Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2371/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 sentyabr 2020-ci il tarixli, **********748000 №li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində yanvar 2020 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəfindən xx.xx.2020-ci il tarixində yanvar 2020 vergi hesabatı dövrü üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı xx.xx.2020-ci il tarixli, **********297500 saylı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla kameral vergi yoxlaması aparılmasının mümkün olmadığı bildirilmiş, müvafiq sənədlər tələb olunmuşdur. Qeyd olunan sənədlərin təqdim edilməsinə baxmayaraq, əvəzləşdirmə üçün təqdim edilmiş elektron qaimə fakturalar (e- VHF) nəzərə alınmamış və əvəzləşdirmələr aparılmamışdır. Vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği çıxarılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında alınmış elektron qaimə fakturalar (elektron vergi hesab fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 105665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yarandığı göstərilmişdir. Halbuki təqdim olunmuş bəyannamə üzrə bütün məlumatlar sənədlərə əsaslanır və zəruri sənədlər də vergi orqanına təqdim edilmişdir. xx.xx.2020-ci il tarixində Bakı şəhəri LGBİ-yə məktubla müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə onun tərəfindən 2020-ci il yanvar ayı üçün ƏDV vergi bəyannaməsi təqdim edilmişdir. Sistemdə xəta mövcud olduğundan vergi bəyannaməsi üzrə hesablanmalı olan vergi məbləği artıq yaranmışdır. Həmin gün dəqiqləşmiş vergi bəyannaməsini göndərmək mümkün olmadığından xx.xx.2020-ci il tarixdə ƏDV vergi bəyannaməsinə dəqiqləşmə vermək mümkün olmuşdur. Buna baxmayaraq, 66.894,82 manat məbləğ təsdiqlənməmiş azalmada qalmışdır. Bununla əlaqədar vergi orqanına müraciət olunmuşdur. Ona cavab olaraq Vergi qanunvericiliyi əsasən 30 gün müddətində təsdiqlənməmiş azalmanın azaldılması nəzərdə tutulmuşdur. Lakin bu günə qədər təsdiqlənməmiş məbləğ hələ də onun şəxsi hesab vərəqəsində mövcuddur. xx.xx.2020-ci ildə **********002000 nömrəli kameral hesablama barədə qərara əsasən 5.378,08 manat məbləğ kameral hesablanmışdır. Sonra xx.xx.2020-ci il tarixində dəqiqləşmiş bəyannamə tərəflərindən vergi orqanına təqdim edilmişdir. Lakin yenə də vergi orqanı həmin təqdim etdiyi sənədləri nəzərə almamış və 10 sentyabr 2020- ci il tarixli, **********748000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı çıxarmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətlərin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri LGBİ-nin xx.xx.2021-ci il tarixli, **********521200 №li və xx.xx.2021ci il tarixli, **********899800 №li qərarlarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşin halları ilə bağlı bildirirlər ki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 105.665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********924100 nömrəli kameral uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 16655,62 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********748000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ilə əlavə dəyər vergisinə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar 1535402,57 manat, müvafiq olaraq əlavə dəyər vergisi 276372,46 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 105665,45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019,78 manat bəyan edilmişdir. Qeyd olunan bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsinə iddiaçı tərəfindən bəyan edilmiş Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş 105665.45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019.78 manat məbləğ öz təsdiqini tapmamışdır. Yuxarıda da qeyd etdiyimiz kimi iddiaçıya həmin məbləğlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi barədə müraciət edilsə də onun tərəfindən əvəzləşdirməyə əsas verən təsdiqedici hər hansı sənəd cavabdeh orqana təqdim edilməmişdir. Həmçinin iddia ərizəsi cavabdeh orqana daxil olduğu vaxtdan vergi ödəyicisinin bank hesablarına sorğular göndərilmiş ancaq banklar tərəfindən vergi ödəyicisinin bank məlumatları barədə çıxarışlar vergi orqanına təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qoşmaların siyahısına diqqət yetirdikdə məlum olur ki, iddiaçı mübahisələndirdiyi qərarın qanunsuz və əsassız olması ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İşin hallarının hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçı tərəfindən qeyd olunan məbləği əvəzləşdirməyə əsas olan sənədlər mütləq məhkəməyə təqdim edilməlidir. Əvəzləşdirməyə əsas verən təsdiqedici sənədlər təqdim edilmədiyi təqdirdə iddianın araşdırılması və mübahisələndirilən qərarın qanunsuz hesab edilməsi mümkün deyildir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Daha sonra cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli **********52700 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı (VÖEN **********) Bakı şəhəri LGBİ-yə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********748000 saylı qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsini xahiş etmişdir. İddia əsassız olduğundan rədd edilməlidir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində elektron qaiməfakturalar (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğu müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********908100 nömrəli və xx.xx.2021-ci il tarixli **********396400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığından 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi 52344.52 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 4928.27 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri X4 Departamenti tərəfindən verigi ödəyicisi kimi qeydə alınma barədə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 sentyabr 2020-ci il tarixli **********748000 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində 2020-ci il əlavə dəyər vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 259.716,84 manat kimi qeyd olunmuş; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində isə vergi və ya sığorta haqqına görə 276.372,46 manat müəyyən edilmiş və kameral yoxlama nəticəsində 16.655,62 manat əlavə vergi borcu (və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********002000, 20200501 №li qərar ləğv olunmuşdur. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2021-ci il tarixli **********521200 №li qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində yanvar 2019- cu il əlavə dəyər vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – -30209,87 manat kimi qeyd olunmuş; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 22.134.65 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində 52.344,52 manat vergi borcu (vergi borcu və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********827000, 20200316 №li qərar ləğv olunmuşdur. Qərarda bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat kimi aşağıdakılar qeyd olunmuşdur: Sair: Təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 306985,40 manat məbləğ rəsmiləşdirilmiş son xromometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (498249,57 manat) məbləğdən 191264,17 manat azdır. Elektron qaimə fakturalar əvvəlki ödəniş məbləğləri faktura məbləğlərindən böyükdür. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 avqust 2021-ci il tarixli **********899800 №li qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində yanvar 2020-ci il əlavə dəyər vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 260.159,02 manat kimi qeyd olunmuş; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 265.087.29 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində 4.928.27 manat əlavə vergi borcu (və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********748000, 20200911 №li qərar ləğv olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarlar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarları maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1.). Həmin qanuna əsasən yazılı inzibati aktın əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.2.). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3.). Cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarların qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannaməsində əksini tapmış dövriyyədən hesablanan ƏDV məbləği ilə əvəzləşdirilən ƏDV məbləğinin hansı səbəbdən düzgün bəyan edilməməsini və mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-2371/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2371/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver