Məhkəmə qərarları › İş №2-1(103)-2376/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2376/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2376/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-4466/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 19.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 03.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 3 dekabr 1965-ci il tarixdə Ermənistanın Çəmbərək (Krasnoselo) rayonunda doğulmuşdur. 20 noyabr 1986-cı il tarixdən halhazıradək 1 nömrəli Sumqayıt şəhər xəstəxanası X12 Yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir. Vəzifəsinin xarakterinə görə xəstələrlə bilavasitə ünsiyətdə olur. 55 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə (zərərli iş) 34 ildən artıq stajı olduğundan, 21 dekabr 2020-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzi vasitəsi ilə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 21 yanvar 2021-ci il tarixli məktubu ilə ərizəni təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Cavabdehin qeyd olunan imtina məktubu qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, 1 oktyabr 1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət pensiyaları haqqında» SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Həmin dövrdə qüvvədə olan qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə göstəriş olduğu qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. İddiaçı 1984-cü ildə 1 №-li Bakı tibb məktəbinə daxil olmuş, 5 iyul 1986cı il tarixdə ixtisası üzrə tam kursu bitirdiyindən ona tibb bacısı ixtisası verilmişdir və təhsil aldığı müddət qazanılmış hüquq olaraq onun əmək stajı hesab edilir. Belə ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüquqdur, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. «Əmək pensiyaları haqqında» AR Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, onun 1984-cü ildən 5 iyul 1986-cı ilədək olan təhsil müddəti "1992ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı” olaraq hər hansı şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edildiyindən, pensiya təyin edilərkən sığorta stajı kimi nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» AR Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 2006-cı il 1 yanvar tarixədək təhsil müddəti nəzərə alınmaqla onun 21 il 2 ay sığorta stajı olmuşdur ki, bunun da 19 il 2 ayı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aiddir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş mətninə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə nəticə alınır ki, 31 dekabr 2005-ci il tarixdə əmək fəaliyyətini dayandırıb qanunla nəzərdə tutulan yaş həddinə çatdıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilərdi. Göründüyü kimi, artıq 2006-cı il 1 yanvar tarixinədək olan sığorta stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərli olduğundan, cavabdehin pensiya kapitalının az olmasına istinad etməsi qanunsuz olmuşdur. Bundan başqa, hesab edilir ki, ümumilikdə onun 36 il sığorta stajı üçün pensiya kapitalı da cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Ümumiyyətlə, hesablanmanın bu qaydada aparılması əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxs olaraq onu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan məhrumetmə xarakteri daşıyır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Göründüyü kimi, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən 55 yaşı çatmış qadın olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olsa da, cavabdeh ona müvafiq pensiyanın təyin edilməsindən imtina etmişdir. 28.04.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,iddiaçıya 52 yaşı (03.12.2017-ci il) tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və cari tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanmaqla, iddiaçıya ödənilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-4466/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı 52 yaşdan (3 dekabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 04.08.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-4466/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 45.600 manat məbləğində pensiya kapitalına malik olması tələb olunur. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi 25.347,59 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-4466/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - X3 1984 – 1986-cı illərdə 1 nömrəli Bakı Tibb Məktəbində təhsil almış və ona həmin təhsil müəssisəsi tərəfindən KT seriyalı 016453 nömrəli diplom verilmişdir. - Vİ ЖГ seriyalı 467940 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 ilə X4 arasında 1 iyul 1998-ci il tarixdə (Sumqayıt şəhər nikah evi, qeyd № 318) nikah bağlanmış və nikah bağlanandan sonra qadına “Xanlarova” soyadı verilmişdir. - 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının 10 dekabr 2020-ci il tarixli, 1151 №-li arayışında aşağıdakılar bildirilir: - X2 həqiqətən 20 noyabr 1986-ci il tarixdən halhazıradək “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” X12 Yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir və bilavasitə xəstələrlə ünsiyyətdədir. Ümumi iş stajı 34 il və zərərli iş stajı 34 il. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı»nın 19-cu bölməsinin “A” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsinin 2260000a bəndinə uyğun gəldiyi üçün ona güzəştli şərtlərlə pensiya təyin edilə bilər. - İddiaçıya məxsus 18.10.1988-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, X4 20 noyabr 1986-cı il tarixdən hal-hazıradək “1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” X7 Yoluxucu xəstəliklər şöbəsində palata tibb bacısı vəzifəsində işləyir. - İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş TƏBİB Sumqayıt Tibb Mərkəzi X13 1 №-li Xəstəxanası tərəfindən verilmiş 21197 №-li, 14.10.2021-ci il tarixli arayışa əsasən “X2 20.11.1986-cı il tarixindən halhazıradək 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir və bilavasitə xəstələrlə ünsiyyətdədir. Ümumi iş stajı 34 il olmaqla, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üzrə də iş stajı 34 il təşkil edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin siyahısı” qərarına əsasən təsdiq edilmiş siyahının 19-cu bölümünün “A" bəndinə, buda Nazirlər Kabinetinin 21.06.1993-cü il 320 saylı qərarının XXİV “Səhiyyə və sosial təminat idarələri ” bölməsinin 2260000a nömrəli bəndi üzrə orta tibb heyət kateqoriyasına uyğun gəldiyi üçün Bəsti Xanlarovaya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321- İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1- dək hər il 6 ay artırılır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi staja, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilmişdir. Belə ki, iş materiallarına əsasən iddiaçının çalışdığı 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası X7 Yoluxucu xəstəliklər şöbəsində palata tibb bacısı vəzifəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsinin “a” bəndində bilavasitə xəstələrə xidmət edən aşağıdakı işçilər “2260000a” və “2260600a” kodları ilə nəzərdə tutulmuş vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti və kişik tibb heyəti peşəsinə uyğundur. Göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixə qanunvericiliklə nəzərdə tutulmuş həm ümumi, həm də güzəştli iş stajı mövcuddur. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçı tərəfindən 21.12.2020-ci il tarixdə cavabdeh inzibati orqana güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciət edilmiş, sonuncu tərəfindən 21 yanvar 2021-ci il tarixli məktuba əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya icraatı materiallarında cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməsinə baxmayaraq, məhkəmə qərarının nəticə hissəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi qeyd edilməsi həmin qərarın ləğvi üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-4466/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(112)-4466/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar