Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2379/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış pensiya ödənişinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-4574/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin (imtinasının) qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda öz ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək Ermənistan SSR Qaçaran şəhərində X4 kombinatında yeraltı dağ-mədən fəhləsi kimi işləmişdir. Bunu Səbail Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsi təsdiq edir. Daha sonra xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bibiheybətneft NQÇİ-də sürücü, çilingər və s. işlərdə işləmişdir, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci illərdə 5 nömrəli X6 sürücü vəzifəsində işləmişdir. xx.xx.1996-cı tarixdən xx.xx.2018-ci ilin avqustuna kimi isə “BP Ezploration” şirkətində sürücü, texnik, mühəndis və s. vəzifələrində işləmişdir. Bakı İnzibati-İqtisad Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2- 1(81)-3924/2017 saylı qərarı ilə ona 50 yaşından, yəni 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin qərar yuxaarı məhkəmə instansiyaları tərəfindən qüvvəsində saxlanılmış və qərar icra edilərək ona 2020-ci ilin iyul ayının 1-dək pensiya ödənilmişdir. Lakin 2020-ci ilin iyul ayından naməlum səbəbdən qanunsuz olaraq pensiyanın köçürülməsini dayandırmışdır. Dəfələrlə ödənişin bərpasını tələb etsə də hər dəfə şifahi və yazılı qaydada ona bildirilmişdir ki, ona “Vüsal” adlı şəxs vasitəsilə yüksək məbləğdə pensiya təyin edilmişdir ki, onun barəsində cinayət işi açılmışdır. Cinayət işi ilə bağlı bütün materiallar Baş Prokurorluğa göndərilmişdir. Həmin iş yekunlaşandan sonra onun işinə yenidən baxılacağı bildirilmişdir. Cavabdehin heç bir əsası olmadan pensiya ödənişini dayandırması tam əsassızdır və bərpa edilməlidir, çünki onun pensiya işinin cinayət işi ilə hər hansı əlaqəsi ola bilməz və ona məhkəmə qərarı ilə pensiya təyin edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında iddianı qəbul etməmiş, nazirlik tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar 22 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-55mat-21/1050 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunduğu bildirilmişdir. Qeyd olunanlara əsasən, cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Nazirliyə daxil olduqdan sonra iddiaçıya əmək pensiyasının ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin müvafiq kart hesabına köçürülməsi məsələsinə baxılacaqdır. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-4574/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, ləğv edilməsini və inzibati işin yenidən araşdırılaraq, mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə baxışa qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3924/2017 saylı, 20 iyun 2017-ci il tarixli qərarı ilə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı “ona 01 aprel 2008- ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, Ali Məhkəməyədək qüvvədə qalmış və cavabdeh orqan tərəfindən icra edilmişdir. Hazırda isə cavabdeh orqan İddiaçı təyin edilmiş pensiyanı ləğv etməmiş və sadəcə Araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 22 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-55mat-21/1050 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunduğu bildirilmişdir. Qeyd olunanlara əsasən, cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Nazirliyə daxil olduqdan sonra iddiaçıya əmək pensiyasının ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin müvafiq kart hesabına köçürülməsi məsələsinə baxılacağı barədə məktub ünvanlamışdır. Buda o deməkdir ki, onun iddiası icra icraatı qaydasında deyil, dayandırmanın bərpa edilməsi olduğundan (vəzivəli şəxsin hərəkətsizliyindən) iddia icraatı qaydasında həll edilməlidir. Hesab edir ki, hazırkı iddianın icra icraatı ilə əlaqəsi olmadığından iddia icraatı qaydasında baxılmalı olduğundan qərardad ləğv edilməlidir. Bəli əgər təyin edilmiş pensiya ləğv edilərdisə, lakin hazırda sadəcə araşdırma getdiyindən dayandırıldığı qeyd edilir. 2021-ci ildən araşdırılması getdiyi deyilsədə nəticəsi barədə məlumat verilmir və ümumiyyətlə mənim işimdə hansı araşdırma getdiyi barədə məlumat bügünə kimi verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən bu iş üzrə məhkəmə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş tam və obyektiv araşdırılaraq sübutlara qiymət verərək qanuni və ədalətli qərar verilməsi üçün birinci instansiya məhkəməsinə baxışa geri qaytarılmalıdır...” Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi V.Əhmədov isə onunla razılaşmamış, iddiaçıya təyin ounmuş əmək pensiyasının məhkəmə qərarı əsasında təyin olunduğunu bildirərək, iddiaçının hazırkı tələbinə həmin işin davamı kimi icra qaydasında baxılmalı oluğunu qeyd edərək qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlınılmalıdır. İddiaçının iddia ərizəsi, apellyasiya şikayəti və cavabdehin etirazı və iş üzrə digər sənədələrlə müəyyən olunan işin mübahisələndirilməyən hallarından, habelə tərəflərin məhkəməyə verdiyi izahatlarından aydın olur ki, iddiaçıya 50 yaşından, yəni 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Bakı İnzibati-İqtisad Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2- 1(81)-3924/2017 saylı qərarı ilə təyin edilmiş və ona 2020-ci ilin iyul ayının 1-dək pensiya ödənilmişdir. Konkret halda, iddiaçı cavabdehə qarşı qeyd olunan məhkəmə qərarı ilə pensiya ödənişinin dayandırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təyin olunmuş pensiyanın dayandırılması isə məhkəmədə “dayandırılmış əmək pensiyasının bərpa olunması barədə” yeni iddianın qaldırılması üçün əsas ola və belə iddianın inzibati məhkəmə icraatı mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Qanunun 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Eyni zamanda, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) də Avropa Məhkəməsi Qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» İşin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, cavabdeh onun üçün məcburi olan, qanuni qüvvəsini almış Bakı İnzibati-İqtisad Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2- 1(81)-3924/2017 saylı qərarının icrasını dayandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında 10 saylı 19 noyabr 2021-ci il tarixli qeyd edilmişdir ki, “...İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir.... Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir...” Qeyd olunanlar onu deməyə əsas verir ki, qanuni qüvvəsini almış Bakı İnzibati-İqtisad Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2- 1(81)-3924/2017 saylı qərarının icrasına nəzarəti həyata keçirmək işə baxan həmin məhkəmənin səlahiyyətidir və həmin iş üzrə icrada yaranan istənilən məsələyə də, ayrıca iddia icraatı çərçivəsində yox, məhz, həmin işin davamı olaraq icra qaydasında baxılmalıdır. Bu baxımdan, iddiaçının hazırkı iddia ərizəsinin əsaslandırılmış iddia kimi qəbul olunması mümkün deyildir. Başqa sözlə, hazırkı iddianın mümkünlük şərtləri ödənilmir. İPM-in 35.1-ci maddəsinin tələbindən isə görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mahiyətindən də göründüyü kimi, inzibati icraat qaydasında baxılmalı və iddia növünə uyğun olan iddia əsaslandırılmış sayıla bilər. Əks halda, məhkəmə, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd olunanlar baxımından, məhkəmə kollegyiası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-4574/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, Bakı İnzibati-İqtisad Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2-1(81)-3924/2017 saylı qərarı ilə ona təyin olunmuş əmək pensiyasının davamlı icrasının təmin olunması üçün həmin icra sənədinin icrası qaydasında müvafiq ərizə (şikayət) ilə həmin qərarı qəbul etmiş və icrasını həyata keçirən hakimə (məhkəməyə) müraciət edə bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4574/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2379/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2379/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver