sözügedən ölkənin (Gürcüstan Respublikasının) vətəndaşlığı haqqında qanuna görə uşağın valideynlərindən biri həmin ölkənin vətəndaşlığına malikdirsə, uşağın harada doğulmasından asılı omayaraq o, həmin ölkənin vətəndaşı sayılır. İddiaçı vətəndaşlıq məsələsi ilə bağlı ilk növbədə yuxarıda göstərilən ölkənin səfirliyinə müraciət etməlidir. Həmin ölkənin vətəndaşlığını əldə etdikdən sonra, iddiaçı Azərbaycan Respublikasının ərazisində övladının yaşamasını leqallaşdıra bilər. Bundan sonra, iddiaçı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasının ərazisində azı 2 il müvəqqəti və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə əsasən beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadıqdan sonra öz vəsaiti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı müraciət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamədə göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə əsasən vətəndaşlıq məsələlərinin həll edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir (Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 106 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası” yaradılmışdır). Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4478/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4478/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8295/2015 nömrəli, 21 avqust 2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X11 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktının müəyyən eilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X8 faktiki nikahından xx xxxx 1992-ci il tarixdə Bakı şəhər Səhiyyə İdarəsinin 3 saylı şəhər Klinik Xəstəxanasında bir oğlan uşağı doğmuşdur. Müəyyən səbəblərdən uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. X12 adlandırmışdır. Ərizəçinin oğlu Bakı şəhər Səhiyyə İdarəsinin 3 saylı Klinik Xəstəxanasında verilmiş doğum arayışı əsasında 1999-cu ildə Bakı şəhəri üzrə Təhsil İdarəsi C.Məmmədov adına 15 nömrəli orta məktəbinin birinci sinfinə daxil olmuşdur. Həmin məktəb tərəfindən oğluna 2008-ci ildə əsas təhsil haqqında şəhadətnamə, 2010-cu ildə isə həmin məktəb tərəfindən orta təhsil haqqında attestat verilmişdir. Orta məktəbi qurtardıqdan sonra oğlu Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən tibbi komissiyadan keçirilmiş, hərbi xidmətə yararlı hesab edilmiş və xx.xx.2008-ci ildə də, hərbi uçota alınmışdır. Hal-hazırda isə oğlu şəxsiyyət vəsiqəsi olmadığından hərbi xidmətə gedə bilmir. Bunun üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Polis Şöbəsinə müraciət etdikdə isə, oradan şəxsiyyət vəsiqəsinin doğum haqqında şəhadətnamə əsasında verilməsi bildirilmişdir. Doğum haqqında şəhadətnamə alınması üçün isə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən doğum faktının müəyyən edilməsinin zəruri olduğu və bunun üçün isə məhkəmyə müraicət edilməsi tövsiyyə edilmişdir. Sözügedən qətnaməyə əsasən ərizə təmin edilmiş, X4 xx.xx.1992-ci il tarixdə Bakı şəhərndə bir oğlan uşağı doğması faktı müəyyən edilmişdir. Faktın müəyyən edilməsi doğumun qeydə alınması üçün əsas hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixi, K/İ-1128 nömrəli məktubdan görünür ki, O.İmanovun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2021-ci ildə daxil olmuş və Y-2970/3719/ə daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2019cu il tarixli, 73394/m nömrəli sorğusu əsasında vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayış tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ seriyalı, ******* nömrəli “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamq üçün icazə vəsiqəsi”nin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X14 Respublikasının vətəndaşıdır. Onun yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsi, dalan 1, ev 1, mənzil 4. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 2015-05/15 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, İddiaçı X27, atası X19. Doğum haqqında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixli, 42-B saylı akt qeydi tərtib edilmişdir. Valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 676333 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X19, ana qrafasında Yaqubova Ərkinaz göstərilmişdir. Bakı şəhəri C.Məmmədyarov adına 155 nömrəli tam orta məktəb tərəfindən verilmiş B seriyalı, 682311 nömrəli orta təhsil haqqında attestatın surətindən görünür ki, 1992-ci ildə anadan olmuş X29 2010-cu ildə Bakı şəhəri C.Məmmədyarov adına 155 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, K/Y1917 nömrəli məktubdan görünür ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2018-ci ildə daxil olmuş və Y-2077 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə olunmuş müvafiq ərizəanket nümunəsinə uyğun şəkildə tərtib olunaraq Dövlət Miqrasiya Xidmətinə təqdim olunması vacibdir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar şəxs tərəfindən verilən ərizə-anket nümunəsi və həmin ərizə-anketə əlavə edilən sənədlərin siyahısı ünvanlarına göndərilmişdir. Notarial qaydada təsdiq edilmiş ünvan 1 ünvanında qeydiyyatda olan X13, Zəngilan rayonu, Ördəkli kəndində qeydiyyatda olan X24 və ünvan 3 ünvanında qeydiyyatda olan X20 tərəfindən verilmiş **********287 nömrəli ərizədən görünür ki, X29 həqiqətən də Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” 13 mart 2019-cu il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, 12 mart 1992-ci il təvəllüdlü X21 73394/m nömrəli, 07 mart 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 21077/m nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daxil olmuş “Azərbaycan Respublikası vətəndaşının mənsubiyyətinin müəyyənləşdirilməsi barədə” ərizə-anketin surətindən görünür ki, ərizəanketdə aşağıdakı məlumatlar öz əksini tapmışdır – soyad, ad, ata adı: İddiaçı; doğum tarixi: xx xxxx 1992-ci il; doğulduğu yer: Bakı şəhəri; milliyyəti Azərbaycanlı; şəxsiyyəti təsdiq edən sənədin növü: doğum haqqında şəhadətnamə; seriya və nömrəsi: AZ-İİİ 676333; verilmə tarixi xx.xx.2015; anası: X9, atası: haqqında heç bir məlumat yoxdur; yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan: Sabunçu rayonu, A.Əsədullayev küçəsi, ev 1, dalan 1, mənzil 4. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Tərcümeyi-haldan görünür ki, İddiaçı xx.xx.1992ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. Orta təhsillidir. Sabunçu 155 nömrəli orta məktdə təhsil almışdır. Atası haqqında heç bir məlumat yoxdur. Anası X1 Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli arayışın surətindən görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı 210277/m nömrəli, 27 sentyabr 2021-ci il tarixli müraciətinə baxılmış və o “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab edilməmişdir. Kollegiya qeyd edir ki, mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir . Göründüyü kimi, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının anası X2 Respublikasının vətəndaşıdır və vətəndaşı olduğu ölkənin pasportuna sahibdir. İddiaçının atası doğum akt qeydində anasının göstərişinə əsasən Yaqubov (İmanov) Oruc İsmayıl oğlu kimi yazılmışdır. İddiaçının atası qismində göstərilən şəxsin şəxsiyyəti barəsində isə istər məhkəmə araşdırması zamanı “AZEMiS” Elektron Məhkəmə Sistemində şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən, istərsə də, inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı İAMAS sistemi üzərindən heç bir məlumat aşkar edilməmişdir. Lakin, iş üzrə cavabdeh DMX tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman məlum olmuşdur ki, iddiaçının hər iki valideyni əcnəbi olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4478/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar