Məhkəmə qərarları › İş №2-1(103)-2380/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2380/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2380/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınması tələbinə dair» iş üzrə Bakı İnzibati Kollegiyasının 2-1(112)- 1930/2021saylı 29.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 2008-ci ildən iddiaçının həyat yoldaşı X4, oğlu X7 qızı X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanında yaşayır. Hal-hazırda həyat yoldaşı və övladları həmin ünvanda qeydiyyatdadırlar. O da, həmin ünvana qeydiyyata düşmək üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, qeydiyyata almaqdan imtina etmişlər. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Kollegiyasının 2-1(112)-1930/2021 saylı 29.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “qərar qanunsuz və əsassızdır. Belə ki, on üç ildən artıq müddətdir ailə üzvlərimlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanında yerləşən fərdi yaşayış evində yaşayıram. Bu müddət ərzində kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmış ödənişlər həyata keçirilmişdir. Bundan əlavə, onun həyat yoldaşı Akif Muradov Bakı İnzibati Məhkəməsinin 12.02.2020-ci il tarixli, 2-1(112)- 362/2020 saylı qərarı ilə həmin ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmış və onların yaşadığımız fərdi yaşayış evinə istifadə və sahiblik hüquqlarımız qanuni sayılmış, bunun əsasında da uşaqları ilə birlikdə həmin evə qeydiyyata alınmışlar. Lakin onun eyni əsaslarla və eyni inzibati orqana qarşı irəli sürdüyü tələbi eyni məhkəmə tərəfindən təmin edilməmiş və fərqli əsaslarla iddiamın təmin edilməməsi iki məhkəmə aktı arasında ziddiyyət yaratmışdır. “X5rşı” (No 48939/99 30.11,2004-cü il tarixli qərar) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi Ərizəçinin Konvensiyaya Əlavə 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu tanıyaraq, qeyd etmişdir ki, uzun illər səlahiyyətli dövlət orqanlarının Ərizəçi ilə bağladığı müqavilələr əsasında onun qanunsuz inşa etdiyi evinə müxtəlif kommunal xidmətləri göstərməsi və Ərizəçidən bunun dəyərini alması, həmçinin Ərizəçinin ailə üzvləri ilə birlikdə qanunsuz inşa etdiyi evdə yaşadığı halda səlahiyyətli dövlət orqanlarının qanunvericilikdə onlara verilən hüquqdan yararlanaraq Ərizəçinin qanunsuz inşa etdiyi evdə yaşamasına hər hansı müdaxilə və ya etiraz etməməsi səbəbindən ərizəçinin evi ilə bağlı mülkiyyət marağı yetərli xarakter daşıyırdı və bu marağın mühüm əmlak marağı təşkil etməsi yetərincə təsdiqlənmişdi və buna görə də o, "mülkiyyət" sayıla bilərdi. Avropa Məhkəməsinin qeyd edilən qərarı ilə bağlı mövqeyini bu işə tətbiq etdikdə müəyyən edilir ki, hətta həyat yoldaşı və övladları ailə üzvlərimlə birlikdə uzun illərdir yaşadığı fərdi yaşayına evinə qeydiyyata alındıqları halda, onun həmin evə qeydiyyata alınmağımdan əsassız arqumentlərlə imtina edilməsi qanunvericilikdə təsbit edilmiş hüquqlarını pozur, həmçinin dövlət və cəmiyyət qarşısında ölan öhdəliklərimin icrasına mane olur (AR Konstitusiyasının 43-cü maddəsinin İİ bəndinə və 152.1-ci maddəsinə istinad olunur)...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, 14.09.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd olunan müddəalarından aydın görünür ki, yaşayış yerini dəyişdirmiş vətəndaşın qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair - order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etdiyi halda, yaşadığı ünvana qeydiyyata alınmalıdır. Həmin Qanunun 2-ci maddəsində isə qeyd olunur ki, şəxsin “yaşayış yeri” dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, qanuna görə şəxsin yaşadığı ev, mənzil və i.a. mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla onun yaşayış yeri kimi qəbul edilə bilər. Mülki Məcəllənin 27.1-ci maddəsi isə nəzərədə tutur ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının faktiki yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanında yerləşən evə dair mülkiyyət və icarə müqaviləsi əsasları üzrə hüquqmüəyyənedici sənədi olmasa belə, başqa sözlə, özbaşına tikili olsa da onun ailə üzvləri həmin ünvanda qeydiyyatdadırlar. Belə ki, hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Tərtər rayon VVADQ şöəsinin 08.06.2007-ci il tarixli 325744 N-li “Nikah haqqında şəhatənamə”sindən görünür ki, o, mübahisəli ünvanda yerləşən evdə qeydiyyatda olan və X6 arasında 08.06.2007-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-362/2020 saylı 12.02.2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçı X1 cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi təmin edilərək, X1 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanına qeydiyyata alınması həvalə cavabdehə həvalə olunmuşdur. Eyni zamanda, işdə olan AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 05.06.2020-ci il tarixli ******* saylı arayışına əsasən müəyyən olunur ki, iddiaçının əri X4 övladları 2007-ci il təvəllüdlü X7 və 2008-ci il təvəllüdlü X2 ilə birlikdə mübahisəli ünvanda yerləşən qeydiyyatdadırlar. Eyni zamanda, işdə olan X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, həyat yoldaşı olan iddiaçının həmin evə pasport qeydiyyatına alınmasına etiraz etmir. Qeyd olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçıdan başqa onun digər ailə üzvlərinin hamısı: o cümlədən əri, oğlu və qızı faktiki olaraq mübahisəli ünvana pasport qeydiyyatına alınmış və onlar kifəyət qədər uzun müddət həmin evdə faktiki olaraq etirazsız yaşyır, kommunal xidmətlərdən istifadə edir, və hazırkı ana qədər dövlət qürumları tərəfindən hər hansı bir müdaxilə və ya etirazın mövcudluğu müəyyən olunmur. Bu baxımından, eləcə də iddiaçının apellyasiya şikayətində qeyd etdiyi “X5rşı” (№ 48939/99 30.11,2004-cü il tarixli qərar) iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd olunan qərarı nəzərə alınmaqla, onun və ailə üzvləri əri, və uşaqlarının faktiki olaraq mübahisəli ünvanda yaşadıqları onların həmin evə yetərincə mülkiyyət maraqlarını ehtiva etməsi, həmin evin onların faktiki "mülkiyyəti" kimi qiymətləndirilməsini zəruri edir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının, onun bütün ailə üzvlərinin yaşadığı və pasport qeydiyyatına alındığı evə qeydiyyata alınmasından imtina olunması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə zidd hesab edilməlidir. Qeyd olunanlar isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, ümumiyyətlə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verməmiş, gəldiyi nəticə işdə olan sübutlara uyğun olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Kollegiyasının 2-1(112)-1930/2021saylı 29.06.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunması və iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Kollegiyasının 2-1(112)-1930/2021saylı 29.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar