Məhkəmə qərarları › İş №2-1(103)-238/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-238/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-238/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və X9 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X16. Cavabdehin nümayəndəsi X7 iştirakı ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: “İçərişəhər” Dövlət X10) qarşı “hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında çıxarışın (arayışın) verilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2643/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 saylı ünvanda yerləşən 3 otaqlı evə dair onun adına hüquqların daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyata alınmaqla çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı ş., Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 saylı ünvanda yerləşən 3 otaqlı evə dair qanun üzrə vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması barədə çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 saylı ünvanda yerləşən 3 otaqlı ev iddiaçının atasına əvvəlcə xidməti mənzil kimi verilmiş, sonradan ev atasının daimi istifadəsinə verilmişdir.İddiaçının atası 2017-ci ildə vəfat etmişdir və iddiaçı atasının varisi kimi notariat kontorunda tanınmışdır. İddiaçı həmin əmlak üzərində hüquqların rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama ölçmə işlərinin görülməsi üçün iddiaçı şərait yaratmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2643/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2643/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin yazılı etirazına uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin müdafiə edərək bildirdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2643/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı əsassızdır. Belə ki, iddiaçı mənzilə dair çıxarışın verilməsi ilə bağlı İdarəyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. İdarədə həmin binaya dair məlumat olmadığından evin mövcud olub-olmaması məlum deyil. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq ünvanda idarənin mütəxəssislərinə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. Qeyd edilənlərə əsasən ərizənin icrası mümkün olmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X26 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 4 saylı Asan Xidmət Mərkəzində və notariat kontorunda maşın və əmlakla bağlı sənəd var. O binanın əsas divarı və orderi qalır. Oranı təmir etməyə də qoymurlar. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “İçərişəhər” Dövlət X5 nümayəndəsi X17 bildirdi ki, araşdırmalsr nəticəsində məlum olmuşdur ki, həmin əmlak “İçərişəhər” Dövlət X5 balansında deyil. Məhz bu səbəbdən söküntü ilə bağlı hər hansı münasibət bildirilmir. Göstərilənlərə əsasən şikayətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - xx xxxxxx 1998-ci il tarixli, 031514 nömrəli orderin sürətindən görünür ki, Səbail rayon İcra Hakimiyyətinin 1661 saylı, xx xxxxxx 1998-ci il tarixli Sərəncamına əsasən Məmmədyarov küçəsi, ev 1, mənzil 15 nömrəli 3 otaqlı mənzilə köçmək üçün X12 adına order verilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət X10 Mənzil Kommunal və təmir xidmətinin X13 ünvanlanmış xx xxxx 2013-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, İ.Əfəndiyev küçəsi, ev 15 ünvanında mövcud olmuş mənzilinizdə pasport qeydiyyatında olmağınız ilə əlaqədar arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət X8 ünvanlanan xx xxxx 2013-cü il daxilolma tarixli ərizənizə Mənzil-kommunal və təmir xidmətində baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən bina artıq mövcud deyil. Göründüyü kimi, binanın mövcud olmaması səbəbindən Siz uzun müddətdir yaşayış yerinizi dəyişərək sözügüdən ünvanda yaşamırsız və həmin ünvanda pasport qeydiyyatında olmağınız yalnız formal xarakter daşıyır.Şərh olunanlara əsasən sözügedən arayışın verilməsi qeyrimümkündür. - “İçərişəhər” Dövlət X10 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, İ.Əfəndiyev küçəsi, 15 saylı ünvanda pasport qeydiyyatında olduğunuz evin mülkiyyətinizə keçirilməsinə icazə verilməsinə dair xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müraciətlərinizə “İçərişəhər” Dövlət X6 baxılmışdır. Bildiririk ki, ərizə ilə və sonradan təqdim etdiyiniz sənədlər İdarənin mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1557 nömrəli Sərəncamında qeyd olunan ünvan yaşayış üçün yararlı vəziyyətə gətirildikdən sonra digər hüquqverici sənədlərin verilməsi göstərilmişdir. Lakin həmin ünvan yaşayış üçün yararlı vəziyyətə salınmamış və hal-hazırkı müddətə kimi uçulmuş haldadır. Diqqətinizə çatdırırıq ki, mövcud olmayan və istismara tam yararsız yaşayış sahəsinin xüsusi mülkiyyətə keçirilməsinə icazə verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. - Mənzil Kommunal və təmir xidmətinin İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, İ.Əfəndiyev küçəsi, ev 15 ünvanında təmir işlərinin aparılmasına dair “İçərişəhər” Dövlət X8 ünvanlanan xx xxxxxx 2019-cu il daxilolma tarixli müraciətlərinizə Mənzil Kommunal və təmir xidmətində baxılmışdır. Məlumunuz olsun ki, müraciətlə əlaqədar mütəxəssislər tərəfindən ünvanda araşdırmalar aparılmış və bildiririk ki, hal-hazırda bina uçulmuş vəziyyətdədir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, mənzilinizə aid hüquqi, texniki sənədlər və bərpası üçün işçi layihələr təqdim olunduğu təqdirdə ərizənizə yenidən baxıla bilər. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1998-ci il tarixli Sərəncamına əsasən, vətəndaş Vahid Vəliyev 1998-ci ildən 4 nəfər ailə üzvü ilə Məmmədyarov küçəsi, 15 nömrəli evin 3 nömrəli xidməti mənzilində yaşayır. O, yaşadığı mənzilə daimi order verilməsini xahiş edir. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-cil tarixli mənzil məcələlərinə dair komissiyasının (pr. 29 nömrəli) rəyi təsdiq edilsin və Məmmədyarov küçəsi, 15 nömrəli evin yaşayış sahəsi 54.6 kvadrat.metr olan mənzili xidməti yaşayış sahəsi sırasından çıxarılsın. Vətəndaş V.Vəliyevə 4 nəfər ailə üzvü ilə Məmmədyarov küçəsi yaşayış sahəsi 54.6 kvadrat.metr olan 3 otaqlı mənzilə order verilsin. Orderə aşağıdakılar yazılsın və mənzil növbəsindən çıxarılsınlar. (X18, X19, İddiaçı, X27). - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin xx xxxxxx 2002-ci il tarixli arayışından görünür ki, arayış verilir X13, ona görə ki, o həqiqətən Məmmədyarov küçəsindəki 15 nömrəli evin 1-ci mərtəbəsində 54.6 kvadrat.metr sahəsi olan 3 otaqlı mənzildə yaşayır. X2r. Ailəsi 4 nəfərdən ibarətdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2643/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməli, apellyasiya şikayəti isə təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Yəni bu iddia növü ilə iddiaçı məhkəmədən tələb edir ki, məhkəmə inzibati orqanın üzərinə qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrası öhdəliyini üzərinə qoysun. Belə ki, öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrasından imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində üzərinə düşən öhdəlik icra edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə öhdəliklərin icrası haqqında iddia qaldırıldığından bu iddia üzrə icraatda sübut etmə yükü inzibati orqanın üzərinə düşür. Yəni, inzibati orqan olan cavabdeh inzibati aktın qəbulu ilə bağlı olmayan və vətəndaşın narazılığını yaradan hərəkətin icraçısı olduğu üçün, öz davranışının qanuna əsaslandığını məhkəməyə, həmçinin iddiaçıya izah etməyə və əsaslandırmağa borcludur. Hazırkı iş üzrə cavabdeh sadalan tələbləri yerinə yetirmiş, imtinasının qanuni əsaslılığını sübuta yetirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Belə kateqoriyadan olan işlərə baxarkən məhkəmənin spesifik funksiyası hüquq barədə mübahisənin həll olması deyil, inzibati orqanın vətandaşlara qarşı hərəkətlərinn qanuniliyinə məhkəmə nəzərətinin həyata kecirilməsidir (bu hərəkətlərin inzibati iddia vasitəsi ilə mübahisələndirilməsi). Məhkəmə kollegiyası mübahisələndirilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən aşağıdakı qaydaların qeyd olunmasını zəruri sayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunmalıdır ki, həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatına əsaslansa da qanunvericiliyin tələblərinə uyğun olmayan yanlış nəticəyə gəlmişdir. AR Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli Əlavə olan “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında”AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında”AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Kollegiya qeyd edir ki, birinci instansiya qanunvericiliyin müddəalarını yanlış təfsir edərək iddianı təmin etmişdir. Qeyd edilmiş normanın məzmunundan da göründüyü kimi, burada bir neçə amilin olması şərtdir. Birincisi, həmin əmlak vəfat etmiş şəxsin sahibliyinə və ya istifadəsinə verilməsi və onun əmlak üzərində əmlak hüququnun yaranmasıdır. İkincisi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə cıxarışın alınması üçün şəxs sağ olarkən iradə ifadəsini bildirməsi, zəruri sənədləri toplayaraq səlahiyyətli orqanlara təqdim etməsi, lakin öz iradəsindən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi səbəbindən çıxarışın ala bilməməsidir. Üçüncü isə qeyd edilmiş daşınmaz əmlak üzərində ölmüş şəxsin yaranmış əmlak hüququ notariat orqanı tərəfindən miras kütləsinə daxil edilməsidir. Dördüncüsü, qanun və ya vəsiyyət üzrə vərəsəsinə əmlak hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın təqdim edilməsidir. Belə ki, apellyasiya icraatı zamanı qeyd edilmiş amillərinin hazırki mübahisə üzrə olubolmaması ilə bağlı 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə “Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 saylı ünvanda yerləşən mənzilə dair vəfat etmiş X12 əmlak hüququnun miras kütləsinə daxil olub-olmaması ilə bağlı” məhkəmə sorğusu göndərilmişdir. Qeyd edilmiş orqan tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, “xx.xx.2017-ci il tarixdə vəfat etmiş X12 mülkiyyətində olmuş ** UF *** dövlət nömrə nişanlı, Toyata Prado markalı nəqliyyat vasitəsinə dair İddiaçı xx.xx.2018-ci il tarixdə, 2V-456 reyestrli vərəsəlik şəhadətnaməsi verilmişdir. Sorğuda qeyd etdiyiniz Bakı ş., Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 saylı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməmiş, ona dair tərəfimizdən vərəsəlik şəhadətnaməsi verilməmiş, həmin mənzilin miras miras qoyanın adına olub-olmaması barədə də məlumatımız yoxdur.” xx xxxx 1982 ildən qüvvədə olmuş və xx xxxx 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Hüquqi faktların məcmusu-sübutetmənin predmetini təşkil edir və onların dərk edilməsi işin həlli üçün zəruridir. İddia iki elementdən ibarətdir: predmet və əsas. İddianın predmetini - mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. Hüquqi münasibətlərin yaranması, dəyişməsi və xitam olunması ya bir hüquqi faktla, ya da faktların məçmusu ilə şərtlənə bilər. Yaşayış evinə sahiblik və istifadə hüququnun yaranması üçün hüquqi faktların məçmusu olmalıdır – inzibati orqan tərəfindən verilmiş order və icarə müqaviləsinin bağlanması. Yalnız bu iki hüquqi faktların məçmusu olduqda vətəndaşın mənzilə sahiblik və istifadə hüququ, yəni əmlak hüququ yaranır. Belə ki, ölən şəxs X15 order xx xxxxxx 1998-ci ildə verilmişdir, lakin tərəflər arasında icarə müqaviləsi bağlanmamışdır. Həmin orderdə qeyd edilmişdir ki, X20 və onun ailə üzvləri Məmmədyarov küçəsi, ev 1 mənzil 15 köçə bilərlər. Göründüyü kimi qanunvericiliyin tələbi olan daşınmaz əmlak üzərində ölmüş şəxsin istifadə hüququ yaranmadığından notariat orqanı tərəfindən miras kütləsinə daxil edilməmişdir. Habelə apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış “ölmüş şəxs X18 tərəfindən Bakı ş., Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 saylı ünvanda yerləşən mənzilə çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilib-edilməməsi” məzmunla məhkəmə sorğusu əsasında həmin inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, “X18 tərəfindən Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 sayıl ünvanda yerləşən mənzilə dair müraciət daxil olmamışdır”. Qeyd edilmiş sorğudan müəyyən edilir ki, qanunvericliklə tələb edilmiş “daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə cıxarışın alınması üçün şəxs sağ olarkən iradə ifadəsini bildirməsi, zəruri sənədləri toplayaraq səlahiyyətli orqanlara təqdim etməsi, lakin öz iradəsindən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi səbəbindən çıxarışın ala bilməməsi” amili hazırki mübahisə üzrə mövcud olmamışdır. Həmçinin eyni tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda isə qeyd edilmişdir ki, “reyestr kitabında olan məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 (köhnə ev 21) sayıl fərdi yaşayış evi tarixsiz olaraq X4 adına ilkin qeydiyyatdan keçmişdir. xx.xx.1932-ci il tarixdən sözügedən fərdi yaşayış evi müvafiq təşkilatın (ЖАКТ- X1) balansına keçmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 saylı ünvanda yerləşən 3 otaqlı evə dair qanun üzrə vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün qanunvericlikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsi məhkəməyə daxil olmuş sorğularla müəyyən edildiyindən və iddiaçı tərəfindən bunun əksini təstiq edən sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının X28 şikayəti ilə əlaqədar xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına yğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsnin Plenumunun xx xxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, “..əvvəlki MM-nin müddəalarına görə mülki hüquq və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə vətəndaşların və təşkilatların qanunda nəzərdə tutulmasa da mülki qanunvericiliyin ümumi əsaslarına və mənasına əsasən mülki hüquq və vəzifələr yaradan hərəkətlərindən əmələ gəlir (əvvəlki MM-nin 4-cü maddəsi). Həmin Məcəllənin 9-cu maddəsinin 2-ci hissəsi isə müəyyənləşdirmişdir ki, vətəndaşın hüquq qabiliyyəti onun anadan olması ilə əmələ gəlir və ölümü ilə xitam edilir. Qanuna uyğun olaraq vətəndaşların şəxsi mülkiyyətdə əmlaka, yaşayış binasından və sair əmlakdan istifadə etmək hüququna, əmlakı miras almaq, əmlakı vəsiyyət etmək hüquqlarına və s. malik olmaq imkanları onların hüquq qabiliyyətinin məzmununu təşkil edir (əvvəlki MM-nin 10-cu maddəsi). Bu müddəalar baxımından mənzilin (evin) özəlləşdirilməsi ilə bağlı şəxsin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hərəkətlər etməsi də (zəruri sənədlərin toplanaraq səlahiyyətli orqanlara təqdim olunması) şəxsin hüquq qabiliyyətindən irəli gəlməklə iradə ifadəsinin göstəricisidir və müsbət keyfiyyətli hüquqi nəticəyə nail olmaq məqsədi güdür. Lakin özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla subyektiv hüquqa transformasiya etməsinə (mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin alınmaması) iradədən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi, digər tərəfdən isə ölən şəxs barəsində mənzilin (evin) özəlləşdirilməsindən imtina edilməsinə dair qanunverijilikdə nəzərdə tutulan əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli 3№-li qərarına əsasən, məhkəmələrə tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə dair işlərə baxarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Kollegiya xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qərarı quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2643/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməli, apellyasiya şikayəti isə təmin olunmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2643/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı ş.,Səbail rayonu, İ.Əfəndiyev küçəsi, 15 saylı ünvanda yerləşən 3 otaqlı evə dair qanun üzrə vərəsəyə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə iddiası təmin olunmasın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar