Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-238/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidməti nümayəndəliyinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4320/2019 saylı, 21 noyabr 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4320/2019 saylı, 21 noyabr 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının 08.04.1992-ci il tarixdən 23.11.2005-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 04.06.2020-ci il tarixli 2-1(103)-828/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4320/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi V.Məmmədov, hakimlər E.Nağıyeva və H.Həmidov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 16.09.2020-ci il tarixli 2-1(102)- 1872/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 04.06.2020-ci il tarixli 2-1(103)-828/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər K.Bədəlov və İ.Şəfiyev). Məhkəmə kollegiyasının 16.12.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Fondunun Binəqədi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Xidmət Nümayəndəliyi ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Bİnəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 08.04.1992-ci il tarixdən 23.11.2005-ci il tarixdək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. 04.01.1971-ci il tarixdən 23.11.2005-ci il tarixədək əmək faəliyyəti vardır. Ümumilikdə 34 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehə ərizə ilə müraciət edərək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən 08.04.1992-ci il tarixdən 23.11.2005-ci il tarixədək olan sosial sığorta stajının qarşııqlı yoxlanmasının mümkün olmadığını əsas gətirərək həmin dövrü sığorta stajına daxil etməyərək yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, 08.04.1992-ci il tarixdən 23.11.2005ci il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq cavabdeh həmin dövrü yoxlamaq mümkün olmadığını bəhanə gətirərək həmin illəri sığorta stajına daxil etməkdən imtina etmişdir .Halbuki, istər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları”nda sığorta olunanın sığorta stajının əmək kitabçası əsasında müəyyən edilməsi nəzərdə tutulduğundan, onun əmək kitabçasında 08.04.1992ci il tarixdən 23.11.2005-ci il tarixədək sosial sığorta stajı müəyyən olunduğundan, cavabdehin ona məxsus əmək kitabçasında həmin dövrü yoxlamaq mümkün olmadığını əsas gətirərək həmin illəri sosial sığorta stajına daxil edərək pensiyanın yenidən hesablanmasından imtina etməsi əsassızdır. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, 14.03.2019-cu il tarixdə “xxxx” ASC-nin Arxiv idarəsində yoxlama zamanı əmr kitablarında iddiaçının işləməsi barədə hər hansı bir qeyd aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Nümayəndə həmçinin apellyasiya şikayətinə əlavə təqdim edərək, bildirmişdir ki, İddiaçı ona yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçının 08.04.1992-ci il tarixdən - 23.11.2005-ci il tarixədək olan iş stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən həmin dövr qarşılıqlı yoxlanılarkən öz təsdiqini tapmadığından həmin dövrün sosial sığorta kimi nəzərə alınması mümkün olmamış və iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb edilən pensiya kapitalı və ya 25 il sığorta stajı olmadığından ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun 08.04.1992-ci il tarixdə qəbul olunduğu vəzifə “sıvaxçı” (suvaqçı olmalı idi), bu qeydi aparan vəzifəli şəxs isə “NQÇ- 1 rəyisi” (rəis olmalı idi) kimi göstərildiyi, 23.11.2005-ci il tarixli “suvaqçı şinndən azad edilsin” qeydi isə bir neçə qaralama və düzəltmə ilə müşayiət olunduğundan, əmək kitabçasında olan həmin qeydlərin mötəbərliyi şübhə altına alınır. 14.03.2019-cu il tarixdə “xxxx" QSC-nin Arxiv İdarəsində yoxlama zamanı əmr kitablarında iddiaçının işləməsi barədə hər hansı bir qeyd aşkar edilməməsi də iddiaçının həmin müəssisədə işləməsi ilə bağlı arqumentlərin əsassız olduğunu təsdiq edir. Belə ki, iş materiallarında olan 14.03.2019-cu il tarixli akta əsasən, “xxxx“ QSC-nin Arxivlər bölməsində aparılmış qarşılıqlı yoxlama zamanı əmr kitablarında L.H.Mensitoviçin işləməsinə dair əmrlər tapılmamışdır. Bununla yanaşı “xxxx“ QSC-yə tərəfimizdən iddiaçının əmək kitabçasının surəti qoşma kimi əlavə edilməklə İddiaçı 1992-2005-ci illərdə qeyd olunan idarədə işləyib-işləməməsi, işlədiyi təqdirdə işləməsi barədə zəruri məlumat və sənədlərin (işə qəbul, işdən azad edilmə əmrləri, əmək haqqı cədvəllərindən çıxarışlar) təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair 05 mart 2021-ci il tarixli **********4 nömrəli sorğu göndərilmişdir. İş materiallarında olan “xxxx“ QSC tərəfindən ünvanlanmış 12.03.2021-ci il tarixli 49619 nömrəli cavab məktubuna əsasən araşdırılmış arxiv sənədlərində İddiaçı haqqında heç bir məlumat aşkar edilməmişdir. Bu da iddiaçının əmək kitabçasındakı qeydlərin qeyri-mötəbər olduğunu sübut edir və iddiaçının 1992- 2005-ci illərdə həmin müəssisədə işləməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1. sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 01.01.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirmişdir. “xxxx“ QSC fəaliyyətdə olmaqla arxiv sənədlərini özündə saxladığından və həmin arxiv sənədləri ilə iddiaçının 1992-2005-ci illərdəki iş stajı təsdiq edilçnədiyindən iddia təmin edilməməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01.04.2019-cu il tarixli, **********5 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraicətinə cavab olaraq bildirilmişdir ki, onun 25 il sosial sığorta stajı olmadığı müəyyən edilmişdir. Belə ki, 08.04.1992-ci il tarixdən 23.11.2005-ci il tarixədək olan iş stajının qarşılıqlı yoxlanması mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də, ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İşdə olan НЗ seriyalı, ******* nömrəli İddiaçı 03.05.1973-cü ildən 29.03.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus 14.08.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 04.01.1971-ci il tarixdə əmək fəaliyyətinə başlamış 23.11.2005-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmışdır. Beləliklə, iş materiallarından müəyyən olundu ki, İddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 08.04.1992-ci il tarixdən 23.11.2005-ci il tarixədək olan iş stajının qarşılıqlı yoxlanmasının mümkün olmaması səbəbindən ona yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki, cavabdehə və məhkəməyə təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçının 08.04.1992-ci il tarixdən 23.11.2005-ci il tarixədək işləməsi, eləcədə ümumilikdə 30 ildən çox iş stajının olması təsdiq olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələb olunan sosial sığorta stajına malik olması iş materialları (əmək kitabçası) ilə müəyyən edildiyindən, iddia təmin edilməli və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Birinci instansiya məhkəməsinin qəbaətinə görə iddiaçının ümumilikdə əmək stajının 30 ildən çox təşkil etdiyini, onun qanunvericiliklə nəzərdə tutulan yaş həddinə çatdığını nəzərə alaraq, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkündür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabehin imtinası iddiaçının sosial müdafiə hüququnu pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərişlərini nəzərə alaraq iddiaçının əmək kitabçasında olan 08.04.1992-23.11.2005-cı illərə dair (mübahisələndirilən hissə) qeydləri araşdırmaq məqsədilə “xxxx” QSC-nə sorğu göndərmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx” QSC-nin məhkəməyə ünvanlandığı 18.03.2021-ci il tarixli, 50065 saylı məktubunda arxiv sənədlərin aidiyyəti üzrə araşdırılması, lakin İddiaçı haqqında hər hansı bir məlumatın aşkarlanmaması barədə bildirilmişdir. Eyni zamanda kollegiyası onu da qeyd edir ki, bu hal üzrə inzibati orqan tərəfindən kifayət qədər araşdırma aparılmışdır. Belə ki, məhkəmə kollegiyasının iclasına cavabdehin nümayəndəsinin təqdim etdiyi 1 DSMF Binəqədi rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi və xxxx QSC Arxivlər bölməsinin arxiv müdiri tərəfindən tərtib edilmiş 14.03.2019-cu ik tarixli aktdan görünür ki, İddiaçı Mensitovicin 08.04.1992-ci il tarixdən 23.11.2003-cü il tarixədək iş stajını yoxlayarkən əmr kitabında əmrlər tapılmadı və yoxlama arxivdə saxlanılan əmr kitablarına əsasən aparıldı. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan haqlı olaraq iddiaçının mühahisələndirilən iş stajın qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin dövrü sığorta stajına daxil etməmiş və iddiaçının 25 il sosial sığorta stajı olmadığından yaşa görə əmək pensiyanı təyin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4320/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin nümayəndəsi N.Abbaszadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4320/2019 saylı, 21 noyabr 2019cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidməti nümayəndəliyinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-238/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-238/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver