Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2379/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6) “bağ sahəsinə dair çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2401/2021 saylı 14.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Goradil ərazisində yerləşən 0.12 ha ölçülü 321g saylı bağ sahəsi üzərində İddiaçı mərhum əri X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2401/2021 saylı 14.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Ərazinin 321 nömrə ilə başlayan bağlara aidiyyəti yoxdur. “Novxanı” bağ sahəsi kimi 27.02.2020-ci il tarixində digər fiziki şəxsin (X7) də müraciəti mövcud olmuşdur. Bundan əlavə plan və ölçüsündə torpaq sahəsi 1043,83 kv m göstərilsə də faktiki olaraq yol (Novhanı-Pirşağı yolu) tikintisi ilə əlaqədar torpaq sahəsi azalaraq faktiki olaraq 745,0 kv. m olmuşdur. Məhkəmə kollegiyasının iclasları və məhkəməyə gəlmədiyi təqdirdə işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinə etiraz verərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı aşağıdakılara görə ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. İPM-in 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinin tələbindən isə grünür ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Lakin, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən işə baxlarkən inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla, qanunvericilyiə uyğun olan, münasib iddianın qaldırılmasında iddiaçıya yardımçı olmamışdır. Belə ki, iddiaçının işdə olan Bakı şəhər İcra Hakimiyyətin Başçısının Aparatının 03.06.2021-ci il tarixli 7-1842/17 saylı arxiv arayışın üzrə Bakı şəhər İcra Hakimiyyətinin 155 saylı 14.06.2006-cı il tarixli sərəncamı ilə Goradildəki 321g saylı bağ sahəsinin X4 ayrılması barədə 14 iyun 2006-cı il tarixli 112 saylı protokoluna, X2 və İstismarı Birliyi ilə iddiaçının mərhum əri X5 arasında bağlanmış 14 iyun 2006-cı il tarixli, 33827 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan 321g nömrəli bağ sahəsi iddiaçının mərhum əri X4 məxsus olmuşdur. Eyni zamanda, işə əlavə olunmuş Gəncə şəhəri 4 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 15 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, iddiaçının əri X5 28.03.2009-cu il tarixdə vəfat etmişdir (Həmin vərəsəlik şəhadətnaməsinə əsasən onun arvadı (iddiaçı) İddiaçı mərhumun əmanət hesabında olan əmanətinin qanun üzrə vərəsəsi kimi qeydə alınmışdır). İşin hazırkı mübahsələndirilən halından göründüyü kimi, İddiaçı mərhumdan miras qalmış həmin əmlaka (bağ sahəsinə) dair hüquqlarının qeydə alınaraq, reyestrdən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu imtina etmişdir. İddiaçı bundan narazı qalaraq Bakı şəhəri Binəqədi rayonu Goradil ərazisində yerləşən 0.12 ha sahisi olan 321g saylı mübahisəli bağ sahəsinə mərhum əri X1 mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə reyestrdən çıxarış verilməsi barədə məhkəmədə iddia qaldırmış və həmin iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunaraq mərhumun adına bağ sahəsinə dair çıxarış verilməsi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qərarından görünür ki, qeyd olunan vəzifəni cavabdehə həvalə edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1 və 7.2-ci bəndlərinə istinad etmişdir. Halbuki, Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarından daha yüksək hüquqi qüvvəyə malik olan «Daşınmaz əmlkın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə müvafiq olaraq, iddiaçının mərhum ərinin qanun üzrə vərəsəsi kimi birbaşa öz adına (digər vərəsələrin buna razılığı olduqda) həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün imkana malik olmuşdur. Belə ki, «Daşınmaz əmlkın dövlət reyestri haqqında» Qanunun qeyd olunan 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, vərəsə ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayış alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilərək qeydiyyat orqanına təqdim eməklə, birbaşa qeydiyyat orqanında bağ sahəsinə dair öz adına rəsmiləşdirmək hüququnu əldə edir. Yəni, konkret halda, iddiaçı Qanunun qeyd olunan tələbinə müvafiq olaraq cavabdehdən ilk öncə mübahisəli bağ sahəsinin mərhum ərinə məxsus olması barədə arayış almalı idi, arayışın verilməsindən imtina olunduqda yalnız bununla bağlı məcburetmə qaydasında məhkəmədə iddia qaldıra bilərdi. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən Qanunun qeyd olunan tələbinə əhəmiyyət verilməmiş, iddiaçıya İPM-in 13-cü maddəsinin tələbi qaydasında, iddia tələbinin düzgün dəqiqləşdirilməsi və münasib iddianın verilməsi üçün yardım göstərməmiş və bununla bağlı cavabdeh orqanın münasibətini aydınlaşdırmaqla, müvafiq prosessual hərəkətləri yerinə yetirməli olduğu halda, iddiaçının Qanunun qeyd olunan tələbinə uyğun gəlməyən dəqiqləşdirilmiş iddia ərizəsini icraata qəbul edərək, mərhum ərinin adına bağ sahəsinə çıxarış verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul etmiş, bununla da prosessual qanunvericilyin tələblərini pozmuşdur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə qərar qəbul olunduğunu hissəsində cavabdehin dəlilləri ilə rayzılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2401/2021 saylı 14.06.2021-ci il tarixli qərarı ləğv edilməli, sadalanan prosessual pozuntuların aradan qaldırılması üçün iş, məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. İPM-in 87.1.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiya məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə və İPM-in 80 və 90-cı maddələrinə əsasən məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2401/2021 saylı 14.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İş materialları məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin . Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2379/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2379/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver