Məhkəmə qərarları › İş №2-1(103)-2382/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2382/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2382/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasının yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarının əməkdaşı hakim vəzifəsinə təyin olunarkən prokurorluqdakı xidmət illərinin hakimlik stajına daxil edilərək, təyin olunmuş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4004/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-8/2- 755/2024 №-li məktubunda göstərilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində 145.287,54 (bir yüz qırx beş min iki yüz səksən yeddi manat 54 qəpik) manat əmək haqqı hesablanmışdır.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-8/2- 826/2024 №-li məktubunda göstərilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İddiaçı xx.xx.2019-xx.xx.2024-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində 363.806,65 (üç yüz altmış üç min səkkiz yüz altı manat 65 qəpik) manat əməkhaqqı hesablanmışdır.

3. İddiaçının hazırkı tələblə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 17-1/2-N-258832/2024 №li imtina məktubunda qeyd olunmuşdur ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin hakim kimi iş stajınız 15 ildən az (13 il 8 ay 1 gün (xx.xx.2011-xx.xx.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də sizə hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

4. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2- 200/2-427/2024 №-li cavab məktubu ilə İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üzrə hesablanmış əməkhaqqı və digər ödənişlər barədə arayış təqdim olunmuşdur.

5. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2- 100/2-188358/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1992-ci il tarixli 939-li əmrlə prokurorluq orqanlarında işə qəbul edilərək Azərbaycan Nəqliyyat Prokurorluğunun baş müstəntiqi vəzifəsi üzrə stajor təyin edilmiş, xx.xx.1993-cü il tarixdən Azərbaycan Nəqliyyat Prokurorluğunun böyük müstəntiqi, xx.xx.1996-cı il tarixdən Azərbaycan Nəqliyyat Prokurorluğu İstintaq şöbəsinin prokuroru vəzifələrində işləmiş, xx.xx.2000-ci il tarixdə Baş Prokurorluq üzrə struktur dəyişikliyi ilə əlaqədar ixtisar edilmiş vəzifədən azad edilmiş, xx.xx.2001-ci il tarixdən Əli-Bayramlı (indiki Şirvan) şəhər prokurorunun köməkçisi, xx.xx.2001-ci il tarixdən Əli-Bayramlı (indiki Şirvan) şəhər prokurorunun böyük köməkçisi, xx.xx.2005-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru (Əli-Bayramlı şəhəri və Hacıqabul rayonu üzrə) vəzifəsini icra edən, xx.xx.2005-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəinin prokuroru (Əli-Bayramlı şəhəri və Hacıqabul rayonu üzrə), xx.xx.2007-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin ƏliBayramlı (indiki Şirvan) Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Birinci instansiya məhkəmələri üzrə prokuroru (Hacıqabul rayonu) vəzifələrində işləmiş, Baş Prokurorluq üzrə xx.xx.2006-cı il tarixli 10/187-k nömrəli əmrlə ona ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş, Baş Prokurorluq üzrə xx.xx.2010-cu il tarixli 11/387-k nömrəli əmrlə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir

6. İddiaçıya aid xx.xx.1977-ci il tarixdə doldurulmuş İT-İ seriyalı ******* №li əmək kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) olan qeydlərdən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1167 №li sərəncamı ilə xx.xx.2011-ci il tarixdən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1668 №li sərəncamı ilə xx.xx.2016-cı il tarixdən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş, Məhkəmə - Hüquq Şurasının xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdən səlahiyyətlərinə xitam verilmişdir.

7. Xüsusi Şərtlərlə Təyinat X2 xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 310013/2024 №-li məktubu ilə təqdim edilmiş İddiaçı aid pensiya işinə dair sənədlərə əlavə edilmiş Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-19431/2024 №-li qərardan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə təyin olunmuş əmək pensiyası “Dövlət qulluğuna xitam verilməsi ilə bağlı” yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 1958 manat, 36 qəpik. Yenidən hesablanmış pensiyanın məbləği: 2205 manat, 90 qəpik.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sabiq hakim kimi 2019-cu ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayınadək və ya 2022-ci ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayınadək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat X2 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ona yəni, İddiaçı Azərbaycan Respublikası Prokurorluq orqanlarında işlədiyi dövrlərin hakimlik stajı kimi nəzərə alınmaqla, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 15 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) əlavə olunmaqla hakim vəzifəsindəki fəaliyyətinin sentyabr 2019 – sentyabr 2024-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat X2 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1977-ci ildən əmək fəaliyyətinə başlamaqla, ümumilikdə, 47 (qırx yeddi) il 7 (yeddi) ay fasiləsiz iş - əmək stajına malik olmuşdur. Belə ki, 02 fevral 1977-ci ildən 23 oktyabr 1978-ci il tarixə kimi Bakı şəhərində yerləşən Bünyad Sərdarov adına Maşınqayırma zavodunda işləmişdir. 02 noyabr 1978-ci ildən 04 noyabr 1980-ci il tarixə kimi Belarusiya Respublikasının Borisov şəhərində hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1990-cı il tarixə kimi “Kirovneft” (Binəqədi) NQÇİ-də işləmişdir. 1984-1990-cı illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsini bitirmişdir. xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixə kimi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində hüquqşünas vəzifəsində işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.2010-cu il tarixə kimi, yəni 18 (on səkkiz) il 3 (üç) ay Azərbaycan Respublikası Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə (stajor baş müstəntiq, böyük müstəntiq, şöbə və idarə prokuroru) işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1167 saylı sərəncamına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim vəzifəsinə təyin olunmuşdur. Hakim vəzifəsinə təyin edilməsinə görə xx.xx.2010-cu ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.4- cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək, qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarında xaric edilmişdir. xx.xx.2024-cü il tarixə kimi, yəni 13 (on üç) il, 8 (səkkiz) ay, 01 (bir) gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi işləmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2024-cü il tarixli Qərarına əsasən hakimlik səlahiyyətlərinin həyata keçirilməsinin son yaş həddinə çatması, yəni 65 yaşının tamam olması nəzərə alınaraq, xx.xx.2024-cü il tarixdən səlahiyyətlərinə xitam verilmişdir. Prokurorluq orqanlarında 18 (on səkkiz) il 3 (üç) ay, məhkəmə orqanlarında isə 13 (on üç) il, 8 (səkkiz) ay, 01 (bir) gün əmək stajı olmaqla ümumilikdə 31 (otuz bir) il 8 (səkkiz) ay, 01 (bir) gün əmək stajı yaranmışdır. Onun prokurorluq orqanlarında işlədiyi 18 (on səkkiz) il 3 (üç) ay əmək stajı hakimlik stajına daxil edildiyindən, hakim vəzifəsində işə başladığı ilkin aydan ona hər ay vəzifə maaşının 45 faizi həcmində əlavə haqq hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mühasibatlığından verilmiş 17 oktyabr 2024-cü il tarixli 3-16-8/2-826/2024 saylı arayışdan aydın olur ki, ona pensiya hesablanması üçün nəzərə alınan 60 ayın əmək haqqının ümumi məbləği 363.806,65 manat, həmçinin xx.xx.2024-cü il tarixli 3-16-8/755/2024 saylı arayışla müəyyən olunur ki, son iki ilin əmək haqqının ümumi məbləği isə 145.287,54 manat təşkil edir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə bir pensiyanın təyin olunması nəzərdə tutulmuşdur. O, hakim işlədiyi xidmət illəri üzrə hakimlik pensiyasının təyin edilməsini seçmişdir və həmin qanunun qeyd olunan maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 oktyabr 2024-cü ildə müraciət edərək ona hakim kimi pensiya təyin olunmasını xahiş etsə, müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuzdur və Azərbaycan Respublikası Prokurorluq orqanlarında işlədiyi dövrlərin hakimlik stajı kimi nəzərə alınmaqla ona hakim kimi əmək pensiyası təyin olunmalıdır.

11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş X2 xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-45792/2025 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun hakim kimi iş stajının 15 ildən az (13 il 8 ay 1 gün (xx.xx.2011-xx.xx.2024-cü il tarixləri arasındakı dövr)) olduğu, bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək yəni 18 (on səkkiz) il 3 (üç) ay Azərbaycan Respublikası Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə (stasior baş müstəntiq şöbə və idarə prokuroru) işlədiyini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1167 saylı sərəncamına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduğunu və xx.xx.2024-cü il tarixədək, yəni 13 (on üç) il, 8 (səkkiz) ay, 01 (bir) gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi işlədiyini, ümumilikdə 31 (otuz bir) il 8 (səkkiz) ay, 01 (bir) gün əmək stajı olduğundan məhkəmədən sabiq hakim kimi 2019-cu ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayınadək və ya 2022-ci ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayınadək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsininin 9-cu hissəsinə müvafiq olaraq hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, dövlət qulluğu vəzifəsində) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. İddia ərizəsində göstərildiyi kimi iddiaçının vaxtilə prokurorluq orqanlarında çalışdğı stajın pensiya təyinatı zamanı nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Prokurorluq orqanlarında olan staj yalnız əlavənin hesablanması zamanı nəzərə alına bilər. Həmin stajın hakimlik stajına daxil edilməsi nə qanunvericilik cəhətdən nə də praktiki cəhətdən mümkündür. Təsadüfi deyildir ki, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarında prokuror kimi və hakim kimi əmək pensiyasının təyini və yenidən hesablanması ayrılıqda tənzimlənmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9 4 2. Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi ış stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası: 9.4.1. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var idi. “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, əmək pensiyaçılarına Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 20.1 4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20 7.1-ci maddəsi: 15 il hakim işləmiş sabiq hakimlər - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2ci maddəsi: 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.1 4-cü, 20.7.1-ci və 20.7.2-ci maddələrinə müvafiq olaraq hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4004/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, yuxarıda adıçəkilən normanın xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, pensiya yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyasına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə istənilən beş ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

15. Beləliklə, iddiaçı ona sabiq hakim kimi 2019-cu ilin sentyabr ayından 2024-ci ilin sentyabr ayına kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də, sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ona ödənilməsini tələb etməkdə haqlıdır

16. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4004/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada):

Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

23. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 32. Prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir.

24. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 106. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Maddə 109. Hakimlərin sosial müdafiəsi Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir.

25. “Hakimlərin Statusuna dair” Avropa Xartiyası:

Maddə 6.4. Müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarı.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə mübahisələndirilən həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.

36. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

37. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası bildirir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək prokurorluq orqanlarında, xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hakim kimi işləməsi və prokurorluq orqanlarında 18 il 3 ay, hakim kimi isə 13 il 8 ay 01 gün sosial sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən halıdır.

39. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçıya məhz hakim kimi pensiya təyin edilməsindən ibarətdir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi sığorta stajı 15 ildən az olduğundan, o cümlədən onun prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı nəzərə alınmadığından, ona hakim kimi əmək pensiyası hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı xx.xx.2010-cu il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik və əlavələr xx.xx.2017-ci il tarixdə qüvvəyə minənə qədər hakim vəzifəsinə təyin olunmuş və xx.xx.2024-cü il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanmışdır (xx.xx.2017-ci il tarixinədək artıq 5 ildən çox, yəni 7 il 6 ay stajı tamam olmuşdur) və bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır.

40. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir.

41. Bununla belə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Qanunun həmin tələbi baxımından iddiaçının prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözlənti hüququ mövcuddur. Belə olan halda onun ümumilikdə 31 il 08 ay 01 gün sosial sığorta stajı toplanır ki, bu da Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarinədək qüvvədə olan 20.7.3-cü maddəsinin tələbi qaydasında ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilməsinə imkan verir.

42. İddiaçının orta aylıq əmək haqqı hesablanarkən, həm də nəzərə alınmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə isə hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.

43. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci madəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

44. Həmin Qanunun 1.0.2-ci madəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır.”.

46. xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

47. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.

48. Göstərilənlərdən aydın olur ki, iddiaçı 30 sentyabr 1992-ci il tarixdən 30 dekabr 2010-cu il tarixədək prokurorluq orqanlarında stajor baş müstəntiq, böyük müstəntiq, şöbə və idarə prokuroru və digər vəzifələrdə fasiləsiz 18 il 03 ay müddətdə işlədiyindən və həmin dövrlər hakimlik stajına nəzərə alındığı üçün iddiaçıya buna görə əlavələr (əmək haqqı) verildiyindən və həmin əlavələrin də hesablandığı əmək haqqından məcburi sosial sığorta ayırmaları həyata keçirildiyindən həmin dövr üzrə stajı hakim kimi pensiyası hesablanarkən nəzərə alınmalı idi.

49. Beləliklə, iddiaçı ona 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının yenidən hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 387/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli oxşar qərarı).

50. Bununla yanaşı qeyd edilməlidir ki, əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasına əlavənin hesablanması zaman iddiaçının 30 sentyabr 1992-ci il tarixdən 30 dekabr 2010-cu il tarixədək prokurorluq orqanlarında işlədiyi dövr nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həyata keçirilməlidir.

51. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.

52. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

53. Analoji işlər üzrə oxşar mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli 2-1(102)-1927/2023 nömrəli, 22 fevral 2024-cü il tarixli 2-1(102)-387/2024 nömrəli qərarlarında da öz əksini tapmışdır.

54. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

55. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4004/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4004/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar