Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-238/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2936/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyası almaq hüququ yarandığı gündən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı 64 yaş 6 ayının tamam olduğu gündən əmək pensiyasının hesablanması, yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. 28.01.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. 10.01.2003-cü il tarixinə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. Ümumilikdə 25 ildən çox sığorta stajı vardır. Əmək fəaliyyətinin 3 ilə yaxın müddətində Nəsimi rayon X3 işləmişdir. Belə ki, Agentliyin 02.03.2000-ci il tarixli 7 nömrəli əmri ilə sığorta agenti vəzifəsinə qəbul edilmiş, 10.01.2003-cü il tarixli əmri ilə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir. İşə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. İddiaçı 19.08.2020-ci il tarixli ərizə ilə cavabdehə pensiya təyin edilməsi barədə müraciət etmişdir. Lakin İddiaçı müraciət etdiyi vaxt kifayət qədər əmək stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Cavabdeh 05.11.2020-ci il tarixli cavab məktubu ilə iddiaçının 25 ildən az sığorta stajı olması səbəbi ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubda iddiaçının 09.02.2000-10.01.2003-cü illərdə işləmiş olduğu Nəsimi rayon Dövlət Sığorta Agentliyinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunmasının mümkün hesab edilmədiyi qeyd edilmişdir. Həmçinin 01.01.2006-cı ildən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı və 01.01.2006-cı il tarixədək olan sığorta kapitalının tələb olunan sığorta kapitalından az olduğu və pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, onun iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasında olan məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisə olunan dövr iş yerindən verilən əmək kitabçasında qeyd edildiyindən, həmin qeydin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən bəhs edilən dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina verilmişdir. İnzibati aktdan narazı qalan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Hesab olunmuşdur ki, iddiaçıya verilmiş imtina qanuni əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 638 nömrəli qərarı ilə təsdiq olunmuş Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1955-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. Onun pensiya hüququ 24.04.2020-ci il tarixində yaranmışdır və 17.08.2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filalına yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə 05.11.2020-ci il tarixli **********5 nömrəli məktubla imtina verilmişdir. İddiaçının 28.01.1974-ci ildə tərtib olunmuş əmək kitabçasında 13.02.2000-ci ilədək 24 il 5 ay sığorta stajının olduğu mübahisəsizdir. Lakin 02.03.2000-ci ildən 10.01.2003-cü ilədək olan stajı mübahisəlidir. Belə ki, iddiaçının 02.03.2000-cü ildən 10.01.2003-cü ilədək işlədiyini iddia etdiyi Nəsimi rayon Dövlət Sığorta Agentliyində Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən qarşılıqlı yoxlama keçirilmiş və İddiaçı Əliqulu oğluna aid arxiv sənədlərinin saxlanılmadığı müəyyən olunmuşdur. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əməkdaşları Z.Bəxtiyarov, N.Kərimov və Nəsimi rayon Dövlət Sığorta Agentliyinin direktoru M.Mirzəyevanın iştirakı ilə 12 oktyabr 2020-ci il tarixdə akt tərtib olunmuşdur. Akt adı çəkilən şəxslərin imzasıyla təsdiq olunmuşdur. İddiaçının məhkəməyə müraciətindən sonra yenidən araşdırma aparılmış və 30 dekabr 2020-ci il tarixli **********0 nömrəli məktubla Milli Arxiv İdarəsinə, 30 dekabr 2020-ci il tarixli **********3 nömrəli məktubla Nəsimi rayon Dövlət Sığorta Agentliyinə sorğu verilmişdir. Milli Arxiv İdarəsinin 25 yanvar 2021-ci il tarixli 4/78 nömrəli məktubunda Nəsimi rayon Dövlət Sığorta Agentliyinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilmədiyi bildirilmişdir. Nəsimi rayon Dövlət Sığorta Agentliyinin 18 fevral 2021-ci il tarixli məktubunda isə İddiaçı Əliqulu oğlunun həmin agentlikdə işlədiyi illərə dair əmək haqqı cədvəlləri və işə daxil olma və işdən azad olma əmrləri barədə məlumatlar göndərilmişdir. Göndərilən məlumatlarda qeyd edilən işə daxil olma əmrinin 5 nömrəli olması və əmək kitabçasındakı işə daxil olma əmrinin 7 nömrəli olması agentlik tərəfindən göndərilən məlumatların əsaslılığı barədə şübhələr oyatmışdır. Bununla əlaqədar 29 mart 2021-ci il tarixdə agentlikdə yenidən qarşılıqlı yoxlama keçirilmiş və İddiaçı Əliqulu oğluna məxsus olan arxiv sənədlərinin saxlanılmadığı müəyyən olunmuş və Nəsimi rayon Dövlət Sığorta Agentliyinin məktuba cavab kimi göndərilən arxiv sənədlərinin əslini təqdim edə bilməmişdir. Həmin tarixdə tərib olunmuş aktı agentliyin direktoru M.Mirzəyeva öz imzasıyla təsdiq etmişdir. İddiaçının təqdim etdiyi iş stajını təsdiq edən sənədlər (əmək kitabçası, arxiv arayışı, iş verindən arayış, məhkəmə aktı) mötəbər olmalıdır. Yuxarıda göstərilən səbəblərdən dolayı təqdim edilmiş sənədlərin mötəbərliyi əsaslı şübhələr doğurur və mübahisələndirilən illərin sığorta stajı kimi nəzərə alınmasını qeyri-mümkün edir. Beləliklə iddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (24.04.2020-cu ildə iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmışdır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və azı 25 il sığorta stajına malik deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2936/2021 saylı, 29 iyun 2021-ci il il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 64 yaş 6 ayı tam olduğu 20.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin iddiaya qarşı təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. 20 may 1974-cü il tarixdən 09 iyun 1976-cı il tarixinədək həqiqi hərbi xidmətdə olmuş, 1977-ci il tarixdən 1982-ci il tarixədək X6 Kooperativi İnstitutunda tam kursunu bitirmişdir.İddiaçıya məxsus 28 yanvar 1974-cü il tarixli əmək kitabçasından görünür ki, o, 02 mart 2000-ci il tarixdən 10 yanvar 2003-cü il tarixinədək Nəsimi rayon X4 sığorta agenti vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nəsimi rayon filialının direktoru M.A.Mirzəyeva tərəfindən verilmiş 05 saylı əmrlərə əsasən İddiaçı 02 mart 2000-ci il və 10 yanvar 2003-cü il tarixlərdə Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş ərizəyə əsasən iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi ümumi iş stajı 24 il 5 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. 28.01.1974-cü il tarixli əmək kitabçasında qeyd olunmuş 09.02.2000-ci ildən 10.01.2003-cü ilədək işləmiş olduğu “Nəsimi rayon Dövlət Sığorta Agentliyi”nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (24 il 5 ay) sığorta kapitalı 18100,07 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalının məbləğinin” sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə -144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvavinətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı 25 ildən artıq müddəti təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum 25 il sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. "Əmək Pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasında onun 13.02.2000-ci il tarixədək işlədiyi dövr və 24 il 5 ay müddətinə sığorta stajına malik olması mübahisələndirilməmişdir. Hazırki halda iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsində işlədiyi 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək olan müddətin sosial sığorta stajına hesablanması ilə bağlı mübahisə yarandığından, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Buna görə də iddiaçı həmin müddətin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 638 nömrəli qərarı ilə təsdiq olunmuş Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus 28.01.1974-cü il tarixli əmək kitabçasından ğörünür ki, onun 02.03.2000-ci il tarixdən 10.01.2003-cü il tarixədək Nəsimi rayon Dövlət Sığorta Agentliyində sığorta agenti vəzifəsində işləməsi qeyd olunmuşdur. Lakin cavabdeh pensiyanın təyin edilməsi üçün aparılmış qarşılıqlı yoxlama zamanı Nəsimi rayon Dövlət Sığorta Agentliyində iddiaçıya aid arxiv sənədlərinin saxlanmadığının müəyyən edildiyi, həmçinin aparılmış araşdırma zamanı Nəsimi rayon Dövlət Sığorta Agentliyinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilmədiyi əsası ilə həmin illəri iş stajına hesablamaqdan imtina etmiş, bununla bağlı sübut olaraq yerində akt tərtib edilməsini göstərmişdir. Apellyasiya şikayətindən ğöründüyü kimi iddiaçının 28.01.1974-ci ildə tərtib olunmuş əmək kitabçasında 13.02.2000-ci ilədək 24 il 5 ay sığorta stajının olması inzibati organ tərəfindən mübahisələndirilməmişdir. Lakin 02.03.2000-ci ildən 10.01.2003-cü ilədək olan stajı mübahisəlidir. Belə ki, iddiaçının 02.03.2000-cü ildən 10.01.2003-cü ilədək işlədiyini iddia etdiyi Nəsimi rayon Dövlət Sığorta Agentliyində Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən qarşılıqlı yoxlama keçirilmiş və İddiaçı Əliqulu oğluna aid arxiv sənədlərinin saxlanılmadığı müəyyən olunmuşdur. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əməkdaşları Z.Bəxtiyarov, N.Kərimov və Nəsimi rayon Dövlət Sığorta Agentliyinin direktoru M.Mirzəyevanın iştirakı ilə 12 oktyabr 2020-ci il tarixdə akt tərtib olunmuşdur. İnzbati organ tərəfindən vətəndaşın məhkəməyə müraciətindən sonra yenidən araşdırma aparılmış və 30 dekabr 2020-ci il tarixli **********0 nömrəli məktubla Milli Arxiv İdarəsinə, 30 dekabr 2020-ci il tarixli **********3 nömrəli məktubla Nəsimi rayon Dövlət Sığorta Agentliyinə sorğu verilmişdir. Milli Arxiv İdarəsinin 25 yanvar 2021-ci il tarixli 4/78 nömrəli məktubunda Nəsimi rayon Dövlət Sığorta Agentliyinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilmədiyi bildirilmişdir. Nəsimi rayon Dövlət Sığorta Agentliyinin 18 fevral 2021-ci il tarixli məktubunda isə İddiaçı Əliqulu oğlunun həmin agentlikdə işlədiyi illərə dair əmək haqqı cədvəlləri və işə daxil olma və işdən azad olma əmrləri barədə məlumatlar göndərilmişdir. Göndərilən məlumatlarda qeyd edilən işə daxil olma əmrinin 5 nömrəli olması və əmək kitabçasındakı işə daxil olma əmrinin 7 nömrəli olması agentlik tərəfindən göndərilən məlumatların əsaslılığı barədə şübhələr oyatmışdır. Bununla əlaqədar 29 mart 2021-ci il tarixdə agentlikdə yenidən qarşılıqlı yoxlama keçirilmiş və İddiaçı Əliqulu oğluna məxsus olan arxiv sənədlərinin saxlanılmadığı müəyyən olunmuşdur. Apellyasiya şikayətində göstərilən həmin dəlillərin və iddiaçı tərəfindən təqdim olunmuş arayışların yoxlanılması məqsədi ilə AR Dövlət Sığorta Kommersiya Şirkətinin Nəsimi Rayon Filialına sorğu ünvanlanmışdır. Sorguya cavab olaraq AR Dövlət Sığorta Kommersiya Şirkətinin 17 yanvar 2022-ci il tarixli 02/27 saylı məktubunda bildirilmişdir ki, İddiaçı adlı şəxs həmin dövrdə və hal-hazırkı dövrədək Şirkətdə çalışmamışdır. Göründüyü kimi əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (24.04.2020-cu ildə iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmışdır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmiş və azı 25 il sığorta stajına malik olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2936/2021 saylı, 29 iyun 2021-ci il tarixli ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-238/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-238/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver