Məhkəmə qərarları › İş №2-1(103)-2382/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2382/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2382/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2 və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini və həmin idarənin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli qərarlarının (19 qərar) ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırmışdır: "xxxx" MMC xx.xx.2018- ci il tarixdən əsas fəaliyyəti “meyvə və tərəvəzlərin topdan satışı” kimi vergi ödəyicisi kimi uçota alınmış, lakin hesabat dövrlərində faktiki olaraq meyvə və tərəvəzlərin pərakəndə satışı fəaliyyətini göstərmişdir. Fəaliyyəti həyata keçirdiyi ünvan 1 ünvanda əsas sahəsi 150 kv.m, əlavə sahəsi 75 kv.m olan təsərrüfat subyekti “Topdan satış” obyekti kimi qeydiyyata alınmış və həmin təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdə NKA qeydiyyata alınmışdır. Fəaliyyət göstərdiyi müddətdə idxal olunmuş mallar alıcılara nəzarət kassa aparatı tətbiq olunmaqla pərakəndə formada satılmışdır. Topdansatış kimi uçota alındığı halda pərakəndə satış göstərməsi barədə vergi orqanına əlavə məlumat verilməsinin zəruriliyini bilmədiyinə görə məlumat verilməmişdir. Məlumat olaraq bildirir ki, həm təsərrüfat subyekti, həm də nəzarət-kassa aparatının qeydiyyatı vergi ödəyicisinin verdiyi ərizəyə əsasən məhz vergi orqanın tərəfindən həyata keçirilmişdir. Əgər iddiaçının NKA tətbiq etməklə apardığı satış əməliyyatları qanunsuz idisə, niyə həmin nəzarət kassa aparatının qeydiyyata alınması vergi orqanı tərəfindən rədd edilməmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyət göstərdiyi müddətdə müvafiq hesabat dövrləri üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsində tərəfindən idxal olunmuş malların pərakəndə satış qaydasında satışının həyata keçirildiyi bəyan olunmağına baxmayaraq vergi orqanı tərəfindən bu halın qanunsuz və yolverilməz olması barədə hər-hansı bir xəbərdaredici məlumat daxil olmamış və müvafiq hesabat dövrləri üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində bu halla (NKA tətbiq etməklə pərakəndə qaydada satılması) əlaqədar uyğunsuzluq göndərilməmişdir. Vergi Məcəlləsinin 72.5.-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlardan istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələri uçot məlumatları ilə təkrar yoxlanıldığı zaman təqdim olunmuş bəyannamələrdə səhv (cari bəyannamələrdə dövriyyə məbləği səhv göstərilmişdir) aşkar olunduğuna görə dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuşdur. Dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrinə görə vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda və çıxarılmış “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda təqdim olunmuş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində dövriyyə məbləğinin əsassız olaraq azaldıldığı qeyd olunur. İddiaçı tərəfindən cavabdehin xx.xx.2020-ci il tarixli müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunması ilə bağlı məktubuna əsasən təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları (belə ki, iddiaçının satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKAnın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir. Tərəfindən verilmiş sənədlər və izahat məktubu ilə əlaqədar vergi əməkdaşı hər hansı əlavə uyğunsuzluq müəyyən etməmiş və əlavə sorğu olunmamışdır. Yəni, kameral vergi yoxlamasını aparan əməkdaş hesablama aparılanadək, kameral vergi yoxlamasının predmeti üzrə üzərinə düşən vəzifələri düzgün yerinə yetirməmişdir. Bunlara baxmayaraq, yuxarı vergi orqanı məsələyə birtərəfli baxaraq, çıxartdığı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda tərəfindən cavab kimi əsaslandırılmış izahat, müvafiq təsdqiedici sənədlərin təqdim olunmadığı bildirilmişdir. Bu hal özü də, vergi ödəyicisinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 72.5.-ci maddəsinin ona vermiş olduğu hüquqlarından istifadə edərək 2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə təqdim olunmuş dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannamələri təqdim olunmuşdur. Lakin vergi orqanı təqdim olunmuş bəyannamələrdə hər-hansı bir kənarlaşma aşkar etmədən, sadəcə olaraq ehtimallara əsaslanaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktub göndərərək, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunmasını bildirmişdir. Bu məktub da iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə cavablandırılaraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları (xatırlatmaq istərdi ki, iddiaçının satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKA-nın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir. Qeyd etdiyi kimi, iddiaçı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, malları onların maya dəyərinə (malların alınması, daşınması və gömrük rəsmiləşdirilməsi zamanı çəkilən xərclər nəzərə alınmaqla) əsasən mədaxil etmişdir. Lakin “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda yanlış olaraq xx.xx.2020xx.xx.2020-ci il tarixlərində idxal əməliyyatları nəticəsində 14.027.782,86 manat məbləğində mal əldə edildiyi qeyd olunmuşdur. Eyni zamanda, “həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələri üzrə daxil olma üzrə dövriyyənin 11.494.862.53 manat (ƏDV-siz) olduğu və nəticədə ticarət əlavəsi nəzərə alınmaqla, 495850.79 manat məbləğində əlavə dəyər vergisinin az hesablandığı müəyyən edildiyi” bildidirilsə də, həmin məbləğin hesablanması əsaslandırmamışdır (bu halda da Vergi Məcəlləsinin 12-ci və 94-cü maddəsinin müddəalarını pozulmuşdur). “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” vergi orqanının xx.xx.2020-ci il tarixli məktubu da xx.xx.2021-ci il tarixli **********030200 nömrəli məktubla cavablandırılaraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları (xatırlatmaq istərdi ki, satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKA-nın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-276/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarların ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətinin əsaslarına görə birinci instansiya məhkəməsinin dəlilləri ilə razılaşmaq mümkün deyildir. Belə ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığı aşkar edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 0101.2020-ci il tarixə mal qalığı 221806,28 manat olmuşdur. Eyni zamanda, xx.xx.2020-3011.2020-ci il tarixə olan dövrdə e-qaimələrə əsasən alışı olmamış, idxal isə 14.027.782,86 manat (ƏDV-siz) olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı sadəcə olaraq vergi ödəyicisinin özünün təqdim etdiyi gəliri əsasında dövlət büdcəsinə çatacaq vergiləri bərpa etmişdir. Vergi qanunuvericiliyinin tələbələrinə görə vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdə çıxmalıdır. Malın gömrük dəyəri isə bütövlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Məhkəmənin istinad etdiyi ekspert rəyi əsaslandırıılmamışdır. Belə ki, ekspert tərəfindən hər hansı sənədə istinad etmədən sadəcə Vergi Məcəlləsinin normaları sadlanmaqla və bəyannamə məlumatları rəyə köçürülməklə kifayətlənmiş, vergi orqanı öz mövqeyini kifayət qədər sübut etsə də, ekspert tərəfindən bəyannəmə məlumatlarında təsbit olunan məbləğlərin sonradan azaldılması halı barədə hər hansı bir əsaslandırma aparılmamışdır. Halbuki, ekspert rəy tərtib edərkən faktlara, sənədlərə və sübutlara istinad etməli idi. Məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmamış, prosesual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayndəsi H,Mürsəlov və vəkili Vəkil onunla razılaşmamış, vergi ödəyicisinin vergi qanunvericiliyi ilə müəyyən olunan hüquqlarından istifadə edərək təqdim edilən bəyannamələrə dəqiqləşmələr verildiyni bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ.Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. İşin tərəflər arasında mübahisləndirilən hallarından göründüyü kimi, iddiaçı 19 epizod üzrə cavabdeh vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamələrə üzrə əvvəlki hesabat göstəricilərinə verdiyi azalmalar cavabdeh vergi orqanı tərəfindən qəbul olunmamış, kameral yoxlama nəticəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə qərarlar əsasında həmin azalmalar miqdarında da iddiaçıya əlavə vergilər hesablanmış, bununla da faktiki olaraq əvvəlki vəziyyət bərpa olunmuşdur. Həmin qərarlarla iddiaçıya hesablanmış əlavə vergilər aşağıdakılardan ibarətdir: -xx.xx.2019-cu il tarixli **********341500 saylı qərarı ilə 2019-cu il yanvar ayı üçün 129.128,33 manat ƏDV; - xx.xx.2020-ci il tarixli **********342200 saylı qərarı ilə 2019-cu ilin fevral ayı üçün 78.661,98 manat ƏDV; -xx.xx.2020-ci il tarixli **********344600 saylı qərarı ilə 2019-cu ilin mart ayı üçün 48.115,68 manat ƏDV; -xx.xx.2020-ci il tarixli **********347700 saylı qərarı ilə 2019-cu ilin aprel ayı üçün 25.519,45 manat ƏDV; - xx.xx.2020-ci il tarixli **********350500 saylı qərarı ilə 2019-cu ilin may ayı üçün 29.561,83 manat məbləğində ƏDV; - xx.xx.2020-ci il tarixli **********359800 saylı qərarı ilə 2019-cu ilin iyun ayı üçün 25.213,32 manat ƏDV; -xx.xx.2020-ci il tarixli **********362600 saylı qərarı ilə 2019-cu il sentyabr ayı üçün 17.173,30 manat ƏDV; - xx.xx.2020-ci il tarixli **********366400 saylı qərarı ilə 2019-cu ilin oktyabr ayı üçün 2.876,70 manat ƏDV; - xx.xx.2020-ci il tarixli **********368800 saylı qərarı ilə 2019-cu ilin noyabr ayı üçün 8.829,55 manat ƏDV; - xx.xx.2020-ci il tarixli **********373000 saylı qərarı ilə 2019-cu ilin dekabr ayı üçün 25.820,60 manat ƏDV; -xx.xx.2020-ci il tarixli **********606100 saylı qərarı ilə 2019-cu il üçün 429.992,67 manat mənfəət vergisi; - xx.xx.2020-ci il tarixli **********209800 saylı qərarı ilə 2020-cu ilin yanvar ayı üçün 66.684,51 manat ƏDV; - xx.xx.2020-ci il tarixli **********214000 saylı qərarı ilə 2020-cu il fevral ayı üçün 34.151,05 manat ƏDV; - xx.xx.2020-ci il tarixli **********216400 saylı qərarı ilə 2020-cu il mart ayı üçün 210.502,43 manat ƏDV. - xx.xx.2020-ci il tarixli **********217100 saylı qərarı ilə 2020-cu ilin aprel ayı üçün 115.728,21 manat ƏDV; - xx.xx.2020-ci il tarixli **********218800 saylı qərarı ilə 2020-cu ilin may ayı üçün 115.110,01 manat ƏDV; -xx.xx.2021-ci il tarixli **********790000 saylı qərarı ilə 2020-cu ilin noyabr ayı üçün 454.658,64 manat ƏDV; -xx.xx.2021-ci il tarixli **********013600 saylı qərarı ilə 2020-ci il üçün 1.056.957,85 manat ƏDV; -xx.xx.2021-ci il tarixli **********562600 №-li qərarı ilə 2020-ci il üçün 1.056.957,85manat mənfəət vergisi. İşdən görünür ki, iddiaçının həmin qərarlardan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri cavabdehin xx.xx.2021-ci il tarixli **********185700 qərarı təmin edilməmişdir. İş materialları araşdırıldıqda müəyyən olunur ki, cavabdein qeyd olunan qərarları vergi qanunvericilytinin tələblərinə uyğun qəbul edilmiş və onların ləğv edilməsi üçün əsasların mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerinə getmədən vergi orqanında olan , vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən: - “kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.” “İnzibati icraat haqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh orqan tərəfindən kameral yoxlama həyata keçirilərkən mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən şərtlər aşağıdakılardan ibarət olmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığı aşkar edilmədiyi halda, vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən xx.xx.2020-ci il tarixə 221806,28 manat mal qalığı olmuş, eyni zamanda, xx.xx.2020 - xx.xx.2020-ci il tarixə olan dövrdə e-qaimələrə əsasən alışı olmamış, idxalı isə 14027782,86 manat, bundan əlavə, xx.xx.2020-xx.xx.2020-ci il dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələri üzrə daxilolması üzrə ƏDV-siz dövriyyəsi 11494862,53 manat təşkil etməsi –bütün bu kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir.Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmanı əsaslanıdra bilən və aradan qaldıranılmasını mümkün edən zəruri sənədlər təqdim edilməmiş, nəticədə ona Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 454.658,64 manat əlavə vergi məbləği hesablanmış və ona bu barədə qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********790000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Eyni zamanda, 2019-cu il ərzində vergi ödəyicisi tərəfindən aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 2061711,29 manat fərq aşkar edilmişdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilməklə kənarlaşmanı ehtiva etdiyinə görə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyəsi azaldılaraq 4047887,94 manat olsa da, həmin kənarlamanı kənarlaşma aradan qaldırılmasına əsas verən dəqiqləşmiş hesabat, əsaslanrıcı yazılı izahat və mötəbrliyi şübhə doğurmayan sənədlər (məlumatların) vergi orqanına təqdim edilməmiş, kameral yoxlama nəticəsində qəbul olunmuş xx.xx.2020-ci il tarixli **********606100 saylı qərarla iddiaçıya Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 429.992,67 manat əlavə vergi məbləği hesablanaraq həmin qərar ona göndərilmişdir. Bundan başqa, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir)sətrində 9011860.67 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdini edilməsindən gəlir) sətrində 0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0 manat + 2006-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətrində 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0.00 manat, cəmi 9.011.860.67 manat məbləğində gəlir göstərməyinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 5.284.789.24 manat artıq, yəni 14.296.649.91 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borclarının məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi, “0 “manat artması gəlirin məbləğlərində 5.284.789.24 manat kənarlaşmanın yaranmasını səbəb olmuş və bununla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubu göndərilsə də əsaslandırılmış hesabat, yazılı izahatın və mötəbər sənədlərin (məlumatlarn) vergi orqanına təqdim edilməmiş, cavabdeh vergi orqanı tərəfindən kameral qaydada Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlamanın nəticələrinə dair qəbul olunmuş xx.xx.2021-ci il tarixli qərarı ilə 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə 1.056.957,66 manat ƏDV hesablanmış və həmin qərar ona göndəilmşdir. Eyni zamanda, Vergi ödəycisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin yanvar-iyun, avqust-dekabr ayları üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə azaldılmış, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin (bank hesablarından çıxarışlar, kassa mədaxil orderləri, NKA çekləri, qəbz, müəssisənin mühasibatlıq kitabları, baş kitab, azaldılmış dövriyyəyə uyğun qalıqda qalmış mallar barədə ətraflı məlumatlar və s.) uyğunsuzluq məktubu göndərilməklə tələb olunsa da, həmin kənarlaşma aradan qaldırılmasını aradan qaldıran əsaslandırıcı dəqiqləşmiş bəyannamə, əsaslandırılmış yazılı izahatın və mtəbər sənədlər (məlumatların) vergi orqanına təqdim edilməmiş, və bu kənarlaşmaya görə ona vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019cu ilin yanvar ayı üzrə 129000 manat, fevral ay üzrə 78661 manat, mart ayı zrə 48115 manat, aprel ayı üzrə 25520 manat, may ayı üzrə 29561 manat, iyun ayı üzrə 25213 manat, sentyabr ayı üzrə 17173 manat, oktyabr ayı üzrə 2875 manat, noyabr ayı üzrə 8830 manat və dekabr ayı üzrə 25820 manat hesablama aparılmaqla iddiaçıya xx.xx.2020-ci il tarixli **********342200, **********362600, **********347700, **********359800, **********344600, **********366400, **********350500, **********368800, **********373000, **********341500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Eyni zamanda, vergi ödəycisi xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin yanvarmay ayları üçün ƏDV bəyannamələri üzrə müvafiq olaraq 66684,51 manat, 34151,05 manat, 210502,43 manat, 115728,21 manat, 115110,01 manat məbləğində azalma aparmış, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.3-cü maddəsinin tələbləri qaydasında bu azalmanı təsdiqedici sənədlər tələb olunsa da, bu azalmanı sübuta yetirə bilən əsaslandırıcıjı məlumatlar təqdim olunmamış, vergi orqanı tərəfindən kameral yoxlama ilə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üzrə 66685 manat, fevral ay üzrə 34150 manat, mart ayı zrə 210503 manat, aprel ayı üzrə 115728 manat, may ayı üzrə 115110 manat hesablama aparılmışdır. Bu barədə xx.xx.2020-ci il tarixli **********342200, **********362600; **********347700, **********359800, **********344600, **********366400, **********350500, **********368800, **********373000, **********341500 nömrəli qərarlar qəbul olunar vergi ödəyicisinə göndərilmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçının dəqiqləşdrilmiş bəyannamələri üzrə aparılmış kameral yoxlamanın nəticələri üzrə qəbul edilən “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların qəbulunu zəruri edən şərtlərin mövcudluğu kifayət qədər əsaslandırılmışdır. İş materialları üzrə iddiaçının dəqiqləşdirilmiş bəyannamələri üzrə azalmalarıın əsaslılığını sübuta yetirən sənədlərə rast gəlinmir. Məhkəmənin iş üzrə təyin olunmuş məhkəmə mühasibətlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 9/6003 saylı rəyinə istinad olunan mövqeyinə gəldikdə, iddianın həmin rəyə əsaslanaraq təmin edilməsi əsassızdır. Çünki rəy tədqiq olunduqda, burada ekspertin konkret olaraq, hansı əsaslandırıcı sənədlər əsasında əvvəlki hesabat sənədlərinə münasibətdə hesablanmış vergilərin azaldılmasının əsaslıılığı sübuta yetirilmir, ekspert faktlara, sənədlərə və sübutlara istinad etmədən öz səlahiyyətinə aid olmayan hüquqi məsələlərə toxunmaqla, o cümlədən Vergi Məcəlləsinin normalarına tələblərini rəydə göstərməklə kifayətlənmiş və tədqiqat metodlarına uyğun olmayan ümumi xaraktekrli kəlmələrlə iddiaçının təqdim etdiyi bəyannamələrdə kənarlaşma aşkar olunmadığını qeyd etmişdir. Əslində konkret halda, iş materialları üzrə sənədələr araşdırıldıqda, kameral yoxlama ilə müəyyən edilən hallar öz təsdiqini tapır, yəni burada ekspertiza təyin edilməsi zəurəti də görünmür. Belə ki, mahiyyət etibarı ilə cavabdeh vergi orqanı iddiaçının əsaslanırılmamış dəqiqləşdirilmiş vergi bəyannamələri üzrə azalmalarını əsaslandırılmadığından qəbul etməmiş, mübahisələndirilən qərarları ilə həmin azalmalar miqdarında da əvvəlki vergi hesabatları üzrə təqdim etdiyi hesabat göstəricilərini bərpa etmişdir. Ən azından Vergi Məcəlləsinin 108.1-ci maddəsi nəzərədə tutur ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi qanunvericiliyinin qeyd olunan normalarından göründüyü kimi, malın satınalma qiyməti xərcə salınmalı olan dəyərdir və aktivlərin dəyərinə onun alınması zamanı olan dəyər daxildir. Malın alınması zamanı olan dəyərinə gəldikdə bu öz əksini invoys, yəni hesab-faktura göstəricilərində öz təsdiqini tapır ki, bu da beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, illərin) siyahısını, onların miqdarı və qiymətini, malların xüsusiyytlərini (rəng, çəki, ölçü və s) çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir. Qanunvericiliyin qeyd olunan normaları ilə ehtiva olunan tələbi ondan ibarətdir ki, vergi ödəyicisi məhz faktiki çəkdiyi xərclərini gəlirindən çıxmalıdır. Vergi ödəyicisi nəzərə almalıdır ki, malın gömrük dəyərini xərclərə aid etməklə xərcləri şişdirib bu yolla vergiləri azaltması yol verilməzdir. Çünki, xərclər yalnız və yalnız faktiki çəkilmiş xərclərdən formalaşır. Vergi Məcəlləsinin 94.0-cı maddəsi isə nəzərədə tutur ki, verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin - üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki, iddiaçı üçün əlverişsiz olan cavabdehin tədqiq olunan hər iki qərarı “İnzibati icraat haqqında” 58.3-cü və 61.1-61.2 və 61.4-cü maddələrinin tələblərin uyğun əsaslandırılmamış və həmin qərarlarda iddiaçının vergi qanunvericiliyinin pozulmasında təqsirinin sübuta yetirildiyi müəyyən olunmur. Bundan əlavə, Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyət kimi təsbit olunduğu halda, iş materiallarına əsasən əsas fəaliyyəti “meyvə və tərəvəzlərin topdan satışı” topdansatışı kimi qeydiyyatdan keçmiş iddiaçı tərəfindən Məcəllənin bu tələbinə zidd olaraq, NKA vasitəsilə, pərakəndəsatış formasında malları təqdim etmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, bu hal iddiaçı tərəfindən də etiraf olunur. Halbuki, Vergi Məcəlləsinin 16.1.11-8-ci maddəsinin tələbinə görə qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Beləliklə də, iş materiallarına əsasən aparılmış araşdırmanın nəticələrinə əsasən iddiaçı tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri üzrə hesablamalarının düzgün olduğunun sübuta yetirildiyi müəyyən olunmur. Əksinə, cavabdeh vergi orqanı tərəfindən həmin dəqiqləşdirmələr üzrə qəbul olunmuş qərarların əsaslılığı və onların qəbulunu zəruri edən şərtlərin mövcudluğu sübut olunur. Bu baxımdan, cavabdnehin həmin qərarlarının iddiaçının hüquqlarını pozması istisna olunur. İPM-in 70.1-ci maddəsinin tələbində də məhz ehtiva olunur ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-276/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar