Məhkəmə qərarları › İş №2-1(103)-2377/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2377/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2377/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının yetkinlik yaşına çatmayan övladının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-4572/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 18 noyabr 2011-ci il tarixdə doğulmuş övladı Əliyev İbrahim Farid oğlunun 1 iyul 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə aktın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddia ərizəsində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” sözünün göstərilməsini formal xəta kimi qiymətləndirmiş və cavabdeh kimi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”ni qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-4572/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-4572/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 iyun 2021-ci il tarixli “Əyani müayinə aktı”na əsasən əlilliyin qiymətləndirilmə nəticəsindən narazı olan Əliyev İbrahim Farid oğlu 2 saylı TSEK-in həkim ekspertləri tərəfindən evdə əyani müayinə olundu. Müəyyən olundu ki, Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğu səhiyyə müəssisəsinin 0053003AADWF saylı Göndərişi əsasında 27 aprel 2020-ci il tarixdə qiymətləndirilmiş və imtina qərarı verilmişdir. Səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: Fallo-tetradası. Fallao-tetradasının korreksiyası, əməliyyatdan sonrakı vəziyyəti İ – İİ dərəcə TÇ, İİ dərəcə PÇ. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: Dəri və dərialtı toxumalar: dərisi təmizdir, solğundur. Ağız-burun üçbucağında, ətraflarda akrosioz var, döş sümüyü üzərinə torakomiya səbəbli dəri qalınlaşması – çapıq var. Limfa vəzləri: pereferik limfa vəzləri əllənmir. Sümük əzələ sistemi: inkişafı yaşa uyğundur. Tənəffüz sistemi: sağ ağciyər üzərində sərt tənəffüs formasında tək-tək krepitasiyalar, solda ürək tonlarının səsindən başqa heç bir şey eşidilmir. Ürək-damar sistemi: ürəyin sərhədləri iki tərəfdə genişlənmişdir. Auskultasiya zamanı bütün nöqtələr üzərində kobud sistola – diaostolik küy eşidilir: PS - 81/1 dəqiqə, ritmik, A/T 110/65 mm c.s. Həzm sistemi: Dili nəmdir. Qarnı yumşaq, ağrısızdır. Defekasiya aktı sərbəstdir. Sidik və cinsiyyət sistemi: bel nahiyəsi pekusiya zamanı az ağrılıdır. Diurezdə ləngimə var, amma sərbəstdir. Status localis: uşaq anadangəlmə xəstədir. 14 noyabr 2012-ci il tarixdə ETCM-də açıq ürək əməliyyatı olunub. Hal-hazırda uşağın vəziyyəti ağırdır. Təngnəfəslikdən, ümumi halsızlıqdan, tezyorulmadan, aşağı ətraflarda şişkinlikdən əziyyət çəkir. 7 iyul 2021-ci il tarixdə ürək köçürməsi əməliyyatı planlaşdırılır. Müayinələrin nəticəsində səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnoz təsdiqini tapır, xəstənin hazırkı vəziyyəti AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 3.1.32-ci bəndinə müvafiq olaraq 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu təyinatına əsas verir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1, 3.1-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 1.1, 2.1, 3-cü bəndlərini, AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.7-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının 2011-ci il təvəllüdlü övladı Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Xidmətinin) imtinası qanunvericiliyin tələblərinə zidd və iddiaçının yetkinlik yaşına çatmayan övladının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının övladı Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğu bu barədə ilkin müraciət 1 iyul 2020-ci il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən və əvvəllər müəyyən edilmiş məhdudluğun son müddəti də həmin vaxta bitdiyindən, qeyd olunan tarixdən müəyyən olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, cavabdeh orqanın mütəxəssislərinin verdiyi rəydə (əyani müayinə aktında) iddiaçının 2011-ci il təvəllüdlü övladı İbrahim Əliyevin xəstə qismində hazırkı vəziyyətinin sağlamlıq imkanlarının məhdudluğu təniyatına əsas verməsinin müəyyən olunduğu bildirilir. Nəzərə alınmalıdır ki, həmin aktda müayinələrin nəticələri üzrə səhiyyə müəssisəsinin Göndərişində qeyd edilmiş diaqnozun təsdiqini tapdığı və xəstənin hazırkı vəziyyətinin AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 3.1.32-ci bəndində göstərilən hala uyğunluğu vurğulanmışdır. Bu isə belə nəticə yaradır ki, cavabdeh inzibati orqanın imtinasında göstərilən “sənədlər tam doldurilmamışdır” və “tibb müəssisısinə müraciət olunması tövsiyə edilir” ifadələri hər hansı əsasa söykənmir və formal xarakterlidir. Bundan başqa, cavabdehin imtinası həm də icraatda qoyulan məsələnin məqsədləri baxımından həm də “mütənasiblik” prinsipinə ziddir. Bununla da, cavabdeh inzibati orqan apardığı inzibati icraatda «İnzibati icraat haqqında» AR Qanununun 15, 17, 24-cü maddələrinin tələbləri birbaşa pozulmuşdur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-4572/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar