Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2371/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4439/2023 saylı, 16 mart 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının əmək pensiyası təyin edilməsi barədə müraciətinə DSMF tərəfindən verilmiş imtinanın qanunsuz və əsassız sayılmasına və ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. 2020ci il 27 iyun tarixində yaşa görə (64.5 yaş) pensiya hüququ yaranmışdır. 1972-ci ildən 2014-cü ilədək müddətdə 42 il əmək (iş) stajına malik olmağına əsaslanaraq ona əmək pensiyasının təyin olunması üçün müvafiq orqana müraciət etmişdir. Müraciətinə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilən xx.xx.2020-ci il tarixli məktubda “pensiya təyin edilməsinin mümkün olmaması” göstərilərək qeyd olunmuşdur ki, iddiaçının ümumi iş stajı 19 il 4 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Bildirilir ki, № 87 əmək kitabçasında qeyd olunmuş “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi”ndə işlədiyi dövr araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1997-ci il tarixdən müəssisənin iş fəaliyyətinin azalması ilə əlaqədar olaraq müəssisə tərəfindən əmək haqqı ödənilməmişdir. Bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün müraciət edilməsi tövsiyə olunur. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ona pensiya təyin olunması üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Müvafiq inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 19 il 4 ay 22 gün sosial sığorta stajına malik olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi”ndəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruri hesab edilmiş və müvafiq inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Aktın nəticəsinə əsasən iddiaçının “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi”nə N 69 əmrə əsasən xx.xx.1993-cü il tarixdə işə qəbul edilməyi və N 27 əmrə əsasən xx.xx.2014-cü il tarixdən işdən azad edildiyi məlum olmuşdur. Həmçinin, xx.xx.1997-ci il tarixdən müəssisənin fəaliyyətinin azalması ilə əlaqədar olaraq işçilərə əməkhaqqı ödənilmədiyi qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsini “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin Əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Arxiv sənədlərinə əsasən, “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi” tərəfindən xx.xx.1997-ci il tarixdən müəssisənin fəaliyyətinin azalması ilə əlaqədar olaraq işçilərə əməkhaqqı ödənilmədiyi və əməkhaqqdan sosial sığorta haqlarının tutulmadığı üçün qanunvericiliyin tələblərinə görə yalnız əməkhaqqı aldığı dövrlər onun stajına daxil edilmişdir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün onun “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi”ndəki xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək əmək fəaliyyəti də sosial sığorta stajına daxil edilmir. Beləliklə, iddiaçının “Sabirabad Nəqliyyat (Avtobaza) ASC-dəki əmək fəaliyyətində mübahisələndirilən stajı cəmi 17 il 2 ay 13 gün, mübahisələndirilməyən stajı isə 19 il 4 ay 22 gündür. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikas Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericilikdə tələb olunan 25 il sosial sığorta stajına qarşı 19 il 4 ay 22 gün sosial sığorta stajına malik olduğundan inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4439/2023 saylı, 16 mart 2023-cü il il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona dair verilmiş etirazın dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək 9 il, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 8 il 2 ay 13 gün mübahisələndirilir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericilikdə tələb olunan 25 il sosial sığorta stajına qarşı 19 il 4 ay 22 gün sosial sığorta stajına malik olduğundan inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarının və hüquq normalarının qarşılıqlı təhlilindən də aydın olur ki, iddiaçıya münasibətdə tələb olunan minimum sosial sığorta stajı mövcud deyildir. Belə ki, iddiaçının sahib olduğu sosial sığorta stajı cəmi 19 il 04 ay 22 gün təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4439/2023 saylı, 16 mart 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmişdir, o cümlədən xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi”ndə sürücü peşəsində işləmişdir. xx.xx.2002-ci il tarixdən müəssisə “X3” ASC adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-ci il tarixli “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş “Şəhərlərarası və X1 müəssisəsi”nin bazasında “X3” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2002-ci il tarixində tam başa çatdırılmışdır İnzibati işin araşdırılmış hallarından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləməsini, o cümlədən xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi”ndə sürücü peşəsində işləməsini əsas götürərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən əmək kitabçasında göstərilən xx.xx.1997-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Şəhərlərarası və X1 müəssisəsi”nin bazasında “X3” ASC-də işləməsi əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən, həmçinin ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Mövcud qanunvericiliyə əsasən 1 iyul 2019 - 30 iyun 2020-ci il tarixədək olan dövr üçün 64 yaş 6 ayı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixdə 64 il 6 ay yaşı tamam olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin iddiaçının işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək 9 il, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 8 il 2 ay 13 gün dövrlərin sığorta stajına aid edilməməli olması ilə bağlı dəlillərinə, o cümlədən cavabdehin nümayəndəsinin məhkəmə baxışı zamanı bildirdiyi mübahisələndirilən illər üzrə əmək haqqının hesablanmadığı, buradan, sığorta haqlarının ödənilmədiyinə dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Bundan başqa, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi”ndə sürücü peşəsində işləmişdir. xx.xx.2002-ci il tarixdən müəssisə “X3” ASC adlandırılmışdır. İddiaçının əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (xx.xx.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid edilməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki, “Əmək pensiyaları haqqında” Qanun qəbul olunanadək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqının ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 1999-cu il iyulun 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədlər (arayış, əmr və s.) nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1997-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Şəhərlərarası və X1 müəssisəsi”nin bazasında yaradılan “X3” ASC-də işləməsi barədə əmək kitabçasındakı qeydlərin mötəbərliyi və həmin dövrlərin iş stajının onun sığorta stajına daxil edilməsi iş materialları ilə də öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək 9 il, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 8 il 2 ay 13 gün dövrlərdə işləməməsi və ya həmin dövrlərin sığorta stajına aid edilməməli olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1997-ci ildənxx.xx.2014-cü il tarixədək) əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. İş materiallarından və qanunvericliyin tələblərindən də görünür ki, iddiaçının “Şəhərlərarası və Beynəlxalq yükdaşıma və Avtonəqliyyat müəssisəsi”ndə sürücü peşəsində xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək 9 il, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi 8 il 2 ay 13 gün dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 64 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 22- 1(112)-4439/2023 saylı, 16 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4439/2023 saylı, 16 mart 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə