Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2373/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2021 saylı 22.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 24 yanvar 2020-ci il tarixli **********3 saylı məktubu ilə pensiya təyin etməkdən imtinanı əsassız hesab etməklə, onun 57 yaşı tamam olan 21.07.2016-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Hazırda 61 yaşı var. Əmək fəaliyyətinə 1981-ci ildən başlamışdır. Bundan əvvəl isə 14.12.1978-ci ildən 01.12.1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. 01.05.1998-ci ildən 21.07.2014-cü ilə kimi Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunda rəngsaz olmaqla, 21 ildən çox tam iş rejimində zərərli iş şəraiti ilə işləmişdir. Hazırda ümumi əmək stajı (hərbi xidmətdə olduğu dövr nəzərə alınmadan) 31 il, 7 ay, 17 gün təşkil edir. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçada müvafiq qeydlər vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə verilir. 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunverici kişilərin 57 yaşının tamam olmasını, 25 il ümumi əmək stajının olmasını və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə işləməsini tələb edir. "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 02.09.2019-cu il tarixli və 03.12.2019-cu il tarixli arayışlarda onun həqiqətən, 01.05.1998-ci il tarixindən 18.07.2014-cü il tarixə kimi Bakı Metropoliteni “N.Nərimanov” adına elektrik deposunda rəngsaz peşəsində işləməsi, 18.07.2014-cü ildən isə onun "xxxx" QSC-nin Depolar üzrə İş Departamentinin 3 saylı cari təmir sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləməsi təsdiq olunur. Buna əsaslanaraq, 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Yuxarıda qeyd olunan hallara baxmayaraq, inzibati orqan ona pensiya təyin etməkdən imtina edərək bildirmişdir ki, təqdim olunan arayışda iş zamanı tətbiq edilən zərərli maddələr, onların təhlükəlilik sinfi qeyd olunmamışdır. Halbuki həmin arayışda zərərli, qapalı iş şəraitində işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, onun 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə ona əsassız və qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərək, bununla onun sosial təminat və pensiya hüquqlarını pozur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2021 saylı 22.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cii sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 03.12.2019-cu il tarixli A/518 nömrəli “Bakı Metropoliteni" QSC-nin ona dair arayışda iş zamanı tətbiq edilən zərərli maddələr, onları təhlükəliliyi sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi qeyd olunmamışdır. Bu səbəbdən onun işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidırilər. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 57 yaşı tamam olan 21.07.2016-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iş materiallarında olan əmək kitabçasının surətindən, həmçinin "xxxx" QSC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məktubdan göründüyü kimi 21.07.2016-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (35 il 07 ay 22 gün) ümumi iş stajı, həmçinin 12 il 6 aydan artıq (18 il 02 ay 20 gün) güzəştli iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İş materiallarında olan iddiaçının adına 28.12.1981-ci il tarixdə açılmış, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 18.04.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 14.12.1978-ci il tarixdən 01.12.1980-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuş, 18.04.1981-ci il tarixdən müxtəlif müəssisə və peşələrdə işləmiş, həmçinin 01.05.1998-ci il tarixdən hal-hazıra kimi Bakı Metropolitenində rəngsaz peşəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24.01.2020-ci il tarixli, **********3 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 3 dekabr 2019-cu il tarixli A/518 nömrəli "xxxx" QSC-nin ona dair arayışda iş zamanı tətbiq edilən zərərli maddələr, onları təhlükəliliyi sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi qeyd olunmadığı, bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab eilmədiyi göstərilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 04.12.2020-ci il tarixli məktubundan görünür ki, “İddiaçı 01.05.1998-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin “N.Nərimanov" adına elektrik deposunda rəngsaz peşəsində çalışmışdır (zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən o, “Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin 3 saylı cari təmir sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləyir (zərərli, qapalı iş şəraiti ilə). İddiaçı zərərli iş şəraitində əmək stajı 21 il 03 ay 28 gün təşkil edir. Müəssisədə zərərli istehsalat sahəsində İddiaçı rəngsaz kimi işlədiyi peşənin təhlükəlilik dərəcəsini nəzərə alaraq zərərli iş şəraitinə görə 8% miqdarında əlavə ödəniş olunur. İşində istifadə etdiyi maddələr aşağıdakılardır: - Corella (sintetik parlaq boya), - Sintoş (sintetik oto boya), - Corella (sellülozik tiner həlledici). Həmin maddələr İİİ Tez alışan mayelər sinfinə aiddir ki, bunlar da “Yanar maye maddələr və ərimə temperaturu 60 dərəcə olan həll olan qatı maddələr” və “Alovlanma temperaturu 60 dərəcəni keçən maddələr”dir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 01.07.2017-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 21.07.2016-cı il tarixdə tamam olmuşdur və o, 14.12.1978-ci il tarixdən 01.12.1980-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuş (1 il 11 ay 17 gün), əmək kitabçasına əsasən iddiaçı 18.04.1981-ci il tarixdən müxtəlif müəssisə və peşələrdə işləmiş, həmçinin 01.05.1998-ci il tarixdən halhazıra kimi Bakı Metropolitenində rəngsaz peşəsində işləyir (01.07.2017-ci il tarixədək 34 il 10 ay 25 gün). Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun 01.07.2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı 01.05.1998-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin “N.Nərimanov" adına elektrik deposunda rəngsaz peşəsində çalışmışdır və hal-hazırda da “Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin 3 saylı cari təmir sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləyir (01.07.2017-ci il tarixədək 19 il 2 ay). Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXİİİ. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” (kod 23200000—13450) nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.07.2017-ci il tarixədək 19 il 2 ay güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdehin apelyasiya şikayətindəki “““Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cii sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 03.12.2019-cu il tarixli A/518 nömrəli “Bakı Metropoliteni" QSC-nin ona dair arayışda iş zamanı tətbiq edilən zərərli maddələr, onları təhlükəliliyi sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edilməsi qeyd olunmamışdır.”” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" QSC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 04.12.2020-ci il tarixli məktubundan görünür ki, “İddiaçı 01.05.1998-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin “N.Nərimanov" adına elektrik deposunda rəngsaz peşəsində çalışmışdır (zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən o, “Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin 3 saylı cari təmir sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləyir (zərərli, qapalı iş şəraiti ilə). İddiaçı zərərli iş şəraitində əmək stajı 21 il 03 ay 28 gün təşkil edir. Müəssisədə zərərli istehsalat sahəsində İddiaçı rəngsaz kimi işlədiyi peşənin təhlükəlilik dərəcəsini nəzərə alaraq zərərli iş şəraitinə görə 8% miqdarında əlavə ödəniş olunur. İşində istifadə etdiyi maddələr aşağıdakılardır: - Corella (sintetik parlaq boya), - Sintoş (sintetik oto boya), - Corella (sellülozik tiner həlledici). Həmin maddələr İİİ Tez alışan mayelər sinfinə aiddir ki, bunlar da “Yanar maye maddələr və ərimə temperaturu 60 dərəcə olan həll olan qatı maddələr” və “Alovlanma temperaturu 60 dərəcəni keçən maddələr”dir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi rəngsaz vəzifəsi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi kimi nəzərə alınmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 21.07.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2021 saylı 22.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2373/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2373/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver