Məhkəmə qərarları › İş №2-1(103)-2371/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2371/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2371/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-4258/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H.Z.Tağıyev adına NQÇİ – nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən sahəsi 1.200 kv.m olan, 1/213 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-4258/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-4258/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə, müvafiq bağ sahəsi sənəd üzrə 1.200 kv.m olsa da, faktiki olaraq 1.124 kv.m-dir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri ilə mübahisəli torpaq sahəsinin faktiki sahəsinin 1.124 kv.m. olması hissəsində razıdır. İddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı apellyasiya şikayətində iddianın tam təmin olunmasını xahiş etdiyindən və cavabdeh həmin qərardan şikayət vermədiyindən məhkəmə kollegiyası qərarın qanuniliyini iddianın təmin olunmamış hissəsində yoxlayır. Məhkəmə kоllеgiyаsı işdə iştirak edən şəxsin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan: – H.Z.Tağğıyev adına NQÇİ-nin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının 16 dekabr 2003-cü il tarixli 18 №-li protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “Bahar” bağçılıq təsərrüfatının üzvü X3 ərizə ilə müraciət edərək, ona məxsus olan 1/213 saylı bağ sahəsində imkansızlıq üzündən heç bir abadlıq işləri görə bilmədiyi üçün onun adından çıxarılmasını xahiş etmiş, onun ərizəsi nəzərə alınaraq, Buzovna sahəsində X.Ə.Əzimova verilmiş 1/213 saylı bağ sahəsinin onun adından çıxarılması, adına yazılmış üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi və 1/213 saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilərək adına üzvlük kitabçasının açılması qərara alınmışdır; – Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2003-cü il tarixli ayrıc aktından görünür ki, Bakı şəhər XDS İK-nin 09.06.1988-ci il tarixli 6/325 saylı qərarı və 28.10.2003-cü il tarixli, 18/03-8/3584 saylı məktubu ilə Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun qərb hissəsində cizgidə göstərilən sərhədlər daxilində 1,0 hektar kollektiv bağçılıq-yoldaşlığa ayrılmış massivə əlavə torpaq sahəsi ayrılmışdır və ayrılmış torpaq sahəsinin cizgisi əlavə edilmişdir; – 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 06 noyabr 2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə müraciət edənə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır; – 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 26 yanvar 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə müraciət edənə bildirilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, torpaq sahəsi ilə bağlı 06 noyabr 2020-ci il tarixli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. – Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq: – Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 26 fevral 2021-ci il tarixli məktubu ilə, keçmiş Bakı şəhər XDS İKnin (indiki Bakı şəhər İcra Hakimiyyəti) arxiv fondu üzrə 09.06.1988-ci il tarixli, 6/325 saylı qərarının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. – 1 saylı Bakı Ərazi İdarəsinin 24 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X2 adı göstərilmişdir, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Sorğuyla əlaqədar olaraq həmin siyahıdan çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin siyahıda X2 adı qeyd olunmuşdur (№ 248). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısından da göründüyü kimi, mübahisə predmeti olan bağ sahəsi X2 adına ayrılmış, daha sonra üzvlərin iclasının protokolundan çıxarışa əsasən həmin bağ sahəsi İddiaçı adına keçirilmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının cavabdeh orqanda olmaması (ona təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış mövcuddur və qanunun müddəasına görə həmin çıxarış iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Ona görə də iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 1.200 kv.m olan 1/213 saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 1/213 saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə etməklə haqlı qərar qəbul etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısından da göründüyü kimi, mübahisə predmeti olan bağ sahəsi X2 adına ayrılmış, daha sonra üzvlərin iclasının protokolundan çıxarışa əsasən həmin bağ sahəsi İddiaçı adına keçirilmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının cavabdeh orqanda olmaması (ona təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Bir halda ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış mövcuddur və qanunun müddəasına görə həmin çıxarış iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi torpaq sahəsinin faktiki olaraq 1.200 kv.m deyil, 1124 kv.m olmasını nəzərə almamışdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri məhz, mübahisəli torpaq sahəsinin 1.124 kv.m olmasıdır. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mübahisəli torpaq sahəsinin faktiki 1.124 kv.m. olduğunu etiraf etmiş və iddia tələbinin məhz həmin hissədə təmin olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-4258/2021 saylı qərarı iddiaçının mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsünə münasibətdə dəyişdirilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 1.124 kv.m olan 1/213 saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(112)-4258/2021 saylı qərarı iddiaçının mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsünə münasibətdə dəyişdirilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 1.124 kv.m olan 1/213 saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar