Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2377/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə və iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "doğum akt qeydində dəyişiklik edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6341/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində doğum tarixinin 18 sentyabr 2019-cu ildə qeyd edilmiş X1 doğum akt qeydində doğum tarixinin dəyişdirilərək 20 iyun 2019-cu il tarixi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İşin iddia ərizəsində şərh olunan faktiki hallarına görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən X2 övladlığa götürmüşlər. Nəsimi Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, iddiaçılar yanlış düşünərək uşağın doğum şəhadətnaməsində onun doğum tarixinin də dəyişdirilməsini qeyd etmiş, nəticədə qətnamədə uşağın doğumu haqqında qeydiyyat tarixi 18 sentyabr 2019-cu il olaraq qeyd edilmişdir. Həmin qətnamə icra edilərkən uşağa doğum haqqında şəhadətnamə verilmiş, uşağın doğum tarixi akt qeydində doğum tarixi 18 sentyabr 2019-cu il qeyd edilmişdir. Gələcəkdə, uşağın övladlığa götürülməsi şübhəsinin aradan qaldırılması ilə əlaqədar iddiaçılar onun doğumu haqqında akt qeydində doğum tarixinin 20 iyun 2019-cu il tarixi kimi qeyd edilməsi qərarına gələrək bununla bağlı Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda kifayət qədər əsaslar olmadığından düzəlişin edilməsinin qeydiyyat şöbəsində mümkün olmadığı əsası ilə iddiaçıların müraciətinin təmin olunmasından imtina olunmuş, həmin imtinadan narazı qalan iddiaçılar öhdəliyin icrası haqqında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6341/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı1 apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «…Qərar qanunsuz və əsassızdır. Belə ki, övladlığa götürülən uşağın doğum tarixnin dəyişdirilməsi qanuna uyğundur və bu hüquqdan istifadə etmiş, övladlığa götürərkən doğum tarixini dəyişdirmişdir. Doğum tarixinin yenidən əvvəlki tarixə olduğu kimi dəyişdirilməsi heç kimsənin mənafeyini pozmur, əksinə, uşağın mənafeyinə tam uyğundur. Bu dəyişiklik övladlığa götürülən uşağın övladlığa götürülməsi ilə bağlı sirrin qorunmasına xidmət edir. Dəyişiklik olunarsa, daha da övladlığa götürülən uşağın sirri tam qorunmuş olacaq. Hazırkı doğum tarixinin olduğu kimi qalması, insanın diqqətini cəlb etməklə, açıq-aşkar sirrin, şübhənin olmasına xidmət edir və bu da sirrin açılmasına səbəb ola bilər. Uşaq bu tarixlərlə bağlı şübhələri özü bilə bilər, eyni zamanda bu doğum haqqında şəhadətnamə uşağın getdiyi baxçada, oxuyacağı məktəbdə müəllimlərin, direktorların diqqətini çəkəcək, onlarda da şübhə oyadacaqdır. Bununla da övladlığa götürülməsi sirrinin açılmasına, həmin tarixlərdə şübhələrin olmasına xidmət edəcəkdir. Övladlığa götürmə sirri nəinki uşaq vaxtı, eyni zamanda övlad böyüdükdən sonra da saxlanıllır. Doğum tarixində dəyişiklik olmazsa, mütləq qaydada uşaq yetkinlik yaşına çatdıqdan sonra da onu böyük şübhələrə salacaq. Bəlkə uşaq ali təhssilli hüquqşünas olacaq. O zaman o tarixlərdə olan uyğunsuzluğun nədən ibarət olmasını, səbəblərini tam anlayacaqdır. Övladlığa götürmə sirri açılarsa, Xədicənin sağlamlığına, psixologiyasına ciddi təsir edəcək və onun sağlamlığını təhlükə altında qoya bilər. Biz bilmirik, Xədicə böyüyəndə hansı xasiyyətin sahibi olacaq, bəlkə o, psixologiyası zəif olacaq, bəlkə o bu sirri bildikdən sonra özünə nəisə edər? Bakı İnzibati Məhkəməsinin hakimi sanki bu boyda ciddi əsasları görməmişdir. Əksinə övladlığa götürmə sirrinin yayılmasına köməklik edəcək qətnamə qəbul etmişdir. Uşağın valideyni mən və maraqlı şəxsdir. Doğum tarixinin dəyişdirilərək, əvvəlki tarix kimi qeyd edilməsi heç kimin mənafeyini pozmadığı halda, Məhkəmənin nə marağı var ki, bu ərizəni təmin etməsin. Bu ərizə təmin edilsə idi, kimin mənafeyi pozulur ki? Dövlət özü övladlığa götürmə sirrinin qorunmasında, uşağın övladlığa götürülməsində, hətta doğum tarixinin dəyişdirilməsində maraqlıdır. Hətta Dövlət övladlığa götürülən uşağın doğum tarixini şübhənin aradan qaldırılması məqsədi ilə uşağın doğum tarixinin dəyişdirilməsi hüququnu valideynlərə vermişdir. Dövlət hətta bu sirrin yayımlanmasına görə Cinayət Məcəlləsində xüsusi olaraq maddə belə əlavə etmişdir. Yəni Dövlət özü tarixin dəyişdirilməsində, övadlığa götürmə sirrinin saxlanılmasında maraqlıdır. Gələcəkdə, uşağa, onun müəllimlərinə tarixlə bağlı uyğunsuzluğu necə izah edəcək? Axı bununla bağlı suallar ona dəfələrlə olacaq, ali təhsilli insanlarda böyük şübhə doğuracaq, uşağın həmyaşıdları arasında Xədicənin lağa qoyulmasına səbəb ola bilər, Xədicənin özünün belə ağlına gəlməsə belə, kimsə onun ağlına salıb onun diqqətini həmin məqama çəkə bilər. Yəni göründüyü kimi, doğum tarixi dəyişdirilməzsə, böyük ciddi nəticələrə səbəb ola bilər. Doğum tarixinin dəyişdirilməsini Qanunlar belə yol verir. Hesab edirəm iddianın təmin edilməsi üçün ciddi əsaslar mövcud olmuşdur. Lakin məhkəmə bu əsasları əsas saymamışdır. Bununla da, məhkəmə uşağın övladlığa götürürlməsi ilə bağlı Qanunları ümumilikdə nəzərə almamışdır. Doğum tarixinin dəyişdirilməməsi özü övladlıq sirrini yaymış olacaq. Belə ki, adi elə Qeydiyyat şöbəsinə başqa bir məsələ ilə bağlı müraciət etsək, tarixlərdəki uyğunsuzluq uşağın övladlığa götürülməsini bildirəcək. Bu doğum haqqında şəhadətnamə ilə istənilən orqana yaxınlaşsaq, mütləq açıqlarmasını istəyəcəklər, bu da sirrin açılmasına səbəb olacaq. Ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Ailə Məcəlləsinin 159.2ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir; 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına əlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə doğum akt qeydində doğum tarixinin 18 sentyabr 2019-cu ildə qeyd edilmiş X1 doğum akt qeydində doğum tarixinin dəyişdirilərək 20 iyun 2019-cu il tarixi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir Birinci instansiya məhkəməsi qərarında iddianı rədd edərkən, qeyd etmişdir ki, «X1 doğum tarixi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 5632/2019 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə minmiş və onun əsasında Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 17 saylı övladlığa götürmə haqqında akt qeydi ilə X1 doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2019-cu il yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir.» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, iddia ərizəsində şərh olunan hallardan da aydın görünür ki, məhz iddiaçıların ərizəsi nəzərə alınmaqla, övladlığa götürülən «X3» «xx.xx.2019-cu il» doğum tarixinin, qətnamədə uşağın doğum haqqında akt qeydləri kitabında «xx.xx.2019-cu il» tarixinə dəyişdirilməsi qət olunduğu halda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə istinadən iddia olunur ki, yanlışlıq olaraq bu baş vermiş, uşağın gələcək mənafeyinə uyğun deyildir. Ailə Məcəlləsinin qeyd olunan 161.1-ci maddəsi isə nəzərədə tutur ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, doğum haqqında akt qeydində dəyişiklik - iki halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir:
1. vətəndaşın ərizəsi əsasında - kifayət qədər əsaslar olduqda və mübahisə olmadıqda;
2. məhkəmə qətnaməsi əsasında. İş materiallarına,o cümlədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin işə əlavə olunmuş xx.xx.20019-cu il, tarixli 2(006)-5632/2019 saylı qətnaməsinin surətinə əsasən isə müəyyən olunur ki, İddiaçı2 və İddiaçı1 maraqlı şəxslər Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası, Bakı şəhəri 1 saylı Körpələr Evi və Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «övladlığa götürmə tələbi»nə dair ərizələri təmin edilmiş: -«Bakı şəhəri 1 saylı Körpələr Evində saxlanılan, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 ərizəçilər İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi, Cavabdeh tərəfindən azyaşlının ilkin akt qeydində dəyişiklik edilərək, uşağın doğum haqqında akt qeydləri kitabında adının «Xədicə», soyadının «Mürsəlova», ata adının «Mürsəl», doğum tarixinin «xx.xx.2019-cu il», doğum yerinin «Bakı şəhəri», milliyyətinin «azərbaycanlı», ata qrafasında «İddiaçı2», milliyyəti «azərbaycanlı», ana qrafasında «İddiaçı1», milliyyəti «azərbaycanlı» yazılması, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir.» Eyni zamanda, Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/8- 13-304/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş «doğum haqqında akt qeydi»nin təsdiq edilmiş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi icra olunaraq, uşağın doğum haqqında akt qeydində aşağıdakı kimi qeydiyyat aparılmışdır: - «X4 18 sentyabr 2019-cu il (xx.xx.2019) tarixdə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı2, anası İddiaçı1 qeyd edilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 17 saylı övladlığa götürmə haqqında akt qeydinə əsasən uşağın adı X4, doğum tarixi xx.xx.2019-cu il dəyişdirildi və valideynlər haqqında məlumat əlavə olundu. AZ-N bildiriş 570638.» Qeyd olunanlardan göründüyü kimi, məhz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıların övladlığa götürmə barədə ərizəsi onların arzularına müvafiq ifadə tərzində təmin olunmuş və həmin qətnamə qanuni qüvvəsini alaraq artıq icra da olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsi nəzərədə tutur ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən hazırkı tələbi ilə bağlı iddiaçıların müraciətinə xx.xx.2022-ci il tarixli məktubla müvafiq düzəlişin edilməsinin mümkünsüz olması əsası ilə imtina cavabı verilməsi qanuni və əsaslı olmuşdur. Qanuni və əsaslı imtina isə iddiaçıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda, cavabdeh qeydiyyat orqanını üzərinə düşən öhdəliyi də məhz, uşağın doğum haqında akt qeydində mübahisələndirilən düzəlişin edilməsindən imtina etməkdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin rədd edilməsini işin hallarına, maddi və prosssual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6341/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6341/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.