Məhkəmə qərarları › İş №2-1(103)-238/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-238/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-238/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Şəhər Poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-290/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Bakı şəhəri Baş səhiyyə idarəsi 3 nömrəli şəhər poliklinikasına və Bakı şəhəri Baş Səhiyyə İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4 06 dekabr 2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının uzun müddət xəstə olmuş anası ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.1934-cü il təvəllüdlü X6 06 dekabr 2018-ci il tarixdə, ev şəraitində (Xırdalan, ünvan 2 ünvanında), özünü pis hiss etmişdir. Çağırılmış təcili tibbi yardım briqadası bildirmişdir ki, onun nəbzi vurmur, təzyiqi ölçülmür, tənəffüsü kəsilmişdir və o, vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün ölüm haqqında tibbi şəhadətnamənin alınması zəruridir. Buna görə də, xx.xx.2020-ci il tarixdə mərhum X2 qeydiyyatda olduğu Bakı şəhəri Baş səhiyyə idarəsi 3 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilmişdir. Lakin 3 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 151 saylı cavab məktubu ilə X2 ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hal-hazırda yuxarıda göstərilən tibbi şəhadətnamənin alınmaması səbəbindən qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamənin alınması qeyri-mümkündür. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5363/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Baş Səhiyyə İdarəsinə və Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsinə dair iş üzrə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X3 stansiyasının verdiyi xəbərdarlıq vərəqəsinə əsasən 06 dekabr 2018-ci il tarixdə ünvan 3 ünvanında xx.xx.1934-cü il təvəllüdlü X4 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməsi və mərhumun oğlu, İddiaçı təqdim edilməsi vəzifəsi Bakı şəhəri Baş səhiyyə idarəsi M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2- 1(103)-1236/2021 saylı qərardadı ilə, cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər poliklinikasının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli, 2-1(112)-1216/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-290/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, məhkəmə, cavabdeh 3 saylı şəhər poliklinikasından, yazılı məhkəmə sorğusu əsasında vəfat ertmiş şəxsin tibbi ambulator kartının məhkəməyə təqdim edilməsini tələb etsə də, cavabdeh nəinki bunu etməmiş, heç belə təqdim etməmənin səbəbi barədə məhkəməyə məlumat belə verməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan (məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, ölümün baş vermə səbəbi məlum olmadığı üçün cavabdeh ölüm haqqında tibbi şəhadətnamə verməməkdə haqlıdır, halbuki, məhz bu halda tibbi ambulator kartının göstəriciləri ölümün səbəbinin müəyyən edilməsində həlledici rol oynaya bilərdi) bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-290/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. AЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı anası X5r. Abşeron rayon Mərkəzi xəstəxanasının Təcili və X3 stansiyasının xx.xx.2018-ci il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə xx.xx.1934-cü il təvəllüdlü X4 həkiməqədər ölümü hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 1915 saylı məktubunda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X6 üçün saat 17:55-də çağırış qəbul olunmuşdur. X10 çağırışa gedərək “Həkimə qədər ölüm. Qadın cinsində meyit” diaqnozu qoyaraq mərhumun yaxınlarına 1 nüsxədən ibarət ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. “Ölüm haqqında xəbərdarlıq vərəqəsinin” ikinci surəti Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X3 şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Aygün Məmmədova tərəfindən 32901 saylı, xx.xx.2018-ci il tarixli vərəqə əsasən yazılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 4.1-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə”' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1- ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYSnin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3-cü bəndinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.5-ci bəndinə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.7-ci bəndinə əsasən, şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimatın: 3-cü maddəsinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X3 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. 4-cü maddəsinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırki işdə “xəbərdarlıq vərəqəsi”nə əsasən şəxsin (X4) ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olur. Eyni zamanda şəxsin ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən hər hansı sənədə istinad olunmamış və məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, şəxsin ölüm səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya qeyd edir ki, belə olan halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın tələblərinə əsasən Poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Ona görə də, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia əsassız hesab edərək, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-290/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar