Məhkəmə qərarları › İş №2-1(103)-2374/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2374/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2374/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7437/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun kəşfiyyat subyekti əməkdaşı hesab olunmağına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7437/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilmə” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadda göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Məhkəmə qənaətə gələrkən yanlışlığa yol vermişdir. Qeyd edilir ki, cavabdeh rəsmi məktubla həm məhkəməni həm də iddiaçını məlumatlandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9646/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı icra olunmuşdur və eyni zamanda da apellyasiya şikayəti vermişdir. İddiaçının isə məhkəmədə iddia qaldırmaq hüququ Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9646/2024 saylı qərarının yekun hissəsində bu şəkildə qeyd edilmişdir: iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır.!!! İddiaçı yenidən aparılmış icraatın nəticələrindən narazı qalaraq iddia qaldırmışdır. Ona görə də məhkəmənin qərardadda göstərilmiş nəticələri işin hallarına uyğun olmamaqla iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh öz nümayəndəsini məhkəmə iclasında təmin etməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9646/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilmə” tələbi qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)-1273/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat subyektinin əməkdaşı hesab edilməsi” tələbinə dair inzibati iş üzrə icraata mübahisənin aradan qalxması əsası ilə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi eyni tərəflər arasında eyni mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9646/2024 nömrəli qərarı işə mahiyyəti üzrə baxmamaqla,cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir. Belə ki, İPM-in 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır; 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İlk dəfə işə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, İPM-in 73.3.1-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun məcburetmə haqqında qərar qəbul edilməsi mümkünsüzdür. Belə ki, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edilməli olduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Nəticədə, iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmasına dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulması qərara alınmışdır. Eyni zamanda həmin qərarda iddiaçıya izah edilmişdir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Həmin qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 8/125 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 0xx.xx.2022-ci il tarixinədək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab olunmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən verilən sözügedən imtina cavabını məhkəmədə mübahisələndirə bilər, bu eyni tərəflər arasında eyni mübahisə ilə bağlı iş demək deyildir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7437/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadı ləğv edilməli, inzibati işin materialları sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7437/2025 nömrəli, 04 mart 2025-ci il tarixli tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar