Məhkəmə qərarları › İş №2-1(103)-2375/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2375/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2375/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5394/2021 saylı 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı 15 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1959-cu ildə anadan olub və 15.01.2021-cı il tarixindən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranıbdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdeh quruma müraciət etsə də, müraciəti təmin edilməyibdir. Cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, o, əmək fəaliyyətinə Xəzər (keçmiş Əzizbəyov) rayonu 124 saylı məktəbdə başlayıb. Həmin məktəbdə 01.09.1992-ci ildən 02.05.1994-cü ilə kimi xadimə işləyib - 1 il 08 ay; Səbuhi Kooperativində 01.07.1994-cü ildən 02.02.1997-ci ilə kimi xadimə işləyib-2 il 07 ay; Sahil (Primorsk) stansiyasında 01.08.1997-ci ildən 01.03.1999-cu və 01.04.1999-cu ildən 01.05.2001-ci ilə illərdə fəhlə işləyib - 3 il 07 ay; Azərbaycan Dövlət Dəmir yolu daşıma proseslərini idarəetmə birliyi Sahil stansiyasında 01.05.2001-ci ildən 01.09.2009-cu ilə kimi bağban işləyib - 8 il 04 ay; Sabunçu rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olub - 29.01.2010-cu ildən 31.07.2010-cu ilə kimi- 06 ay; Azərsu ASC Sabunçu rayon su kanal departamentində 25.04.2013-cü ildən 02.08.2014-cü ilə kimi xadimə işləyib - 1 il 03 ay 08 gün; Sabunçu rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olub 31.01.2017-ci ildən 31.07.2017-ci ilə kimi- 06 ay; həmçinin 01.09.1975-ci ildən 20.07.1977-ci ilədək texniki peşə məktəbində oxuyub, imtahan komissiyasının 21.07.1977-ci il tarixli qərarı ilə ona 3973 saylı Attestat verilibdir- 2 il; Üç uşağına – 31.05.1985-ci il təvəllüdlü X1, 01.02.1988-ci il təvəllüdlü X2 və 11.10.1989-cu il təvəllüdlü X3 3 yaşınadək qulluq edib. Uşaqlarına 3 yaşına çatanadək göstərdiyi qulluq müddəti üst-üstə ona 6 il iş stajı hesab olunur. İş materiallarına əlavə etdiyi əmək kitabçasının, uşaqlarının doğum haqqında şəhadətnamələrinin və texniki peşə məktəbin Attestatının təsdiq edilmiş surətlərinə əsasən ümumi stajı 26 il 06 ay 08 gün təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5394/2021 saylı 25.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı inzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 62 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşdan, yəni 15.01.2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: - İddiaçı 01.09.1975 - 20.07.1977-ci illər ərzində təhsil aldığı dövr; - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlər. İşin mübahisələndirilməyən birinci halı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı məxsus 3973 nömrəli attestata müvafiq olaraq o, 01.09.1975 - 20.07.1977-ci illər ərzində Texniki Peşə məktəbində təhsil almışdır. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajı 01 il 10 ay 19 gün təşkil edir. İşin mübahisələndirilməyən birinci halı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq 0, 01.09.1992 - 02.05.1994 (01 il 08 ay 01 gün), 01.07.1994 - 02.02.1997 (02 il 07 ay 01 gün), 28.07.1997 - 10.03.1999 (01 il 07 ay 12 gün), 01.04.1999 - 27.04.2001 (02 il 27 gün), 01.05.2001 - 01.09.2009 (8 il 04 ay), 29.01.2010 - 31.07.2010 (06 ay 02 gün), 25.04.2013 - 02.06.2014 (01 il 01 ay 07 gün), 31.01.2017 - 31,07.2017-ci (06 ay) illər ərzində işlədiyi dövrlərdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajı 18 il 04 ay 19 gün təşkil edir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 20 il 03 ay 08 gün təşkil edir. İşin mübahisələndirilən halı isə İddiaçı uşağa qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. İş materiallarına əlavə edilən 491688 nömrəli doğum haqqında şəhadətnaməyə müvafiq olaraq X5 11.10.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilən 474401 nömrəli doğum haqqında şəhadətnaməyə müvafiq olaraq X4 31.05.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilən 294051 nömrəli doğum haqqında şəhadətnaməyə müvafiq olaraq X6 01.02.1988-ci il tarixdə anadan olmuşdur. İddiaçı 31.05.1985, 01.02.1988 və 11.10.1989-cu il tarixlərdə uşaqları doğulduğundan və o, həmin tarixdən etibarən körpə uşaqlarına qulluq etdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətə tətbiq edilməlidir. İddiaçı körpə uşaqlarına qulluq müddətlərinin onun iş stajına daxil edilməsi körpə uşaqlarına qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, eləcə də körpə uşağa qulluq etdiyi müddət və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Körpə uşaqlara qulluq müddətinin əmək stajına daxil edilməsi” məsələsi körpə uşaqlara qulluq edilən vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan körpə uşaqlara qulluq müddətinin sosial sığorta stajına (iş stajına) daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. “Dövlət pensiya təminatı haqqında” SSRİ-nin 14 iyul 1956-cı il tarixli Qanunun 10-cu maddəsinə müvafiq olaraq 5 və daha çox uşağını doğub və onlara 8 yaşına kimi qulluq etmiş qadınlar 50 yaşına çatdıqda və azı 15 il iş stajına malik olduqda onların pensiya hüququ vardır. Sözügedən Qanunun müvafiq maddəsinin tələblərinə əsasən, qadınları pensiya hüququnun yaranması üçün 3 şərt mövcud olmalıdır: 1. 5 və daha çox uşağı doğub və onlara 8 yaşına kimi qulluq etmək; 2. 50 yaşına çatmaq; 3. Azı 15 il iş stajına malik olmaq. Sözügedən Qanunda uşağa qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi məsələsi nəzərdə tutulmamışdır. İddiaçı istinad etdiyi 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e" bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilir. Lakin qeyd edilməli məqam ondan ibarətdir ki, İddiaçı 11.10.1983, 31.05.1985 və 01.02.1988-ci il tarixlərdə uşaqları doğulduğu və daha sonra onlara 3 yaşına çatana kimi qulluq etdiyi dövrdə “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu qüvvədə olmuş və həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddətin iş stajına daxil edilməsi məsələsi nəzərdə tutulmamışdır. Ali Məhkəmənin “qazanılmış hüquq” prinsipi də hal-hazırki işə tətbiq edilə bilməz. Belə ki, sözügedən prinsipin tələblərinə müvafiq olaraq əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Məlum olduğu kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu 1992 - 2006-cı illər ərzində belə bir norma nəzərdə tutulub və vətəndaşın vəziyyətini yaxşılaşdıran qanunun geriyə qüvvəsi prinsipinə müvafiq olaraq əgər şəxsin pensiya hüququ 1992 - 2006-cı illər ərzində yaransa idi, bu zaman şəxsə münasibətdə həmin dövrlər sosial sığorta stajına daxil edilə bilərdi. Göründüyü kimi İddiaçı 1956 - 1992-ci illər ərzində qüvvədə olan “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu ilə uşağa qulluq etdiyi dövrün iş stajına daxil edilməsi hüququnu qazanmamışdır. Belə olan halda 1992 - 2006-cı illər ərzində qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanun mübahisələndirilən məsələyə tətbiq edilə bilməz. Beləliklə, İddiaçı körpə uşaqlarına qulluq müddətlərinin onun sosial sığorta stajına daxil edilməsi üçün iki haldan biri mövcud olmalıdır: - İddiaçı yaşa görə əmək pensiyası hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun qüvvədə olduğu 1992 - 2006-cı illər ərzində yarandıqda: - İddiaçı körpə uşaqlarına “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun qüvvədə olduğu 1992 - 2006-cı illər ərzində qulluq etdikdə. Yuxarıda qeyd edilən işin hallarından göründüyü kimi İddiaçı təhsil aldığı və işlədiyi müddət ərzində onun ümumilikdə 20 il 03 ay 08 gün sosial sığorta stajı vardır, İddiaçı uşağa qulluq etdiyi dövr istər hal-hazırda qüvvədə olan qanunvericiliyin, istərsə də həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda İddiaçı qanunla tələb edilən 25 sosial sığorta stajına malik deyildir. Həmçinin “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələbinə müvafiq olaraq onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmayacaqdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 62 ildə, yəni 15.01.2021-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X12 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı hüququnun yarandığı 15.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 20 il 03 ay 19 gün təşkil edir. İddiaçının 11.10.1983-cü il, 31.05.1985-ci il və 01.02.1988-ci il təvəllüdlü olmaqla üç uşağı var. İşin mübahisələndirilən halı iddiaçının uşağa qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014-cü il tarixli qərarında ifadə edilən mövqeyə əsasən, hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Məhkəmə qeyd etmişdir ki, iddiaçının uşaqlara qulluq etdiyi zaman qüvvədə olan (01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş) Dövlət pensiyaları haqqında SSRİ qanununda olmasa da, sonrakı (01.01.2006-cı ilədək qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilmişdir. Bu müddəa “əvvəllər verilməmiş hüquqların verilməsi” kateqoriyasına aid olmaqla fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hal hesab olunmalıdır. Müddəa “əvvəllər verilməmiş hüquqların verilməsi” kateqoriyasına aid olmaqla fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hal hesab olunmalıdır. Məhkəmənin hüquqi mövqeyi isə ondan ibarətdir olmuşdur ki, iddiaçının uşaqlarına qulluq etdiyi müddət 6 il olmaqla onun sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, onun 62 yaşı 15.01.2021-ci il tarixdə tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi təqdim edilmiş 15.08.1997-ci il tarixli İT- İ №2351894 saylı əmək kitabçasına əsasən ümumi iş stajı 01.01.2006-cı il tarixədək 8 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğu, eyni zamanda 01.01.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2562,44 manat olmaqla tələb olunan 28800 manatdan az olması göstərilmişdir. Cavabdehin apelyasiya şikayətindən göründüyü kimi İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: - İddiaçı 01.09.1975 - 20.07.1977-ci illər ərzində təhsil aldığı dövr; - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq işlədiyi dövrlər. Belə ki, iddiaçıya məxsus 3973 nömrəli attestata əsasən o, 01.09.1975 - 20.07.1977-ci illər ərzində Texniki Peşə məktəbində təhsil almış (01 il 10 ay 19 gün), iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən 01.09.1992 - 02.05.1994-cü il tarixlərdə keçmiş Əzizbəyov rayonu 124 saylı məktəbdə xadimə (01 il 08 ay 01 gün), 01.07.1994 - 02.02.1997-ci il tarixlərdə Səbuhi Kooperativində xadimə (02 il 07 ay 01 gün), 01.08.1997 - 01.03.1999 və 01.04.1999 - 01.05.2001-ci illərdə Sahil (Primorsk) stansiyasında fəhlə (03 il 08 ay), 01.05.2001 - 01.09.2009-cu illərdə Azərbaycan Dövlət Dəmir yolu daşıma proseslərini idarəetmə birliyi Sahil stansiyasında bağban işləyib (8 il 04 ay), 29.01.2010 - 31.07.2010-cu illərdə Sabunçu rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olub (06 ay 02 gün), 25.04.2013 - 02.06.2014-cü illərdə "xxxx" ASC Sabunçu rayon su kanal departamentində xadimə işləyib (1 il 1 ay 7 gün), 31.01.2017 – 31.07.2017-ci illərdə Sabunçu rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olmuşdur (06 ay). Sözügedən mübahisələndirilməyən illər ərzində iddiaçının sosial sığorta stajı ümumilikdə 20 il 03 ay təşkil edir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili İddiaçı üç uşağına qulluq etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı üç uşağına – 31.05.1985-ci il təvəllüdlü X1, 01.02.1988-ci il təvəllüdlü X2 və 11.10.1989-cu il təvəllüdlü X3 3 yaşınadək qulluq etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının uşaqlara qulluq etdiyi zaman qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin e) bəndinə əsasən iddiaçının uşaqlarına qulluq etdiyi müddət 6 il olmaqla onun sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçının 62 yaşı tamam olduğu dövrdə əmək kitabçasına və 3 uşağa qulluq etdiyi müddət 6 il olmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5394/2021 saylı 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar