Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2378/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6826/2025 saylı 20 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sosial sığorta stajına, sağlamlıq imkanları məhdud övladı Babayev Rauf Arzu oğluna 17 may 2002-ci il tarixindən 23 noyabr 2012-ci il tarixinə qədər qulluq etdiyi dövrün daxil edilməsi və mərhum Babayev Rauf Arzu oğlu üçün 17 may 2002-ci ildən 23 noyabr 2012-ci ilədək olan dövr üzrə təyin edilməli olan əlilliyə görə müavinət məbləğinin, həmin dövrün normativ hüquqi aktlarına əsaslanaraq, inflyasiya və devalvasiyanın təsirləri nəzərə alınmaqla, dövrün iqtisadi reallıqlarına uyğun şəkildə hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun övladı - 17 may 2002-ci il təvəllüdlü Babayev Rauf Arzu oğlu anadangəlmə spastik serebral iflic, mikroselafıyadan əziyyət çəkmişdir. Bu fakt 6 dekabr 2012-ci il tarixli R.Babayevin ölüm haqqında şəhadətnaməsində öz təsdiqini tapmışdır. Həmçinin 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən xx.xx.2007-ci il tarixli arayış və 54 nömrəli müayinə aktına əsasən, R.Babayevin əlilliyi müəyyən olunmuş və 16 yaşadək müavinət almaq hüququ təsdiq olunmuşdur. Babayev Rauf Arzu oğluna xx.xx.2005-ci il tarixində X6 tərəfindən anadangəlmə, doğuş zamanı beyin qanaması keçirməsi səbəbindən yaranan serebral iflic diaqnozu qoyulmuşdur. Buna baxmayaraq, hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə təsdiqlənmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən tibbi göstərişlərin əsas meyarlarının 3.1-ci bəndində təsbit olunmuş müddəalara R.Babayevin doğulduğu andan uyğun olmasına baxmayaraq, mərhum R.Babayevə həmin sosial pensiyanın verilməsi, müddəti, konkret aylıq məbləği, ümumi ödənilmiş məbləği, dövri artımlar nəzərə almmaqla, yekun sosial pensiya məbləğinə dair zəruri məlumat və təsdiqedici sənədlər nümayəndəsi olduğu valideynə təqdim olunmamışdır. Yəni nümayəndəsi olduğu İddiaçı övladına (R.Babayevə) sağ olduğu müddət ərzində - 17 may 2002-ci il tarixindən 23 noyabr 2012-ci il tarixinədək olan dövr ərzində ödənilməli aylıq və yekun sosial müavinət məbləği, habelə real ödənilmiş sosial müavinətin aylıq hüquqlarını müdafiə etdiyi İddiaçı, Babayev Rauf Arzu oğluna sağlamlıq imkanları məhdud, anadangəlmə spastik serebral iflic, mikrosefaliyadan əziyyət çəkən uşaq kimi 17 may 2002-ci il tarixindən 23 noyabr 2012-ci il tarixinə kimi, yəni vəfat edənə qədər heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmadan qulluq etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də hesablanır. Beləliklə, qanunvericiliyə uyğun olaraq nümayəndəsi olduğum İddiaçınm 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə - övladı R.Babayevə 17 may 2002- ci il tarixindən 23 noyabr 2012-ci il tarixinədək qulluq etməsi müddətinin sosial siğorta stajı kimi hesablanması zəruridir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6826/2025 saylı 20 fevral 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı tələbi “İddiaçı sosial sığorta stajına, sağlamlıq imkanları məhdud övladı Babayev Rauf Arzu oğluna 17 may 2002-ci il tarixindən 23 noyabr 2012-ci il tarixinə qədər qulluq etdiyi dövrün daxil edilməsi və mərhum Babayev Rauf Arzu oğlu üçün 17 may 2002-ci ildən 23 noyabr 2012-ci ilədək olan dövr üzrə təyin edilməli olan əlilliyə görə müavinət məbləğinin, həmin dövrün normativ hüquqi aktlarına əsaslanaraq, inflyasiya və devalvasiyanın təsirləri nəzərə alınmaqla, dövrün iqtisadi reallıqlarına uyğun şəkildə hesablanıb ödənilməsi” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırda iddiaçının tələbi “onun sosial sığorta stajına, 1). sağlamlıq imkanları məhdud övladı Babayev Rauf Arzu oğluna 17 may 2002-ci il tarixindən 23 noyabr 2012-ci il tarixinə qədər qulluq etdiyi dövrün daxil edilməsi və 2). mərhum Babayev Rauf Arzu oğlu üçün 17 may 2002-ci ildən 23 noyabr 2012-ci ilədək olan dövr üzrə təyin edilməli olan əlilliyə görə müavinət məbləğinin, həmin dövrün normativ hüquqi aktlarına əsaslanaraq, inflyasiya və devalvasiyanın təsirləri nəzərə alınmaqla, dövrün iqtisadi reallıqlarına uyğun şəkildə hesablanıb ödənilməsi” ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının ilkin tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı X7 xx.xx.1982-ci il təvəllüdlüdür. O, pensiya yaşına çatmadığından mərhum sağlamlıq imkanları məhdud övladı Babayev Rauf Arzu oğluna 17 may 2002-ci il tarixdən 23 noyabr 2012-ci il tarixə qədər qulluq etdiyi dövrün daxil edilməsində iddiaçının hüquqi marağı müəyyən olunmur. Digər iddia tələbi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli, 3-17-1/2-8419/2025 №-li cavab məktubundan müəyyən olunur ki, xx.xx.2002-ci il təvəllüdlü Babayev Rauf Arzu oğluna sağlamlıq imkanları məhdud uşaq kimi sosial müavinət onun atası Babayev Arzu Qaraş oğlunun adına rəsmiləşdirilərək 31 dekabr 2012-ci il tarixənədək ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qeyri-mümkün sayılması barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakı maddı hüquq normalarını diqqətə çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: ..... 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; Göründüyü kimi, əlilliyi müəyyən edilmiş şəxsə (və ya sağlamlıq imkanları məhdud uşağa) qulluqetmə müddətinin qulluq edənin sosial sığorta stajına daxil edilməsi əgər qulluqolunan vəfat etmişdirsə, adı çəkilən Qaydaların 4.1. yarımbəndinin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən həyata keçirilir. Hazırki işdə də iddiaçının Qaydaların 4.1. yarımbəndinin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlərə malik olduğu müəyyən olunmur. Belə olan halda iddiaçı sağlamlıq imkanları məhdud olan mərhum övladına sağlığında onun tərəfindən qulluq edilməsi faktının yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilməsindən sonra həmin müddətin onun sığorta stajına daxil edilməsi iddiasını irəli sürə bilər. İndiki vəziyyətdə isə iddiaçının sağlamlıq imkanları məhdud olan mərhum övladına sağlığında onun tərəfindən qulluq edilməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmadığı üçün, yəni belə qərar mövcud olmadığından iddiaçının hazırki iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının “sağlamlıq imkanları məhdud olan övladına qulluq etdiyi müvafiq dövrün onun sığorta stajına daxil edilməsi” ilə bağlı iddiasının qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. O ki qaldı iddiaçının “mərhum oğlu üçün müəyyən dövr üzrə təyin edilməli olan əlilliyə görə müavinət məbləğinin, həmin dövrün normativ hüquqi aktlarına əsaslanaraq, inflyasiya və devalvasiyanın təsirləri nəzərə alınmaqla, dövrün iqtisadi reallıqlarına uyğun şəkildə hesablanıb ödənilməsi” ilə bağlı iddia tələbinə, iş materiallarından görünür ki, iddiaçının mərhum oğluna sağlığında qulluq etməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmamışdır. Ümumiyyətlə, bu hal mübahisəlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli, 3-17-1/2-8419/2025 №-li cavab məktubundan müəyyən olunur ki, xx.xx.2002-ci il təvəllüdlü Babayev Rauf Arzu oğluna sağlamlıq imkanları məhdud uşaq kimi sosial müavinət onun atası Babayev Arzu Qaraş oğlunun adına rəsmiləşdirilərək 31 dekabr 2012-ci il tarixənədək ödənilmişdir. Belə olan halda iddiaçının sağlamlıq imkanı məhdud olan övladına sağlığında qulluq etdiyi halda həmin uşağa təyin edilmiş müvafiq müavinətin atasına verilməsi faktı iddiaçının qeyd olunan dövr üzrə müavinət tələb etməkdə subyektiv hüquqa malik olması barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Qeyd olunan məsələlərə mülki məhkəmə icraatı hüquqi faktın müəyyən edilməsi və ya ümumi icraat qaydasında aydınlıq gətirilməsinə zərurət vardır. Buna görə də həmin hallar hazırki vəziyyətdə iddiaçının iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılmasını qeyri-mümkün edir. Bu səbəbdən hazırki işə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən iddiaçının qeyd olunan tələbləri düzgün olaraq qeyri-mümkün sayılmışdır. Apelleyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6826/2025 saylı 20 fevral 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6826/2025 saylı 20 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X10 Orxan İsmayılov