Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2372/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı “pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(112)-3537/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X1nun 16.10.2003-cü il tarixdən 01.07.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 16.10.2003-cü il tarixdən 01.07.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi, 01.07.2017-ci il tarixdən 01.10.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əskik ödənilmiş 24248.01 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci il tarixində Göyçay rayonunda anadan olmuş, X4 ilə 19 iyul 1975-ci ildə nikaha daxil olmuşdur. X1 uzun illər Milli Təhlükəsizlik Naziriyində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Sonuncu iş yeri kimi 1994-cü ildən Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. Həmin vəzifədə xidmət etdiyi dövürdə yoldaşı X4 19 Sentyabr 1999-cu il tarixində rəhmətə getmişdir. Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq 2003-cü ildən ərinin X3 təyin edilməli olan pensiya məbləğini almağa başlamışdır. Azərbaycan Respublikası Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən mənə 500 manat məbləğində pensiya təyin edilmişdir. Lakin ona pensiya təyin olunarkən ərinin dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması nəzərə alınmamışdır. Halbuki hal hazırda həmin vəzifədə qulluq edən dövlət qulluqçuları 3000 manatdan çox məvacib alırlar. Bundan başqa 1999-cu ildən hal-hazıradək mərhum X1nun işlədiyi vəzifə üzrə qulluq keçən dövlət qulluqçularının maaşlarında dəfələrlə artımlar olmuşdur. Əmək haqqından başqa əlavə ödəmələr və digər ödənişləri vardır. Lakin ona verilən pensiyada artımlar hesablanmamış və ödənilməmişdir. 1999-cu ildən bu günə qədər dövlət qulluğunun xüsusi növündə qulluq edən dövlət qulluqçularının vəzifə maaşlarında dəfələrlə artım olmuşdur. Lakin həmin artımlar onun pensiyasına əlavə edilməmişdir. Ona görə də ərinin dövlət qulluğu vəzifəsində çalışmağı, vəzifə maaşına əlavənin edilməsi nəzərə alınmaqla, təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməli, pensiya məbləği yenidən hesablanaraq ona ödənilməlidir. Bununla bağlı o, 10.09.2020, 23.10.2020, və 16.11.2020-ci il tarixli ərizələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən heç bir cavab verilməmişdir. Müraciəti cavabdeh tərəfindən 21 oktyabr 2020-ci il tarixli məktubla aşağıdakı qaydada cavablandırılmışdır. “Müraciətinizə baxaraq bildiririk ki, mərhum həyat yoldaşınızın sonuncu xidmət etdiyi orqan tərəfindən 01 oktyabr 1998-ci il tarixdən hərbi qulluqçunun ailə üzvü kimi sizə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələbinə uyğun olaraq 01 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən hərbi qulluqçunun ailə üzvü kimi sizə ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.17.2-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyanız yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1565,20 manat) 80 faiz- 1252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 01 iyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 24281.01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada ötən dövrdəki ayların sayma bölünərək hissə-hissə (622,59 manat) pensiyanız (1252,16 manat) üzərinə əlavə olunaraq (1252,16+622,59=1874,75 manat) müvafiq kart hesabınıza köçürülür. Ünvanlanmış cavab məktubunda yalnız son üç il üçün, 01 iyul 2017 - 01 oktyabr 2020 illər aralığında olan əskik ödənilməli olan pensiya məbləği barədə məlumat verilmişdir. Həmin illər üzrə hesablanmalı olan əskik pensiya məbləğinin yenidən hesablanaraq hissə-hissə ona ödəniləcəyi bildirilmişdir. Lakin 01.01.1998- 01.07.2017-ci illər arasında olan müddət ərzində ona əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmişdir. Həmçinin əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281,01 manat fərq məbləğinin isə ötən dövrdəki ayların saylarına bölünərək mənə hissə-hissə ödəniləcəyi qeyd edimişdir. Halbuki, iddiaçı həmin əskik məbləğin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən ona 24281,01 manat fərq məbləğini Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən 2020-ci ilin oktyabr ayından hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənilməyə başlamışdır. Hesab edir ki, cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi əsassızdır. Pensiyanın bu formada hesablanması və ödənişin birdəfəlik deyil hissə-hissə ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərinə ziddir. Göstərilənlərə əsasən iddiaçı 01.10.1998-ci il tarixdən 01.07.2017-ci il tarixədək olan müddət ərzində aldığı pensiyanın mərhum X1nun, qulluq stajına vəzifə və rütbə masına görə əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 1998-ci il tarixdən 2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi və əmək pensiyam üzrə əskik ödənilmiş 24281,01 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı iddia tələbi qanunamüvafıq deyildir və təmin edilməməlidir. İddiaçıya Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 09.09.1998-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Bu səbəbdən iddiaçıya aid “məlumat vərəqi” İdarəyə göndərilərək ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi məbləğində əmək pensiyası yenidən hesablanaraq 01.07.2017-ci il tarixdən hissə ilə pensiya məbləğinin üzərində ödənilməsi davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3537/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.1952-ci ildə Göyçay rayonunda doğulmuş, X4 ilə 19 iyul 1975-ci ildə nikaha daxil olmuşdur. 19 sentyabr 1998-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 19.09.1998-ci ildə vəfat etmişdir. MV seriyalı 0520 №li vəsiqədən görünür ki, X3 güzəştli imtiyazlardan istifadə etmək hüququ verən vəsiqə verilmişdir. Cavabdehin 21.10.2020-cu il tarixli imtina məktubuna əsasən iddiaçının pensiyasının yenidən hesablanması haqqında ərizəsinə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, mərhum həyat yoldaşının sonuncu xidmət etdiyi orqan tərəfindən 1 oktyabr 1998-ci il tanxındə hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə gorə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-cl il tanxindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.17.2-cı maddəsinin 2017-cl d 1 iyul tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1565,20 manat) 80 faizı- 1252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 1 İyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281 01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissəhissə (622.59 manat) iddiaçının pensiyanın (1252,16 manat) üzərinə əlavə olunmaqla (1252.16+622,59=1874.75 manat) müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qanunsuz və əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 46-cı maddəsinə görə ailə başçısı əmək zədəsi, peşə xəstəliyi, bədbəxt hadisə və ya ümumi xəstəlik nəticəsində vəfat etmişsə, onun ailə üzvlərinə pensiya ailə başçısının vəfat etdiyi vaxtdan asılı olmayaraq ümumi əsaslarla təyin edilir. Əmək zədəsi və peşə xəstəliyi nəticəsində vəfat etmiş ailə başçısının ailə üzvlərinə pensiya ailə başçısının iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində vəfat etmiş ailə başçısının itirilməsi ilə əlaqədar pensiyalar o halda təyin edilir ki, ölüm gününədək ailə başçısının əlilliyə görə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olsun. Həmin Qanunun 47-ci maddəsinin 1-ci abzasına görə pensiyalar ailənin əmək qabiliyyəti olmayan (40-cı maddə) hər bir üzvü üçün ailə başçısının orta aylıq əmək haqqının 30 faizi məbləğində hesablanır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.17.2-ci madəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş 01.07.2017-ci il tarixli dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. İş materiallarından göründüyü kimi iddiaçıya ailə başçısının itirməyə görə vəfat etmiş hərbi qulluqçu olan həyat yoldaşının aldığı təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmiş, Qanunda aparılmış dəyişikliyə uyğun olaraq ona 01 iyul 2017-ci il tarixindən həmin məbləğin təminat xərcliyinin 80 faiz miqdarına çatdırılmaqla pensiyası yenidən hesablnamışdır. Qeyd olunmalıdır ki, həqiqətən də, cavabdeh öz səlahiyyətləri çərçivəsində iddiaçıya pensiya təyin edərkən qanunun tələblərinə riayət etmişdir. İddiaçının hazırda 16.10.2003-cü il tarixdən 01.07.2017-ci il tarixədək təminat xərcliyinin 80% faiz miqdarına çatdırılmaqla pensiyanın ödənilməmiş hissəsinin ödənilməsini tələb edir ki, iddianın bu hissədə təmin olunması mümkün deyildir. Bunun əsasını isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1- ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 16.10.2003-cü il tarixdən 01.07.2017-ci il tarixədək təminat xərcliyinin 80% faiz miqdarına çatdırılmaqla pensiyanın ödənilməmiş hissəsinin ödənilməsini tələb etsə də, lakin iddiaçıya qanuni və əsaslı olaraq 01.07.2017-ci il tarixdən əmək pensiyası yenidən hesablandığından, həmin tarixdən əvvəlki dövr üçün pensiyanın yenidən hesablanmasının mümkün olmamasına dair cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinin müddəalarından görünür ki, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə kollegiyası belə olan halda qeyd edir ki, 16.10.2003-cü il tarixdən 01.07.2017-ci il tarixdən pensiyanın yenidən hesablanması nəzərdə tutulmadığından, həmçinin, hazırki qanunvericiliyin müddəaları əsasında 01.07.2017-ci il tarixdən 01.10.2020-ci il tarixədək müəyyən edilmiş fərq məbləğinin birdəfəlik ödənilməsi mümkün olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Həmin inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunduğundan məhkəmə haqlı olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı “pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasını təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3537/2021 saylı, 18 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2372/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2372/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver