Məhkəmə qərarları › İş №2-1(103)-2383/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2383/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2383/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2903/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər təyin edilmiş üçüncü dərəcə müddətsiz əlilliyin bərpa edilməsi vəzifəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş 10 noyabr 2017-ci il tarixli 3-cü dərəcəli əlilliyin əlillik altsistemində etibarsız hesab edildiyi 29 noyabr 2019-cu il tarixdən bərpa edilməsini və iddiaçıya sonradan təyin edilmiş əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçən zaman xəstəlik nəticəsində yaranan əqli qüsurlara görə 2017-ci ilin iyun ayında Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin göndərişi ilə Respublika Psixiatriya Xəstəxanasında 3 ay ərzində müalicə almışdır. Xəstəliyə tutulmağı ilə əlaqədar əmək qabiliyyəti məhdudlaşdığına görə 28 oktyabr 2017-ci il tarixdə Bakı Metropoliteninin polis şöbəsində xidmətdən xaric olunmuşdur. Həmin vaxt Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 2 saylı Poliklinikasının Forma 88 göndərişinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə edilmişdir. Komissiya tərəfindən tərtib edilmiş müayinə aktına əsasən 10 noyabr 2017-ci il tarixdən “şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez baş verən dekompensasiyalarla” diaqnozu ilə ümumi xəstəliklə əlaqədar ona müddətsiz 3-cü qrup əlillik müəyyən edilmişdir. Həmin tarixdən də Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xəstəlik nəticəsində yaranan əqli qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 2020-ci ilin fevral ayından əlilliyə görə əmək pensiyasının verilməsi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən heç bir əsas olmadan ona əlilliyin müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı ləğv edildiyinə görə dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onu komissiyaya dəvət etmədən, heç bir müayinə aparmadan müddətsiz 3-cü qrup əlilliyin müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarına məhəl qoymadan, adını altsistemdən qanunazidd olaraq silmiş və bu barədə ona məlumat belə verməmişdir. Onun müddətsiz 3-cü qrup əlilliyin bərpası ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətinə 14 sentyabr 2023-ci il tarixli cavabda cavabdeh əvvəllər ona təyin edilmiş 3-cü qrup əlilliyin xx.xx.2019-cu il tarixdən şübhə doğuran əlillik təyinatı kimi ləğv edildiyini göstərmişdir. Cavabdeh tərəfindən ona əlilliyin müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının ləğv edilməsini qanunazidd və əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) e-2-1(112)-2903/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 30 iyun 2022-ci il tarixdən 5 il müddətinə əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı ləğv edilmiş, İddiaçı 10 noyabr 2017-ci il tarixli 3-cü dərəcəli müddətsiz əlilliyinin əlillik altsistemində etibarsız hesab edildiyi 20 noyabr 2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi və s. barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 noyabr 2017-ci il tarixli 3-cü dərəcəli əlilliyin əlillik altsistemində etibarsız hesab edildiyi 20 noyabr 2019-cu il tarixdən bərpa edilməsini və iddiaçıya sonradan təyin edilmiş əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya daha əvvəl xx.xx.2017-ci il tarixdə əlillik təyin edilmiş, lakin müvafiq göndəriş etibarsız edildiyi üçün əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq, iddiaçı müvafiq qərarı mübahisələndirməmiş və barəsində daxil olmuş yeni göndəriş qiymətləndirilərək əlillik təyinatı aparılmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış, müvafiq nəticəyə gəlinərkən, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab etmişdir ki, iddiaçıya təyin edilmiş müddətsiz əlillik ləğv edilsə də, sonradan təqdim edilmiş göndəriş əsasında eyni diaqnozla növbəti dəfə müddətli əlillik təyinatı aparılmışdır ki, həmin hal onu sübut edir ki, iddiaçıya ilkin təyinat zamanı nəzərə alınan xəstəliklər həqiqətən də mövcud olmuş, cavabdeh isə iddiaçının əlilliyini etibarsız hesab edərkən onun tibbi müayinəsini aparmaq əvəzinə birbaşa əlilliyi etibarsız hesab etmiş, sonradan yeni göndəriş əsasında iddiaçıya əlillik təyinatı aparılarkən isə xəstəliklərin iddiaçıda mövcud olması barədə məhz özü qənaətə gəlmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində isə bir neçə il iddiaçıda xəstəliklər mövcud olsa da, əlillik təyinatı aparılmamış halı mövcud olmuş, eləcə də heç bir əsaslı səbəb olmadan iddiaçının müddətsiz əlilliyi müddətli əlilliyə keçid etmişdir. Qanunvericiliyin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və Sizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.4-cü bəndinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar Sizə dair aparılmış əlillik təyinatı barədə qərar xx.xx.2019-cu il tarixindən ləğv edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə Sizə dair yeni göndəriş daxil olmuşdur. Sizin əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin 2748003AAATS nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra müraciətinizə əsasən Siz xx.xx.2022-ci il tarixində 5 nömrəli Tibbi-sosial ekspert komissiyasında qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, Sizə xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2027-ci il tarixinədək) üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki: - iddiaçının əlillik vəziyyəti xx.xx.2017-ci ildə qiymətləndirilmiş, səbəbi ümumi xəstəlik ilə əlaqədar, müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. - iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci ildə qiymətləndirilmiş, səbəbi ümumi xəstəlik ilə əlaqədar, 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozğunluğu, tez-tez baş verən dekompensasiya halları. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 17 nömrəli Tibbi- Sosial Ekspert Komissiyasının əlilliyin qiymətləndirilməsi nəticəsi barədə məlumatından görünür ki, iddiaçıya xx.xx.2017-ci ildə Diaqnoz: Şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez baş verən dekompensasiyalarla olmaqla, təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik xx.xx.2019-cu il tarixindən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2017-ci ildə ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez baş verən dekompensasiyalarla). Sonradan cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2022-ci ildə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (Diaqnoz: Şəxsiyyətin emosional davamsız pozğunluğu, teztez baş verən dekompensasiya halları). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilsə də, cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, qərar qəbul edilməmişdir. Eyni zamanda iddiaçı əyani müayinəyə cəlb edilməmiş, müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməmişdir. Bununla yanaşı, iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla cavabdeh tərəfindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar ləğv edilmədiyi halda, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Halbuki qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır və hazırda iddiaçıya əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar qüvvədədir, cavabdeh həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsi qanunsuz və əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci bəndinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci bəndinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü bəndinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamış, inzibati icraat barədə iddiaçıya məlumat verilməmiş, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş inzibati icraatın aparılması qaydalarına əməl edilməmişdir. Eyni zamanda cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmiş və iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar qəbul etmişdir. Həmçinin iddiaçının müddətsiz əlilliyinin müəyyən edilməsi barədə xx.xx.2017-ci il tarixli cavabdehin qəbul etdiyi inzibati akt altsistemdə əlilliyin etibarsız hesab edildiyi və xx.xx.2022-ci il tarixli inzibati aktın qəbul edildiyi vaxt qüvvədə olmuşdur. İnzibati akt isə qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən İddiaçı 10 noyabr 2017-ci il tarixli 3-cü dərəcəli müddətsiz əlilliyi əlillik altsistemində 29 noyabr 2019-cu il tarixində etibarsız hesab edildiyi üçün birinci instansiya məhkəməsinin qərarı, həmin qərarın «qərara aldı» hissəsində əlilliyin bərpa edilməsi tarixi «20 noyabr 2019-cu il» əvəzinə «29 noyabr 2019-cu il» göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2903/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərarı, həmin qərarın «qərara aldı» hissəsində əlilliyin bərpa edilməsi tarixi «20 noyabr 2019-cu il» əvəzinə «29 noyabr 2019-cu il» göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar