Məhkəmə qərarları › İş №2-1(103)-2370/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2370/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2370/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2562/2024 saylı, 14 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4 ünvanında yerləşən 1 saylı qeyri - yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə, 17 mərtəbəli müasir iş mərkəzində yerləşən A blok, 5-ci mərtəbə, 3 nömrəli qeyri-yaşayış sahəsini onunla "xxxx" Mənzil Tikinti Koorperativi arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli müqavilə əsasında əldə etmişdir. 03 oktyabr 2019-cu il tarixli "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı ilə qeyd olunan daşınmaz əmlakın dəyərinin onun tərəfindən ödənilməsi və MTK- ya heç bir borcunun olmadığı bildirilmişdir. Müvafiq qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə yazılı müraciət etsə də, müraciəti təmin edilməmiş və ona xx.xx.2023-cü il tarixli, **********11 qeydiyyat nömrəli imtina məktubu verilmişdir. Məktuba əsasən qeyd edilmişdir ki, binanın istismarına icazə sənədi idarəyə təqdim edilməmiş, eyni zamanda Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, qeyri- yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 184,2 m2, faktiki isə 169,7 m2 təşkil edir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmasına münasibətdə isə bildirir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A məhəlləsində yerləşən yaşayış binasınında yerləşən mənzillərin qeydiyyatı üçün müraciət zamanı İdarə tərəfindən bildirilmiş və məhkəmə tərəfindən imtina əsası kimi qiymət verilməmişdir. Bundan əlavə, “Babək- İnşaat” Mənzil Tikinti Koorperativi arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli müqavilə hüquq müəyyənedici sənəd kimi müəyyən edilməli və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün sənəd üzrə ölçüsündən az olmasının imtina kimi qeyd olunması isə İdarə tərəfindən göstərilmiş formal əsasdır. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə, 17 mərtəbəli müasir iş mərkəzində yerləşən A bloku, 5-ci mərtəbə, 3 nömrəli qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrlə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi sözügedən qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı və müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Qeyriyaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin binanın istismarına icazə sənədi İdarəyə təqdim edilməmiş, eyni zamanda Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Təqdim edilən "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilən müqavilə və maliyyə arayışı Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 1131 -ci məhəllə, 17 mərtəbəli müasir iş mərkəzinin A blok, 5-ci mərtəbə ünvanında yerləşən 3 nömrəli qeyri-yaşayış sahəsi ilə bağlı verilmişdir. Qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 184,2 kv. metr, faktiki isə 169,7 kv. metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2562/2024 saylı, 14 mart 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə, 17 mərtəbəli müasir iş mərkəzinin, A blokunda, 5-ci mərtəbədə yerləşən 169,7 kv. metrdən ibarət 3 nömrəli qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2562/2024 saylı, 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -"xxxx" MTK üzvlərinin xx.xx.2020-ci il tarixli yığıncağının 34 saylı protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı kooperativə üzv qəbul olunmaqla, "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında inşa etdiyi 17 mərtəbəli iş mərkəzi binasının A blokunun 5-ci mərətəbəsində yerləşən, ümumi sahəsi 184.2 kv.m olan 3 nömrəli qeyri-yaşayış sahəsi düşməsi təsdiq edilmiş, sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. -xx.xx.2019-cu il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, bu müqavilənin predmeti “MTK”nın müvafiq sənədləşmələrə əsasən ünvan 4 ünvanda tikintisi həyata keçirdiyi 17 mərtəbəli müasir iş mərkəzinin A Blok, 5-ci mərtəbə, 3 №-li, 184,2 kv.m qeyri-yaşayış sahəsindən ibarətdir (bənd 1). “MTK”-nın “Alıcı” ilə tikintisi razılşadırdığı sahə binanın A Blok 5-ci mərtəbə, 3 №-li, 184,2 kv.m qeyri- yaşayış sahəsi, çöl divarın yarısı, iç divarın tamamı olmaq şərti ilə Sahənin ümumi sahəsi 184,2 kv.m-dən ibarətdir. Sahə ümumi dəyəri 100 faiz olaraq “Alıcı” tərəfindən ödənilir (bənd 2). “MTK” aşağıdakıları öhdəsinə götürür: “Alıcı” Sahənin dəyərini tam ödədikdən snra Sahəyə giriş qapısından açarlarını ona təhvil vermək (bənd 3.1). -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MTK-da 17 mərtəbəli müasir iş mərkəzinin A Blok, 5-ci mərtəbə, 3 №-li, 184.2 kv.m sahəsi olan ofisin dəyərini tam ödəyib və onun "xxxx" MTK-ya heç bir borcu yoxdur. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2019 saylı, xx.xx.2023- cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: - 8(005)-173/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadın surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon icra və probasiya şöbəsinin icra məmuru Zaur Həmzəyev borclu "xxxx" MTK-nın mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə (AR İXM-nin 271-ci maddəsinə əsasən "xxxx" MTK-ya tətbiq olunmuş 6.500 manat məbləğində cərimə növündə inzibati tənbehin icrası ilə bağlı verilmiş icra sənədinin icrasının təmin olunması məqsədilə) təqdimatla məhkəməyə müraciət etmişdir. - 8(005)-173/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadla təqdimatın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2073/2018 nömrəli,17 oktyabr 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MTK- nın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. - 8(005)-175/2019 saylı xx.xx.2021-ci il tarixli qərardadla Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli 8(005)-173/2019 nömrəli qərardadda yol verilmiş yalnışlığın aradan qaldırılması, borclu "xxxx" MTK-nın mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Ələddin Quliyev küçəsində yerləşən torpaq sahəsinin sahəsi 0,012 ha kimi oxunması qərara alınmışdır. -DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********32 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Ə.Quliyev küçəsi ünvanında yerləşən Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023- cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 184,2 kv.m, faktiki sahəsi 169,7 kv.m; icazəsiz tikililər - X=404317; Y=4471501; Qeyri yaşayış sahəsi 17 mərtəbəli binanın 5-ci mərtəbəsinin bir hissəsində yerləşir. Faktiki vəziyyətə uyğun eskiz tərtib edilərək rəyə əlavə olunduğu qeyd olunmuşdur. -Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 3- 35- 2/2-486/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli müasir iş mərkəzinin istismara qəbul olunub-olunmamasına dair məlumatın, olduğu təqdirdə istismara qəbul aktının təsdiq edilmiş surətinin verilməsi barədə müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd ediləm məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. -İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********11 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən qeyri- yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Binanın istismarına icazə sənədi idarəyə təqdim edilməmiş, eyni zamanda Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 184,2 kv m., faktiki isə 169,7 kv. m təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MTK üzvlərinin xx.xx.2020-ci il tarixli yığıncağının 34 saylı protokolundan çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı kooperativə üzv qəbul olunmuş, MTK-nın Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında inşa etdiyi 17 mərtəbəli iş mərkəzi binasının A blokunun 5-ci mərətəbəsində yerləşən, ümumi sahəsi 184.2 kv.m olan 3 nömrəli qeyriyaşayış sahəsinin payçısı olması təsdiq edilmiş və həmin qeyri-yaşayış sahəsinin tam pay dəyəri ödənilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər imtinanın əsasları ilə eynilik təşkil edərək, aşağıdakılardan ibarətdir: 1) Binanın istismarına icazə sənədi idarəyə təqdim edilməmişdir; 2) Məhkəmə qərardadı ilə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur; 3) Bundan əlavə, qeyri-yaşayış sahəsinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. 4) Qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 184,2 kv. m, faktiki isə 169,7 kv. m təşkil edir. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından görünür ki, mübahisəli daşınmaz əmlakın aid olduğu binanın yerləşdiyi torpaq sahəsinin üzərinə məhkəmə qərardadı ilə həbsin qoyulmasına əsas "xxxx" MTK- ya AR İXM-nin 271-ci maddəsinə əsasən tətbiq olunmuş 6.500 manat məbləğində cərimə növündə inzibati tənbehin icrası ilə bağlı verilmiş icra sənədinin icrasının təmin olunması olmuşdur ki, qeyd olunan hal həmin binanın və ya binanın yerləşdiyi torpağın mübahisəli olması anlamına gəlmir. Mübahisəli qeyri-yaşayış sahəsinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsünün faktiki ölçüsü ilə fərqli olmasına gəldikdə isə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestri aparılan və daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirən zaman daşınmaz əmlakla bağlı inventarlaşdırma işlərini aparmaq (o cümlədən daşınmaz əmlakın sahəsini müəyyən etmək) və texniki sənədləri hazırlamaq cavabdeh orqanın vəzifələrinə aid edilmişdir. Binanın istismarına icazə sənədinin idarəyə təqdim edilməməsi əsasına gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən Çıxarış”lardan müəyyən edilmişdir ki, sözügedən binada digər ayrı-ayrı hüquqi şəxslərə məxsus qeyri - yaşayış sahələrinə dair xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan mənzilə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2562/2024 saylı, 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2562/2024 saylı, 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar