Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2370/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasının əsassız hesab edilməsi, qiymətləndirilməsi tarixindən orqanizmin funksiyasının 61-80 faiz arasında müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, qərarın ləğv edilməsi və ikinci qrup hərbi xidmət əlili kimi pensiya təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Qərbi Azərbaycanın Sisian rayonunda doğulmuşdur. 1994-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə aldığı və xx.xx.1998-ci il tarixdə Müdafiə Nazirliyi Hərbi Klinik Hospitalında ambulator müayinə olunduğu xəstəlik - diaqnoz “sol böyrəyin daşı, xroniki pielonefrit xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Bununla bağlı 2013-cü il tarixdə hərbi xidmət dövründə alındığı 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Təyin edilmiş pensiya 2021-ci ilin noyabr ayından sonra dayandırılmış və yenidən müayinə olunmuşdur. Yenidən müayinə olunduqda 3-cü mərhələli xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuş və müvafiq tibbi sənədlər Komissiyaya göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1.4-cü bəndinə əsasən xroniki böyrək çatışmazlığı əlilliyin təyin edilməsinə imkan verdiyi halda təyin edilməmişdir. Müayinə üzrə tibbi sənədlər əsasında hərbi xidmət dövründə 2-ci qrup üzrə əlilliyə görə pensiya təyin olunmalı olduğu halda cavabdeh orqan tərəfindən imtina edilmiş və mobil nömrəsinə xx.xx.2022-ci il tarixli mesaj göndərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasının əsassız hesab edilməsi və qiymətləndirilməsi tarixindən orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 37 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xroniki pielonefrit. Nefrogen hipertoniya. Anemiya. XBÇ İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xr pielonefrit. Nefrogen hipertoniya. Xr böyrək çatmamazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X1: XİV Sinif – Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.Xroniki böyrək xəstəliyi V mərhələ.Xr.böyrək çatmamazlığı İİ mərhələ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.XBÇ İİ mərhələ." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 – Böyrək və sidik axarı daşları => N20.0 – Böyrək daşları; Diaqnozun mətni – Böyrək daşı xəstəliyi. Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. Xroniki böyrək xəstəliyi V mərhələ. Xr.böyrək çatışmazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Böyrək daşı xəstəliyi . Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. XBÇ İİ mərhələ” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri X5 01 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1”: XİV sinif – sidik – cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 – Böyrək daşları: Diaqnozun mətni: Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin – İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. Tibbi-Sosial Ekspert Komissiyasının sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, Tibbi-Sosial Ekspert Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 04 saylı Mənzil İstismar Sahəsi tərəfindən İddiaçı təqdim olunmuş 61 saylı 25 iyul 2022-ci il tarixli arayışa əsasən, o, həqiqətən 04 saylı Mənzil İstismar Hissəsinin ərazisində yerləşən C.Hacıbəyli küçəsi 26 saylı ev ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyasının **********5 saylı 07 iyul 2022-ci il tarixli qərarına əsasən Bakı şəhər sakini, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 380 saylı qərar verilmişdir. Həmin Qərarda “Sol böyrəyin daşı. Xroniki pielonefrit.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi və “Sol gözün buynuz qişasının infeksiyalaşmış yad cismi. Sol əlin İİ dərəcəli elektrik yanığı. Yanıqdan sonrakı allergik reaksiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri bel nahiyəsində ağrılardan, iştahasızlıqdan, ürək bulanmadan, başgicəllənmədən, ümumi zəiflikdəndir. Obyektiv müayinədə düzgün bədən quruluşludur. Dəri və selikli qişaları təmiz, adi rəngdədir. Dərialtı piy təbəqəsi kafi inkişaf etmişdir. Sümük-əzələ sistemində gözlə görünən patologiya yoxdur. Aşağı ətraflarda ödem və üz nahiyəsində pastozluq izlənilmir. SpO2-95%-dir. Tənəffüs aktında döş qəfəsinin hər iki yarısı bərabər səviyyədə inkişaf edir. Perkussiya zamanı ağciyərlərin üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Tənəffüs hərəkətlərin sayı dəqiqədə 18-dir. Nəbzi dolğundur, dəqiqədə 88 vurğudur. Ürək tonları aydındır. A/T 150/80 mm.c.st. Dili nəm, təmizdir. Palpasiyada qarnı yumşaq, ağrısızdır, qaraciyər və dalaq böyüməmişdir. Pasternatski simptomu zəif müsbətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli biokimyəvi laborator müayinədə kreatinin miqdarı -96 mkmol/l olmuşdur. Anamnestik məlumatlarda, obyektiv və laborator müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir (31-ci bənd). Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu” diaqnozu ilə qiymətləndirilmişdir. Əlillik altsistemdən çıxarışa əsasən iddiaçıya ilk dəfə əlillik xx.xx.2013-cü il tarixdə təyin edilmişdir, sonuncu dəfə əlillik vəziyyətinə X6 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası (səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) ilə əlilliyin təyinindən imtina edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(112)-1791/2023 saylı qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə, sonuncu dəfə müayinə olunarkən göndərişdə qeyd edilən əsas diaqnozun (böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları) və ağırlaşmaları (Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ) mövcud olmuşdur. Lakin cavabdeh tərəfindən diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə əlilliyin müəyyən edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı müaviq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, Forma 88 arayışı və T51/2023 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6–cı maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz – böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları; ağırlaşmaları – ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri) göstərilmişdir və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olması və Forma 88 arayışına və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur. İddiaçının göndərişdə qeyd edilən əsas diaqnozun (böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları) və ağırlaşmaları (Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən (sonuncu müayinə xx.xx.2022-ci il) də mövcud olmuş, lakin, buna baxmayaraq, (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmənin həmin qərarı ilə razılaşmayaraq onu mübahisələndirir ki, Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qiymətləndirmə qanunvericiliyə uyğun aparılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçıya ilkin olaraq ikinci dərəcə əlillik xx.xx.2013-cü il tarixdə bir il müddətinə təyin edilmişdir, təkrar əlillik xx.xx.2014-cü il tarixdə 01 il müddətinə, xx.xx.2015-ci il tarixdə 01 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 05 il müddətinə təyin edilmişdir X6 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına verilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndərişin №-si 2709003AADUS, tarixi xx.xx.2022-ci il) o, xx.xx.2013-cü il tarixdən X6 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1998-ci il tarixdən (xroniki) müəyyən edilmişdir. A) Əsas diaqnoz – N20.0 Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. B) Ağırlaşma – N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ XBÇ İİİ mərhələ. M42. Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu. C) Yanaşı xəstəliklər: 125.1 Ürəyin aterosklerotik xəstəliyi ÜİX. Aterosklerotik kardioskleroz. M42 Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin T51/2023 saylı ekspert rəyi ilə müəyyən edilir ki, 1961-ci il təvəllüdlü İddiaçı tibbi sənədlərinə əsasən, o, hazırda “N20- Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. N18.3- Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mər. M42-onurğanın osteoxondrozu. Onurğanın yayılmış ostreoxondrozu, kökcük ağrı sindromu” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən xəstəliklərlə əlaqədar ehtiyac yarandığı hallarda, o, müalicəyə cəlb edilə bilər. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçının göndərişdə qeyd edilən əsas diaqnozun (böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları) və ağırlaşmaları (Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən (sonuncu müayinə xx.xx.2022-ci il) də mövcud olmuş, lakin, buna baxmayaraq, (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2370/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2370/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver