Məhkəmə qərarları › İş №2-1(103)-2382/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2382/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2382/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-3438/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 08.01.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı olan tarixdən, yəni 28 avqust 2020-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 28 avqust 1963-cü ildə anadan olmuşdur. 1980-1982-ci ildə Sumqayıt məktəblərarası X1, 1982-1984-cü ildə isə Sumqayıt Mexaniki məktəbində aşpaz peşəsi üzrə təhsil almışdır. 19 may 1984 - 30 iyun 1986-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 22.08.1986cı ildə başlamışdır. 1994-cü ildən hal-hazıra qədər Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyəti X11 Donanmasında işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. Onun ümumi iş stajı 40 ildir. 1980-ci ildən 01.01.2007-ci ilə qədər ümumi iş stajı 25 il 4 ay təşkil edir. Ümumi iş stajının 25 il 4 ayı 01.01.2007-ci ilə qədər əldə edilmişdir. Onun 57 yaşı 28 avqust 2020-ci ildə tamam olmuşdur. 01.07.2007-ci ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən 57 yaşı tamam olmuş şəxslər 25 il ümumi iş stajına və bu iş stajının 12 il 6 ayını 2-ci siyahı üzrə əldə edibsə güzəştli şərtlərlə pensiya hüququ əldə edir. Buna görə də pensiya təyinatı üçün sənədlərlə cavabdehə müraciət etmişdir. Cavabdehin 16.12.2020-ci il tarixli **********4 saylı məktubu ilə onun müraciəti təmin edilməmişdir, iş stajı 21 il 5 ay 20 gün hesablanmışdır. Əslində isə onun 01.01.2007-ci ilə kimi ümumi iş stajı 25 il 4 ay təşkil edir. O, 01.07.2007-ci ilə qədər qüvvədə olmuş əvvəlki “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən pensiya hüququ əldə etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-3438/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. 12.08.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-3438/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin kurs adlandırdığı məktəbin adı Sumqayıt məktəblərarası tədris istehsalat kombinatıdır və orada nəzarət ölçü cihazları üzrə mütəxəssis kimi həmin məktəbi bitirmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının işin birinci instansiya icraatı zamanı vəkili olmuş Vəkil da məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)- 3438/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - Səkkizillik təhsil haqqında AZ-İİ seriyalı, 074754 nömrəli şəhadətnaməyə əsasən qeyd edilmişdir ki, verilir 1963-cü ildə anadan olmuş İddiaçı, ona görə ki, o, Sumqayıt Şəhər 9 №li Səkkizillik məktəbində oxumuş və 1980-ci ildə səkkizillik sinfi bitirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 16.12.2020-ci il tarixli **********4 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt regional “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 26 avqust 1986-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, Sizin ümumi iş stajınız 25 ildən az (21 il 5 ay 20 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. - NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı 19.05.1984-cü il tarixdən 30.06.1986-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - “Azərbaycan X8” QSC Xəzər X6 11.09.2020-ci il tarixli EN-01/02-263 saylı arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 10.09.1994-cü ildə Cənub Rayon X6 “Cənub-12” gəmisinə 2-ci mexanik vəzifəsinə (10.09.1994-cü il tarixli 156-k nömrəli əmr) işə qəbul edilmişdir. 21.10.1994-cü ildə “Zərdab-3” gəmisinə 2-ci mexanik (21.10.1994-cü il tarixli 177-knömrəli əmr), 17.03.1995-ci ildə böyük mexanik vəzifəsinə (17.03.1995-ci il tarixli 48-k nömrəli əmr) keçirilmişdir. O, 01.09.1995-ci ildə “Cənub - 15” gəmisində kapitanın böyük köməkçisi (01.09.1995-ci il tarixli 159-k nömrəli əmr), 01.12.1998-ci ildə “Cənub-5” gəmisində kapitan (01.12.1998ci il tarixli 137-k nömrəli əmr), 11.03.2005-ci ildə “Orion-6 ” gəmisində kapitan (11.03.2005-ci il tarixli 25-k nömrəli əmr), 17.08.2012-ci ildə “Cənub-14” gəmisində kapitan vəzifələrində (17.08.2012-ci il tarixli 1123-k nömrəli əmr) çalışmışdır. 10.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (07.03.2012-ci il tarixli 1538-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 16.09.2012-ci ildə “Cənub-14” gəmisinə kapitan vəzifəsinə (13.09.2012ci il tarixli 1597-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Stvor” gəmisində kapitan vəzifəsində çalışır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - ind.: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əsas: kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X11 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X8nin və Xəzər X6 yenidən təşkili yolu ilə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - “Azərbaycan X8” QSC-nin 21.10.2020ci il tarixli 01/17-208 saylı arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 22.08.1986-cı ildən (24.08.1986-cı il tarixli 59/l nömrəli əmr) 01.09.1994-cü ilə kimi (05.09.1994-ci il tarixli 42/l nömrəli əmr) Azərbaycan Xəzər Dəniz X4 Yolları İdarəsinin “X5", “Bakinskaya-4", “Smelıy”, “Narva”, "Bakinskaya-3”, “Kaspiyskaya-3”, “Apşeronskaya-8” gəmilərində aşpaz, bufetçi, matros, 1ci dərəcəli matros-2-ci dərəcəli elektrik, şturmanmexanik vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014- cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X8nin və Xəzər X6 yenidən təşkili yolu ilə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - “Azərbaycan X8” QSC X2 02.03.2021-ci il tarixli NP 03/02-195 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Dövlət X8nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 22.08.1986-cı il tarixindən 01.09.1994-cü il tarixinədək aşpaz, matros, elektrik, motorçu, baş mexanik, kapitanın baş köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 09 il 00 ay 09 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №-li və 10.01.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət X8nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə "Azərbaycan X8" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - “Azərbaycan X8” QSC-nin Xəzər X6 arayışından görünür ki, X7 16.09.2012-ci il tarixdən “Azərbaycan X8” QSC-nin Xəzər X6 Stvor gəmisində kapitan vəzifəsində işləyir. - Azərbaycan SSR Maarif Nazirliyi Sumqayıt Şəhər Xalq Maarif Şöbəsi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1980-ci il tarixdən 25.05.1982-ci il tarixədək məktəblərarası tədris istehsal kombinatında oxumuş, NÖC və A proqramı üzrə təlim kursunu tam keçmişdir. - Azərbaycan SSR X9 Təhsili Komitəsi tərəfindən verilmiş Q seriyalı 605613 saylı diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 01.09.1982-ci il tarixdən 18.05.1984-cü il tarixədək Sumqayıt şəhər 85 №-li texniki məktəbdə təhsil almış və aşpaz peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. - İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22.08.1986-cı ildə Azərbaycan Xəzər Dəniz X4 Yolları İdarəsinin “X5" gəmisində aşpaz vəzifəsinə təyin edilmiş, 02.06.1987ci ildə “Kaspiyskaya-3”gəmisində matros, 01.08.1988-ci ildə 1-ci dərəcəli elektrik-2-ci dərəcəli matros, 16.08.1988-ci ildə 1-ci dərəcəli matros, 19.04.1990-cı ildə "Bakinskaya3”gəmisində 1-ci dərəcəli matros-2-ci dərəcəli elektrik, 20.04.1992-ci ildə “Apşeronskaya-8” gəmisində 2-ci dərəcəli motorist-2-ci dərəcəli matros, 23.11.1992-ci ildə “Apşeronskaya-8” gəmisində mexanik-kapitan köməkçisi, 12.05.1993-cü ildə “Apşeronskaya-8” gəmisində baş mexanik, 01.06.1993-cü ildə mexanik, 24.03.1994-cü ildə "Bakinskaya-2” gəmisində mexanik, 21.04.1994-cü ildə “Kaspiyskaya-3” gəmisində mexanik işləmiş, 01.09.1994-cü ildə işdən azad edilmişdir, 10.09.1994-cü ildə Abşeron Rayon X6 “Cənub-12” gəmisinə 2-ci mexanik vəzifəsinə işə qəbul edilmişdir, 21.10.1994-cü ildə “Zərdab-3” gəmisinə 2-ci mexanik, 17.03.1995-ci ildə böyük mexanik, 17.05.1995-ci ildə “Cənub-5” gəmisində 2-ci dərəcəli mexanik, 01.09.1995-ci ildə “Cənub - 15” gəmisində kapitanın böyük köməkçisi, 01.12.1998-ci ildə “Cənub-5” gəmisində kapitan, 11.03.2005-ci ildə “Orion-6 ” gəmisində kapitan, 17.08.2012ci ildə “Cənub-14” gəmisində kapitan vəzifəsində işləmiş, 10.09.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir, 16.09.2012-ci ildə “Cənub-14” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir, 08.10.2012-ci ildə “Abşeron 23” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 16.11.2012-ci ildə “Orion-15” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 18.12.2012-ci ildə “Ağdərə-7” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 16.01.2013-cü ildə “Orion-4” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 17.03.2013-cü ildə “Ağdərə-5” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. Hal-hazırda “Azərbaycan X8” QSC X11 Donanmasında kapitan vəzifəsində çalışır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 25 il ümumi iş stajı mövcud olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 01.09.1982-ci il tarixdən 18.05.1984-cü il tarixədək Sumqayıt şəhər 85 №-li texniki məktəbdə təhsil almış və aşpaz peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmiş, 19.05.1984-cü ildən 05.07.1986-cı ilədək həqiqi hərbi xidmət keçmiş, 22.08.1986-cı ildən 01.09.1994-cü ilədək və 10.09.1994-cü ildən bu günədək “Azərbaycan X8” QSC X11 Donanmasında ayrı-ayrı vəzifələrdə işləmişdir. Göründüyü kimi, hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı ilədək ümumi sığorta stajı 23 il 02 ay 07 gün təkil edir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan 01.09.1980-ci il tarixdən 25.05.1982-ci il tarixədək məktəblərarası tədris istehsal kombinatında təlim kursu keçməsi ilə əlaqədar olaraq qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məktəblərarası təlim kursunda təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan SSR Maarif Nazirliyinin Sumqayıt ŞXMŞ tərəfindən verilmiş şəhadətnamənin surətinə əsasən qeyd edilmişdir ki, “həmin şəhadətnamə verilir İddiaçı, ondan ötrü ki, o, 1 sentyabr 1980-ci il tarixdən 25 may 197 (mətnə əsasən) il tarixə kimi məktəblərarası tədris istehsalat kombinatında oxumuşdur.” Həmin arayışda vizual baxışdan da göründüyü kimi düzəlişlər və pozuntular edilmişdir. Qeyd edilənlərlə bağlı sədrlik edənin sualına cavab olaraq iddiaçı həqiqətən həmin arayışda tarixlərdə düzəliş olunduğunu, lakin bu halın onun təqsiri üzündən deyil, şəhadətnaməni tərtib edən şəxsin savadsızlığından baş verdiyini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-3438/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-3438/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar