Məhkəmə qərarları › İş №2-1(103)-2376/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2376/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2376/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək X3 İnstitutu tərəfindən verilmiş “Lingvistika” ixtisası üzrə bakalavr dərəcəsinə dair 13 iyun 2005-ci il tarixli ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildə Cənubi X1 Bakı Filialına daxil olmaqla, həmin universitetdə “Lingvistika” ixtisası üzrə təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə dərslərdə davamlı olaraq iştirak etmiş və diploma əlavədə qeyd edilən təhsil yükü tərəfindən tam olaraq mənimsənilmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə 13 iyun 2005-ci il tarixdə “Lingvistika” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, X3 İnstitutu tərəfindən verilmiş ******* nömrəli diplom Rusiya Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. Tərəfindən xx.xx.2021-ci il tarixdə, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron ərizə ilə müraciət edilərək, qeyd edilən bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınaraq, ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi xahiş edilmiş və bununla bağlı cavabdehə müvafiq sənədlər təqdim edilmişdir. Müraciəti 00003781 nömrəsi ilə qeydiyyata alınaraq, icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin ekspert qrupu tərəfindən ZOOM tətbiqi proqramı vasitəsilə onlayn qaydada nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə aparılaraq, xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. Cavabdehin “Müraciətə dair mənfi qərar qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olmaqla ləğv edilməli və X3 İnstitutu tərəfindən verilmiş 13 iyun 2005-ci il tarixli ABD ******* nömrəli diplom üzrə aldığı ixtisas ölkə ərazisində tanınaraq, ekvivalentliyi haqqında şəhadətnamə verilməlidir. Cavabdehin imtinasının “Rusiya Federasiyasının Cənubi X1 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında, həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün hesab edilməsi” hissəsi ilə bağlı o, cavabdehə elektron qaydada müraciət zamanı, elektron ərizədə Cənubi X1 Bakı Filialında təhsil almağını qeyd etmiş, lakin, cavabdeh qanunvericiliyin tələblərinə əsasən üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyərək, işin faktiki hallarını düzgün araşdırmayaraq, faktiki olaraq onun Cənubi X1 Bakı Filialında təhsil aldığını nəzərə almamış, öz imtinasını işin hallarına aidiyyəti olmayan arqumentlə əsaslandırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndində ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina olunmasının əsasları göstərilmiş və həmin əsaslarda tədris dilinin qənaətbəxş olmaması barədə mənfi rəy imtina üçün səbəb göstərilməmişdir. Ümumiyyətlə, 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Qaydalarda ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərdə, ixtisas dilinin qənaətbəxş olub-olmamasının müəyyən edilməsi ilə bağlı rəy nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdeh işin faktiki hallarını, qanunvericiliyin normalarına düzgün tətbiq etməyərək, qanunsuz və əsassız olaraq müraciətindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndinə istinad edərək imtina etmiş, sözügedən Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş əsasları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2397/4-488 nömrəli, 05 mart 2007-ci il tarixli qərarı ilə Cənubi X1 Bakı filialının fəaliyyəti Azərbaycan Respublikasında dayandırılmış Cənubi X1 Bakı filialında təhsil alan şəxslərin hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Sözügedən qanuni qüvvəsini almış məhkəmə qətnaməsində məhkəmə öz hüquqi mövqeyi ilə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də, cavabdeh müəssisədə (Cənubi X1 Bakı filialında) təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun təmin olumalıdır. Sözügedən qətnamədə Filialda təhsil alan şəxslərin təhsil hüquqlarının qanunauyğun təmin olunması təsbit edildiyindən və eləcə də, qətnamədə Filial fəaliyyətə başladığı gündən verilmiş diplomların etibarsız sayılması barədə hər hansı bir müddəa öz əksini tapmadığından, bununla da, Filialın fəaliyyətdə olduğu müddət ərzində, yəni Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsili qanuni sayıldığından, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi cavabdeh tərəfindən icra olunmalı və təhsil hüququ Azərbaycan Respublikası ərazisində qanunauyğun olaraq təmin olunaraq, Cənubi X1 Bakı Filialı tərəfindən verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməlidir. X3 İnstitutu tərəfindən verilmiş diplomun Azərbaycan Respublikası ərazisində tanınmaması ilkin olaraq bir vətəndaş kimi Azərbaycan Respublikası Konstitusiyası ilə təmin olunan, eləcə də, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun İİ maddəsində təsbit olunan təhsil hüququnun kobud şəkildə pozulması deməkdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq Ramazanova (Məmmədova) Səbinə Ramazan qızının Cənubi X1 qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki, diploma əlavəsində, o cümlədən, hər hansı digər rəsmi sənəddə (arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirmək istərdik ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Bundan əlavə, Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Sonda iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmiş, X3 İnstitutu tərəfindən İddiaçı adına verilmiş AVB (АВБ) seriyalı ******* saylı 13 iyun 2005-ci il tarixli bakalavr diplomu (qeydiyyat nömrəsi “9”, 22 iyun 2005-ci il) üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia qadıraraq X3 İnstitutu tərəfindən verilmiş “Lingvistika” ixtisası üzrə bakalavr dərəcəsinə dair 13 iyun 2005-ci il tarixli ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaya etirazda göstərilən əsaslara görə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda cavabdeh inzibati orqan tərəfindən vəsatətlə məhkəməyə təqdim olunan şəhadətnamədən görünür ki, iddiaçının tələbi artıq cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən X3 İnstitutu tərəfindən verilmiş iddiaçının “Lingvistika” ixtisası üzrə bakalavr dərəcəsinə dair 13 iyun 2005-ci il tarixli ******* nömrəli diplomu akademik və peşə tanınma növündə tanınmışdır, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar