Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2381/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “üçüncü şəxslərə məxsus daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməklə mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin 2314 saylı 29 dekabr 2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 174 C saylı torpaq sahəsinə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş yerləşmə plan və sxemi əsasında dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun bərpa edilməsi və həmin torpaq sahəsinin üçüncü şəxslərə verilməsinə əsas olmuş sənədlərin və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. . İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin 2314 saylı 29 dekabr 2000 ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 174 C saylı torpaq sahəsi ona ayrılmış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********91 reyestr nömrəli, 1 ********* qeydiyyat nömrəli xx.xx.2016-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin çıxarış xx.xx.2017-ci il tarixdə tərtib edilmiş atka əsasən ləğv edilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini V.Həsənov ona ayrılan torpaq sahəsi ilə əlaqədar araşdırma aparılmasını əsas gətirərək ona verilmiş sxem və xəritə əsasında verilən çıxarışın dayandırılmasını bildirmişdir. İddiaçı sənədlərin düzəldilməsi işində X1 müraciət etmiş və sənədləşdirilmə işi tamamlandıqdan sonra çıxarış verilmişdir. Sənədlərin verilməsində köməklik etmiş Ç.Səmədov ona məlumat vermədən adından istifadə etməklə etibarnamə almış və onun barəsində araşdırma aparılan zaman həmin etibarnamədə imzasının olmaması səbəbindən ona verilən çıxarışı ləğv edilmişdir. Cavabdehin cavab məktubundan görünür ki. ona ayrılan torpaq sahəsi üçüncü şəxslərə verilmişdir. Lakin bu hansı əsasla verildiyi ona məlum deyil. Hesab edir ki, bu qanunsuz və əsassızdır və ona ayrılan torpaq sahəsinin üçüncü şəxslərə verilməsinə əsas olmuş sənədlər və onlar əsasında aparılmış qeydiyyat ləğv edilməlidir. Hesab edir ki, bu əsasla çıxarışın ləğv edilməsi qanunsuz və əsassızdır. Belə ki ona torpaq sahəsi Xəzər Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında verilmişdir, həmin orqan torpaq sahəsinin yerləşmə plan sxemini ona vermiş və ona bununla bağlı çıxarış da verilmiş, sonradan əsassız olaraq ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 2314 №-li sərəncamına əsasən ünvan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində əvvəl aparılmış qeydiyyatın bərpa edilməsini və həmin torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə verilməsinə əsas olmuş sənədlərin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsinə nail olmaqdan ibarətdir Başqa sözlə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/200 saylı sahə üzərində Daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3357 nömrəli vərəqində X2 adına aparılmış qeydiyyatın ləğv edilməklə, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2000ci il tarixli, 2314 №-li sərəncamı əsasında fərdi ev tikmək üçün ona ayrılmış ünvan torpaq sahəsi üzərində Daşınmaz əmlakın dövlət reyestrində 624 nömrəli reyestr kitabının 59060 nömrəli vərəqində onun yəni, İddiaçı adına xx.xx.2016-cı il tarixdə aparılmış qeydin bərpa edilməsini xahiş edir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********46 №-li məktubundan müəyyən olunur ki, ünvan ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair verilmiş **********91 reyestr nömrəli çıxarışda qeyd olunan İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05/1339/14 nömrəli xx.xx.2017-ci il tarixli və Xəzər Rayon İcra Hakimiyyətinin V71-129 nömrəli, xx.xx.2017-ci il tarixli məktubuna əsasən mülkiyyət hüquqlarına xitam verilmişdir və hal-hazırda qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/200 saylı torpaq sahəsi X2 mülkiyyətindədir. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********46 №-li məktubu onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsini tələb etdiyi torpaq sahəsi hazırda X2 xüsusi mülkiyyətindədir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin hazırda X2 xüsusi mülkiyyətində olması iddiaçının mülkiyyət hüquqlarının bərpasını mümksüz edir. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatının bərpasını arzuladığı torpaq sahəsi üçüncü şəxsinin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Kollegiya hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeyd aparıla bilməz, eləcə də həmin torpaq sahəsinə dair ünvan və texniki sənədlərin verilə bilməz. Belə ki, üçüncü şəxsin adına aparılmış qeydin qanuna uyğunluğunun mübahisələndirilməsi məsələsi həll edilmədən, eyni torpaq sahəsinə iddiaçının hüququ qeydə alınması, ünvanın və texniki sənədlərin verilməsinə dair iddia mümkünlük şərtlərini ödəmir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırkı iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2086/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi iddia olunan torpaq sahəsinin digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyünü nəzərə alaraq, mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsinə dair fiziki şəxsin adına verilən çıxarış mübahisələndirilmədən, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddia tələbinə baxılmasını mümkünlük şərtlərinin ödənilməməsi baxımından mümkün olmadığını bildirmişdir. Həmçinin Ali Məhkəmənin 2-1(102)-2711/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin 17,33 kv metr hissəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən apellyasiya məhkəməsi həmin hissədə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/200 saylı sahə üzərində Daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3357 nömrəli vərəqində X2 adına aparılmış qeydiyyatın ləğv edilməsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddianın mümkünlük şərtlərinin ödənilməməsi qənaətinə gələrkən üç hala əsaslanılmışdır:
1. Çıxarışın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciətin olmadığına;
2. Çıxarışın verilməsinə əsas olan sərəncamının qüvvədə olmasına;
3. Çıxarışın ləğv edilməsi ilə bağlı tələbə müstəqil formada baxılmasının mümkün olmadığına. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmiş, iddiaçının cavabdehə müraciəti yalnız qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin təqdim olunması ilə bağlı olmuşdur. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Ümumiyyətlə, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsinə əsas olmuş sənəd ləğv olunmadan qeydin və çıxarışın verilməsi ilə bağlı iddia mümkünlük şərtlərinə cavab verməyən iddia hesab edilir. Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999- cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, çıxarışın verilməsinə əsas olan sənəd müəyyən edildikdən sonra iddiaçı həmin sənədin inzibati akt və ya mülkiəqd olmasından asılı olaraq inzibati və ya mülki məhkəməyə müraciət etməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının tələbi konkret hazırkı məsələni tənzimləyir. Həmin Qərarın: 17.“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi Plenum Qərarı müəyyən etmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqdlərin əsasında verilmişdirsə çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.