Məhkəmə qərarları › İş №2-1(103)-2372/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2372/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2372/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X14 və X9 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Kəmalətdin oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi və tikililər üzərində mülkiyyət hüquqların qeydə alınması və həmin hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Kəmalətdin oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və tikililər üzərində mülkiyyət hüquqlarının qeydə alınması və həmin hüququ təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və eləcə də, ev 1963-cü ildə X6 adına Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun verdiyi texniki pasport və kartoçkalarla rəsmiləşdirilmişdir. 16 may 1972-ci il tarixdə X11 ilə anası X12 arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və tikililər X20ın sahiblik və istifadəsinə verilmişdir. Nəzərə çatdırmışdır ki, o və ailə üzvləri 1972-ci ildən həmin torpaq sahəsi və evdə, 50 ilə yaxındır ki, yaşayırlar və mütəmadi istifadə edirlər. X20 xx.xx.1988ci il tarixdə vəfat etmiş və uzun müddət yaşadıqları ünvanı sənədləşdirməmişlər. Lakin, o, istifadəsində olan torpaq sahəsinin və evin çıxarışının əldə edilməsi məqsədi ilə 7 saylı Notariat Kontoruna müraciət etmiş, notarius tərəfindən daşınmaz əmlaka dair çıxarışın olmaması sadəcə ilkin hüquqmüəyyənedici sənədlərin olması və onların da, mərhumun anasının adına olması səbəbi ilə çıxarışın verilməsi üçün notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət edilmişdir. Müraciət əsasında qeyd olunan ünvana dair sənədlərin olub-olmaması sorğu edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin arxivinin məktubu ilə həmin ünvana (torpaq sahəsi və tikililərə dair) ilkin hüquq müəyyənedici (texniki pasport, kartoçka, həyətyanı sahənin və tikililərin planı) sənədlər aşkar edilmiş və aşkar olunan sənədlər cavabdehə ünvanlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubu ilə daşnmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina əsas kimi texniki pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmədiyi qeyd olunmuşdur. Sözügedən imtinanın əsassız və qanunsuz olması ilə yanaşı həmçinin məntiqsizdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin arxivi tərəfindən birbaşa 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan sənədlər şübhə altına alınmışdır. Belə ki, faktiki olaraq 1 saylı Ərazi İdarəsi öz arxivindən əldə etdiyi sənədləri qəbul etmir, bununla yanaşı həqiqliyinə doğruluğuna inanmadığı və etimad etmədiyi sənədləri arxivində qoruyub saxlayır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı Kəmalətdin oğlunun anası mərhum X12 adına olan texniki pasporta uyğun olaraq (a tikilinin artırılması nəzərə alınmadan) ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və tikililərə dair hüquqların qeydiyyata alınıb arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və tikililərə dair hüquqların (mülkiyyət hüququnun) texniki pasporta uyğun olaraq (A yaşayış evinə bitişik əlavə sahə nəzərə alınmadan) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüququn ölmüş şəxsə (X5) məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən texniki pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməsi barədə idarənin Arxivində məlumat aşkar olunmamışdır. Həmçinin müqavilədə sənəd sahibinin adı Heydər kimi qəbul olunub, lakin yuxarı hissəsində Əli qeydi aparılmışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/01-N-29113 nömrəli məktub və ona əlavə edilmiş müqavilədən görünür ki, Bakı şəhəri 7 saylı dövlət notariat ofisində 16 may 1972-ci il tarixdə 3980 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Həmin müqaviləyə əsasən Şüvəlan qəsəbəsi İcraiyyə Sovetinin 16 may 1972-ci il tarixli, 1465 saylı arayışına əsasən şəxsi mülkiyyət hüququ ilə X11 ya məxsus ünvan 5 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən, 2 otaqlı ümumi yaşayış sahəsi 26.7 kv.m olan otaqlar, 3.1 kv.m sahəsi olan mətbəx, 30.8 kv.m eyvan ölçüsü olan fərdi yaşayış evi X11 tərəfindən X1. - Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu X13 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 27 iyun 2022-ci il tarixli, 393 nömrəli məktubdan görünür ki, X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələblərinə əsasən oğlu İddiaçı mərhumun varisi olması barədə məlumat verilmişdir. ünvan 7 ünvanında yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilmişdir. - Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1963-cü il tarixdə tərtib olunmuş pasportdan görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi həmin evin ilkin mülkiyyətçisi X6 adına şəxsi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınıb. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********84 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının X3 miras qalmış Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 1, dalan 1, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, tərəflərindən təqdim edilən texniki pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməsi barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Bu səbəbdən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X2 evi Bakı şəhəri 7 saylı Notariat Kontorunda xx.xx.1972-ci il tarixdə rəsmiləşdirilmiş alğısatqı müqaviləsi əsasında X7 almışdır. Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1963-cü il tarixdə tərtib olunmuş pasporta əsasən mübahisə predmeti olan fərdi yaşayış evi həmin evin ilkin mülkiyyətçisi kimi X6 adına şəxsi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdehin imtina əsasları aşağıdakılar olmuşdur: 1) İddiaçı tərəfindən təqdim edilən texniki pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməsi barədə İdarənin arxivində məlumat aşkar edilməməsi. 2) Müqavilədə sənəd sahibinin adı “Heydər” kimi qəbul olunub, lakin yuxarı hissəsində “Əli” qeydi aparılmışdır. 3) İdarənin mütəxəssisləri tərəfindən qeyd olunan fərdi yaşayış evinə keçirilmiş yerli baxış zamanı “A” yaşayış evinə bitişik əlavə sahə tikilməsinin müəyyən edilməsi. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri də, imtina əsasları ilə eynidir. İlk növbədə qeyd olunmalıdır ki, imtinanın “ “A” yaşayış evinə bitişik əlavə sahə tikilməsinin müəyyən edilməsi” bağlı hissəsi ilə bağlı hazırda mübahisə mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddi tələbini dəqiqləşdirərək texniki pasporta uyğun olaraq (a tikilinin artırılması nəzərə alınmadan) ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və tikililərə dair hüquqların qeydiyyata alınıb arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin dəqiqləşmə ərizəsi icaata qəbul edilmişdir. Müqavilədə sənəd sahibinin adının Heydər kimi qəbul olunub, yuxarı hissəsində “Əli” qeydi aparılması ilə bağlı dəlilə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından bunun texniki yalnışlıq olduğu görsənir. Həmin müqavilənin dublikatının üzərində düzəlişlə bağlı qeyd aparıldığı, yəni yalnışlığın aradan qaldırıldığı iş materialları ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən təqdim edilən texniki pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməsi barədə İdarənin arxivində məlumat aşkar edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə Kollegiy qeyd edir ki, idarənin Arxivində məlumatın aşkar edilə bilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Həmin məlumatın müəyyən edilə bilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; İş materiallarndan müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X6 fərdi yaşayış evi üzərində hüquqları qeydiyyata alınmış, o, evin mülkiyyətçisi kimi tanınmış və texniki inventarlaşdırma orqanı tərəfindən həmin evə dair texniki pasport tərtib edilmiş, texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. O, ona məxsus fərdi yaşayış evini, müqavilədə torpaq sahəsinin ölçüsü göstərilməklə, iddiaçının mərhum anası X5 notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında satmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən (8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarda qeyd edilən qanunvericilik normalarından görünür ki, alğı-satqı müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı tərəfindən də qeyd edilən hüquqmüəyyənedici sənəd təqdim edilmişdir. Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, İddiaçı Kəmalətdin oğlunun subyektiv hüququ mövcuddur. Yəni, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və tikililərə dair hüquqların mərhum anası X12 adına mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Rəşid Səmədov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar