Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2373/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « əmək pensiyasının yenidən hesablanması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə,iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3353/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 - ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir.
2. Daxili İşlər Nazirliyi tərəfindən cavabdeh inzibati orqana yeni məlumat vərəqəsi təqdim olunmuşdur ki, həmin məlumat vərəqəsində iddiaçının: vəzifəsi: “Bakı şəhəri, Nərimanov rayon mühafizə idarəsinin tağım komandiri”; Rütbəsi : “mayor”; Xidmət müddəti: 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün; Ehtiyata buraxıldığı tarix: xx.xx.2015-ci il; Ehtiyata buraxılma səbəbi: yaşa görə; Vəzifə maaşı 270,00 manat; -Rütbə maaşı 130,00 manat; Xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi - 200,00 manat; Məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-94,50 manat; Ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 758,50 manat göstərilmişdir.
3. Cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci və 37.7-ci maddələrini rəhbər tutaraq 1 yanvar 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 297,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi - 213,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi - 103,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 808,45 manat təşkil etdiyini nəzərə almış, vəzifə və rütbə maaşındakı müvafiq artımlar əsasında iddiaçının əmək pensiyasını yenidən hesablamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya təminat xərcliyinin (808,45 manat) 100 faizi miqdarında əmək pensiyası müəyyən etmişdir.
4. 1 mart 2018-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 327,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-228,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi -114,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 863,95 manat təşkil etmişdir.
5. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyinin (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləğinin (55,50 manat) 87,17 faizi-48,38 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla İddiaçı 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.
6. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 400,00 manat, rütbə maaşının 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -275,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1029,00 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıdır. Hər iki müharibədə döyüşən ordu sıralarında olmuşdur. Prezident təqaüdçüsüdür. DİO-dan son yaş həddindən əlavə 1 il 6 ay 20 gün xidmət edərək təqaüdə çıxmışdır. Orden və medallarla təltif olunmuşdur. Təqaüddə olan polis mayorudur. Heç bir yerdə işləmir və heç bir gəlir yeri yoxdur. 28 oktyabr 2015-ci il tarixdə DİO-dan məlumat vərəqəsində 40 % göstərilməklə, yəni 718 manat 50 qəpik pensiya ilə təqaüdə çıxmışdır. Prezidentin sərəncamı ilə birinci dəfə 47 manat 23 qəpik artırılaraq 765 manat 73 qəpik, ikinci dəfə 92 manat 93 qəpik artırılıb 811 manat 43 qəpik, üçüncü dəfə xx.xx.2019-ci il tarixdə 135 manat 07 qəpik artırılmışdır. Dördüncü dəfə məhkəmə qərarlarından sonra 100 manat artım olub. Məhkəmə qərarından sonra DİN-nin Maliyyə Plan idarəsi 50%-lə yeni məlumat vərəqəsi, yəni 758 manat 50 qəpik hesablayıb, icra olunması barədə Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. 28 oktyabr 2015-ci il tarixli məlumat vərəqəsi əsasında 718 manat 50 qəpik ləğv edilmişdir. 50%-lə 758 manat 50 qəpik olan məlumat vərəqəsi icra olunmuşdur. Məhkəmə qərarlarına qədər 40%-lə 946 manat 50 qəpik pensiya almışdır. 50%-lə 758 manat 50 qəpiyin üzərinə bu artımları gəldikdə məbləğ düzgün alınmır. Halhazırda 1049 manat pensiya alır. Əvvəlki fərqə görə 3 il ərzində ona dəyən maddi ziyana görə 48 manat 97 qəpik pensiyanın üzərində verirlər. Deməli bir artırmanı saxlayıb, ona dəyən maddi ziyan fərqi ilə əvəzləşdiriblər. Onun təqaüdü 1000 manat 70 qəpikdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3353/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək pensiyasının artırılaraq, yenidən hesablanmasını arzulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olan halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü tələbin əsassız olduğunun göstəricisidir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2149/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 703/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
d) Apellyasiya şikayətinin dəlilləri
17. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2-1 (102)- 230/2019 saylı Qərarına əsasən iddiasının təmin olunduğunu və ona fasiləsiz xidmət illərinə görə əlavə və rütbə maaşlarının 50 faizi məbləğində yenidən hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq Cavabdehə göndərilməsi vəzifəsi Azərbaycan Daxili İşlər Nazirliyinə həvalə edilmiş olduğunu göstərmişdir. Əvvəlki məlumat vərəqəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Yeni məlumat vərəqəsinə əsasən iddiaçının təminat xərcliyi 758,50 manat göstərilmişdir.Cavabdeh inzibati orqan adıçəkilən məhkəmə qərarı əsasında dəyişdirilmiş yeni məlumat vərəqəsi əsasında müəyyən edilmiş təminat xərcliyi ilə pensiyanın hesablanmasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrini rəhbər tutaraq aparmışdır. Qeyd olunan qanuna adıçəkilən dəyişikliklər üzrə 32.1-1 maddənin birbaşa özü və 37.7-ci maddəyə dəyişiklik İddiaçının pensiyaya çıxdığı dövrdən sonra, yəni dəqiq desək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il 543- VQD nömrəli Qanunla edilm iş və həmin dəyişikliklər 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmişdir. Həmin dəyişikliklərin retroaktiv olaraq tətbiqinin nəzərdə tutulması ilə bağlı hər hansı müddəa həmin qanunun özündə göstərilməmişdir. Bu səbəbdən də hesab edir ki, həmin dəyişikliklər olmuş müddətdən əvvəl yarananan münasibətlərə yeni qanunun müddəalarının şamil edilməsi düzgün deyildir.Birinci instansiya məhkəməsi bu xüsusatlara diqqət etməmiş və bununla da belə bir ədalətsiz qərarın çıxarılmasına gətirib çıxartmışdır. Hesab edir ki, İddiaçıya əmək pensiyasının hesablanması “ Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin tələbləri nəzərə alınmadan pensiya təyin olunan gündən təyin edilmiş artımlar nəzərə alınmaqla hesablanmalıdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. ə) Proses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçıya verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda 1404,0 manat pensiya alır.
20. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasında mütəxəssis X2 təqdim etdiyi yazılı mütəxəssis rəyinə uyğun rəy bildirmişdir.
Tətbiq edilən hüquq
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1.Əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. 1.0.3. Hərbi qulluqçular dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür. 1.0.5 Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. 9.5.1.Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın: 1.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 2.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
3. Hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
24. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və yajırrun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Daha sonra məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
30. Belə ki, işin hallarına əsasən iddiaçı məhkəmədən əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. İddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmək pensiyasının artırılaraq, yenidən hesablanmasını arzulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olan halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü tələbin əsassız olduğunun göstəricisidir.
32. Apellyasiya instansiyasının mövqeyi ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 703/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarında mövqeyi ondan ibarət olmuşdur ki: “34. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçı öz hüquqi mövqeyi aydın və konkret şəkildə bildirməklə həm birinci instansiya (verdiyi ərizələrdə), həm apellyasiya instansiyası məhkəmələrində verdiyi apellyasiya şikayətində, hətta kassasiya instansiyası məhkəməsinə yazdığı ərizəsində onun qənaətinə görə almalı olan pensiya məbləğinin açıq, geniş və ətraflı hesablamasını vermişdir. 35. İddiaçının həmin hesablamasına görə ona 1322,53 qəpik pensiya məbləği ödənilməlidir. 36. Lakin yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsi öz qərarında yazır ki, “... qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir.” 37. Lakin burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə” bilmək üçün ən azından işdə cavabdehin iddiaçıya aid pensiyanın hesablanmasına dair tam, şəffaf və müfəssəl açıqlama olmalıdır. 38. Halbuki, belə bir sənəd işdə mövcud deyildir.”
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 703/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq təkrar apellyasiya baxışı zamanı pensiyanın hesablanmasına dair mütəxəssis rəyi alınmış və məhkəmə Kollegiyasının iclasında mütəxəssis X2 təqdim etdiyi yazılı mütəxəssis rəyinə uyğun rəy bildirmişdir.
34. X2 təqdim etdiyi yazılı mütəxəssis rəyindən və rəyə uyğun ifadəsindən müəyyən olunmuşdur ki:
35. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 28 oktyabr 2015-ci il tarixli 99 nömrəli məlumat vərəqində İddiaçı vəzifə maaşı 270,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 40 faizi miqdarında əlavəsi 160,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 94,50 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 718,50 manat göstərilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinə uyğun olaraq İddiaçı 11 oktyabr 2015-ci il tarixindən Mərkəzi Filial tərəfindən 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün) xidmət müddəti üçün təminat xərcliyinizin 100 faizi-718,50 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib.
36. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur.
37. Daha sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 15 dekabr 2020-ci il tarixli 99 nömrəli yeni məlumat vərəqində isə İddiaçı vəzifə maaşı 270,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəsi 200,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 94,50 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 758,50 manat göstərilib. Bununla əlaqədar olaraq, adıçəkilən vətəndaşın əmək pensiyası 2021 -ci ilin yanvar ayında keçmiş üç il müddət üçün aşağıdakı kimi hesablanıb: -xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı əmək pensiyası təminat xərcliyinin (808,45 manat)100 faizi-808,45 manat məbləğində müəyyən edilib. -Müvafiq artımla bağlı İddiaçı əmək pensiyası 1 mart 2018-ci il tarixindən vəzifə maaşı 327,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi 228,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 114,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat otmaqla cəmi təminat xərcliyi 863,95 manat təşkil edir.
38. Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi; -natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi.
39. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. Qeyd olunanlara əsasən, 1 mail 2018-ci il tarixinədək olan təminat xərcliyi (808,45 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləğinin (55,50 manat) 87,17 faizi-48,38 manat 1 mart 2018- ci il tarixinədək olan pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla 856,83 manat məbləğində müəyyən edilib.
40. Müvafiq artımla bağlı 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vəzifə maaşı 400,00 manat, rütbə maaşı150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi 275,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1029,00 manat təşkil edir.
41. Yuxarıda qeyd olunan Fərmana əsasən, İddiaçı 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (863,95 manat) ilə 1 sentyabr2019-cu.il tarixindən sonrakı təminat xərcliyinin (1029,00 manat) arasındakı fərq məbləğinin (165,05 manat) 87,17 faizi-143,87 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (856,83 manat) üzərinə əlavə olunmaqla 1000,70 manat məbləğində əmək pensiyası müəyyən edilməklə 2021-ci ilin yanvar ayından etibarən müvafiq kart hesabına köçürülür.
42. Həmçinin, rəydə məlumat üçün bildirilmişdir ki, Qanunun 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının tərkibində əlavə olaraq 100,07 manat məbləğində maddi yardım ödənilir. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 1100,77manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1262,58 manat məbləğində, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 1403,99 manat məbləğində müəyyən edilib.
43. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 703/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “42. Digər tərəfdən, cavabdeh iddiaçının apellyasiya şikayətinə aid verdiyi yazılı etirazında bildirir ki, hazırda iddiaçıya 1049,67 manat məbləğində pensiya ödənilir, lakin iddiaçı Ali Məhkəməyə verdiyi ərizəyə əlavə olunmuş “Kapital Bank”ın xx.xx.2023-cü il tarixli bank çeklərindən görünür ki, iddiaçıya 1262,58 manat (balansda 1262,74 manat göstərilmişdir) pensiya məbləği köçürülmüşdür. 43. Lakin apellyasiya məhkəməsi işin bu halını da nəzərdən qaçırdaraq, onu araşdırmamışdır.”
44. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 1100,77manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1262,58 manat məbləğində təşkil etmişdir və iddiaçıya həmin pensiya məbləği “Kapital Bank” vasitəsilə köçürülmüşdür.
45. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı iddiaçıya verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda 1404,0 manat pensiya alır.
46. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 703/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “51. Məhkəmə kollegiyası qeyd edir ki, işin bu halı apellyasiya məhkəməsində tam və hərtərəfli araşdırılmamışdır, yəni iddiaçı sözügedən məlumat vərəqəsinin icra edilməsi ilə əlaqədar razı deyil, yoxsa məlumat vərəqəsi doğru tərtib edilmiş, lakin cavabdeh tərəfindən düzgün icra edilməmişdir. 52. Başqa sözlə bu məsələ açıq qalmış, yəni araşdırılmamışdır.”
47. Göstərilən istiqamətdə araşdırma aparan məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, yuxarıda sadalanan xüsusatlardan bir daha təsdiq olunur ki, iddiaçının pensiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-230/2019 nömrəli iş üzrə, xx.xx.2019-cu il tarixli qərarı əsasında təqdim edilmiş məlumat vərəqəsi əsasında düzgün hesablanmışdır.
48. Bundan başqa məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı 2-1(81)-584/2024 saylı, 14 sentyabr 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-230/2019 nömrəli iş üzrə, xx.xx.2019-cu il tarixli qərarının düzgün icra edilməməsi, yəni məlumat vərəqəsinin düzgün doldurulub göndərilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
49. Belə ki, Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı 2-1(81)-584/2024 saylı, 14 sentyabr 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “ Məhkəmə qərarlarının düzgün icra edilməməsinə görə müraciətiniz məhkəməyə daxil olmuşdur.
50. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-230/2019 nömrəli iş üzrə, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbiniz təmin edilərək fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50% məbləğində hesabanmaqla yeni məlumat vərəqinin hazırlanaraq DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respubılikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir.
51. Qərarın icrası ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli, 99 № li yeni məlumat vərəqi verilmiş və xx.xx.2020-ci il tarixli məktubla DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına göndərilmişdir.
52. Hazırkı ərizənizdə Ali Məhkəmənin qərarının təsviri hissəsində 765,75 manat yazıldığı halda, pensiyanızın 758,50 manat hesablandığını bildirərək Sizə köməklik edilməsini xahiş edirsiniz.
53. Bildirilir ki, qərarın izah edilməsi ilə bağlı Azərbaycan Respublkasının Ali Məhkəməsinin İnzibati Kollegiysına müraciət edə bilərsiniz.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
55. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir.
56. Qərara izah verilməsi məsələsi həllini tapdıqdan sonra qərarın düzgün icra edilməməsi ilə bağlı məcburi icra tədbirlərinin görülməsi məsələsinə baxıla bilər.”
57. Beləliklə, müəyyən olunur ki, iddiaçının pensiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-230/2019 nömrəli iş üzrə, xx.xx.2019-cu il tarixli qərarı əsasında təqdim edilmiş məlumat vərəqəsi əsasında düzgün hesablanmışdır.Həmçinin, iddiaçının təqdim etdiyi Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı 2-1(81)-584/2024 saylı, 14 sentyabr 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-230/2019 nömrəli iş üzrə, xx.xx.2019-cu il tarixli qərarının düzgün icra edilməməsi, yəni məlumat vərəqəsinin düzgün doldurulub göndərilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir ki, bu da hazırkı mübahisənin predmetinə daxil deyildir.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
59. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
60. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
61. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.
62. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3353/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3353/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.